Yol polisi

Polis paytaxt sakinlərinə çağırış etdi

54
Bakı polisi paytaxtda orta ümumtəhsil məktəblərində keçriləcək "Son zəng"lə əlaqədar olaraq gücləndirilimiz iş rejimində işləyəcək.

BAKI, 26 may — Sputnik. Bakı polisi paytaxtda orta ümumtəhsil məktəblərində keçriləcək "Son zəng"lə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyəcək. 

Bu barədə Sputnik-ə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib. 

BŞBPİ-dən bildirlib ki, mayın 29 və 30-da orta məktəblərdə məzun günü “Son zəng”lə bağlı olaraq asayişi qorumaq və hər hansı xoşagəlməz hadisələrin vaxtında baş verməməsi üçün paytaxtdakı bütün orta məktəb binaları və onun ətrafı nəzarətə götürüləcək. Bakı polisi eyni zamanda orta məktəb məzunlarına, şagirdlərə, məktəb müəlllimlərinə, eyni zamanda valideynlərə müraciət edərək şəhərdə asayişi qorumağı tövsiyyə edib. 

Yol polisi də həmin günlər gücləndirilmiş iş rejimində çalışacaq. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik-ə açıqlamasında bildirib ki, həmin gün paytaxtın inzibati ərazisindəki küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə götürülməklə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək: “Azyaşlıların və yeniyetmələrin qeyri-qanuni olaraq avtomobil idarə etməsinin, eləcə də təhsil müəssisələri ətrafında dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması məqsədilə yol polisinin şəxsi heyəti bu istiqamətlərdə müvafiq tədbirlər görəcək. Ona görə də təhsil ocaqları ətrafındakı küçə və yollarda nəqliyyat sıxlığının yaranmaması üçün yol polisi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, diqqətli olsunlar, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

V. Əsədovun sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, həmin gün bəzi şagirdlər qeyri-qanuni olaraq avtomobil idarə edirlər: “Hətta bəzən onların idarə etdiyi avtomobillərlə qəza törətmələri və nəticədə insanların ölməsi və xəsarət alması halları da baş verib. Ona görə də belə xoşagəlməz halların olmaması üçün bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə də avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə çağırırıq. Əgər onlar övladlarının hər hansı xoşagəlməz  hadisələrlə üzləşməməsini istəyirlərsə bu hala yol verməmlidirlər. Digər tərəfdən baş verən hadisəyə görə avtomobil sahibi özü də məsuliyyət daşıyır".

Təhsil Nazirliyi bildirib ki, bu il Azərbaycanın orta məktəblərində "Son zəng” tədbirləri müvafiq olaraq mayın 29-u və 30-u bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək. "Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

54
Teqlər:
asayiş, müraciət, küçə, avtomobil, şəxsi heyət, hadisə, azyaşlılar, yeniyetmələr, şagirdlər, gücləndirilmiş iş rejimi, Son zəng, BŞBPİ, Vaqif Əsədov, Azərbaycan, Bakı
Əlaqədar
“Bakı-2015"-də təhlükəsizliyi 24 min polis və əsgər qoruyacaq
Qadını qoruya bilməyən polislər həbs edilib
Fəzail Zəkəriyyə

Ailəsində yaşanan problemlər onu rəssam edib, amma bu işdən pul qazanmaq istəmir

0
(Yenilənib 15:02 26.09.2020)
"İnanıram ki, zəhmət sayəsində biz bu gün bütün dünya rəssamlarının əsərlərindən üstün əsərlər yarada bilərik".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Onu rəssamlığa gətirən səbəb ailəsi ilə bağlı nisgilidir. Söhbət rəssam Fəzail Zəkəriyyədən gedir. Qəhrəmanımız Sputnik Azərbaycan-a danışarkən bildirib ki, ilk rəsmini 4 yaşında çəkib: "O, ailəmlə bağlı idi. Ailəliliklə parka gedirdik. Digər ailələrdən fərqli olaraq, bizdə birlikdə, ailəliklə oturmaq məsələsi müşkül idi. Həmişə parkda, hansısa bir istirahət məkanında birlikdə oturan ailələri görüb köks ötürürdüm, mən də o xoşbəxtliyi yaşamaq istəyirdim. Hər dəfə atamı darta-darta aparırdım ki, "gedək biz də oturaq skamyada". Bu da çox çəkmirdi, qayıdırdıq. Parkda gedəndə boş skamya görürdüm, özümüzü orada təsəvvür edirdim".

Hər şey yaşıl qələmdən və kağız parçasından başlayır: "Bir dəfə 4 yaşımda ağlaya-ağlaya gəldim evə. Bir yaşıl qələm, bir kağız tapdım. Onun üzərinə ağızlar və boş skamya çəkmişdim. Ağızlar getdikcə uzaqlaşırdı. Skamya heç skamyaya oxşamır. İndi onun real formasını çəkməyi düşünürəm. O vaxt uşaq idim, düşündüyümü tam çatdıra bilmirdim".

Yaradıcılığını məktəb illərində də davam etdirir qəhrəmanımız: "Məktəb illərində daha çox dahilərimizin - Şah İsmayıl Xətainin, Səməd Vurğunun, Nizaminin və digərlərinin şəklini çəkirdim, bayramlarda da bayram atributlarını. Məktəb vaxtlarında daha çox məcburiyyətdən çəkirdim. Əsəri çəkirdim, qalib gələndə məktəbin adına çıxırdılar. Düzdür, indi bu, mənim üçün heç bir əhəmiyyət kəsb eləmir. Sadəcə, məktəb illərində məcburiyyət var idi, mənim ixtiyarıma buraxmırdılar deyə, sıxılırdım".

"Rəssamlığa olan sevgimi elə məktəb illərindəcə boğdular" deyən həmsöhbətimiz tamamilə başqa sahəyə - iqtisadiyyata yönəlib. Həm bakalavr, həm də magistr üzrə təhsil alıb. 2-ci kursda oxuyanda "Instagram"da rəssamların rəsmlərini izləyib. Görüb ki, onların işlədikləri elə də əlçatmaz deyil və bunu o özü də edə bilər. Qrup yoldaşları onu "Instagram"da səhifə yaratmağa məcbur ediblər.

Beləliklə o, öz uşaqlıq sevdasına yenidən qovuşur: "Tələbə vaxtı işsiz idim, düşünürdüm ki, sifarişlər qəbul edim, bundan gəlir əldə edim. Belə də oldu. Tələbəlik illərində rəssamlıqdan gəlir əldə etməyə başladım".

Həvəskar rəssam bir müddət bu işdən məvacib qazansa da, sonradan vaz keçib: "3-cü kursda oxuyurdum, bir nəfər sifariş verdi. Mən də neçə müddət üzərində işlədim, sonradan həmin adama zəng etdim ki, gəlib sifarişini götürsün, gəlmədi. Həmin vaxt düşündüm ki, bu, pul qazanılacaq iş deyil. Sifarişi həm də ona görə sevmirəm ki, insan məhdud olur. Onun istədiyini verməlisən, sənin daxili dünyan, düşüncələrin kənarda qalır. Hal-hazırda magistr hazırlığında məntiq, iqtisadiyyat və informasiya müəllimi kimi çalışıram. Gələn sifarişləri tələbələrimə çəkdirirəm, gəlir də onlara qalır. İndi mən sadəcə ürəyimin səsinə qulaq asaraq işləyirəm".

İyul ayında baş verən Tovuz hadisələri dönəmində əksər sənət adamları şəhidlərə həsr olunan əsərlər yaratdılar. Bu hadisələr F.Zəkəriyyəyə də təsir edib. O da şəhidlərə olan mənəvi borcunu ödəməyə çalışıb: "Şəhidlər və onların ailələrinə həsr etdiyim əsəri 1 ay ərzində, gecə-gündüz, dayanmadan işlədim. Müğənni Çingiz Mustafayevin "Vətənim kimiyəm" mahnısından ilhamlanaraq elə əsərin adını da "Vətənim kimiyəm" qoydum. Sanki o ad məni ifadə edir. Ümumiyyətlə, əsərə ad seçmək o qədər də asan deyil. Elə ad seçməlisən ki, tutarlı olsun. Qarabağla bağlı başqa bir əsər də düşünürəm. Onun üzərində daha çox çalışacağam. Çünki, o, daha böyük olacaq".

Əsər, müsahibimizin sözlərinə görə, realizm janrında çəkilib. Amma burada sürrealizmin elementləri də var: "Realizmlə sürrealizmi birləşdirmişəm. İnsanlar real formadadır, fotodakı kimi. Bu, realizmdir. Amma orada fərqli-fərqli kəndir kimi dolanan ayaqqabı ipləri, əsgər çəkmələrindən ağacların, yarpaqların çıxmağı, quşların bir qoldan uçması və s. sürrealizmdir. Bunun da əsas nümayəndəsi Salvador Dalidir. Burada 3 fərqli nüans var. Dünya rəssamları da baxanda, adi insanlar anlamasa da, peşəkar rəssamlar əsərə baxan kimi incəlikləri sezə biləcəklər. Dünya rəssamları bu əsərə baxsalar, çox güman ki, Azərbaycan tarixi ilə maraqlanacaqlar. Saatın əqrəblərindən bucağa qədər mərkəzi nöqtələrini birləşdirəndə 3 bucaq alınır. O xətlərin uzunluğuna və 3 bucağın daxili bucaqlarına qədər hər şey Azərbaycan tarixi ilə bağlıdır. 30-ci illərin soyqırımından tutmuş, fərqli-fərqli illərdə olan müharibələr əks olunub".

Sözügedən əsər rəssama o qədər təsir edib ki, səhhətində bir sıra problemlər baş qaldırıb: "O qədər özümüzlə məşğuluq ki, bu hadisələri unutmuşuq. Unutmaq olmaz. Əsərlərlə çatdırmaq lazımdır. İyulun 18-i başladım. Planlaşdırmışdım ki, maksimum avqustun 8-ə bitər. Səhər başlayırdım, axşam saat 5-ə qədər dayanmadan çəkirdim. Sonra onu telefona çəkib saat 8-ə qədər baxırdım ki, nəyi əlavə edim, nəyi dəyişim. Həmin müddətdə mənim psixologiyama çox pis təsir edirdi. İşlədikcə, özümü pis hiss edirdim. Ona görə də evdəkilər mənə bir neçə gün əsərə yaxınlaşmağa qoymadılar. Ona görə də mənim özüm üçün təyin etdiyim vaxta çatmadı, uzandı bir az".

Əsər izləyicilər tərəfindən rəğbətlə qarşılansa da, rəssam öz əsərindən o qədər də razı deyil: "Bu əsəri çəkməklə sanki bir az rahatlıq tapdım. Təbii ki, hərbiçilərimizin, əsgərlərimizin bizim üçün etdiyinin qarşısında bu, heç nədir. Dəryada bir damladır. Bu əsər yaranmazdan öncəki məni təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, bu vaxta qədər heç nə eləməmişəm. Hər hansı bir insanın portretini işləyəndə onun yaşadıqlarını düşünürsən. Amma o qədər də məlumatlı olmadığından o, sənə təsir etmir. Amma sözgedən əsərdəki insanların hər birinin yaşadıqlarını biz bilirik. Onların içində ən çox mənə təsir edən Şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədov idi. Onu işləmək mənim üçün çox çətin oldu".

"Bir gün o uşaqlar böyüyəcəklər. Ola bilsin ki, onlarla yolumuz kəsişəcək. Ola bilər ki, onlarla çiyin-çiyinə müəllim işlədik. Bu rəsm qalacaq, amma o uşaqlar dəyişəcək. Mənə elə gəlir ki, Polad Həşimov mənim üzümə baxıb gülümsəyir. Sanki onu işləyəndə özümü tapmış kimi oldum. Əvvəl təkcə əsgər çəkməsini, içində də çiçəklər çəkəcəkdim. Çünki, 2016-cı ildə görmüşdüm, bir ana şəhid oğlunun çəkməsinin içində gül əkmişdi. Bu, məni çox təsirləndirmişdi. İstəyirdim bunu çəkim. Amma Tovuz hadisələri olanda həmin epizodu da "Vətənim kimiyəm"ə qatdım. Bu əsərdə bəzi şəhid övladlarını verməmişəm. Bu da onların qəlbinə toxuna bilər. Düşünürəm ki, növbəti əsərlərimdə onları da əlavə edim", - deyə F.Zəkəriyyə bildirib.

Həvəskar rəssam dünyaca məşhur rəssamların əsərlərini araşdırır: "Mən riyaziyyat müəllimiyəm, məntiqdən də dərs deyirəm. Klassik dünya rəssamlarının əsərlərini araşdırıram. Oradakı riyazi hesablamaları araşdırıram. Hazırda insanlar o əsərləri ilahiləşdirirlər. Sanki onlar insan olmayıblar. Hər şeydən üstün varlıqlar kimi baxırlar. Amma məncə hər şey insanın özündən aslıdır. Biz onları ilahiləşdirib, onlara baxıb onların çəkdiklərini təkrarlamamalıyıq. İndi də fərqli düşüncəli insanlar var, onlar da elə əsərlər yarada bilərlər ki, "Mona Liza"dan da üstün olar. Belə izah edim, Nizami 12-ci əsrdə "Leyli və Məcnun" əsərini yazdı, 16-cı əsrdə Füzuli yenidən o mövzuya qayıtdı. Bəlkə də o dövrdə də Füzulini qınayırdılar ki, "Nizamidən sonra "Leyli və Məcnun"a qayıtmağa nə ehtiyac var?" Danışdığım bəlkə də sizə lovğalıq kimi görünə bilər. Amma mən həmişə zəhmətə inanmışam. İnanıram ki, zəhmət sayəsində biz bu gün bütün dünya rəssamlarının əsərlərindən üstün əsərlər yarada bilərik".

Həmsöhbətimiz daha çox karandaşla işləyir: "Boyaya qarşı allergiyam var. Amma bu yaxınlarda yağlı boya ilə də əsər yaradacam. O dövrdə keyfiyyətli kağızlar yox idi. Amma indi çox keyfiyyətli kağızlar hazırlanır ki, o kağızları normal yerdə saxlasaz, üzərini şüşə ilə örtsəz, uzun illər öz keyfiyyətini itirməz. Kətan üzərində boyanın ömrü uzun olsa da, son illər dünyada karandaşla rəsm daha geniş yayınıb".

Fəzail müəllim bu sahə üzrə təhsil almağı düşünmür, buna ehtiyac duymur: "İnternetdə "Udemy" adlı sayt var. Orada onlayn müəllimlərin kurslarından keçdim. Dedikləri mənim bildiklərimdən fərqlənmir. Ona görə də bu sahədə təhsil almağı düşünmürəm. Rəsm çəkdikcə formalaşır. Mən hər dəfə rəsm çəkdikcə, nəsə öyrənirəm, öz səhvlərimi görürəm. Elə klassik rəssamlarımız da təhsil almayıblar, onlar da çəkə-çəkə, onlardan əvvəlki rəssamların əsərlərinə baxa-baxa öyrəniblər. Mən özüm də universitet vaxtlarında dünya rəssamlarının əsərlərinin fotolarını yaxınlaşdırıb baxırdım. Baxırdım ki, harada karandaşı yüngül edib, harada daha sərt edib. İşıq-kölgələrdə çalışdım ki, dəqiqlik olsun. Bir neçə dəfə cəhd etdikdən sonra alınırdı".

Bu sahədə ona ən çox dəstək olan rəssamın anasıdır: "Atam da həvəskar rəssamdır. Amma məndən fərqli olaraq, o, boya ilə işləyir. Karandaş bir az vaxt aparır, boyadan daha çətindir. Amma atam evimizə dost-tanışları ilə gələndə deyir "mən öyrətmişəm, mənə oxşayıb". Kişilərin bu barədə eqoları yüksək olur. Amma anam bu sahədə mənə daha çox dəstək olur, uğuruma sevinir".

Rəssamın ən böyük əsərlərindən biri də "Far from us", yəni "Bizdən uzaqlarda"dır. Bu əsərdə Azərbaycan yoxdur. O, bunun səbəbini belə izah edib: "Əsərdə Azərbaycan qaranlıq tərəfə düşür və orada görünmür. Gözləyirdim insanlar soruşsun ki, bəs Azərbaycan hanı? Hələ ki, buna diqqət edən yoxdur. Orada raketlər var. ABŞ-ın kosmik gəmi və raket istehsalçısı olan "Space X"ın ən güclü raketi "Falcon Heavy" raketləri 2023-cü ildə Aya səyahəti düşünürlər. Ora incəsənət adamlarını aparacaqlar. Çox istəyərəm mən də gedim. 2033-cü ildə Marsa səyahət planı var. Marsa ilk insan ayaq basacaq. Ora ayaq basan insan "Martian" adlanacaq. Beləliklə, Marsda həyatın başlanğıcını qoyacaqlar. Bunu bizim insanlara deyəndə deyirlər "Allahın işinə qarışmayın". Əslində tanrı özü də istəyər insan inkişaf etsin. Bu fikirlər bizim insanlardan uzaq olduğuna görə, əsərin adını da "Bizlərdən uzaqlarda" adlandırmışam. Demirəm biz inkişafdan geri qalmışıq, bunu qəbul etmirəm. Bununla barışmaq istəmirəm. Daim inkişaf etmək lazımdır, buna can atmaq lazımdır.

"Amerikada belə "Falcon" raketindən bixəbər olan insanlar var. Bir amerikalı müəllimlə onlayn danışanda gördüm ki, o, bu raket, digər elmi yeniliklərdən xəbərsizdi. Düşünməyin ki, Amerikada hər kəs yüksək intellektə sahibdir, bizim xalq geridə qalıb".

Həmsöhbətimiz əsərlərini silsilə şəklində təqdim etməyi düşünür: "Hələ ki, Yer kürəsinin bir üzünü çəkmişəm. O biri tərəfini də çəkəcəm. Orada artıq Azərbaycan da olacaq. Mən rəsmlərimi silsilə şəklində hazırlayıram. Növbəti layihəm Qarabağla bağlıdır. 2030-cu il, artıq Qarabağ işğaldan azad olunub. Ümid edirəm bu, mənim təxəyyülümün məhsulu olaraq qalmayacaq. 2030-cu ildə Qarabağa rahatlıqla gedə biləcəyik".

0
Toyuq əti, arxiv şəkli

Quş əti sağlamlıq üçün çox yararlıdır - Mütəxəssis rəyi

8
(Yenilənib 14:48 26.09.2020)
Quş əti insan orqanizmi üçün vitamin kompleksi mənbəyidir. Tərkibi A, D, E və B qrupu vitaminləri (B1,  B2,  B3, B4, B5, B6,  B9), həmçinin biotinlə (vitamin H) zəngindir.

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, K. Əliyeva, R. Kəngərli, F. Əlizadə tərəfindən quş ətinin faydaları haqda məqalə hazırlanıb. Sputnik Azərbaycan mütəxəssislər tərəfindən hazırlanan məqaləni təqdim edir:

Zülalların (proteinlər) miqdarı qaz ətində 15 %, ördək ətində 17 %, toyuq ətində  20-22 %, hinduşka ətində 24 %, ov quşlarının ətində 22-25 % olduqda tam dəyərli sayılır. Belə ki, sadə proteinlərin (miogen, mioalbumin, mioqlobin və b.) tərkibində əksər aminturşularına, o cümlədən orqanizm üçün əvəzolunmaz aminturşularına (92 %-ə qədər) rast gəlinir. Tərkibində triptofanın çox olması səbəbindən quş ətinin istehlakı zamanı orqanizmdə serotonin hormonunun (“sevinc hormonu”) miqdarı artır. Beyin hüceyrələrində sintez olunan serotonin əhval-ruhiyyəni yüksəldir, stressi aradan qaldırır və orqanizmdə rahatlıq hissi yaradır. Qlutamin turşusunun çox olması isə quş ətinə spesifik dad və qoxu verir. Həmçinin quş ətinin bioloji dəyərliliyi triptofan/oksiprolin və zülal/yağ nisbəti ilə qiymətləndirilir ki, keyfiyyətli quş əti üçün bu rəqəmlər müvafiq olaraq 5-7 və 2-3 arasında dəyişir. Mal ətinə nisbətən quş ətində lizinin miqdarı 3 dəfəyə qədər üstünlük təşkil edir. Quş ətinin tərkibində azdəyərli hesab olunan birləşdirici toxuma zülallarının (elastin, kollagen və s.) miqdarı 1,5 %-ə çatır.

Yağların (lipidlərin) miqdarı broyler toyuğunun ətində 12 %, qaz ətində 38 %, ördək ətində 39 %-ə qədər təşkil edir. Onların da çox hissəsi dəri və dərialtı toxumada, həmçinin daxili orqanların ətrafında toplanır. Ov quşlarının ətində isə yağların miqdarı az (1-3 %) olur. Əzələ toxumasında yağların əzələ lifləri arasında bərabər şəkildə paylanması quş ətinin yumşaq konsistensiyalı, dadlı və aromatlı olmasını təmin edir. Bu səbəbdən də mal ətindən fərqli olaraq quş əti “mərmər” görünüşə malik deyil. Quş ətində olan yağlar 41 %-ə qədər triqliserollar (neytral yağlar) və 38 %-ə qədər lipoidlərdən (fosfolipidlər, sterollar və s.) ibarətdir. Tərkibində 69-73 %-ə qədər doymamış ali yağ turşuları vardır. 18-22 növ ali yağ turşusuna malik quş ətinin yağları əvəzolunmaz polidoymamış turşularla (olein, linol, linolen, araxidon və b.) zəngin olduğundan aşağı temperaturda (23-35o  C ) əriyir. Odur ki, həmin yağların 80-98 %-i insan orqanizmi tərəfindən mənimsənilir. Bu yağların tərkibində doymuş turşulardan palmitin və stearin turşuları isə üstünlük təşkil edir.

Quş ətində mineral maddələrin miqdarı 0,5-1,2 % təşkil edir. Tərkibi Na, K, Ca, Mg, P, Fe, Cu, Zn, Se, J, S, Mn, o cümlədən digər makro və  mikroelementlərdən ibarətdir.

Azotlu və azotsuz ekstraktiv maddələrin (karnitin, karnozin, kreatin, kreatinin, qlikogen, süd turşusu, sərbəst aminturşuları, adenozinfosfatlar və b.) miqdarına görə quş əti mal ətini üstələyir. Onların da çox hissəsi döş ətində toplanır. Bildiyimiz kimi, bu maddələr fermentlərin təsiri ilə ətin “yetişməsi” prosesini (avtoliz) tənzimləyir. Quş ətində digər heyvan ətlərindən fərqli olaraq purin əsaslarının miqdarı az olur. Tərkibindəki qida maddələrinin, xüsusilə yağ və zülalların miqdarından asılı olaraq quş ətinin enerji dəyəri dəyişkən olur (100 qr-da 120-350 kkal).

Quş əti insan orqanizmi üçün vitamin kompleksi mənbəyidir. Tərkibi A, D, E və B qrupu vitaminləri (B1,  B2,  B3, B4, B5, B6,  B9), həmçinin biotinlə (vitamin H) zəngindir.

Broyler toyuqlarının  inkişafının 8-10 həftəlik dövründə əzələ toxumasında zülalların, daha sonra isə digər maddələrin, xüsusilə də yağların toplanması prosesi gedir. Odur ki, quşçuluq təsərrüfatlarında broyler toyuqlarının optimal yetişdirilmə dövrü 35-45 gün ərzində başa çatdırılmaqla, istehsal olunan quş əti məhsulu biokimyəvi xüsusiyyətlərinə görə keyfiyyətli və diyetik hesab olunur. Quş ətinin tərkibində karbohidratlar əsasən “əzələ şəkəri” adlanan qlikogen şəklində təmsil olunur ki, bu da onun diabet xəstələri tərəfindən təhlükəsiz istehlakı üçün zəmin yaradır.

Quş ətinin rəngi tərkibindəki zülal-yağ nisbətindən asılı olaraq ağ-çəhrayı, sarımtıl və ya tünd qırmızı çalarlı ola bilər. Müxtəlif nahiyələrdə ətin rəngi fərqli olur. Məsələn, toyuq və hinduşkalarda döş əti ağ-çəhrayı rəngdə, qanad və bud əti isə nisbətən tünd çəhrayı və ya tünd qırmızı çalarlı olur. Quş ətinin açıq rəngdə olması onun tərkibində zülal və ekstraktiv maddələrin çox, yağların isə az olmasının göstəricisidir.

Ov quşlarının əti qırmızı-qəhvəyi çalarlı, həmçinin balıq və ya qətran qoxulu olur. Yağların miqdarı ov quşlarının ətində az olsa da, zülalların miqdarı çoxluq təşkil edir (22-25 %).

Quş ətinin tərkibindəki birləşdirici toxuma zərif əzələ liflərindən təşkil olunduğuna görə insan orqanizmi tərəfindən asan (80 % -ə qədər) həzm olunur. Qeyd edək ki, yaşlı quşların əzələ toxuması cavanlara, ov quşlarının əzələ toxuması isə ev quşlarına nisbətən sərt olur.

Quş əti qida maddələri ilə zəngin olduğundan mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit hesab edilir. Xüsusilə də sanitar-gigiyenik tələblərə uyğun olmayan şəraitdə saxlandıqda patogen mikroorqanizmlər, o cümlədən bakteriya və viruslar intensiv inkişaf edir. Bu da insan sağlamlığı üçün təhlükəli infeksiya və toksikozların baş verməsinə səbəb olur. Qeyd edək ki, təzə kəsilmiş quş cəmdəyinin dərisinin rəngi ağ-sarımtıl, səthi quru, konsistensiyası elastiki, qoxusu növündən asılı olaraq spesifik olur. Təzə kəsilmiş quş cəmdəyi soyuducuda 0-4o C temperaturda 72 saat, -18o C temperaturda isə 8-10 ay müddətində saxlanıla bilər.

Quş ətinin orqanizm üçün faydası kifayət qədərdir:

•       diyetikdir (ördək və qaz əti istisna olmaqla);

•       tərkibi asan mənimsənilən qida maddələri və bioloji aktiv maddələrlə (əvəzolunmaz aminturşuları, essensial yağ turşuları və s.) zəngindir;

•       tərkibində triptofan çox olduğundan istehlakı zamanı orqanizmə rahatlıq verir;

•       doymamış yağ turşuları ilə (olein, linol, araxidon və s.) zəngin olduğundan orqanizmdən zərərli xolesterolu kənarlaşdırmaqla, atereskleroz və hipertoniyanın qarşısını alır;

•       mədə-bağırsaq xəstəliklərinin müalicəsində dərman vasitələri qədər faydalıdır;

•       tərkibində asan mənimsənilən dəmirin çox olması qanazlığı və qan dövranı pozğunluqlarının bərpası proseslərini sürətləndirir;

•       diabet xəstələrində maddələr mübadiləsinə tənzimləyici təsir göstərir;

•       immun sistemini möhkəmləndirir;

•       soyuqdəymə və respirator xəstəliklərin müalicəsində istifadə olunur.

8