Ağdam şəhərinə mənzərə

Ağdam şəhərinin gerbi hazırlanacaq

24
Azərbaycan Respublikasının bütün vətəndaşları və dünya azərbaycanlıları Ağdam şəhərinin gerbinin təklif etdikləri layihələrini 2021-ci il sentyabrın 15-dək agdam@pa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

 

BAKI, 14 avqust — Sputnik. Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, elanda deyilir:

"Əziz vətəndaşlar və dünya azərbaycanlıları!

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti, müdrikliyi, Müzəffər Azərbaycan Ordusunun qorxmaz igidlərinin misligörünməyən şücaəti sayəsində işğalından 28 il sonra 2020-c il noyabrın 20-də 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan Ağdamdan işğalçı qoşunlarını çıxarmağa vadar edildi.

Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı-daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bio-ekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsi on minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinində bərpa və yenidənqurma işlərinin müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirilməsini təmin etmək məqsədilə görülən tədbirlər çərçivəsində Ağdam şəhərinin gerbinin hazırlanmasının olduqca mühüm əhəmiyyəti var. Bunu nəzərə alaraq Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi olaraq, əziz vətəndaşlarımızı və dünya azərbaycanlılarını bu işdə bizə dəstək olmağa çağırırıq.

Azərbaycan Respublikasının bütün vətəndaşları və dünya azərbaycanlıları Ağdam şəhərinin gerbinin təklif etdikləri layihələrini 2021-ci il sentyabrın 15-dək agdam@pa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Gerbin hazırlanması ilə əlaqədar tələblər:

1. Gerb hazırlanarkən Ağdamın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa aid olması, şəhər və rayonun uzaq keçmişi, yaxın (müasir) tarixi hadisələri, mədəni xüsusiyyətləri göstərilməli və heraldikanın tələblərinə uyğun tərtib edilməlidir.

2. Layihə təklifləri 2021-ci il 15 sentyabr tarixindən gec olmayaraq agdam@pa.gov.az e-mail ünvanına göndərilməlidir.

3. Eskiz aşağıdakı tələblərə uyğun olaraq göndərilməlidir:

a. Eskiz Microsoft Word (.docx və ya .doc) faylına daxil edilməlidir;

b. Gerbin bütün elementləri – ümumi forma, rəmzi işarə və simvollar, rənglər həmin Microsoft Word (.docx və ya .doc) faylında yazılı şəkildə təsvir və izah edilməlidir;

c. Eskiz müəllifinin adı, soyadı və əlaqə nömrəsi həmin Microsoft Word (.docx və ya .doc) faylında göstərilməlidir.

4. Elektron məktub göndərilərkən mövzu bölməsinə "Ağdam gerb eskizi" yazılmalıdır.

Eləcə də oxuyun:

24
Teqlər:
Ağdam, gerb
Ağac kəsimi, arxiv şəkli

İşğal zamanı meşələr kütləvi qırılıb - Nazir müavini

439
(Yenilənib 14:15 21.09.2021)
"Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib".

BAKI, 21 sentyabr — Sputnik. İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda keçirilən brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 

Nazir müavini deyib ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələri 2020-ci ilin sonunda işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və biz doğma torpaqlarımıza geri qayıtmışıq. Amma işğal dövründə təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub: "Apardığımız monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir.

İşğaldan öncə həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 229 min hektar sahədən 54 min hektarı (25%-i), xüsusilə də, Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri (28,5 milyon ədəd) kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilib.

Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.

V.Kərimov qeyd edib ki, işğal müddətində 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib, bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi təsirlərə məruz qalıb: "Hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib. Həmçinin qadağan olunmuş ağ fosfor tərkibli silahlardan istifadə edilməklə Şuşa meşələrində yanğınlar törədilib. İşğal altında olan ərazilərdə məqsədli olaraq törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib".

Eləcə də oxuyun: 

439
Teqlər:
ekologiya, meşə ərazisi, qırılma, Ermənistan, terror, ETSN
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Vətən müharibəsinin ilk günləri yaddaşlarda necə qalıb

12
(Yenilənib 12:28 21.09.2021)
Şahidlər həmin günləri necə xatırladıqları barədə Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada danışacaqlar.

BAKI, 21 sentyabr — Sputnik. İkinci Qarabağ müharibəsinin başlanması ərəfəsində Azərbaycanın informasiya məkanında bu hadisəyə həsr olunmuş bir çox nəşr və videolar ortaya çıxır.

Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız ölkənin qeyrətli oğul və qızlarının qəhrəmanlığı və cəsarəti sayəsində Azərbaycana qaytarılıb. Təəssüf ki, 44 gün davam edən döyüşlərdə yüzlərlə döyüşçü cəbhə xəttindən geri dönməyib. Ölkənin gələcəyi uğrunda onlarla dinc vətəndaş həyatını qurban verib. Azərbaycan vətəndaşları onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaqlar.

Sentyabrın 24-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışacaqlar:

Cavid Babayev - hərbi həkim,

Ədalət Verdiyev - hərbi ekspert,

Vüqar Muradov - müğənni, müharibə iştirakçısı,

Elmira Musazadə - CBC telekanalının aparıcısı,

Zamin Zeynalov - Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru,

Sergey Saçkov – radio operatoru, müharibə iştirakçısı, Azərbaycan Rus Cəmiyyətinin üzvü,

Vüsal Şahkərimov - topçu, müharibə iştirakçısı, məşhur fotoşəklin qəhrəmanı,

Vüsal Azayev - Sputnik Azərbaycan-ın redaktoru, müharibə iştirakçısı.

Spikerə sualları qabaqcadan bu elektron ünvana göndərmək olar: ivelizade@gmail.com.

Əlaqə:

Telefon: 404-13-86

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.

12
Ata oğulları ilə birgə, arxiv şəkli

Övladlığa verilmə bu qurumun səlahiyyətindən çıxarıldı

0
(Yenilənib 17:51 21.09.2021)
Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu da daxil edilib.

BAKI, 21 sentyabr — Sputnik. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb. Agentlik övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etməyəcək.

Eyni zamanda DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbulu da daxil edilib. Eyni zamanda mediasiya xidmətlərinin təşkili də DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə olunub.

0