* AZƏRBAYCAN *

Deputatlar Şuşa ilə bağlı qərar verdilər

1813
(Yenilənib 14:21 31.05.2021)
Qanuna görə, Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması, bərpası, yenidənqurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədilə xüsusi fond yaradılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Milli Məclisdə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu qanun Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Qanun 15 maddədən ibarətdir.

Layihəyə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə ediləcək.

Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edəcək.

Şuşa şəhərinin mühafizə zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən mühafizə rejimi tətbiq ediləcək.

Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır.

Şuşa şəhərinin ərazisində arxeoloji qazıntılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılacaq. Arxeoloji qazıntılar abidələrə zərər yetirilmədən aparılmalıdır. Arxeoloji qazıntılar zamanı aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qazıntı işlərinin təşkilatçısı tərəfindən qeyd edilməli, fotosu və ya videosu çəkilməlidir. Bu işlərin gedişində aşkar edilən arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur.

Şuşa şəhəri ərazisində ekoloji təmiz enerji təchizatına, resursların davamlı istifadəsinə, emal və təkrar emal sahələrinin inkişafına, atmosfer və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə, su və torpaq resurslarından səmərəli istifadəyə, həmçinin bu sahədə bütün proseslərin informasiya sistemləri vasitəsilə idarə edilməsinə üstünlük veriləcək.

Şuşa şəhərinin ərazisində onun inkişafına yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və investorların fəaliyyəti üçün şəraitin yaradılması təmin ediləcək.

Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağan ediləcək.

Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Şuşa şəhərinin ərazisində tətbiq edilən vergilər və digər məcburi ödənişlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olaraq müəyyən ediləcək.

Bu qanunun pozulmasına görə təqsirli şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması, bərpası, yenidənqurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi fond yaradılacaq.

Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları (ianələri), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Eləcə də oxuyun:

1813
Teqlər:
Milli Məclis, qanun, Şuşa

Azad edilmiş ərazilərdə daha bir modul tipli yeni hərbi hissə istifadəyə verilib

14
Yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcək.

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət növbəti modul tipli yerləşmə məntəqəsi istifadəyə verilib.

Açılış mərasimində çıxış edən hərbi birlik komandiri general-mayor Mais Bərxudarov bildirib ki, hərbi qulluqçuların zəruri ehtiyaclarını təmin edəcək bu modul tipli qurğularda silah otağı, yataqxana, yeməkxana, mətbəx, eləcə də hamam-sanitar qovşağı mövcuddur. Eyni zamanda kompleksdə zabit və gizirlər üçün xidməti otaqlar, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, dizel yanacağı ilə işləyən elektrik generatorlar, qazanxana, qurutma otağı, o cümlədən döyüş növbətçiliyinin və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması üçün bütün imkanlar yaradılıb.

Qeyd edilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq işlər və modul tipli yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

14
Azərbaycan və Rusiya XİN başçıları Ceyhun Bayramov və Serqey Lavrov

Ceyhun Bayramovla Sergey Lavrovun gündəmində yenə Qarabağ idi

2829
(Yenilənib 14:58 23.06.2021)
Tərəflər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini, və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər.

BAKI, 23 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, XİN başçıları ikitərəfli münasibətləri, regiona və beynəlxalq gündəlikdə olan münasibətləri müzakirə edib.

Tərəflər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər.

Qeyd olunur ki, buna Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasında qəbul olunan qərarların icrası, həmçinin Azərbaycanın Baş naziri Əli Əsədovun bu yaxınlarda rəsmi səfəri zamanı əldə olunan razılaşmaların reallaşdırılması əhəmiyyətli dərəcədə yardım edir.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı, xüsusilə də humanitar vəzifələrin həlli ilə bağlı Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsi kontekstində bir sıra məsələlərə toxunulub. Tərəflər Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli işçi qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfəni vurğulayıblar.

Sonda nazirlər xarici nazirliklər vasitəsi ilə gələcək əlaqələr barədə razılığa gəliblər.

Bu görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb. Orada bildirilir ki, nazirlər telefon danışığı zamanı bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib və bu xüsusda, üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.

Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələləri dəmüzakirə ediblər.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

2829
Yusif Eyvazov və Anna Netrebko, arxiv şəkli

Yusif Eyvazov Anna Netrebkodan niyə övladının olmadığını açıqladı

0
Rusiyada yaşayan məşhur azərbaycanlı opera müğənnisi karyeraya necə başlamasından, həyat yoldaşı ilə tanışlığından və niyə ondan uşaq sahibi ola bilməməsindən danışıb.

BAKI, 23 iyun — Sputnik. Xalq artisti Yusif Eyvazov müğənni Valeriyanın "Aramızda qalsın" adlı layihəsinə qonaq olub. Azərbaycanlı solist proqramda həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkodan niyə övlad sahibi ola bilmədiyinə aydınlıq gətirib.

Peşə seçimi

Uşaq vaxtı mahnı oxumurdum. Oxumaq istədiyimi anlayanda isə təxminən 17-18 yaşım vardı. Bizim ailədə texnoloq və həkimlər üstünlük təşkil edir. Amma mənim bu peşələrə marağım yox idi. Atam onun yolu ilə getməyimi istəyirdi. Hazırlaşıb universitetə daxil oldum. Ali məktəbdə oxuduğum vaxt Şən və Hazırcavablar Komandası ("KVN") yaratmışdılar, mən də üzv oldum. Amma yaxşı "KVN"-çi ola bilmədim.

Çıxışlarımızdan birində mahnı oxumaq lazım idi. Həmin vaxt məni müşayiət edən pianoçu xanım səsimin olduğunu görüb məsləhət verdi ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olum. Ancaq valideynlər bu fikirdə idilər ki, mahnı oxumaqla ailə dolandırmaq olmaz, ona görə də məni bu fikirdən daşındırmağa çalışdılar. Buna baxmayaraq, konservatoriyaya daxil oldum və qərara gəldim ki, estrada müğənnisi olum. Heç indi də notları yaxşı bilmirəm.

Anatoli Qusev adlı bir pedaqoq var, İtaliyada təhsil almış ilk bakılıdır. İndiyə kimi onunla dostluq edirik. İldə bir dəfə Bakıya gəlirdi. Növbəti səfərlərin birində onun yanına getdim. O, mənə dedi: "Əgər oxumaq istəyirsənsə, İtaliyaya getməlisən".

Valideynlərimin məni xaricə göndərmək imkanı yox idi. Onlar mənim İtaliyaya getmək istəyimi sakit qarşıladılar, fikirləşdilər ki, bir müddət sonra bu həvəsim keçəcək. Amma keçmədi. Axırda atam məcbur olub məni İtaliyaya göndərmək üçün tələb olunan dörd min dolları düzəltdi. İki ay İtaliyada yaşayandan sonra bir qəpiyim də qalmamışdı. Evə qayıda bilməzdim. Onda 20 yaşım var idi. İndiki kimi yadımdadır, 1997-ci il idi, qərara gəldim ki, baristalıq edim. Sutkada cəmi dörd saat yatsam da, o dövr həyatımın ən gözəl vaxtları idi. Yaxşı qazanırdım. Bütün Avropanı gəzdim.

İlk çıxış

Bu, İtaliyada baş verdi. Əməlli-başlı biabırçılıq oldu. Üç saat oxudum, hər şey normal idi, ancaq yuxarı not götürmək istəyəndə alınmadı. Xəcalət içində səhnəni tərk etdim. Bu, mənim üçün böyük biabırçılıq idi. Ancaq xaraktercə tez ruhdan düşən insan deyiləm. Bütün dünya mənə deyirdi ki, səndən ifaçı olmaz.

Anna Netrebko ilə tanışlıq

Milanda tanış olduğumuz vaxt o mənə dedi ki, burada heç nə öyrənə bilməyib. Fikirləşdim ki, ya dəlidir, ya da dahi. Bir həftədən sonra onun çıxışını izləyəndə başa düşdüm ki, dahi vokalistdir. Bilirdim ki, premyeradan sonra ayrılacağıq. Agent də ona yaxınlaşmağı qadağan eləmişdi. O vaxt "WhatsApp" yox idi, biz əsasən, elektron poçt vasitəsilə ünsiyyət saxlayırdıq. Premyeradan sonra məni otağından qovdu, səhəri gün isə yazdı ki, artıq mənə olan həvəsi keçib. O, Vyanaya uçdu, amma biz yazışmağa davam elədik.

Sonra o yenidən çıxış etmək üçün Milana gəldi. Xahiş elədim ki, əlavə bir neçə gün də qalsın, razılaşdı. Ayrılıq anı çətin keçdi: başa düşürdüm ki, bəlkə də biz bir daha görüşməyəcəyik. O gedəndən sonra darıxmağa başladım. Onda mənim 35 yaşım var idi, həyatım barədə demək olar ki, fikirləşmirdim. Anna həyatıma yeni nəfəs gətirmişdi. 2014-cü ildə Vyanaya getdim və orada qaldım.

Netrebkonun həyat yoldaşı olmaq...

Anna güclü qadındır, amma mənə onunla yaşamaq asandır. O, kişinin yanında heç vaxt güclü tərəflərini göstərməz. Bu mənada eynilə azərbaycanlı xanımlara bənzəyir. O, heç vaxt kişini alçatmaz. Alçaldılmağa qətiyyən göz yummazdım. Mənim üçün qəbuledilməz iki şey var: xəyanət və hörmətsizlik. Biz ailə qurduğumuz vaxt hamı deyirdi: "Bu, Netrebkonun əridir". Bunu normal qarşılayırdım, bilirdim ki, bundan qaçmaq mümkün deyil, çünki o, ulduzdur. Başladım öz üzərimdə işləməyə. Anna mənim həyatımda ilhamverici qüvvədir. Biz bir-birimizdən çox şey öyrənmişik. İndi mənim yanımdakı qadın yeddi il bundan əvvəlki Anna deyil. Əgər mən ona 25-30 yaşında rast gəlsəydim, yəqin heç bir il də birlikdə yaşaya bilməzdik. Biz onunla övladı dünyaya gələndən sonra tanış olmuşduq. O, axtardığını məndə tapmışdı.

Niyə Netrebkodan övladı yoxdur

Şükür Allaha ki, Tyaqo eynən Annaya bənzəyir. O, xeyirxah və mehriban uşaqdır. İlk dəfə məktəbdə olanda mənə ata dedi. Çox təsirlənmişdim. Həmin an başa düşdüm ki, o mənim ögey deyil, elə doğma oğlumdur. Onun mənim qanımdan, canımdan olmadığını ağlıma belə gətirmirəm. O, həm də mənim ən yaxın dostumdur.

Tyaqo – bizim yeganə övladımızdır, başqa uşağımız olmadı. Anna ilə genetik cəhətdən uyuşmazlığımız var, yəni ayrı-ayrılıqda uşaq sahibi ola bilərik, amma birlikdə bu mümkün deyil. Hər şeyi sınaqdan keçirtsək də, alınmadı. Hətta mənə surroqat anadan övlad sahibi olmaq da təklif edildi. Amma başqa qadından olan övlad istəmirəm. Ona görə də qərar verdik ki, hər şey necə varsa, o cür də qalsın...

0