Gənclər Təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər ediblər

Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq - Emin Hüseynov

434
Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlarımız üçün tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil olunacaq.

BAKI, 14 avqust — Sputnik. “Bu səfərlər həmin o böyük qayıdışın ilkin hazırlıq mərhələsidir. Biz istəyirik ki, vətəndaşlarımız mənfur düşmənimizin daşı-daş üstə qoymadığı, viran qoyduğu torpağımızın indiki vəziyyətini, həm də burada gedəcək bərpa-quruculuq işlərini yaxından izləmək imkanı əldə eləsinlər. Öz torpaqlarına səfər eləsinlər.

Cümə məscidi, Pənahəli xanın imarəti, Qiyaslı məscidi, bu gün burada olduğumuz Şahbulaq qalası - bu vacib məkanları ziyarət eləsinlər. Bu yerləri müşahidə eləsinlər. Sözsüz ki, bunlar hamısı o böyük qayıdışın ilkin mərhələsidir. Artıq şəhərdə baza infrastrukturu qurulduqdan, təhlükəsizlik məsələləri tam təmin olunduqdan sonra bu proses də başlayacaq”.

Sputnik Azərbaycan bildirir ki, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bölgəyə səfər edən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və könüllüləri qarşılayarkən deyib.

  • Gənclər Təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər ediblər
    © Sputnik / Emin Alisahib
  • Gənclər Təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər ediblər
    © Sputnik / Emin Alisahib
  • Gənclər Təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər ediblər
    © Sputnik / Emin Alisahib
  • Gənclər Təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər ediblər
    © Sputnik / Emin Alisahib
1 / 4
© Sputnik / Emin Alisahib
Gənclər Təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər ediblər

Səfər çərçivəsində ilk olaraq birinci Qarabağ xanı Pənahəli xanın yay sarayına ziyarət təşkil olunub. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağdam rayonu üzrə nümayəndəsi Mirzə Cavadov qonaqlara XVIII əsrə aid tarix-memarlıq abidəsi haqda ətraflı məlumat verib, onlara Mehdiqulu xanın və Xurşidbanu Natəvanın məzarlarını göstərib.

Eyni zamanda abidənin və məzarların ermənilər tərəfindən dağıdıldığı qeyd olunub. Qonaqlardan Gənclər Təşkilatının idarə heyətinin üzvü Əhliyyət Mehdiyev bildirib ki, bu gün onların şahidi olduqları - ermənilərin bu 27 il ərzində Ağdamda törətdikləri vandallığının bariz nümunəsidir: “Azərbaycanın qədim torpağı olan Ağdam rayonunun maddi-mənəvi mədəniyyət abidələrini darmadağın ediblər. İnsanlığa sığmayan vəhşiliklər törədiblər. İnsan bu vəziyyəti görəndə ürəyi parçalanır. Amma inşallah, tezliklə Ali Baş Komandanımızın, dövlətimizin dəstəyi ilə Ağdam şəhəri dünyanın ən müasir şəhərlərindən biri kimi qurulacaq, yenidən inkişaf edəcək və bölgənin ən böyük, ən gözəl şəhərlərindən birinə çevriləcək”.

© Sputnik / Emin Alisahib
Gənclər Təşkilatının idarə heyətinin üzvü Əhliyyət Mehdiyev

Daha sonra qonaqlar Ağdam Çörək muzeyinə baş çəkiblər. Onlar burada da ermənilərin törətdiyi vəhşiliyin şahidi olublar. Gənclərin Təşəbbüsü və İnkişafına Dəstək ictimai birliyinin sədri Toğrul Allahverdiyev bu vəhşiliyin analoqunun heç bir müharibədə yaşanmadığını qeyd edib: "Digər ölkələrin müharibələrinə baxanda görürsən ki, əsgərlə əsgər müharibə edir. Bu, təbii haldır. Ancaq ermənilərin məscidə, dini abidələrə, təbiətə, insanların evlərinə hücumları dünya tərəfindən qəbul olunmayan bir məsələdir. Bu da erməni vandalizminin bariz nümunəsidir.

Mən ikinci səfərimdə şahidi oldum ki, Azərbaycan dövləti artıq yenidənqurma işlərinə başlayıb. İnanıram ki, Ağdam dünyanın ən inkişaf etmiş şəhərlərindən birinə  çevriləcək”.

Qonaqlar arasında yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev də vardı. O bildirib ki, tezliklə yenidən qurulan Ağdamda idman yarışları keçiriləcək.

© Sputnik / Emin Alisahib
Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev 
“Gəlmişik otuz il həsrətində qaldığımız Qarabağ torpaqlarımıza. Ağdam rayonuna. Yaxından tanış oluruq, burada ermənilərin dağıtdığı yerləri görürük. Burada yenidən bərpa işləri gedir. İnşallah, yaxın vaxtlarda azad edilmiş torpaqlarda yeni idman arenaları və mədəniyyət sarayları tikiləcək, orada idman yarışları və digər layihələr həyata keçirəcəyik. Mən buna əminəm və səbirsizliklə o günləri gözləyirəm", - dünya çempionu deyib.

Qonaqlar həmçinin Ağdam Cümə və Qiyaslı məscidlərini və Şahbulaq qalasını da ziyarət ediblər. Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov hazırda Ağdam rayonunda  genişmiqyaslı bərpa işlərinin bağlandığını bildirib.

“Bərpa işləri ilə bağlı artıq baş plan təsdiq olunub. Cənab prezident tərəfindən Azərbaycan ictimaiyyətinə təqdim edilib. Hazırda bu planın reallaşdırılması istiqamətində xüsusi yaradılmış əlaqələndirmə qərargahı çərçivəsində sistemli şəkildə məqsədyönlü işlər gedir. Və bütün bu işlərin nəticəsi olaraq, tezliklə həm Ağdamdan olan məcburi köçkünlər, həm də ümumiyyətlə Ağdamın özünün ölkənin dördüncü böyük şəhəri olacağını nəzərə alaraq, digər arzusunda olan vətəndaşlarımız buraya köçüb, yaşamaq imkanı əldə edəcəklər. Bununla bağlı artıq müəyyən işlər gedir”.

Prezidentin xüsusi nümayəndəsi həmçinin qeyd edib ki, tezliklə vətəndaşlarımız üçün "Yolumuz Ağdama” adlı səfərlər təşkil olunacaq.

"Yolumuz Ağdama” layihəsi

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildiriblər ki, "Yolumuz Ağdama" adlanan ilk belə səfərin Ağdam şəhəri daxil olmaqla bu rayonun minalardan təmizlənmiş hissəsinə təşkili nəzərdə tutulur. Zəruri hazırlıq və təhlükəsizlik işləri başa çatdıqdan sonra işğaldan azad olunmuş digər ərazilərə də belə səfərlərin təşkili planlaşdırılır.

"Yolumuz Ağdama" səfərləri xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil olunacaq.

Məlum olduğu kimi, işğaldan azad edilmiş bir çox ərazilərdə, o cümlədən Ağdamda infrastrukturun bərpası və yenidənqurma işlərinə başlanılıb, Ağdam şəhərinin Baş Planı ictimaiyyətə təqdim edilib. Bu baxımdan "Yolumuz Ağdama" səfərlərinin təşkilinin davam etməkdə olan bərpa işlərinin hazırki ilkin mərhələsindən başlaması vətəndaşlarımıza həm mənfur düşmənin törətdiyi vandalizmin və vəhşiliklərin şahidi olmaq, həm də şəhər və digər yaşayış məntəqələri bərpa edildikcə gedən quruculuq işləri ilə tanış olmaq üçün tarixi bir imkan yaradacaq.

Bununla yanaşı, bir daha qeyd olunmalıdır ki, hazırda minalar və partlamamış hərbi sursatlarla bağlı ciddi təhlükə qalmaqda davam etdiyi üçün işğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlər qadağandır. Səfərlərin təşkil ediləcəyi dəhliz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən minalardan təmizlənsə də, digər ərazilərdə işlər hələ davam edir. Bunu nəzərə alaraq səfər iştirakçıları bütün qaydalara və göstərişlərə əməl etməlidirlər.

Qeyd olunanları nəzərə alaraq tezliklə təşkil olunacaq "Yolumuz Ağdama" adlı səfərlərin keçiriləcəyi tarix və şərtlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Eləcə də oxuyun:

434
Teqlər:
Ağdam, Qarabağ, Azərbaycan, səfər, şəhər
Qarabağda dağılmış evlər, arxiv şəkli

Qarabağda erməni vandallığının daha bir görüntüsü yayılıb

600
(Yenilənib 23:10 16.09.2021)
Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Qarabağda mədəniyyət abidələrimizə qarşı erməni işğalçıları tərəfindən törədilmiş vandalizm ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bütün zamanların ən böyük şair və filosoflarından olan Nizami Gəncəvinin Qarabağın işğalı zamanı ermənilər tərəfindən dağıdılan büstünün görüntülərini özünün "Twitter" hesabından dərc edib. 

Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, Deqati illərdir ki, Qarabağ gerçəkliklərini dünyaya çatdırır. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Eləcə də oxuyun:

600
Teqlər:
Qarabağ, Azərbaycan, erməni vandalizmi, Nizami Gəncəvi, Reza Deqati
Şuşada dağıdılmış tikili

Şuşalı yuxulardan oyanmaq istəməyənlər: Kimi şəhəri viran görüb məhv oldu, kimi də...

2398
(Yenilənib 00:12 17.09.2021)
O insanların dünyası dağılmışdı. Nə əski evləri vardı, nə doğmaların qəbirlərini tapa bilirdilər, nə bazarlardan köhnə şuşalıların səsləri gəlirdi, nə də "doğulanda muğam üstə ağlayan uşaqlar"ın avazı.

BAKI, 16 sentyabr — Sputnik. İşğaldan sonrakı Şuşaya səfər məntiqlə sevinc göz yaşları ilə müşayiət olunmalı idi. Amma şuşalılar üçün durum başqaydı. O insanların dünyası dağılmışdı. Nə əski evləri vardı, nə doğmaların qəbirlərini tapa bilirdilər, nə bazarlardan köhnə şuşalıların səsləri gəlirdi, nə də "doğulanda muğam üstə ağlayan uşaqlar"ın avazı. İndi bir Azərbaycanın ürəyi, Qarabağın incisi Şuşanın keçmişi haqqında danışmaq olar, bir də gələcəyi. Bəlkə də gələcəyi daha parlaq olacaq, amma keçmişi nisgilli xatirələrə dönüb şuşalıların ürəyində qubar bağlayıb...

Doğulduğu yerdən asılı olmayaraq, hər bir azərbaycanlı ömründə heç olmasa, bir dəfə Şuşanı, Qarabağı görməlidir. Bizim üçünsə işğaldan sonrakı Şuşanı ziyarət hər bir müsəlmanın Həcc ziyarəti qədər vacib idi. Bu xoşbəxtlik bu sətirlərin müəllifinə də nəsib oldu. İndi "arzularımın Nirvanasına çatdım" deyə bilərəm...

Yolumuz Füzulidən keçdi. Ermənilərin darmadağın etdiyi bu yurdlardan ötüb Şuşaya tərəf yol alırıq. Bütün hisslər bir-birinə qarışıb – sevinc, kədər və qürur hissi. Budur, nəhayət Şuşa. Sanki gözəl bir yuxudan ayılırsan, amma sehri səni tərk eləmir. Şuşanın hər küçəsini, hər tinini, hər qarışını gəzdikcə, divarlarda oranı yağıdan xilas edən igidlərin adlarını gördükcə, göz yaşları qeyri-ixtiyari yanağa süzülür. Bəlkə də o adların sahiblərinin çoxu indi həyatda yoxdur. Amma ruhları şaddır, çünki canlarını fəda etdikləri torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Şuşanın küçələrində dolaşdıqca, insanların dualarını və şükranlıqlarını hiss edirlər.

© Sputnik / Shahperi Abbasova
Şuşada inzibati bina

Ömrümün sonuna bir gün qalsa da...

29 ildən sonra Şuşaya gələn şuşalılarla həmsöhbət olmaq fürsəti yarandı. Fövtə vermədim. Kamal Axundov Şuşanı tərk edəndə 44 yaşı olub. Həmişə dua edib ki, Şuşanı görmədən bu dünyadan köçməsin. Öz əlinin qabarı ilə tikdiyi evi axtarıb, amma o evin heç izi-tozu da qalmayıb. Amma bu, onun üçün əhəmiyyət kəsb etmir. Çünki ən böyük duası qəbul olunub:

"Yumruq boyda ürəyim dağa dönüb. Torpaq götürmüşəm, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin qəbri üstünə səpəcəyəm. Həmişə dua edirdim ki, Ya rəbbim, məni Şuşanı görmədən öldürmə. Gəldim, evimi axtardım, heç nə qalmayıb. Mənim üçün o evin heç bir əhəmiyyəti yoxdur. Mən gəlib burada çadır tikib qalacağam. Bakıda Pirşağı qəsəbəsində yaşayıram, amma ora mənim üçün müvəqqətidir. Mən özümü Bakıda həmişə qonaq kimi hiss etmişəm. Mənim evim də, eşiyim də buradır".

Gülmira Abıyeva Şuşanı tərk edəndə gənc qız olub. Şuşa məktəbində işləyib. Bütün şuşalılar kimi, onun da ən böyük arzusu Şuşanı görmək olub: "Gəldiyimiz avtobusda hər kəs ağlayırdı. Həmişə dua edirdim ki, ömrümün sonuna 1 saat da qalsa, o saatı Şuşada keçirim".

© Sputnik / Shahperi Abbasova
Şuşada həyət evləri

Şuşalı yuxulardan oyanmaq istəməyənlər

Daha bir həmsöhbətimiz İlqar Sultanov deyir ki, Şuşanı tərk edəndə 24 yaşı olub. İşi ilə əlaqədar 8 aydır, Şuşadadır. Orada olan bütün çətinliklərə rəğmən, doğma torpağında olduğuna görə, özünü çox xoşbəxt hiss edir: "Sanki bu illər ərzində nəfəs almırdım. 8 aydır ki, nəfəs alıram. Düzdür, bir az problemlər var. Bu, olmalıdır, çünki müharibə gedən yerlərdə mütləq problemlər olur. Şuşadakı bir günümü digər şəhərlərin komfortuna, rahat həyatına dəyişmərəm. Elə ona görə də Bakıdakı işimi atdım, gəldim buraya – Vətənimə".

Rəhman Kərimov Şuşa polisidir. Şuşa işğal olunmazdan öncə də orada polis işləyib. Fevral ayından ailəsi ilə birlikdə Şuşada yaşayır: "Əvvəlki hökumətə inamım yox idi, pərən-pərən idi. O vaxt vədlər verilirdi ki, Şuşaya qayıdacağıq. Hamı inansa da, mən inanmırdım. İndi isə budur, burada yaşayırıq. Buranın havasını uduruq, suyundan içirik".

Elçin Quliyevə isə hər şey yuxu kimi gəlir. Deyir, Şuşanı hər gün yuxuda görürmüş və bu yuxudan oyanmaq istəmirmiş.

"1992-ci ildə Şuşa işğal olunan gün səma açıq idi. Səmada bir dənə də olsun bulud yox idi. Ermənilər məscidə top atdılar. Bir anda bütün səmanı qara buludlar aldı. Bir leysan yağdı ki, sanki bütün yer-göy ağladı. Şuşa müqəddəs şəhərdir. Onun 12 məscidi var idi", - deyə Elçin Quliyev bildirir.

© Sputnik / Shahperi Abbasova
Şuşada dağıdılmış tikili

O evi yenidən tikə bilərik

"Yeni Müsavat" qəzetinin baş redaktoru Nazim Sabiroğlu ilə də Şuşada rastlaşdıq. Dediyinə görə, Şuşadan gedəndə 21 yaşı olub. Nazim bəy söhbətə başlamazdan öncə dedi ki, Şuşada kövrəlməyəcəyinə söz verib. Amma söhbət zamanı göz yaşlarını saxlaya bilməyən Sabiroğlu Şuşa ilə bağlı xatirlərini bölüşərkən digər həmyerliləri kimi evini tapa bilmədiyini dedi. Evinin yerində heç nə qalmayıb, yerini kol-kos basıb. Öz həyətindən təkcə göyəm ağacı qalıb. Ondan bir budaq qırıb öz doğmalarına aparacağını bildirən müsahibimiz deyir ki, sanki həyət də balacalaşıb:

"O vaxt buradan gedəndə cavan oğlan idim, indi qoca kişi kimi gəlmişəm. Evimizdən heç nə qalmayıb. Şuşanın mənəvi dəyəri o qədər böyükdür ki, mənim evdən danışmağım yersizdir. O evlər mənə çox cılız görünür. Onu yenidən tikə bilərik".

Həmkarım Şuşasız günlərində özünü həbsdəki kimi hiss edib: "10 min 844 gündən sonra Şuşaya qayıtmışam. Necə ki, həbsdə olanda günlərini sayırsan, mən də elə, Şuşaya gəlmək üçün günləri sayırdım".

Nazim müəllimlə Şuşanın karvansarayına daxil olarkən dedi ki, burada sanki köhnə adamların səslərini eşidir: "Burada insanlar öz əllərinin qabarı ilə yetişdirdikləri məhsulları gətirib satırdılar. İndi buraya girəndə o qatıq satan, tum satan insanları xatırladım. Qulağımda onların səsləri qalıb. Anam göndərirdi ki, get, qatıq al. Girirdim buraya, o deyirdi, məndən al, bu deyirdi, onun qatığı turşdur, gəl, məndən al. Axırda da heç nə almayıb qayıdırdım. O günlər üçün o qədər darıxmışam ki..."

© Photo : Elchin Akperov
"Yeni Müsavat" qəzetinin baş redaktoru Nazim Sabiroğlu

Şuşanın işğaldan əvvəlki vaxtlarından söhbət açarkən yayda evlərində qalan saysız-hesabsız qonaqları xatırlayır: "Bəzən o qədər qonaq olurdu ki, özümüzə yatmağa yer qalmırdı. Amma Şuşa işğal olunandan sonra həmin qonaqlar bizim taleyimizlə heç maraqlanmadılar. Necə deyərlər, bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı. Şuşa işğal olunanda bizə qonaq gəlib aylarla yerimizdə yatan insanların biri də demədi ki, nəyə ehtiyacınız var? Bəlkə, nəsə kömək edək?"

"Şuşanın havası səsə də dərmandır" deyən həmkarımız əlavə edir ki, nə qədər yaxşı yaşasalar da, gözəl güzəranları olsa da, Şuşasız heç nə idi. Sanki ağızlarının dadı qaçmışdı: "Məşhur bir deyim var. "Şuşada körpə ağlayanda muğam üstə ağlayır". Bu balaca şəhərdən çıxıb dünyanı fəht edən sənətkarlarımız olub. Üzeyir bəy, Xan əmi, Bülbül, Cabbar Qaryağdıoğlu... Şuşanın işğalından sonra o nəsil kəsildi. İndi o mühit, o səslər yoxdur".

Eləcə də oxuyun:

2398
Teqlər:
Şuşa, reportaj, sakinlər
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq