Çingiz Qənizadə

Deputat: Yanğınla bağlı daha yüksək vəzifəli məmurlar həbs olunmalıdır

62
Çingiz Qənizadənin fikrincə, ucuz material baha kimi sənədləşdirilib və külli miqdarda maliyyə fırıldaqları həyata keçirilib.

BAKI, 26 may — Sputnik. İstər baş nazirin müavini, istərsə də digər məmurun jurnalistə qarşı bu cür rəftarının tərəfdarı deyiləm.

Bunu Sputnik-ə açıqlamasında baş nazirin müavini Abid Şərifovun bir jurnalistin "tikinti işlərini hansı şirkət aparacaq" sualına "Nə dəxli var, sənə?! Nə üçün bilməlisən kimdir?! Alabala!" deyə cavab verməsinə münasibət bildirərkən millət vəkili Cingiz Qənizadə deyib.

Qənizadənin sözlərinə görə, bütün məmurlar belə məsələlərdə ən azından Heydər Əliyevdən nümunə götürməlidirlər: “Heydər Əliyev müstəqilliyimizin ilk böhranlı illərində ona hətta təxribat və qıcıqlandırıcı xarakterli verilən suallara təmkinlə və elə peşəkarcasına cavab verirdi ki, hamı heyran qalırdı. Mən məmurun jurnalistə qarşı bu hərəkətini müsbət qiymətləndirməsəm də, onların indiki emosional vəziyyətini anlayıram. Çünki ölkə və paytaxtda görülən abadlıq işləri bir anda sıfıra endi.”

Bakının Binəqədi rayonunda 16 nəfərin ölümüylə nəticələnən yanğınla bağlı həbslərə dair mövqeyini bildirən Qənizadə bildirib ki, bu məsələdə sıravi şəxslərin həbsinin tərəfdarı deyil. “Hansısa JEK müdirinin, təsərrüfat müdirinin və s. həbsi qeyri-ciddi görünür. Bu hadisəyə görə daha yüksək səviyyəli məmurlar məsuliyyətə cəlb olunmalıdır. Ölkə başçısı özü bəyan edib ki, onu aldadıblar, ona xəyanət ediblər. Məhsul keyfiyyətsizdir. Bunu kim sifariş verib? Bax buradan başlamaq lazımdır." — deyən Qənizadə bu məsələylə bağlı hətta rayon İH başçısının da məsuliyyət daşımadığını vurğulayıb. "Bakı kimi böyük şəhərlərdə belə işləri görmək üçün keçirilən tenderlər rayon səviyyəsində deyil, daha yüksək səviyyədə həllini tapır. Ona görə də daha yuxarılarda oturub ölkə başçısını aldadan, onun nüfuzuna xələl gətirən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.”, deyə millət vəkili bildirib. 

Qənizadə bu hadisələr zamanı dövlətə də külli miqdarda ziyan dəydiyini  xatırladıb: “Hələ onu demirəm ki, ucuz material baha material kimi sənədləşdirilib, külli miqdarda maliyyə fırıldaqları həyata keçirilib. Dövlətə dəyən ziyan mütləq ödənilməlidir. Bu da məhkəmənin qərarı ilə müəyyən edilib bu işdə əli olan şəxslərin üzərinə qoyulmalıdır.”

Millət vəkili həmçinin bildirib ki, bu məsələnin hər gün mətbuatda qaldırılmasının tərəfdarı deyil: “Hazırda komissiya yaradılıb və iş gedir. Komissiyanın qərarını və istintaqın nəticəsini gözləməliyik. Məsələni gündəlik şişirtməyə ehtiyac yoxdu. Əgər iş prosesinə hər hansı formada laqeydlik olarsa, o zaman hamımız məsələyə müdaxilə etməliyik ki, sonrakı peşmançılığa gətirib çıxarmasın.”

Mayın 19-da Azərbaycan paytaxtında, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

62
Teqlər:
ucuz material, sıravi şəxslər, rəftar, baş nazirin müavini, jurnalist, məmur, həbs, Yanğın, Heydər Əliyev, Çingiz Qənizadə, Abid Şərifov, Binəqədi, Azərbaycan, Bakı
Əlaqədar
İngrid Binəqədidəki yanğın yerinə gül dəstəsi gətirdi
Son yanğınlarla bağlı daha 4 nəfər həbs edildi
Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək
Yanmış avtomobillərin sahiblərinə kompensasiya veriləcək
Bakıda yanan binada təmir işlərinə başlanılıb
Azərbaycan bayrağı, arxiv şəkli

Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur

3
(Yenilənib 22:08 30.09.2020)
Məlahət Kəlbiyeva: "Ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb. Həddən artıq sifarişlər gəlir, inanın, çatdıra bilmirik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində başlayan hərbi əməliyyatlar hamıda mübarizə ruhunu oyadıb. Kimi ön cəbhədə, kimi isə arxa cəbhədə Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda mübarizə aparır.

Bu gün şəhərin küçələrində, evlərin eyvanlarında, avtomobillərdə müqəddəs Azərbaycan və Türkiyə bayraqları dalğalanır.

Sosial şəbəkələrdə isə mağazalarda bayraqların qiymətlərinin bahalaşması ilə bağlı müzakirələr yer alır. Şəbəkə istifadəçiləri bayraqların qiymətinin 2-3 dəfə bahalaşdığını iddia edirlər.

Sputnik Azərbaycan bir neçə mağaza ilə əlaqə saxlayaraq məsələni dəqiqləşdirməyə çalışıb. Təbii olaraq, mağazalardan agentliyə bildiriblər ki, bayraqların qiymətində heç bir dəyişiklik olmayıb.

Bununla belə, bəzi mağazalarda bayraq satışı dayandırılıb. Mağazalar bunun səbəbini anbarlara yeni malların gətirilməməsi ilə izah ediblər. Satıcıların sözlərinə görə, hər gün vətəndaşlar bayraq üçün müraciət edirlər. Amma bayraqların qiymətində heç bir artım olmayıb.

Satıcılar hazırda anbarlarda bayrağın olmadığını da qeyd ediblər. 

Qiymətlərə gəlincə, masaüstü bayraqlar 3 manat, otaq üçün böyük ölçülü bayraqlar isə 25-90 manat arasında satılır.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, indiki müharibə şəraitində bayraqların qiymətlərinin bahalaşması yolverilməzdir. Əksinə, bayraq istehsalı ilə məşğul olan müəssisələr, şəxslər vətənpərvərlik ruhunu yüksək tutmaq üçün bayraqların qiymətini ucuzlaşdırmalıdır ki, hər kəs alıb, evindən, eyvanından, avtomobilindən asa bilsin. 

"Azəratribut" MMC-nin təsisçisi Məlahət Kəlbiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb:

"Həddən artıq sifarişlər gəlir. Nazirliklər, supermarket şəbəkələri, idarələr sifariş edir. İnanın, sifariş o qədər çoxdur ki, çatdıra bilmirik".

M.Kəlbiyeva qeyd edib ki, əksinə, vəziyyətlə əlaqədar olaraq bayraqların qiyməti ucuzlaşıb.

Onun sözlərinə görə, vətənin ağır günündə hamı bacardığı qədər yardım etməlidir: "Biz özümüz də ehtiyac olduğu təqdirdə bayraqları pulsuz veririk. Əvvəl 100 manata satdığımız bayraqları indi 50-60 manata satırıq. Belə günlərdə qazanc düşünmək olmaz. Bu, günahdır".

O qeyd edib ki, özü də sosial şəbəkələrdə müxtəlif mağaza və ticarət mərkəzlərində bayraqların baha satıldığı ilə bağlı məlumatlarla qarşılaşıb: "Bu, digər ölkələrdən gətirilmiş məhsullar ola bilər. Ancaq biz bacardığımız qədər bu günlərdə ucuz bayraqlarla xalqımıza dəstək verməyə çalışırıq".

3
Tamaşa zalı, arxiv zalı

Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək

11
(Yenilənib 21:49 30.09.2020)
Teatr Xadimləri İttifaqı: Teatr ictimaiyyəti olaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-a TXİ-dən göndərilən bəyanatda deyilir:

"Erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq sentyabrın 27-də müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Xalqımız tarixən erməni xainliyi, düşmən təxribatı ilə üz-üzə qalsa da, öz qətiyyəti, mübarizliyi sayəsində bu sınaqdan üzüağ, alnıaçıq çıxıb. Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadarlarının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən təcavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.

Ölkəmizin Ali Baş Komandanının xalqa müraciətində dediyi kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normaları tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.

Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyir.

Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bizə nəsib edəcək. O böyük zəfər günündə hamımız bir yerdə olacağıq. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!"

11