İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olunub

26
Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı 657 müraciət olub, Kəlbəcər və Laçında bir sıra biznes obyektləri açılacaq.

BAKI, 19 iyul - Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclası keçirilib. Video formatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika, Kənd təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

Əlaqələndirmə Qərargahının qəbul etdiyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonu ərazisində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı yaradılıb. Hazırda müraciətlər əsasında 12 potensial rezident secilib. Sənaye parklarına dair uğurlu xarici ölkə təcrübələri müzakirə edilmiş və bölgələrdə iqtisadi zonaların fəaliyyətinin təşkilində beynəlxalq təcrübənin nəzərə alınması qeyd olunub.

İşğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanlarıı, aptek, bankomat, YDM və s. acılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə cari ay ərzində sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27 dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilib, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi işğaldan azad edilmiş ərazilərdə turizm və rekreasiya zonalarının və potensial turizm dəhlizləri boyunca turizm resurslarının qiymətləndirilməsi məqsədilə texniki şərtlər toplusunun hazırlanmasi haqqında məlumat verib.

Qarabağ Dirçəliş Fondunun nümayəndəsi isə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafında vətəndaşların fəal iştirakının təmin olunması, bu sahədə təbliğat-təşviqat və maarifləndirmə fəaliyyətinin effektiv təşkili və Qarabağ Dirçəliş Fondunun idarə olunması barədə məlumatların geniş şəkildə təqdim olunması məqsədilə Fondun rəsmi internet səhifəsi istifadəyə verildiyini bildirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasətinin nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi, regionun biomüxtəlifliyinə, maddi-mənəvi irsinə, təbii sərvətlərinə dəymiş ziyana dair məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən “Karabakh.Center” layihəsi həyata keçirilmiş və müvafiq internet məlumatlandırma portalı yaradılıb.

Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilib və qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Həmçinin oxuyun:

İşğaldan azad olunmuş ərazilərdə enerji təhlükəsizliyi müzakirə olunub

Dövlət nümayəndələri Suqovuşanda görülən işləri yoxladılar

Azad olunan ərazilərdə siyahıya alınan daşınmaz əmlakların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə məsələlərə mərkəzləşdirilmiş qurum baxacaq

26
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək”

33
(Yenilənib 17:01 23.07.2021)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı
Mübariz Əhmədoğlu: “Bu məsələdə Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”

“Bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir. Bu, Ermənistana Rusiya və İranla dəmir yolu əlaqəsi qurmağa imkan verəcək, Azərbaycan üçün bu, Naxçıvan Muxtar Respublikasına əlavə marşrut verəcək. Bölgədə 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma seçici olmamalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Ermənistan kommunikasiyaların açılmasının əleyhinədir: “Bunu da müxtəlif formalarda təqdim edirlər. Ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı. Digər kommunikasiyaların bərpası ilə müqayisədə Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək. Mehri dəmiryolu Moskva-Tehran qatarının getdiyi marşrutdur. Yəni Rusiyanın qatarı İranın və Türkiyənin sərhəddi ilə gedirdi. Bu böyük geosiyasi üstünlükdür. Kommunkasiya məsələsində Azərbaycan tək deyil. Bu məsələlərin irəliləməsində Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

33
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Bakıdan növbəti xəbərdarlıq: ""Dağlıq Qarabağ" olmadığı kimi "status" məsələsi yoxdur"

55
Azərbaycan XİN rəsmisi qarşı tərəfin hay-küyünü şərh edib: Ermənistan “humanitar vəziyyət” adı altında öz siyasi oyunlarını davam etdirir".

BAKI, 24 iyul - Sputnik. Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə, yaxşıdır. Lakin bu müsahibələri sadəcə oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 23 iyul 2021-ci il tarixli açıqlamasına dair şərhində deyib.

"Birincisi, bəli, bizim dədə-babalarımız Zəngəzurda yaşayıblar, bu tarixi faktdır. Burada, eləcə də müasir Ermənistanın digər ərazilərində tarixən yaşayan soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar, evlərindən didərgin düşüblər, bu da bir tarixi reallıqdır. Azərbaycanın Ermənistan ərazilərini “işğal etməsi” ilə bağlı cəfəng iddiaya gəldikdə isə, Prezident İlham Əliyevin sözügedən müsahibəsində aydın şəkildə qeyd etdiyi kimi, biz öz sərhədlərimizə çıxmışıq, sərhədlərimizdə möhkəmlənirik. Postmüharibə dövrünün reallıqları ilə barışmaq istəməyən Ermənistan, onilliklər ərzində işğalçı ölkə kimi beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən bir ölkə kimi, bundan sonra da beynəlxalq hüquq normalarından danışmadan öncə düşünməlidir", - L.Abdullayeva vurğulayıb.

O, eləcə də Ermənistan XİN-ə xatırlatma edib: "İkincisi, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1991-ci ilin noyabrında qanuni şəkildə ləğv edilib. AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazi Azərbaycanın tərkib hissəsidir və burada yaşayan ermənilər də, azərbaycanlılarla birgə bizim vətəndaşlarımız kimi yaşaya bilərlər.

Üçüncü, “Dağlıq Qarabağın statusu” məsələsini süni şəkildə gündəmə gətirmək istəyənlər birdəfəlik anlamalıdırlar, “Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur.

Növbəti, Azərbaycanı “humanitar vəziyyəti pisləşdirməkdə” ittiham edən Ermənistana xatırladırıq ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan ərazisindən humanitar yükün daşınmasına şərait yaradıb. Beynəlxalq humanitar təşkilatlarla bölgəyə missiyanın göndərilməsinə dair tərəfimizdən əldə olunan razılığa məhz Ermənistan əngəl törətməyə çalışır. Bu isə onu göstərir ki, Ermənistan “humanitar vəziyyət” adı altında öz siyasi oyunlarını davam etdirir".

"Qanunsuz güc tətbiqinin bölgədə sülh və təhlükəsizliyə maneə olduğunu Ermənistan hamıdan yaxşı bilməlidir, çünki bunu onilliklərlə özü edib. Azərbaycan isə BMT Nizamnaməsinə uyğun olaraq və beynəlxalq humanitar hüquqa riayət etməklə ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü təmin edib və hazırda bölgədə sülh və tərəqqinin təmin olunmasına çalışır", - deyə Azərbaycan XİN rəsmisi yekunlaşdırıb.

Eləcə də oxuyun:

55
Teqlər:
Qarabağ, cavab, Ermənistan XİN, Leyla Abdullayeva, Azərbaycan XİN
Poçt markaları

Poçt markası: nadir bir nümunəsi əntiq əşyaya bərabər tutulur

0
(Yenilənib 08:20 27.07.2021)
Azərbaycanda da marka həvəskarı vaxtilə çox olub. Marka-marka oynayan uşaqların bir hissəsi sonra filatelistlərin sırasına qoşuldu.

BAKI, 27 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeli qurum "Azərmarka" MMC "Azərpoçt" MMC-yə birləşdirilir. Məlumatı nazirlik yayıb.

Yeni qaydaya əsasən, Mülki Məcəllə və digər normativ hüquqi aktlara uyğun olaraq "Azərpoçt" yenidən təşkil ediləcək, yəni "Azərmarka" "Azərpoçt"un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Bu yerdəyişmədə məqsəd qurumların işinin daha səmərəli qurulması, resurslardan effektiv istifadənin gücləndirilməsidir.

Markanı həm satmaq olardı, həm də nəyəsə dəyişmək

Marka deyəndə hər bir yaşlı insanın yadına ilk növbədə sovet dövründə oynadığı marka-marka oyunu yada düşür. İnternetin və hazırkı sosial şəbəkələrin hələ mövcud olmadığı, ortalıqda cəmi bir neçə televiziya kanalı və radio stansiyasının fəaliyyət göstərdiyi zamanda marka toplamaq olduqca populyar bir məşğuliyyət idi. Marka yığmaq bir tərəfdən maraqlı bir proses olduğu qədər həm də gəlirli bir sahə idi. Filatelistlər qiymətli bir marka növü üçün nə qədər desən pul ödəməyə hazır idilər.

Marka-marka oynayan uşaqlar isə həm də bu oyunda qazandıqları markanı bir növ kapital kimi toplayırdılar. Yəni markanı həm satmaq olardı, həm də nəyəsə dəyişmək. Kimsə idman markası toplayırdı, kimsə də avtomobil markası. Sənə lazımsız olanını sinif yoldaşınla asanlıqla dəyişə bilərdin. Marka qazanmaq üçün keçirilən oyunun bir qaydası vardı: üst-üstə qalaqlanan markaya yüngülcə zərbə endirməklə onu çevirmək lazım gəlirdi. Çevrildisə, deməli uddun. Məktəb rəhbərliyi uşaqların bu işinin qarşısını almaq üçün xeyli güc sərf etsə də, qarşısını tam almaq olmurdu.

Markanı alırdın, pozan-pozan oynayırdılar, pozanı götürürdün, saqqız kağızından çıxan etiketlə oynayırdılar. Bəzən bəxti gətirən uşağın cibindən 20-30 pozan tapılırdı. Amma pozan bir həvəs idi, heç vaxt markanın yerini verməzdi. Marka həm bahalı idi, həm də daha cəlbedici. O dövrdə hər poçt məntəqəsində, həmçinin müxtəlif dükanlarda marka almaq olurdu. Qiymətli markalar isə heç vaxt satışa çıxarılmazdı, onlar xüsusi adamların vasitəsilə əldə edilirdi.

Zərfi marka ilə birgə də almaq olardı, markasız da

Filateliya, yəni marka yığmaq sahəsi, yunan mənşəli sözdən yaranıb. Bir növ vergidən azad olunma mənasını verir. Əgər poçtla göndərilən məktubda marka varsa, deməli ödənişə ehtiyac yoxdur bir növ. Poçt sisteminin yaradılması, dünyanın bir başından o biri başına poçtla məktub yollamaq prosesi markanın yaranmasına bir təkan verib. Bir çox mənbə markanın məhz Böyük Britaniyada yarandığını göstərir, çünki 19-cu əsrdə dünyanın qlobal imperiyası olan Britaniyanın poçt sistemi olduqca mükəmməl idi. Məktub yollayırsansa, deməli bunun pulunu nə yollasa ödəməlisən. Məktub üzərindəki marka onun pulunun ödənilməsinə işarə idi. Zərfi marka ilə birgə də almaq olardı, markasız da. Sonra üzərinə marka yapışdırıb yollaya bilərdin.

Fransa, Almaniya, İtaliyada marka istehsalına başlanıldığından ölkələr arasında xüsusi saziş imzalanır. 1874-cü ildə Ümumdünya poçt birliyinin yaranması da markaların tətbiqinə bir təkan verir. Bu birliyin üzvü olan istənilən ölkənin markası başqa məkanda tanınırdı.

Markaların yaranması həm də onları toplamaqla məşğul olan insanların da ortaya gəlməsinə səbəb oldu. Filatelistləri daha çox nadir markalar maraqlandırırdı, böyük miqdarda buraxılan seriyaya elə də həvəs olmurdu. Hər hansı bir qüsuru olan marka mütləq məhv edilməli idi, amma bəzən hansısa nüsxə salamat qalırdı, bu halda onun qiyməti birə-yüz artırdı. 20-ci əsrin ortalarında Monqolustanda sərkərdə Çingiz xana həsr olunmuş marka buraxılır. Bu markada o, əzəmətli bir insan kimi əks edilir. Sovetlər birliyində isə Çingiz xan olduqca mənfi bir obraz sayılırdı, insanlarda qıcıq doğururdu. Nəticədə bu markanın məhv edilməsi qərarı verilir, amma bir hissə salamat qalır. Hazırda Çingiz xanın bu markası nadir nüsxələr sırasında yer alıb.

XIX-XX əsrlərdə marka toplamaq həvəsi bir çox məşhur insanda olub. Məsələn, doktor Leqran, Fridrix Engels, Albert Eynşteyn marka toplamağı sevirdilər. Həm də bəzi pul sahibləri məşhur auksionlarda marka almaqla kapitalı qorumağa çalışırdı. Nadir bir marka əntiq əşyaya bərabər tutulurdu.

Əsgər məktubu markasız da rahatlıqla yerinə çatırdı

Sovet dövründə markasız məktubları hərbi hissədən yalnız əsgər yollaya bilərdi. Həmin zərf hərbi hissənin poçt qutusunu atılırdı, həmin məktuba üçbucaq formasında olan ştamp vurulurdu. Beləliklə, əsgər məktubu markasız da rahatlıqla yerinə çatırdı, yəni onların poçt xərcini dövlət ödəyirdi. Məktubun formasından asılı olaraq üzərinə daha bahalı marka da yapışdırıla bilərdi. Sifarişli məktublar üçün əlavə ödəniş də etmək lazım gəlirdi.

SSRİ-də marka kolleksiyaçılarının sayı-hesabı bilinmirdi. Bu insanların öz toplaşdığı yerlər də olurdu, hər kəs qoltuğunda bir kitabça ilə gəzirdi. Markanı saxlamaq üçün belə kitabçalar hər tində satılırdı. Sovet poçtu da hər tarixi hadisə ilə bağlı minlərlə marka buraxırdı. O dövrdə də Lenin, Stalin və digər sovet liderlərinin əksi olan yüz minlərlə marka hazırlanıb. Bu gün həmin markalar artıq tapılmır. Məsələn, 1979-cu ilə kimi İran şahı Məhəmməd Pəhləvinin əksi olan nə qədər marka vardı. Sonralar onlar da yox oldu.

Müasir texnologiya dövründə nə məktuba ehtiyac qalıb, nə də yazışmaya

Azərbaycanda da marka həvəskarı vaxtilə çox olub. Marka-marka oynayan uşaqların bir hissəsi sonra filatelistlərin sırasına qoşuldu. İndi də evlərdə o dövrdən qalmış marka kitabı qorunub saxlanılır. Bakının bukinist dükanlarında hələ də marka satışına rast gəlmək olur. Marka yığanlar və numizmatların öz yerləri var: toplaşıb nəyisə dəyişdirməyə, satmağa çalışırlar.

Elə "Azərpoçt"a birləşdirilən "Azərmarka"nın elə əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlayıb. Bütün bu işlər bundan sonra "Azərpoçt"un tərkibində reallaşdırılacaq.

Müstəqillik dövrünü əks etdirən xeyli marka da buraxılıb. Bu markaların hesabına dünyanın o tayında belə insanlar Azərbaycan barədə məlumat əldə edirlər. Bizim də markalar xarici ölkə filatelistlərinin kolleksiyalarında yer alır.

Amma marka istehsalına olduqca ciddi zərbə də dəyib. Müasir texnologiya dövründə nə məktuba ehtiyaca qalıb, nə də yazışmaya. Bir neçə saniyəyə hara istəsən havayı mesaj yollaya bilərsənsə, marka və zərf almağa nə ehtiyac var? Marka öz dövrünün mütərəqqi texnologiyası idi, bu gün isə elə də əhəmiyyətli deyil. İnternet zamanında marka istehsalı xeyli azalıb. Yalnız rəsmi yazışmalarda, məhkəməyə dəvət ediləndə, ya da bir sıra xüsusi hallarda adi məktub üzərinə marka yapışdırılaq ünvanına göndərilir. Bu sistemin mövcudluğu markanın hələ də mövcud olmasına bir imkan yaradır. Ən azından tam silinib ortadan çıxmayıb.

0