Partlayış, arxiv şəkli

Füzulidə kaset bombasının partlaması nəticəsində yaralanan kişi Bakıya gətiriləcək

103
(Yenilənib 17:49 12.07.2021)
Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunan şəxs xəsarət alıb. Son durumu barədə Sputnik Azərbaycan-ın müxbiri xəbər verir.

BAKI, 12 iyul - Sputnik. Bu gün səhər saatlarında Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşən “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlu Füzuli rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Füzuli rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Əhəd Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, xəstənin əməliyyatı uğurla keçib. Hazırda o, reanimasiyadadır. “Xəsarət alan şəxs xəstəxanamıza gətirilərkən huşsuz vəziyyətdə olub. Onun bədənində, o cümlədən döş qəfəsinin plevra boşluğuna keçən hissəsində çoxsaylı qəlpə yaraları, sol tərəfli hemopnevmotoraks aşkarlanıb. Yaralı dərhal əməliyyat masasına alınaraq, üzərində cərrahi əməliyyat aparılıb. Onun bədənindəki kəsilmiş-deşilmiş yaralar işlənib. Əməliyyat, xəstənin ağırlıq dərəcəsinə baxmayaraq, uğurla nəticələnib. Hazırda reanimasiyadadır”.

© Sputnik / Emin Alisahib
Zərərçəkən Xəlilov Elşən Eyvaz oğlu

Ə.Məmmədov həmçinin bildirib ki, hazırda xəstənin vəziyyəti həkimlərin nəzarəti altındadır və onun təxliyə edilməsi də planlaşdırılır. “Xəstə özünə gələndən sonra o, paytaxtdakı xəstəxanalardan birinə köçürüləcək. Bu proses xəstənin vəziyyəti təxliyə üçün əks-göstəriş olmadığı halda həyata keçiriləcək. Hazırda onun vəziyyəti stabil-ağır olaraq qalır”.

--------

16:44

Füzulidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Xəbər verildiyi kimi, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlu işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsində Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Füzuli rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Füzuli Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

---------

12:31

Bu gün saat 11 radələrində bir nəfər şəxs Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb.

Füzuli Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İşğal bölgəsində fosforlu bombalar

Qeyd edək ki, ötən il dekabrın 25-də Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində 22 mm D-4 (P-4) ağ fosfor tərkibli, istifadəsi beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkar olunub.

Bundan öncə də dəfələrlə erməni silahlı qüvvələrinin istifadə etdiyi ağ fosforlu bombalar aşkar edilmişdi.

Belə ki, əvvəlcə 03.11.2020-ci il tarixində Tərtər rayonunun iki kəndi - Səhləbad və Əskipara kəndləri yaxınlığında tərkibində 3,6 kq fosfor olan 2 ədəd D4 122mm-lik top mərmisi, 8 oktyabr tarixində isə Füzuli rayonunun Ağayatlı kəndi ərazisində eyni mərmi tapılıb və zərərsizləşdirilib.

Bundan əlavə, 2016-cı il aprel hadisələrindən sonra 11 may tarixində də Tərtər rayonunun Əskipara kəndi ərazisində əkin sahəsində düşmən tərəfindən atılmış bir ədəd mərmi götürülmüşdü.

Qarabağda mina qurbanları 

Baş Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-dən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeddi hərbçi və 20 mülki şəxs mina düşərək həlak olub, daha 86 hərbçi və 29 mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Mina xəritələrinin verilməsi

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

 

Eləcə də oxuyun:

103
Teqlər:
Qarabağ, bomba, kasetli bomba, partlayış, xəsarət

Qarabağın işğalı nəticəsində kənd təsərrüfatına dəymiş ziyan hesablanıb

2346
(Yenilənib 23:40 31.07.2021)
Müxtəlif ölkələri təmsil edən müstəqil mütəxəssislərdən ibarət qrup Qarabağın işğalının Azərbaycana vurduğu zərəri hesablayıb.

BAKI, 31 iyul - Sputnik. Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır. Bu barədə iqtisadçı, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, müstəqil işçi qrupu ilkin hesablamalarını başa çatdırıb: "Qarabağin Ermənistan tərəfindən işğali nəticəsində kənd təsərrüfatina dəymiş zərərin qiymətləndirilməsi İşçi Qrupu olaraq ilkin hesablamalarımızı başa çatdırdıq.

İşçi qrupu sintetik kontrol metodundan (Abedie, 2021) istifadə edərək, işğal altında olmuş rayonların hər birinə bənzər, işğaldan zərər görməmiş rayon seçilrərək, onların tutuşdurulması və uyğunlaşdırılması əsasında itirilmiş dəyərin müqayisəli hesablamasını aparılıb.

Rayonların seçilməsi, işğaldan zərər görmüş rayonla işğaldan zərər görməmiş rayonun işğaldan öncəki dövrünə (1985-1990) aid olan kənd təsərrüfatınıb müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasında həyata keçirilib. Bu zaman sektorlar üzrə istehsal həcmi, məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib. Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-ci il baza ili götürülərək indeksləndirilib".

Ekspert qiymətləndirilməsinə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub. Bu rəqəmin müəyyənləşdirilməsi üçün beynəlxalq metodologiyadan istifadə olunub, 1985-2020 ilə qədər dövrü əhatə edən 35 illik məlumat bazası hazırlanıb və təhlil edilib.

İbadoğlu yaxın günlərdə təfsilatlı təqdimat olacağını deyib: "27 il işğal altında qalmış hər bir rayonda ümumi və sektorlar üzrə kənd təsərrüfatına dəymiş zərərin məbləğləri açıqlanacaq.

İşçi qrupu ABŞ-da, Almaniyada, Fransada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub. Qrup 2020-ci ilin dekabrında yaradılıb. İşçi qrupu kənd təsərrüfatı ilə yanaşı, şəxsi və dövlət əmlakına və mədən sektoruna dəymiş ziyanın hesablanması üzərində də iş aparır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə Qarabağın 30 ilə yaxın davam etmiş işğalının ölkəmizə vurmuş ziyanının hesablandığını dilə gətirib.

Həmçinin oxuyun:

İşğal nəticəsində Azərbaycana dəymiş ziyan

2346

İşğaldan azad edilmiş ərazilərdəki ekoloji durum müzakirə olunub

17
(Yenilənib 13:12 31.07.2021)
Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

BAKI, 31 iyul - Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə aidiyyəti qurumlar tərəfindən ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi və radioekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verildi, tədbirlərin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparıldı.

Ətraf mühitə və təbii sərvətlərə vurulmuş zərərlə bağlı qanunvericiliyə uyğun qiymətləndirmələr aparılır. Zəngilan və Cəbrayıl rayonları üzrə araşdırma materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib, hazırda Füzuli rayonu haqqında arayış hazırlanır.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərindəki şəhər və qəsəbələrin Baş planının hazırlanması məqsədilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərində, bu rayonların kəndlərində və Hadrut qəsəbəsində “Dron” uçuş aparatı vasitəsilə 187,16 kvadratkilometr ərazinin fotoçəkilişləri aparılıb, 1:1000-1:2000 miqyasda ortofotoplanlar və rəqəmsal topoqrafik planlar hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Rəqəmsal Geoloji İnformasiya Sisteminə qoşulmalı olan qurumlar tərəfindən görülmüş işlər və bununla bağlı planlaşdırılan təlimlər haqqında qrupun üzvlərinə məlumat verildi, çatışmazlıqların aradan qaldırılması tövsiyə olundu.

İşğaldan azad edilmiş ərazilərdə yanğın hadisələri haqqında Fövqəladə Hallar Nazirliyinin məlumatında iyun ayı ərzində 116 belə hadisəsinin baş verdiyi qeyd olundu. Qərargahın tapşırığı və görülən tədbirlər nəticəsində iyul ayında yanğın hadisələrinin sayının 60-a endiyi və bu işlərin daim nəzarətdə saxlanılmasının vacibliyi vurğulandı.

Qarabağın işğaldan azad edilmiş ərazilərində hidroloji obyektlərin Coğrafi İnformasiya Sistemləri (CİS) bazasında, Azərsky və “Dron” çəkilişləri əsasında elektron xəritəsinin yaradılması işləri davam edir. Çaylar üzərində quraşdırılacaq yeni avtomat hidroloji cihazların yerlərinin dəqiqləşdirilməsi işləri yekunlaşdırılıb, çaylarda sululuğun ölçülməsi və çirklənmə vəziyyətinin müəyyənləşdirilməsi, o cümlədən Zəngilan rayonunun ərazisindən axan Oxçuçay çayının kəmiyyət və keyfiyyət göstəricilərinə analitik nəzarət davam edir.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Həmçinin oxuyun:

İtaliya mətbuatı: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir

Ekoloji terror: Təbiət abidəsi sayılan ağaclar məhv olunub

17
Azərbaycanlı güləşçi Rafiq Hüseynov Tokio-2020 Olimpiya Oyunlarında

Tokio Olimpiadası bürüncə ümidlər var