ANAMA rəsmisi: Ermənilər "İsgəndər"i Şuşa azad ediləndən sonra atıblar

556
(Yenilənib 20:26 03.04.2021)
ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov: "Agentliyin mütəxəssisləri tərəfindən identifikasiya nömrəsinə (9M723) baxış zamanı və əlavə araşdırma nəticəsində qalıqların “İskəndər-M” raketinə aid olduğu müəyyən edilib".

BAKI, 3 aprel - Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Calibre.Az-a müsahibə verib. O, müsahibəsində Şuşa yaxınlığından tapılmış "İsgəndər-M" raketinin qalıqları ilə bağlı məsələyə aydınlıq gətirib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir: 

- Samir müəllim, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə etməsi xəbəri cəmiyyətdə böyük rezonans doğurub. Bu barədə fikrinizi bilmək istərdim?

- Bildiyiniz kimi, Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi Azərbaycanın azad edilmiş ərazilərini minalardan və partlamamış hərbi sursatlardan təmizləyir.

Agentlik 2020-ci ilin dekabr ayından etibarən işğaldan azad edilmiş Şuşa şəhərində ərazilərin təmizlənməsi üçün işlər görür. Bu dövrdə 234 000 kvadrat metr (23.4 hektar) ərazidə təmizlənmə işləri aparılıb, 686 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Agentliyin mütəxəssisləri tərəfindən 183 ev və həyətyanı ərazilər, 11 çoxmərtəbəli bina yoxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Bu il martın 15-də Agentliyin əməkdaşları tərəfindən ərazilərin təmizlənməsi əməliyyatı zamanı şəhərdə partlayan iki ədəd raketlərin qalıqları tapılıb.

Agentliyin mütəxəssisləri tərəfindən identifikasiya nömrəsinə (9M723) baxış zamanı və əlavə araşdırma nəticəsində qalıqların “İskəndər-M” raketinə aid olduğu müəyyən edilib. Bu günə qədər Agentlik Şuşa ərazisindəki raketlərdən yalnız birinin partladığı yeri müəyyən edib.

Hər iki raketin yerləşdiyi yerin dəqiq koordinatları barədə artıq mətbuatda məlumat verilib.

Məlumat üçün deyim ki, NATO-da raketin kod təyinatı “SS-26 STONE”, raketin maksimum məsafəsi 400 km, diametri 920 mm, uzunluğu 7,2 metr, döyüş başlığının kütləsi 480 kq və raketin başlanğıc kütləsi 3 800 kq-dır.

- Siz qeyd etdiniz ki, iki partlamış raketin qalıqları aşkarlanıb. Xahiş edirəm izah edin, iki raket atıldığını nəzərə alsaq, niyə yalnız bir çala tapılıb?

Düzdür, iki partlamış raketin qalıqları aşkar edilib. Qeyd etdiyiniz nüans bizdə də suallar doğurur.

Bənzər gücdəki raketin partlaması müəyyən bir diametrdə çalanın meydana gəlməsinə və ya digər maddi ziyanlara səbəb olacağı mütləqdir. Ancaq əvvəl qeyd etdiyim kimi, yalnız bir çala tapa bildik.

Təmizləmə prosesi davam edir və yeni önəmli tapıntılar olacağı təqdirdə, əlavə məlumat verəcəyik. Elə də ola bilər ki, xoşbəxtlikdən raketlərdən biri böyük dağıntı törətməyib.

Raketin tam gücü ilə partlamaması barədə də əsaslı ehtimallar irəli sürmək olar. Çünki raketin iddia edilən gücü ilə törədilmiş dağıntı arasında qeyri-proporsionallıq var. Bununla bərabər, tam gücü ilə partlama şəraitində raketin hissələri belə böyük həcmdə qala bilməzdi.

- Ermənistan mətbuatında yayılan məlumatlarda “İsgəndər” raketlərinin müharibənin son günlərində, yəni Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad olunduğu ərəfədə istifadə edildiyi qeyd edilib. Bu barədə nə deyə bilərsiniz?

Raketlərin konkret olaraq hansı tarixdə atıldığını demək bizim üçün bir az çətindir. Böyük ehtimalla Azərbaycan Ordusunun Şuşa şəhərini azad etməsindən sonra hərbi baxımdan çıxılmaz vəziyyətə düşən Ermənistan irəliləyən Azərbaycan Ordusunun qarşısını almaq, hərbçilərimiz arasında kütləvi tələfat törətmək məqsədilə bu raketlərdən istifadə edib.

Maraqlıdır ki, başqa vaxt Şuşanı öz şəhərləri kimi təqdim etməyə can atan düşmən bir anda onu tam olaraq dağıtmağa cəhd etmişdir. Bu bir daha göstərir ki, Şuşanın ermənilərə heç bir bağlılığı yoxdur. Eyni zamanda, bu raketlərin atılması ilə Şuşa şəhərini azad edən hərbçi qulluqçularımız arasında tələfat törətmək məqsədinə nail olunmayıb.

556
 Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq adlı konfransda

İlham Əliyev: "Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir"

15
(Yenilənib 10:48 13.04.2021)
"Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir. Bu, hadisələrin çox uğursuz inkişafının göstəricisidir. Əgər biz postmünaqişə dövründən danışırıqsa, biz gələcək barışığa gətirəcək elementlərə diqqət ayırmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Biz 1500-dən çox Ermənistan əsgərinin cəsədini qaytarmışıq. Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, Birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri. Bax, fərq bundadır.

Biz Rusiya sülhməramlılarına öz dəmiryolu vasitələrimizlə logistik dəstək veririk. Onlar öz vasitələrini dəmiryolu vasitəsilə Bərdəyə gətirirlər ki, bu da Yerevana uçub, oradan da 5-6 saat Laçın dəhlizi ilə getməkdən daha asan və ucuzdur. Mən digər elementləri də nümunə gətirə bilərəm. Biz Rusiyanın "Qazprom" şirkətinə maye qazı Azərbaycan ərazisindən Ermənistana nəql etməyə icazə verdik. Çünki Rusiya ərazisində təmir işləri aparılırdı. Biz yox deyə bilərdik. Lakin biz hə dedik.

Bu başqa bir göstərici, başqa bir jestdir. Biz Ermənistana bizim Zəngilan, Qubadlı rayonlarımızdan keçən 21 kilometrlik yolu istifadə etməyə imkan verdik. Biz buna icazə verdik, blok etmədik. Onlar bizə müharibə zamanı işğal etdikləri ərazilərə bir metr yaxınlaşamağa imkan verdilər? Yox. Bütün bunlar birtərəfli addımlardır. Bu, sadəcə jest deyil, bu müharibə səhifəsini çevirmək üçün düşünülmüş siyasətdir. Açılış nitqimdə dediyim kimi, biz heç nəyi unutmayacağıq, lakin eyni zamanda biz gələcəyə də baxmalıyıq", - deyə İlham Əliyev bildirib.

15
Teqlər:
Qarabağ, sülhməramlı, Rusiya, Ermənistan, Azərbaycan, İlham Əliyev
Fəxrəddin Altun

Altun: “İşğaldan azad edilən ərazilər dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək"

25
(Yenilənib 18:34 11.04.2021)
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb

 

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. “Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. 1 milyon azərbaycanlı bu torpaqlara geri qayıdacaq". Bunu Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib.

“Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”, o deyib.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb: “Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

Fəxrəddin Altun həmçinin UNESCO-ya da müraciət edib: “Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.”

Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsinin sədri bildirib ki, işğaldan azad edilən ərazilərdəki mədəni abidələr türklüyün, islamın izlərini silmək üçün məhv edilib: “Bu torpaqlara səfər edən zaman Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir kərə daha anlamış olduq, bunu ürəkdən hiss etdik. Bu, Azərbaycan, və Türkiyə üçün böyük zəfərdir. 30 il davam edən işğala qətiyyətlə son qoyuldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu işğal ortadan qaldırıldı və bölgə azad edilmiş oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə bu haqlı mübarizəyə dəstək Verdi. Bu gün bu qüruru yenidən yaşadıq. Eyni zamanda buradakı zülmü, əziyyəti, vandallığı gördük. Bu, tayı, bərabəri olmayan vandallıqdır. Azərbaycanın bu ərazilərində bu vandallıq yaşanarkən dünyanın, beynəlxalq ictimaiyyətin necə ikiüzlü münasibət bəslədiyini də gördük.

Buradakı mədəni irslər məhv edilib, dünyada mədəni irsin qorunmasına məsul beynəlxalq qurumlar isə səssiz qalıb. Bu mədəni abidələr bu torpaqlardan türklüyün, islamın izlərini silmək üçün məhv edilib. Ancaq bu torpaqlardan türklüyün, islamın izlərini silməyi bacarmadılar və bacarmayacaqlar. Çünki bu torpaqlar türklərin, islamın torpaqlarıdır”.

25

Milli Məclisin iclası başlayıb - Hesablama Palatasının illik hesabatı müzakirə ediləcək

0
(Yenilənib 10:24 13.04.2021)
Parlamentin plenar iclasının gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. İnzibati Xətalar, Əmək məcəllələrinə və digər qanun layihələrinə baxılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Hesablama Palatasının illik hesabatı haqqında.

2. "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Veteranlar haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. "Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0