Azərbaycan hərbçisi, arxiv şəkli

MN Gəncə hospitalını tərk edən hərbçi barədə məlumat yaydı

52
(Yenilənib 12:14 26.08.2021)
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçumuzun Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçdiyi ehtimal olunur.

BAKI, 26 avqust — Sputnik. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.

Qeyd edək ki, erməni KİV-ləri Azərbaycan əsgərinin Ağdərə ərazisində evlərdən birinə girdiyi və onun saxlanıldığı barədə məlumat yayıb.

Eləcə də oxuyun:

52
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Qarabağ, hərbçi, MAXE, Gəncə, hərbi hospital
Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev (ortada)

Vətən müharibəsinin "gözəgörünməz qəhrəman"ları

0
(Yenilənib 20:21 27.09.2021)
Müharibə və postmüharibə dövründə könüllü olaraq əsgərlərimizə və hərbiçilərimizə yardım etmək üçün ön cəbhəyə yolan düşən fədakar həkimlərimizdən biri də Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyevdir.

BAKI, 27 sentyabr — Sputnik. Vətən müharibəsi başlanan gündən – 27 sentyabrdan başlayaraq sənətindən, peşəsindən aslı olmayaqraq hər kəs öz cəbhəsində vuruşurdu. Bu sənət adamlarının içində həkimlər əsas yerlərdən birini tuturlar, desək yanılmarıq. Döyüşən əsgərimizin yanında olan, xəstə və yaralılara yardım edərkən şəhid olan həkimlərimiz də oldu.

Müharibə və postmüharibə dövründə könüllü olaraq əsgərlərimizə və hərbiçilərimizə yardım etmək üçün ön cəbhəyə yolan düşən fədakar həkimlərimizdən biri də Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyevdir. Şuşada şəraitsiz vəziyyətdə çalışan Oqtay həkimə gördükləri işlərdən, qarşılaşdıqları problemlər haqqında sual verdik. Həkim gördüyü işləri dəryada bir damla hesab edir. O, gördükləri işlər barədə danışmaq istəməsə də biz onu buna vadar etdik. Müharibə başladığı gündən ön cəbhədə çalışan həkim, kolleqalarının gördüyü işlərdən Sputnik Azərbaycan-a bəhs edərkən deyib ki, onlar müharibə başladığı gündən – sentyabrdan başlayıblar:

"Əvvəl stomatoloqlar, sonra digər sahənin həkimləri bizə qoşuldu. Öncə Gəncədə başladıq, sonra davam etdik Naftalanda və Füzuli diaqnostikada çalışdıq. Biz könüllü gəlmişik, heç kəs tərəfindən göndərilməmişik".

© Photo : Courtesy of Oktay Mehtiev
Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev (sağda)

Hər bir azərbaycanlı kimi onlar da 29 il idi ki, arzusunda idilər ki, müharibə başlansın, onlar da vətənə olan borcunu ödəsinlər. Arzularına çatdılar və indi onlar doğma torpaqlarımızda döyüşçülərimizin yaralarına məlhəm olmaq üçün əllərindən gələni əsirgəmirlər: "Sözümüzə də sadiq çıxdıq. Bu, bizim şərəf borcumuzdur. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı müharibə dönəmində bacardığından daha çox iş gördü. Elə ona görə də biz zəfər çaldıq. Döyüşçülərimiz həkimlərimizə güvənib döyüşə getdilər. Düşünürlər ki, yaralansalar həkimlərimiz onları ölümdən xilas edəcəklər".

Azərbaycan Tibb Universiteti Vətən müharibəsində iştirak edən və öz müqəddəs həkimlik peşələrini yerinə yetirən zaman qəhrəmancasına şəhid olan tələbələrdən ikisi Oqtay müəllimin təbəsi olub. Həmin şəhidlərin fotoları Şuşada yerləşən məntəqədə həkimlərin başı üzərində asılıb: "İki tələbəm şəhid olub - tibb xidməti leytenantı həkim Mirlətif Ağayev və Tibb xidməti leytenantı həkim Tariyel Salmanov. Onlar ön cəbhədə çalışırdılar. Onlar bizim yanımızda şəhid oldular. Onların nəşlərini işlədiyimiz hosbitaldan ailələrinə təhvil verdik".

© Photo : Courtesy of Oktay Mehtiev
Azərbaycan Prezidenti İlham Əliyev və Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev

Ötən ilin oktyabr ayında Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutduğu vaxt Oqtay müəllim və onun həmkarları da orada olub: "Bizdən 150 metr aralıya düşdü – biri sağımıza, biri də solumuza düşdü. Əslində mən bunlardan danışmaq istəmirəm. Çünki, bizim elədiklərimiz Ordumuzun, Xüsusi təyinatlıların yanında heç nədir. Biz sadəcə cəbhəyə yaxın olan ərazidə olmuşuq. Amma öndə onlar olub".

Qəhrəmanımız bildirir ki, müəyyən çatışmazlıqlar var, amma hər kəs əl-ələ versə, o problemləri aradan qaldırmaq olar. Müharibə dönəmindəki əhval ruhiyyəni qoruyub saxlamaq və ordunun yanında olmaq lazımdır. Yəni, "müharibə bitdi, müharibə qutardı" cümləsini unutmaq lazımdır: "Müharibə həmişə var. İnsanlarda müharibə dönəmindəki qədər olmasa da, o əhval ruhiyyə qalıb. Sadəcə hər kəs yumruq kimi birləşib, bir nöqtəyə vurmaq lazımdır. Necə ki, müharibə dönəmində hamı bir nəfər kimi ordunun yanında idi, həmin əzmi saxlamaq lazımdır. Hamı kömək etmək istəyir, amma bilmirlər necə kömək etsinlər. Biz tibb sahəsində çalışırıq ki, pərakəndəlik olmasın".

© Photo : Courtesy of Oktay Mehtiev
Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev

Həkimlərimiz təkcə Şuşada xidmət göstərmir, onlar Qubadlıda, Hadrudda da fəaliyyət göstərirlər. Müsahibimizin dediyinə görə, hər həkim həftədə bir dəfə həmin döyüş bölgələrində xidmət edir: Növbəyə salmışıq, buna heç kəs etiraz etmir, hamısı sevə-sevə gəlirlər. Maddi təminatı da Azərbaycan Könüllü Həkimlər Assosiasiyası həyata keçirir. Həmin büdcəni də özümüz təşkil etmişik. Öz hesabımıza lazım olan bütün tibbi avadanlıqları alırıq. Təşkilatımızın üzvlərinin sayı çoxdur, hər həkim bir problemi həll edəndə problemin sayı azalır. Müharibə olan bölgələrdə problemlərin, çatışmazlıqların olması normaldır. Lazımı infrastrukturu qurmağa zaman lazımdır. Bunun üçün də hamımız bir olmalıyıq".

0
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Tərtərdə vəziyyət

Müharibə buradan başlandı - Mülki şəhid verən qəhrəman şəhər

3
(Yenilənib 20:16 27.09.2021)
Vətən müharibəsi haqda ilk xəbərlərdə məhz bu yaşayış məntəqəsinin adı çəkilir - Tərtər. Düşmənin ilk hücumunu qəbul edən rayona savaş dövründə Ermənistan ordusu 16 mindən çox top, tank, "Qrad" mərmisi, həmçinin 21 ədəd qadağan olunmuş raket atdı.

BAKI, 27 sentyabr — Sputnik. Erməni terroru nəticəsində 16 nəfər mülki şəxsin həlak olduğu, 63 nəfərin yaralandığı Tərtərin sakinləri bir gün də olsun, öz evlərini tərk etmədilər. Buna səbəb isə ön xətdə düşmənə cavab verən Azərbaycan Ordusu idi.

"Tərtərin mülki əhalisi elə ilk gündən hədəfə alınmışdı. Buna baxmayaraq, vətəndaşlar Ordumuza, Ali Baş Komandanımıza arxayın idilər. Bu səbəbdən də bir nəfər də olsun evini tərk etmədi", - Şıxarx qəsəbə sakini Xəlil Nəsirov Sputnik Azərbaycan-a müsahibəsində deyir.

"27-si səhər tezdən başladılar atmağa. Bütün camaat girdi sığınacaqlara. Göydən od kimi tökdülər. Elə bildilər ki, camaat qaçacaq. Hara qaçır camaat? Elələri vardı, heç yerindən tərpənmədi. İki mülki vətəndaşımız həmin gün şəhid oldu", - X.Nəsirov bildirib.

© Sputnik / Emin Alisahib
Xəlil Nəsirov

Eyniadlı qəsəbənin sakini Çingiz Teymurov danışır ki, binaların hamısında ermənilərin atdığı mərmilərin izi vardı: “Gördüyünüz bu binaların hamısına mərmi düşmüşdü. Elə bina yox idi ki, oraya üçü-dördü düşməsin". 

“Demək olar ki, sağ yer, salamat ünvan qalmamışdı. Dayandığımız hər yeri atəşə tuturdular. Mən 25-ci binanın birinci mərtəbəsində oluram. Elə üç mərmi bizim evin yaxınlığına düşmüşdü. Qonşu bloka girib, içəridə partlamışdı. Şəhid olanımız da oldu burada, yaralananımız da", - hadisə şahidi İlqar İbarahimov ötən ilin hadisəsini xatırlayır.

Yerli əhali deyir ki, ermənilər yaşayış məntəqələrini ona görə vururdular ki, camaatı təşvişə salsınlar, müharibəni dayandırsınlar.

"Amma əksinə, heç kim qorxmurdu. Bəli, düşmən yanılmışdı. Anlamırdı ki, üstünə yağış kimi yağan güllələrə rəğmən, camaat Ali Baş Komandanına, qüdrətli ordusuna arxayındır", - İlqar İbrahimov deyir.

© Sputnik / Emin Alisahib
İlqar İbrahimov

“Şükür olsun Allahın böyüklüyünə ki, bizim qüdrətli ordumuz, dövlətimiz, dövlətin başçısı var. Çox sağ olsunlar! Böyük şücaət göstərdilər. Otuz ildir məcburi köçkün həyatı yaşayırdıq. Mən özüm Ağdam rayonundanam. Elə Tərtər rayonunda köçkünlük həyatı çəkmişik. Otuz ildir çıxdığım doğma kəndim buradan görünür. İllər boyu səhər-axşam gözümü oradan çəkə bilmirdim. İndi, şükür, azad edilib. Allah cəmi şəhidlərə rəhmət eləsin! Qəbirləri nurla dolsun. Çox zəhmət çəkdilər. Hər bir şəhid, hər bir qazi Azərbaycan xalqı üçün əzizdir. Çünki onlar bu insanların doğma yurd-yuvasının azadlığı uğrunda canlarından keçiblər", - Çingiz Teymurov bildirir.

Xəlil Nəsirov qeyd edir ki, müharibə vaxtı evləri dağılsa da, indi hamısı bərpa edilib: "Allah ordumuza kömək olsun! Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə də cansağlığı versin! Onların sayəsində torpaqlarımız azad olundu. İndi sakit yaşayırıq. Allah prezidentimizə də ömür versin. Müharibə vaxtı dağılan evlərimiz yenidən bərpa olundu. Şükür Allaha, indi arxayın yaşayırıq”.

Bu gün hamı razıdır, hamı rahatdır. Düşmənin atdığı güllələrə sinəsini sipər edən mülki əhalinin bir arzusu qalır. O da didərgin salındığı torpağına geri dönməkdir.

"Dinclik, sakitlikdir. Hamı xoşbəxt, firavan həyat sürür. Amma bir arzumuz var: bu müsahibələri öz torpağımıza gedib orada vermək. Gözümüz yoldadır. Bizi nə vaxt köçürərlər, görəsən?.." - İlqar İbrahimov deyir.

İlqar İbrahimov kimi bu gün bütün qarabağlıların gözü yoldadır. Otuz il əvvəl məcburi çıxarılaraq, köçkün salındıqları ünvanlara, ata-baba yurdlarına qayıdacaqları günü gözləyirlər.

3