Leytenant Kamil Hüseynov

Hərbçi olmağı universitet diplomundan üstün tutan qazimiz - FOTO

479
Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Vətən müharibəsində Suqovuşanın azad olunması istiqamətində döyüşlərdə yaralanan igidlərimizdən biri leytenant Kamil Hüseynovdur. O, YAŞAT Fondu tərəfindən Türkiyədə müalicə edilən qazilərimizdəndir. Vətən müharibəsində 3 medalla təltif olunan 27 yaşlı gənc zabitimiz sağaldıqdan sonra yenidən ordu sıralarına qatılaraq xidmətini davam etdirmək arzusundadır.

Kamil Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Hərb sahəsinə olan marağı onu bu sahəyə yönəldib. Qiyabi təhsil aldığı müddətdə öncə ordu sıralarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edib. Daha sonra isə zabit kursunu bitirərək motoatıcı ixtisası üzrə leytenant rütbəsi alaraq taqım komandiri kimi xidmətini davam etdirib. Vətən müharibəsində ilk gündən döyüşlərə atılan Kamil Suqovuşanın azad olunması tapşırığının yerinə yetirilməsində iştirak edib.

© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynov ailəsi ilə birgə

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Kamil Hüseynov yaralanmasına baxmayaraq döyüşü sonadək davam etdirdiyini, taqımının döyüş ruhuna təsir etməməsi üçün son məqamadək onu gizlətməyə çalışdığını deyib: “Döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Rütbəsindən asılı olmayaraq hamı döyüşə can atırdı. Bütün döyüşçülər qisas hissi ilə alışıb-yanırdılar. Ona görə ancaq irəli getməyi düşünürdük. Düşmən də çox güclü müdafiə qurmuşdu. Lakin biz irəlilədikcə qarşımızda dayana bilməyib geri çəkilirdilər. Çəkildikdən sonra isə tərk etdikləri mövqələri aramsız artilleriya atəşinə tuturdular. Hər müdafiə səddini əsgərlərimizin igidliyi sayəsində alırdıq. Düşmən postlarının birinin alınması zamanı yaxın məsafədən döyüşdə mən də yaralandım”, - deyə o bildirib.

Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.

  • Leytenant Kamil Hüseynov ailəsi ilə birgə
    © Sputnik / Ilham Mustafa
  • Leytenant Kamil Hüseynovun sertifikatı
    © Sputnik / Ilham Mustafa
  • Leytenant Kamil Hüseynov ailəsi ilə birgə
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynov ailəsi ilə birgə

Kamilin atası Dursunəli Hüseynov deyir ki, oğlunun kiçik yaşlarından hərb sahəsinə marağı olub. Onun bu istəyinə çatması üçün isə valideyn olaraq Kamilə dəstək olublar. O, uşaq vaxtından idmanla məşğul olan Kamilin karate növü üzrə nailiyyətləri olduğunu da söyləyib: “Müharibənin hər üzü var. Kamil hərbiyə qoşulandan çətinliklərin hər birini gözə almışdıq. Hər gün dua edirdik ki, müharibə tezliklə qurtarsın, Qarabağımız azad olsun, itkilərimiz az olsun. Kamilin də bu yolda zəhməti keçməsindən qürur duyuram. İstərdim ki, tezliklə sağalsın, yenə əvvəlki kimi öz missiyasını davam etdirsin. Mən onu həmişə dəstəkləyirəm”.

© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynovun fotosu

Kamilin aldığı xəsarət ciddi olduğundan iki dəfə əməliyyat olunub. Yaşat Fondu tərəfindən Türkiyədə cərrahiyyə əməliyyatı olunan qazimizin müalicəsi aparılıb və bundan sonra da müalicəsinin davam etdiriləcəyi deyilib.

Ağstafa şəhərində Şıxəli Qurbanov küçəsində yaşayan, ailənin tək oğul övladı olan leytenant Kamil Hüseynov bu yaxınlarda ailə həyatı da qurub. Vətən müharibəsinin qalib qazisi 3 medalla – "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

479
Teqlər:
müharibə, Qarabağ, Ağstafa, qazi
Mövzu:
Müharibə adamları
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda 44 günlük müharibə ilə bağlı çoxlu cinayət işi açılıb

7
(Yenilənib 16:23 06.05.2021)
Ermənistan Baş Prokurorluğunun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlı istintaqa cəlb olunanlar var.

BAKI, 6 may — Sputnik. Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi qaldırılıb. Sputnik Ermənistan bu ölkənin Baş Prokurorluğuna istinadla xəbər verir ki, artıq 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilən pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq və s.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Şuşa və Hadrutu işğaldan azad etməsi ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatları da araşdırıb.

Prokurorluğun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

O bildirib ki, qaldırılan cinayət işlərindən biri də dövlətə xəyanətlə əlaqədardır. Bundan başqa, hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktı üzrə 5 cinayət işi də qaldırılıb.

 

7
Xankəndi, arxiv şəkli.

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

431
(Yenilənib 16:08 06.05.2021)
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

BAKI, 6 may — Sputnik. Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.

Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.

Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.

"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.

Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

 

431
Teqlər:
sülhməramlılar, Rusiya, Njde
Xalidə Bayramova

Xalidə Bayramova işdən çıxarıldı

0
(Yenilənib 17:50 06.05.2021)
Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb

BAKI, 6 may — Sputnik. Səbail icra başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən azad olunub. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, Səbail RİH başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, bir müddət öncə X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "Prokurorluq haqqında" qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib.

0