Məhərrəm İbrahimov

Qarabağda ölmək şərəfdir: Jurnalistlər minaya düşərək həlak olan həmkarları barədə

4241
(Yenilənib 00:20 05.06.2021)
Deyirdi ki, "Bu torpaqlarda işləmək şərəfdir. Bu torpaqların hər qarışı uğrunda həlak olan uşaqlar var. Biz onların qəhrəmanlığının yanında nə iş görürük ki?"

BAKI, 4 iyun — Sputnik. Bu gün Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb. Baş vermiş hadisə media ictimaiyyətini dərindən sarsıdıb. KİV nümayəndələri həlak olan həmkarlarımızla bağlı "Facebook" sosial şəbəkəsindəki hesablarında kədərlərini bölüşür, onlara Allahdan rəhmət diləyirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı Zülfiyyə Quluyeva faciəvi şəkildə həyatlarını itirən Sirac Abışov və Məhərrəm İbrahimovla bağlı  KİV nümayəndələrinin xatirələrini öyrənib.

İnanmaq çətindir

Öncə Sirac Abışovun işlədiyi AzTV-nin redaksiyasına zəng edirik. Redaksiyada dəstəyi qaldıran şəxsin kədəri onun səsindən sezilir. "Siracla bağlı bu redaksiyada danışmağa hər kəsin sözü var" deyib dəstəyi onunla uzun illər gecə növbəsində işləmiş Elşad Mətləboğluna verirlər. Elşad Mətləboğlu hadisənin şokundan hələ çıxmadığını, Sirac barədə danışmağın onun üçün çətin olduğunu söyləsə də, özündə danışmaq üçün güc tapır:

"Mən Siracla düz 5 il birgə gecə növbəsində işləmişəm. Sirac çox pozitiv insan idi. Heç vaxt heç nədən şikayət etməzdi. Onunla ən son görüşüm Horadiz postunda oldu. Yadımdadır ki, keçən ayın 17-də postda rastlaşdıq. Öpüşüb-görüşdük. Həmişəki kimi pozitiv idi. Siracın ölüm xəbəri məni dərindən sarsıtdığı üçün onun haqqında danışmaq mənə sözlə ifadə edilməyəcək qədər ağırdır. Biz onunla gecə növbəsində kriminal hadisələri çəkirdik. Gecə işləmək çətin olsa da, Sirac o qədər pozitiv insan idi ki, işin ağırlığını adam unudurdu. Mənə həmişə deyərdi ki, "Bəsirət gözün açıq olsun". Sirac bütün redaksiyanın yaddaşında unudulmaz iz qoyaraq getdi...".

AzTV-nin əməkdaşı Ülviyyə Heydərova da hadisədən sarsıldığını, hələ də özünə gələ bilmədiyini söyləyir. Deyir ki, dünən Siracın sosial şəbəkədə Kəlbəcərin İsti suyundan paylaşdığı şəkilinə baxıb sevindiyi halda, bu gün onun yoxluğuna üzüləcəyini təsəvvürünə belə gətirə bilmir: "Sirac təkcə Kəlbəcəri yox, doğulduğu Qubadlının Dondarlı kəndini də gördü. Siracla çəkilişlərdə çox olmuşam. O, ən qabiliyyətli operatorlardan idi. Siracın operatorlar arasında öz yeri vardı. Onunla  çəkilişə gedən heç bir jurnalist ondan narazı qala bilməzdi. Ötən il ata olmuşdu. Ailəsinə və dostlarına səbir diləyirəm. Bizim üçün Siracı itirmək çox ağırdır".

Ülviyyə Heydərovanın Məhərrəm İbrahimovla bağlı da xatirələri var. Ü.Heydərova deyir ki, Məhərrəm onun qrup yoldaşı olub:

"Məhərrəm qrupumuzda ən vəfalı tələbələrdən idi. Qrup yoldaşlarını bir yerə yığmaq istəyirdi. Məhərrəmlə üç həftə əvvəl görüşmüşdüm. Ona bərk-bərk tapşırdım ki, özünü qoru, özündən muğayat ol! Həmişəki kimi güldü, heç bir narahatçılığa əsas olmadığını söylədi, getdi. Bu gedişin əbədi ayrılıq olacağı ağlıma belə gəlməzdi".
AzTV-nin əməkdaşı Sirac Abışov

Bu, son olsun!

AZƏRTAC-ın Ordu və hüquq xəbərləri redaksiyasına da hüzn çöküb. Dəstəyi qaldıran redaksiyanın müdiri Elvin Mövsümov "sanki ən doğmamı itirmişəm" deyir. E.Mövsümovun sözlərinə görə, Məhərrəm İbrahimov AZƏRTAC-da  2004-cü ildən işə başlayıb:

"Məhərrəm tək mənim üçün yox, AZƏRTAC-da hamı üçün əziz insan olub. Onun mehribanlığı, diqqətcilliyi Məhərrəmi doğma edib bizlərə...  Məhərrəm hər bir adamın probleminin həllinə çalışırdı. Davranışında diqqətli, işində də çox məsuliyyətli idi. O, 44 günlük müharibədə cəbhə bölgəsində AZƏRTAC-ın müxbiri olaraq fəaliyyət göstərdi. Müharibədən sonra da işğaldan azad olunmuş torpaqlarımızda öz müxbir fəaliyyətini davam etdirdi. Məhərrəmlə axırıncı dəfə iki ay əvvəl görüşmüşəm. Novruz bayramında Bakıya gəlmişdi. Ora qayıtdıqdan sonra da  gündə dörd-beş dəfə əlaqə saxlayırdıq. İşinin ağırlığından qəti şikayət etməzdi. Baxmayaraq ki, Bakıda ailəsini, 5-7 yaşlarında iki oğul övladını qoymuşdu. Bu da onun məsuliyyətindən irəli gəlirdi. Hərdən ondan işinin ağır olub-olmadığını soruşurdum. Deyirdi ki, "Bu torpaqlarda işləmək şərəfdir. Bu torpaqların hər qarışı uğrunda həlak olan uşaqlar var. Biz onların qəhrəmanlığının yanında nə iş görürük ki?"

E.Mövsümov deyir ki, ən son söhbətində Məhərrəm ona Bakıya gələndə dənizə getmək istədiyini söyləyib: "Deyirdi ki, qardaş, inşallah, Bakıya gəlim, dənizə gedərik".

E.Mövsümov bildirir ki, hadisə zamanı AZƏRTAC-ın fotomüxbiri Rəşad Mehdiyev də minaya düşərək yaralanıb, vəziyyəti ağırdır.

Jurnalist Fatima Hüseynova da Siracla bağlı sosial şəbəkədə xatirələrini paylaşıb: "Sirac Abışov ilə televiziyada bir yerdə işləmişik, o qədər ədəbli, ağır təbiətli adam idi ki. Yeni ailə qurmuşdu, körpə uşağı vardı... 44 günlük müharibənin dəhşətini təsəvvür etmək üçün sadəcə itkinin sayını günlərə bölmək kifayətdir. Amma təəssüf ki, bitmir, ard-arda itkilər davam edir, bizim də lənətimiz erməni kimi qonşumuzun olmasıdır. Allah həyatını itirən həmkarlarımıza rəhmət eləsin, bu, son olsun...".

Jurnalist Zeynəb Əliyeva isə tələbə vaxtında, AZƏRTAC-da istehsalat təcrübəsində olduğu zaman tanıyıb Məhərrəm İbrahimovu: "Bizi AZƏRTAC-a istehsalat təcrübəsinə göndərmişdilər. Bizimlə xoş davranan, nələrsə öyrətməyə çalışan bir nəfər vardı, o da Məhərrəm İbrahimov idi. Uzun müddət əlaqəm olmayan qrup yoldaşım onun vəfat xəbərini görən kimi məni yığdı. Eyni hissləri bölüşdük. Yaxşı insanların ölümü hansı şəraitdə, hansı yaşda olsa, üzücüdür", - deyə Z.Əliyeva yazıb.

Jurnalist İlkin Nəcəfzadə isə deyir ki, Sirac onun həm yerlisi, həmçinin də yaxın dostu olub: "Sözlərlə ifadə ediləsi deyil. Çox ağır itkidir mənim üçün. Rayonumuzla bağlı planlarımız var idi. O, Qubadlı işğaldan azad ediləndə çox sevinmişdi. Bu şad xəbəri də ona birinci mən vermişdim. Vətən müharibəsi bitdikdən sonra Qarabağda gedib çəkiliş aparmağa can atırdı. Xüsusən də Qubadlıya... Ehtiyatlı olmasını da demişdim, amma “Qarabağda ölmək şərəfdir” deyə cavablandırmışdı... Yenə də, imkan düşdükcə xəbər alırdım.

Siracla ilk tanışlığımız 2009-cu ildən olmuşdu. Operator olmasına baxmayaraq, jurnalistin dilini bilirdi. Tədbirlərdə daha hansı sinxron lazım olmasını deməyə ehtiyac yox idi. Səbirli və təmkinli idi. Heç zaman ehtiyatsız davranmazdı. Bu gün onun üçün son olmadı, o, əbədiyyətə qovuşdu. İnanıram ki, o, rahatdır. Çünki Qarabağda gözünü yumdu. Azərbaycan mediası daha iki dəyərli insanını itirdi. Həm Sirac, həmçinin də Məhərrəm şəhidlik zirvəsinə ucaldılar. Allahdan hər iki dostuma rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verirəm... Təki Vətən sağ olsun! Onların da qisası alınacaq...".

Bəlkə, görüşdük...

Birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısı Sevgili Rəsulova AzTV-nin operatoru Sirac Abışovun ölümünü eşitdikdə evdə qala bilməyib, telekanalın binasına gəlib. O, Abışovla Füzulidə tanış olub və o vaxtdan onunla əlaqəni kəsməyib. Sonuncu dəfə Rəsulova Abışovu ötən il noyabrın 4-də Hadrutda görüb.

“Uşaq kimi sevinirdi Azərbaycanın öz torpaqlarını qaytarmasına. Mən bir çox KİV nümayəndələri ilə həmsöhbət olmuşam, amma Sirac başqa idi. Hamıdan fərqlənirdi. Onu bir də görməyəcəyimə inanmağım gəlmir”, - Rəsulova deyir.
© Sputnik / Kemale Aliyeva
Birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısı Sevgili Rəsulova

Operator Vüqar Quliyev Abışovla birlikdə on ildən çox işləyib. Sirac onun təkcə həmkarı deyil, dostu-qardaşı olub.

“Çoxlu gözəl günlərimiz olub. Sirac öz istəyilə Vətən müharibəsini və işğaldan azad olunmuş torpaqları çəkməyə getdi. Sonuncu dəfə Ramazan bayramında görüşdük. O gəlib salamlaşdı, sonra da halallıq istədi: “Nəsə günahım olubsa, keçin”, - dedi. Onu itirdiyimizə çox təəssüflənirik”, - Quliyev bildirir.

Həlak olan jurnalistlərə son borc

Həlak olan jurnalistlərin tək həmkarları, dostları deyil, eləcə də heç onları şəxsən tanımayan şəhər sakinləri də AzTV və AZƏRTAC-ın binaları yaxınlığında təşkil olunmuş memoriala gələrək xatirələrini yad edib, şəkilləri önünə gül-çiçək düzüblər.

© Sputnik / Kemale Aliyeva
AZƏRTAC-ın binası önündə memorial

Qeyd edək ki, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) istər hərbi əməliyyatların gedişi zamanı, istərsə də atəşkəs dövründə münaqişə bölgəsində xidməti vəzifələrini yerinə yetiriblər.

Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən hələ də imtina edir

Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edir. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaxud yaralanıb. Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən hələ də imtina edir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.

Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib ki, "Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".

"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S.Lavrov demişdi.

Həmçinin oxuyun:

* Jurnalistlərin avtomobili minaya düşdü - üç nəfər həlak olub, dörd nəfər yaralanıb - VİDEO

* Mətbuat Şurası jurnalistlərin ölümü ilə bağlı müraciət ünvanlayacaq

* Baş prokurordan Kəlbəcərdə minaya düşənlərlə bağlı beynəlxalq təşkilatlara müraciət

4241
Mövzu:
Kəlbəcərdə azərbaycanlı jurnalistlər minaya düşdülər
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusunun kapitanı Kəlbəcərdə göldə boğulub - MN

281
Silahlı Qüvvələrimizin daha bir hərbi qulluqçusu işqaldan azad olunmuş ərazilərdə qeyri-döyüş şəraitində həyatını itirib.

BAKI, 17 iyun — Sputnik. Azərbaycan Ordusunun zabiti göldə boğulub.

APA-nın məlumatına görə, kapitan İlham Fərzəliyev bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.

Bildirilib ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, martın 30-də buna bənzər daha bir faciə baş vermişdi. Azərbaycan ordusunun hərbi qulluqçusu qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən boğularaq ölüb.

281
Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu, 28 may 2021-ci il

Şoyqu erməni həmkarına zəng etdi Azərbaycanla sərhədə Rusiya sərhədçiləri gətirilir?

922
(Yenilənib 15:43 17.06.2021)
Arutunyan və Şoyqu, o cümlədən Rusiya sülhməramlı kontingentinin Qarabağda missiyasını həyata keçirməsini, müdafiə sahəsində Ermənistan – Rusiya əməkdaşlığını və digər regional problemləri müzakirə ediblər.

BAKI, 17 iyun — Sputnik. Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər Zəngəzur (Sünik) və Basarkeçər (Geğarkunik) vilayətlərində Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini dair fikir mübadiləsi aparıblar.

Arutunyan və Şoyqu, o cümlədən Rusiya sülhməramlı kontingentinin Qarabağda missiyasını həyata keçirməsini, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığını və digər regional problemləri müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan etmişdi ki, Rusiya tərəfinin nümayəndələri Ermənistan-Azərbaycan sərhədindəki ərazidə və Zod – Xəzinavar yolunda dislokasiya ola biləcək yerlərə baxış keçiriblər.

Sərhəddə gərginlik

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

922
İstanbul şşəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanlıların xaricdə mənzil sevdası

3
(Yenilənib 08:58 18.06.2021)
May ayında Türkiyənin əmlak bazarı azərbaycanlılar üçün xüsusilə cəzbedici olub. Ekspert bunun əsas səbəblərini xırdalayıb.

BAKI, 18 iyun — Sputnik. Yerli əmlak bazarında son bir ildə yaşanan durğunluq qismən aradan qalxmağa başlayıb. Son günlərdə mənzil bazarında müəyyən qədər canlanma nəzərə çarpır. Maraqlıdır ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil almağa üstünlük verməyə başlayıb.

Statistika nə deyir

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar sayca Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıblar.

Maraqlıdır, azərbaycanlıların Türkiyə bazarına axın etməsinin əsas səbəbi nədir və qardaş ölkədə mənzil sahibi olanlar əsasən əhalinin hansı təbəqəsini təşkil edir?

Məsələyə ekspert yanaşması

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pandemiyadan öncə də azərbaycanlılar xarici ölkələr içində ən çox Türkiyədə ev alırdılar. Lakin pandemiya dövründə sərhədlər bağlı qaldığı üçün vətəndaşlarımız nəinki ölkədən, heç şəhərdən də çıxa bilmədilər. Belə olan halda xarici ölkələrdə mülkü, əmlakı olan şəxslər arasında ajiotaj yarandı. Prosesin nə zamanadək davam edəcəyi bilinmirdi. Əmlak da vətəndaşlarımız üçün əlçatan deyildi. Odur ki, xaricdə əmlak almaqla bağlı adamlarda qorxu yarandı.

"Çoxları özləri ora gedə bilməsələr də, həmin dövrdə oradakı əmlaklarını satdırmağa çalışdılar. Lakin göründüyü kimi artıq xarici bazara - Türkiyənin mənzil bazarına axın var. Bu mənzillərin əksəriyyətini də Türkiyədə yaşayan, işləyən vətəndaşlarımız alıb. Bundan başqa, övladı orada təhsil alanlar, burada evi, hər şeyi olub orada işləyənlər də Türkiyənin mənzil bazarına axın edir. Övladları Türkiyədə oxuyan imkanlı adamlar düşünürlər ki, orada kirayədə qalmaqdansa, ev alsalar daha yaxşı olar. Bakıda da belədir. Rayonlarda yaşayan imkanlı şəxslər övladı Bakıda oxuduğu üçün ona buradan ev alırlar. Beləcə, gənclər kirayə pulundan azad olurlar, sonra da mənzil onlara qalır. Lazım olanda isə onu istədikləri bazar qiymətinə sata, qoyduqları pulu artıqlaması ilə götürə bilirlər".

Ekspertin sözlərinə görə, Türkiyə xarici vətəndaşların daha asan şəkildə orada ev sahibi ola bilməsi üçün bir sıra qanunları dəyişib: "Əvvəllər xarici ölkə vətəndaşının Türkiyədə əmlak alması qaydaları çox çətin idi. Torpaq sahəsini isə ancaq Türkiyə vətəndaşı ala bilərdi. Lakin qanunlara dəyişiklikdən sonra Tükiyənin daşınmaz əmlak bazarına milyardlarla axın gəldi ki, bu axının böyük qisminin də biz daha çox ərəb ölkələrindən olduğunu görə bilərik. Türkiyə bir dövlət kimi bu vəziyyətdən çox bəhrələndi".

Fərzəliyev Türkiyənin Statistika Komitəsinin xarici ölkə vətəndaşlarınını əldə etdiyi mənzillərlə bağlı statistikanı şəffaf saxladığını qeyd edib. Lakin Rusiya ilə bağlı bunu deməyin çətin olduğunu bildirib.

"Çünki Rusiyada belə statistika yoxdur. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və onların böyük hissəsinin orada evləri var. 2015-2016-cı illərdə devalvasiya baş verdiyi dövrdə Rusiyada maraqlı hadisə baş verdi. Dollar qalxsa da, evlərin qiyməti qalxmadı, elə əvvəlki həddə qaldı", - deyə o, əlavə edib.

Ekspert bildirir ki, 2016-cı ildə Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycandakı evlərini sataraq dollara çevirib ora aparıblar. Sonra da Rusiyada həmin dollarlara yaxşı evlər alıbar.

Prosesin Azərbaycandakı daşınmaz əmlak bazarına təsiri

Pandemiya dövründə Azərbaycanda mənzillərin qiymətində enmə olmayıb. Ekspertin fikrincə, əksinə qiymət artımı müşahidə olunub ki, bu da tikinti materialları bazarındakı qiymət artımı ilə əlaqədardır.

"Son 1-1,5 il ərzində tikinti materiallarının qiymətində təqribən 30-40 faiz artım olub. Taxtanın qiymətində isə kifayət qədər yüksək artım baş verib. Tikintinin maya dəyərinin artması satışa təsirsiz ötüşməyə bilməz", - deyə Fərzəliyevin sözlərinə görə, pandemiya dövründə bina evlərinə tələbat azalıb. Satılan evlərin əksəriyyəti isə ipoteka ilə satılıb. Ötən ilin may ayında əksəriyyət karantin vəziyyəti ilə əlaqədar olaraq həyət evi alıb. Nəticədə həyətyanı sahələrin, bağ evlərinin qiyməti və kirayə haqqı artıb. Lakin artıq rayonlara gediş-gəliş açıldığı üçün Bakıda həyət evlərinə deyil, rayonlarda mənzil bazarına axının çoxaldığı görünür. Baxmayaraq ki, ötən il bölgələrdə mənzil bazarında 70 faizədək çökmə baş verib.

Əmlak bazarına nəzər saldıqda, paytaxtda mərkəz ətrafında 1 otaqlı evlərin qiyməti 36-105 min manat, 2 otaqlıların qiyməti 63-136 min manat, 3 otaqlıların qiyməti isə yerindən asılı olaraq 235 min manatadək dəyişir.

Qonşu ölkə Türkiyədə vəziyyət necədir?

Pandemiya ilində daşınmaz əmlak bazarında ən çox qiymət artımı olan ölkə Türkiyə olub. Türkiyədə son bir ildə mənzillərin qiymətində 30 faizədək artım olub. Mənzil qiymətlərinin artımına görə, Türkiyədən sonrakı yerdə Yeni Zelandiya və Lüksemburq dayanıb. Bundan başqa, Türkiyədə əcnəbilərə daşınmaz əmlak satışının kəmiyyətində də artım olub - son 4 ayda 19 faizədək.

Türkiyədə 100 kvadratmetrlik 3 otaqlı evlərin qiyməti təxminən 130-145 min Türk Lirəsi arasında dəyişir.

3