BAKI, 7 aprel — Sputnik. Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edirlər. Bu barədə Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
"Sosial obyektlər və yaşayış evlərinin elektrik və su ilə təminatının bərpası üçün Humanitar Yardım Mərkəzinin 15 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonnası Suqovuşan-Kəlbəcər marşrutu üzrə Kəlbəcər rayonuna 145 ton həcmində yük çatdırıb. Yük elektrik avadanlığı, tikinti avadanlığı və materiallarından ibarət olub", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə on doqquz avtomobil kolonnası vasitəsilə 2100 tondan çox yük daşınıb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Emin Əlisahib, Sputnik Azərbaycan
BAKI, 11 aprel — Sputnik. “Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. 1 milyon azərbaycanlı bu torpaqlara geri qayıdacaq". Bunu Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib.
“Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”, o deyib.
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb: “Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.
Fəxrəddin Altun həmçinin UNESCO-ya da müraciət edib: “Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.”
Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsinin sədri bildirib ki, işğaldan azad edilən ərazilərdəki mədəni abidələr türklüyün, islamın izlərini silmək üçün məhv edilib: “Bu torpaqlara səfər edən zaman Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir kərə daha anlamış olduq, bunu ürəkdən hiss etdik. Bu, Azərbaycan, və Türkiyə üçün böyük zəfərdir. 30 il davam edən işğala qətiyyətlə son qoyuldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu işğal ortadan qaldırıldı və bölgə azad edilmiş oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə bu haqlı mübarizəyə dəstək Verdi. Bu gün bu qüruru yenidən yaşadıq. Eyni zamanda buradakı zülmü, əziyyəti, vandallığı gördük. Bu, tayı, bərabəri olmayan vandallıqdır. Azərbaycanın bu ərazilərində bu vandallıq yaşanarkən dünyanın, beynəlxalq ictimaiyyətin necə ikiüzlü münasibət bəslədiyini də gördük.
Buradakı mədəni irslər məhv edilib, dünyada mədəni irsin qorunmasına məsul beynəlxalq qurumlar isə səssiz qalıb. Bu mədəni abidələr bu torpaqlardan türklüyün, islamın izlərini silmək üçün məhv edilib. Ancaq bu torpaqlardan türklüyün, islamın izlərini silməyi bacarmadılar və bacarmayacaqlar. Çünki bu torpaqlar türklərin, islamın torpaqlarıdır”.
Emin Əlisahib, Sputnik Azərbaycan
BAKI, 11 aprel — Sputnik. "Özbəkistan Qarabağda bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək". Bunu Ağdamda səfərdə olan Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.
Asadjon Xojayev deyib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub:
“Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı ilə bağlıdır. İnsanlar tədricən bu ərazilərə qayıdacaqlar. Çünki burada infrastruktur, evlər, hər şey dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir. Türk Şurasına üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edəcək. Özbəkistan bu ərazilərin bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək. Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir. Ən əsası Dağlıq Qarabağa sülh gəlib”.
BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.