QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzulili deputat Füzuliyə eniş edən təyyarə barədə

© Official website of President of Azerbaijan Republic Füzuli Beynəlxalq Hava Limanı
 Füzuli Beynəlxalq Hava Limanı - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Abunə olmaq
Deputat Vüqar Bayramov qeyd edib ki, tezliklə Qarabağ səmasında havaya qalxan təyyarələr beynəlxalq uçuşlar həyata keçirəcəklər.
BAKI, 5 sentyabr — Sputnik. Millət vəkili, 84 saylı Füzuli seçki dairəsindən deputat seçilən Vüqar Bayramov Füzuli Beynəlxalq Hava Limanına Bakıdan ilk uçuşa fikir bildirib. Öz Facebook hesabında deputat bunu tarixi günlərdən biri kimi xarakterizə edib:
"Azərbaycan Hava Yolları" na məxsus "Airbus A340-500" tipli sərnişin təyyarəsi ilə Bakıdan işğaldan azad olunmuş Qarabağımızın ilk hava limanına sınaq uçuşu həyata keçirildi. Bu gün ölkəmiz üçün tarixi günlərdən biridir. Tezliklə Qarabağ səmasında havaya qalxan təyyarələr beynəlxalq uçuşlar həyata keçirəcəklər. Qarabağımız və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun!"
Qeyd edək ki, Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub. İbtidai təhsilini Aşağı Rəfədinli kənd orta məktəbində, orta təhsilinin bir hissəsini Füzuli şəhər Bünyad Sərdarov adına orta məktəbdə, bir hissəsini isə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. O, 2020-ci il 9 fevral taixində keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən seçicilərin 71% səsini qazanaraq VI çağırış Milli Məclisin deputatı seçilib.
Füzuli beynəlxalq hava limanına ilk uçuş
Məlumat üçün bildirək ki, bgün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.
Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılmışdır).
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Sərnişin təyyarəsi ilə Bakı – Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.
"Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli hava limanı beynəlxalq hava limanları münasibətində irəli sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilmişdir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.
Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını "Zəfər Yolu" və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.
Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.
Həmçinin oxuyun:
* Tarixi uçuş: "Qarabağ" təyyarəsi Füzuli beynəlxalq hava limanında ilk eniş edib
* Qarabağın hava qapısı: Bu gün Füzuli hava limanına ilk sınaq uçuşu olacaq
Xəbər lenti
0