Zəngilan rayonuna mənzərə, arxiv şəkli

İtaliya mətbuatı: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir

17
(Yenilənib 00:21 14.07.2021)
Jurnalist qeyd edir ki, 83 kilometr uzunluğunda olan Oxçuçay çayının əhəmiyyətli hissəsi Ermənistan ərazisindən, Sünik vilayətindən və bu yaxınlarda Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazisi olan Zəngilan rayonundan axır.

BAKI, 13 iyul — Sputnik. İtaliyanın kütləvi informasiya vasitələrində Oxçuçay fəlakəti, Ermənistan tərəfindən Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə dair məqalələr dərc olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İtaliyanın balıqçılıq, balıq sənayesi, ətraf mühitin qorunması mövzularına həsr olunan əsas mətbuat orqanlarından olan "Pesceinrete" onlayn qəzetində jurnalist Domeniko Letizianın "Eko-terror: Ermənistan qəsdən Oxçuçay çayını çirkləndirir" başlıqlı məqaləsində qeyd olunur:

"Azərbaycan və Ermənistan arasında axan Oxçuçay çayının sularına Ermənistan tərəfindən vurulan ciddi ekoloji ziyan Qafqaz çaylarının keyfiyyətinə təsir edir. Balıqçılar, ətraf mühit fəalları, vətəndaş cəmiyyəti və yerli şirkətlər ətraf mühitin davamlılığının, su irsinə hörmətin və yerli balıq faunasının qorunmasının əsas qaydalarına məhəl qoymamağa davam edən və əsas sərmayədarı Almaniyanın "Cronimet" şirkəti olan "Zəngəzur mis-mobilden zavodu" və "Chaarat Kapan" adını daşıyan "Qafan dağ-mədən və emal zavodu"nun fəaliyyəti səbəbindən ciddi şəkildə çirklənmiş Oxçuçay çayının Ermənistan ərazisindən keçən hissəsində baş verənləri qınayırlar".

Jurnalist qeyd edir ki, 83 kilometr uzunluğunda olan Oxçuçay çayının əhəmiyyətli hissəsi Ermənistan ərazisindən, Sünik vilayətindən və bu yaxınlarda Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazisi olan Zəngilan rayonundan axır. "Ermənistanla Azərbaycan arasındakı münaqişənin sona çatması və beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan ərazilərinin azad edilməsi həm də Ermənistanın və onun hərbi qoşunlarının səbəb olduğu ətraf mühitin məhv edilməsi prosesinin fərqinə varılmasına və izlənməsinə imkan verdi. Bu çay Cənubi Qafqazın ən böyük çaylarından biri olan Araz çayına töküldüyü üçün Azərbaycan üçün son dərəcə vacibdir. Araz çayı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən çoxsaylı layihələrin mərkəzindədir, onun suları əkinçilik sahələrinin suvarılması, daxili və şəhər ehtiyacları üçün istifadə olunur və onun axınında yaranan çoxsaylı alabalıq təsərrüfatları mövcuddur. Bölgədə, həmçinin Oxçuçay çayının çirklənməsi səbəbindən əbədi olaraq dayandırılma təhlükəsi ilə üzləşən xeyli akvakultura layihələri mövcuddur", - deyə məqalədə vurğulanır.

D.Letizia bildirir ki, Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsindən sonra çoxsaylı ekoloji təşkilatlar ətraf mühitin vəziyyətinin ciddiliyini anlamaq və yerli su irsini bərpa etmək üçün konkret planın necə həyata keçiriləcəyini başa düşmək üçün bu ərazilərə, xüsusən də Zəngilan rayonuna üz tutdular.

"Oxçuçay çayının sularında 2021-ci ilin yanvar-mart ayları arasında aparılan kimyəvi analizlər yüksək miqdarda ağır metalların, mis, manqan, dəmir, sink və xromun mövcudluğunu aşkar etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son hesabatına görə burada mis, dəmir və nikelin miqdarı beynəlxalq səviyyədə müəyyən edilmiş standartlardan hətta yeddi dəfə çoxdur. Oxçuçay çayının suları ağ və sarı rəngə çevrilir və balıqçıların çoxunun da 2021-ci ilin mart ayında verdiyi ifadələrdə qeyd edildiyi kimi, yerli alabalıqların ölümü müşahidə edilir", - deyə məqalədə qeyd olunur.

Jurnalist yazır ki, ağır metalların yüksək miqdarı yerli çay faunasına xələl gətirir, insan sağlamlığı və çay boyunca çox sayda balıqçı icması üçün problemlər yaradır, çirklənmiş suyun istifadəsi yerli əhalidə mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur və onların davamlı olaraq böyrək, sümük və ürək problemlərindən şikayət etdiyi qeydə alınır.

"Ekoloqlar beynəlxalq instansiyalara müraciət edərək Oxçuçay çayının yuxarısında yerləşən Sünik vilayətinə diqqəti yönəldir, Ermənistandakı mədən şirkətlərinin fəaliyyətinə ciddi şəkildə nəzarət edilməsini təmin etməyə nail olmağa çalışırlar. Bu şirkətlər sənaye istehsalından qalan tullantıları heç bir təmizlik və filtrasiya aparmadan çay sularına atır, ətraf mühitin mühafizəsi və ekoloji qaydalara hörmətin əsas standartlarını pozaraq ətraf mühitə ziyan vururlar. Oxçuçay çayının sularındakı narahatlıq doğuran vəziyyət artıq təsərrüfatlarını idarə edə bilməyən, balıq faunasında çoxsaylı ölüm halları qeydə alan, yerli müəssisələrini bağlayıb iflas elan etməyə məcbur olan azərbaycanlı alabalıq istehsalçıları üçün də böyük iqtisadi problemlər yaradır", - deyə jurnalist bildirir.

"Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal etməklə yanaşı, həm də işğal olunmuş ərazilərdəki təbii sərvətləri də talan edib. Azərbaycan əraziləri işğaldan azad olmasına baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, hətta ətraf mühitin qorunması üzrə ixtisaslaşmış QHT-lər də Oxçuçay çayı məsələsinə münasibət bildirməlidirlər. Çünki bu, yalnız Azərbaycanın deyil, bölgənin və bütün dünyanın ekoloji təhlükəsizliyinə ciddi zərbədir", - deyə jurnalist məqaləsini tamamlayır.

Nüfuzlu "il Giornale" qəzetinin "Insideover" analitik portalında jurnalist Emanuele Pietrobonun "Oxçuçay, nifaq və zəhərli tullantılar çayı" başlıqlı məqaləsində qeyd olunur ki, Azərbaycanın Zəngilan rayonundan keçən və Ermənistanla Azərbaycan arasında uzun və qəliz bir mübahisənin mərkəzində olan 83 kilometr uzunluğu olan Oxçuçayın Ermənistandakı iki zavodun, əsas səhmdarı Almaniyanın "Cronimet" şirkəti olan "Zangezur mis-mobilden zavodu" və "Chaarat Kapan" adını daşıyan "Qafan dağ-mədən və emal zavodu"nun fəaliyyətinə görə zəhərli tullantıları, zibilləri və ətraf mühitə və istifadəçilərə ciddi ziyan vuran digər materialları nəql edir.

"2003-cü ildə Birləşmiş Millətlər Təşkilatına edilən müraciət və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2008-ci ildə Ermənistana qarşı başladılan ekoloji terror ittihamlarının göstərdiyi kimi, Oxçuçayın zəhərlənməsi ilə əlaqəli bu məsələnin kökləri müstəqillikdən sonrakı dövrə gedib çıxır. Azərbaycan hökuməti tərəfindən bildirilən və sənədləşdirilən və iyulun əvvəlində hətta Ümumdünya Təbiəti Mühafizə Fondunu (WWF) da hərəkətə gətirən rəqəmlər insanı dəhşətə gətirir: çay hər gün 2100 kubmetr çirklənmiş su nəql edir və beləliklə suyun tərkibində nikel (7 qat daha yüksək), dəmir (4 dəfə çox), mis (2 dəfə çox), molibden (2 dəfə çox) və digər ağır metallar üzrə göstəricilərdə normadan artıq səviyyə qeydə alınır", - deyə jurnalist bildirir.

Məqalədə qeyd olunur ki, yuxarıda göstərilən elmi sübutlar və sənədli dəlillərlə təsdiqlənən rəqəmlər, xüsusilə də Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən 2 iyul tarixində “Twitter”də paylaşılan video davam edən ekoloji fəlakəti göstərir. Məqalədə müvafiq “Twitt” də yerləşdirilmişdir.

Jurnalist bildirir ki, qeyd olunanlar suların ciddi şəkildə çirkləndiyini göstərir və bunun səbəbi Ermənistanda yerləşən iki mədən zavodunun, biri Qacarandakı mis və molibden, digəri isə Qafandakı mis emalı zavodunun tullantılarıdır. "Bu gün iyirmi illik fasiləsiz zəhərli tullantılardan sonra Oxçuçay "ölü", yəni flora və faunadan məhrum olmaq ərəfəsindədir, çünki çirklənmənin davam etməsi əvvəllər burada yaşayan canlıların demək olar ki, hər növünü tədricən öldürmüşdür", deyə E.Pietrobon bildirir.

Habelə məqalədə qeyd olunur ki, Azərbaycanın su həssaslığı problemi mövcuddur, çünki ərazisindən keçən çayların 67%-inin mənbəyi başqa ölkələrdədir. Bildirilir ki, Ermənistan 1992-ci il "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyanı" imzalamadığına görə onunla su qaynaqlarının birgə istismarı və ekoloji cinayətlərə görə məsuliyyəti öz üzərinə götürmək barədə konstruktiv bir dialoq aparmaq çətindir.

Jurnalist bildirir ki, Ermənistan tərəfi Azərbaycan tərəfindən irəli sürülən rəqəmlərin doğruluğuna etiraz etməmiş və onları inkar etməmişdir. Belə ki, iki il əvvəl Ermənistan rəhbərliyi Qacaranda mis və molibden komplekslərinin fəaliyyətindən qaynaqlanan ciddi bir çirklənmə probleminin olduğunu etiraf etmişdir. "Erməni siyasi çevrələrinin bu etirafı Bakıya görə yox, yerli ətraf mühit müdafiəçilərinin şikayətlərindən irəli gəlirdi", - deyə məqalədə bildirilir.

"Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanan təhlillər ağır metalların, xüsusən mis, molibden, manqan, dəmir, sink və xromun olduqca yüksək miqdarda mənşəyi Ermənistandan olan su yollarından nəql olunduğunu və bunun ətraf mühitə və insan həyatına zərər verdiyini təsbit etdi. Problemə qəti bir həll yolu tapmaq son dərəcədə vacib və əhəmiyyətlidir, çünki Oxçuçay məsələsi ayrılıqda olan bir problem deyil, Azərbaycanda kənd təsərrüfatı və həyat o bölgədəki su yollarının vəziyyətindən asılıdır", - deyə müəllif fikilərini yekunlaşdırır.

Eləcə də oxuyun:

17
Teqlər:
Azərbaycan, İtaliya, çay, çirklənmə, məqalə, Ermənistan, tullantı

Qarabağın işğalı nəticəsində kənd təsərrüfatına dəymiş ziyan hesablanıb

2347
(Yenilənib 23:40 31.07.2021)
Müxtəlif ölkələri təmsil edən müstəqil mütəxəssislərdən ibarət qrup Qarabağın işğalının Azərbaycana vurduğu zərəri hesablayıb.

BAKI, 31 iyul - Sputnik. Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır. Bu barədə iqtisadçı, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, müstəqil işçi qrupu ilkin hesablamalarını başa çatdırıb: "Qarabağin Ermənistan tərəfindən işğali nəticəsində kənd təsərrüfatina dəymiş zərərin qiymətləndirilməsi İşçi Qrupu olaraq ilkin hesablamalarımızı başa çatdırdıq.

İşçi qrupu sintetik kontrol metodundan (Abedie, 2021) istifadə edərək, işğal altında olmuş rayonların hər birinə bənzər, işğaldan zərər görməmiş rayon seçilrərək, onların tutuşdurulması və uyğunlaşdırılması əsasında itirilmiş dəyərin müqayisəli hesablamasını aparılıb.

Rayonların seçilməsi, işğaldan zərər görmüş rayonla işğaldan zərər görməmiş rayonun işğaldan öncəki dövrünə (1985-1990) aid olan kənd təsərrüfatınıb müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasında həyata keçirilib. Bu zaman sektorlar üzrə istehsal həcmi, məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib. Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-ci il baza ili götürülərək indeksləndirilib".

Ekspert qiymətləndirilməsinə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub. Bu rəqəmin müəyyənləşdirilməsi üçün beynəlxalq metodologiyadan istifadə olunub, 1985-2020 ilə qədər dövrü əhatə edən 35 illik məlumat bazası hazırlanıb və təhlil edilib.

İbadoğlu yaxın günlərdə təfsilatlı təqdimat olacağını deyib: "27 il işğal altında qalmış hər bir rayonda ümumi və sektorlar üzrə kənd təsərrüfatına dəymiş zərərin məbləğləri açıqlanacaq.

İşçi qrupu ABŞ-da, Almaniyada, Fransada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub. Qrup 2020-ci ilin dekabrında yaradılıb. İşçi qrupu kənd təsərrüfatı ilə yanaşı, şəxsi və dövlət əmlakına və mədən sektoruna dəymiş ziyanın hesablanması üzərində də iş aparır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə Qarabağın 30 ilə yaxın davam etmiş işğalının ölkəmizə vurmuş ziyanının hesablandığını dilə gətirib.

Həmçinin oxuyun:

İşğal nəticəsində Azərbaycana dəymiş ziyan

2347

İşğaldan azad edilmiş ərazilərdəki ekoloji durum müzakirə olunub

17
(Yenilənib 13:12 31.07.2021)
Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

BAKI, 31 iyul - Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə aidiyyəti qurumlar tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verildi, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparıldı.

Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qanunvericiliyə uyğun qiymətləndirmələr aparılır. Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərindəki şəhər və qəsəbələrin Baş planının hazırlanması məqsədilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərində, bu rayonların kəndlərində və Hadrut qəsəbəsində “Dron” uçuş aparatı vasitəsilə 187,16 kvadratkilometr ərazinin fotoçəkilişləri aparılıb, 1:1000-1:2000 miqyasda ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Rəqəmsal Geoloji İnformasiya Sisteminə qoşulmalı olan qurumlar tərəfindən görülmüş işlər və bununla bağlı planlaşdırılan təlimlər haqqında qrupun üzvlərinə məlumat verildi, çatışmazlıqların aradan qaldırılması tövsiyə olundu.

İşğaldan azad edilmiş ərazilərdə yanğın hadisələri haqqında Fövqəladə Hallar Nazirliyinin məlumatında iyun ayı ərzində 116 belə hadisəsinin baş verdiyi qeyd olundu. Qərargahın tapşırığı və görülən tədbirlər nəticəsində iyul ayında yanğın hadisələrinin sayının 60-a endiyi və bu işlərin daim nəzarətdə saxlanılmasının vacibliyi vurğulandı.

Qarabağın işğaldan azad edilmiş ərazilərində hidroloji obyektlərin Coğrafi İnformasiya Sistemləri (CİS) bazasında, Azərsky və “Dron” çəkilişləri əsasında elektron xəritəsinin yaradılması işləri davam edir. Çaylar üzərində quraşdırılacaq yeni avtomat hidroloji cihazların yerlərinin dəqiqləşdirilməsi işləri yekunlaşdırılıb, çaylarda sululuğun ölçülməsi və çirklənmə vəziyyətinin müəyyənləşdirilməsi, o cümlədən Zəngilan rayonunun ərazisindən axan Oxçuçay çayının kəmiyyət və keyfiyyət göstəricilərinə analitik nəzarət davam edir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Həmçinin oxuyun:

İtaliya mətbuatı: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir

Ekoloji terror: Təbiət abidəsi sayılan ağaclar məhv olunub

17
 Eldəniz Səlimov

Bu gün Milli Məclis Eldəniz Səlimovun işinə baxacaq