Mişel Platini və Zepp Blatter

Mişel Platini FIFA prezidentliyinə namizədliyini irəli sürəcək

89
(Yenilənib 14:43 18.07.2015)
Onun namizədliyini əsas dörd futbol konfederasiyası dəstəkləyir.

BAKI, 18 iyul — Sputnik. UEFA prezidenti Mişel Platini FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. 

İspan nəşri AS-ın verdiyi məlumata görə, Platinini dörd konfederasiya dəstəkləyir: Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL), Şimali, Mərkəzi Amerika və Karib hövzəsinin Futbol Konfederasiyası (CONCACAF), Okeaniyanın Futbol Federasiyası (OFC) və UEFA.

Platini UEFA prezidentliyinə əsas namizəd kimi isə Almaniya Futbol İttifaqının rəhbəri və UEFA İcraiyyə Komitəsinin üzvü Volfqanq Nirsbahı göstərəcək.

Platininin FİFA prezidentliyi uğrunda rəqiblərinin kimliyi hələ bəlli deyil. Əvvəllər sabiq fransız futbolçu David Jinola, İordaniya şəhzadəsi Əli bin Əl-Hüseyn, FİFA-nın sabiq vitse-prezidenti, həmçinin Cənubi Koreya Futbol Assosiasiyasının rəhbəri Çon Mondjun, argentinalı futbol ulduzu Dieqo Maradona, əfsanəvi braziliyalı futbolçu Ziko və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti FİFA başqanı olmaq istəyini bildirmişdilər.

1998-ci ildən dünya futboluna rəhbərlik edən Yozef Blatter ötən ay növbəti dəfə FİFA prezidenti seçilməsinə baxmayaraq, gözlənilmədən vəzifəsindən istefa vermişdi. Bu gün FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası baş tutacaq və prezident seçkilərinin tarixi müəyyənləşəcək.

89