Ракетный комплекс Искандер-М

Dünya mediası "İsgəndər-M"in qalıqlarının Şuşada tapılmasından yazır

28
(Yenilənib 19:59 03.04.2021)
Xəbərlərdə qeyd olunur ki, raketin qalıqları martın 15-də Şuşa şəhərinin və ətraf ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi zamanı aşkarlanıb.

BAKI, 3 aprel - Sputnik. Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.

Sputnik Azərbaycan-ın Report-a istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın “BBC News” televiziya kanalı və saytı bəyan edib ki, Qarabağda “İsgəndər” raketlərinin qalıqları aşkar olunub. Aprelin 2-də raketin qalıqları Bakıda nümayiş etdirilib. Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, “İsgəndər” raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Məlumat verilib ki, raketin qalıqlar bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində “İsgəndər-M” raketi buraxılıb.

Reportajda qeyd olunur ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs barədə Bəyanatın imzalanmasından bir neçə saat əvvəl sosial şəbəkələrdə yayılmış videoda erməni əsgərlərin raketi işəsalma fonunda şəkilləri, həmin qurğudan 41 saniyə fasilə ilə iki raketin uçması görünür. Jurnalistlər vurğulayırlar ki, “İsgəndər-E” Ermənistanın arsenalında bu cür tezliklə raketlər buraxa bilən yeganə sistemdir. Bundan əlavə, hələ noyabr ayında BBC-nin Ermənistan hökumətindəki mənbəyi müharibənin son günlərində “İsgəndər” raketlərindən istifadə olunmasını bildirmişdi. Ermənistan ordusunun general-polkovniki Movses Akopyan da bu operativ-taktiki raketlərin tətbiq edilməsindən danışıb, lakin sübutlar təqdim etməyib. Bu mövzu fevralın sonuna qədər hərbi ekspertlərin maraq dairəsində qalıb, nəhayət, Nikol Paşinyan bəyan edib ki, müharibə dövründə istifadə edilmiş “İsgəndər” raketləri partlamayıb və ya 10 faiz partlayıb.

ABŞ-ın “Azadlıq” radiosu və Litvanın “Slaptai” xəbər saytı məlumat yayıb ki, Azərbaycan hərbçiləri Qarabağda ərazilərin minalardan təmizlənməsi zamanı “İsgəndər” raketinin qalıqlarını aşkar ediblər. Materiallarda qeyd olunub ki, raketin qalıqlarının fotoşəkilləri ölkənin internet resurslarında dərc edilib. Raketin qalıqları martın 15-də Şuşa yaxınlığında tapılıb. 2020-ci ilin payızında Azərbaycan ilə Ermənistan arasında Qarabağ uğrunda ay yarımlıq müharibənin son günlərində bu şəhərdə şiddətli döyüşlər gedib. BBC Azərbaycanın Minatəmizləmə Agentliyinin nümayəndəsinə istinadla xəbər verir ki, raketin qalıqları Ermənistan tərəfindən “İsgəndər” kompleksinin tətbiq olunmasını sübut edir.

Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Jamestown” Qlobal Araşdırma və Analitika Fondunun saytında yayımlanan “İsgəndər” raketləri Qarabağda uğursuzluğa düçar oldu, lakin Ermənistanda böhran yaratdı” sərlövhəli məqalədə 44 günlük müharibənin gedişatı, Ermənistanın məğlubiyyəti, bu səbəbdən ölkədə siyasi elita daxilində çəkişmələr geniş təsvir olunur. Yazıda qeyd edilir ki, Ermənistan “İsgəndər” raket sistemini əldə edən ilk ölkədir və o, Qarabağ müharibəsində bu raketdən istifadə edib. Sayt Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirərək bu faktın həqiqət olduğunu qeyd edib.

Qərb ölkələrinin digər media orqanları, o cümlədən “konflikty.pl”, “eurasiantimes.com”, “Caucasus Watch”, “pl.sputniknews.com” saytları yazırlar ki, 44 günlük müharibə dövründə Ermənistan öz arsenalındakı ən güclü silah sayılan “İsgəndər” raket kompleksindən Azərbaycana qarşı istifadə edib. Xəbərlərdə bildirilir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı fotoşəkillərdə raketin qalıqlarının “İsgəndər” raket kompleksinə aid olduğunu təsdiqləyən seriya nömrələri əksini tapıb.

Qardaş Türkiyə Respublikasının mətbuatı da 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə etməsi barədə çoxsaylı materiallar yayımlayıb. Anadolu Agentliyi yazır ki, Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketi tətbiq etməsi təsdiq olundu. Agentlik qeyd edir ki, bununla bağlı Rusiya və Ermənistan ziddiyyətli açıqlamalar verir. Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı “İsgəndər”in tətbiq olunmadığını iddia etsə də, bu məsələ raketin qalıqları ilə sübut olunur. Mövzu ilə bağlı Türkiyənin “yenisafak.com”, “sabah.com”, “haber7.com” saytları, “Haber türk” telekanalı, “İstikrar” qəzeti və digər KİV-ləri də ətraflı məlumatlar yayımlayıblar.

İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan ərazilərini bir sıra təhlükəli silahlardan, o cümlədən “İsgəndər” raketi ilə atəşə tutması Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Gürcüstanın “info9.ge”, “report.ge”, “24news.ge”, “interpress.ge”, “accentnews.ge”, “4news.ge”, “ghn.ge” informasiya portallarında və 1tv.ge ictimai televiziya kanalında gürcü, Azərbaycan, rus və ingilis dillərində yayılan məlumatlarda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqlarının Şuşa şəhəri istiqamətində aşkarlandığı bildirilir. Məlumatlarda qeyd olunur ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb və məlum olub ki, bu qalıqlar “İsgəndər-M” raketlərinə aiddir.

Ukraynanın “dialog.ua” “İnterfaks-Ukrayna”, “mil.in.ua” saytları da yazırlar ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib. Məlumatlarda qeyd edilir ki, raketin qalıqlarının Bakıda nümayiş etdirilən fotolarından aydınca görünür ki, Ermənistanın Azərbaycanın Şuşa şəhəri istiqamətində atdığı raketlər “İsgəndər” raketinin qalıqlarıdır. Beləliklə, müharibədə “İsgəndər” raketindən istifadə olunmaması barədə yayılan məlumatların yalan olduğu üzə çıxır.

Yaxın Şərqdə geniş oxucu auditoriyasına malik olan “MENAFN” informasiya portalı və İndoneziyanın “international.sindonews” saytı yazırlar ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan ərazisinə “İsgəndər-M” raketi atılıb. Bu raketin qalıqları aprelin 2-də Bakıda nümayiş etdirilib. Xəbərlərdə qeyd olunur ki, raketin qalıqları martın 15-də Şuşa şəhərinin və ətraf ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi zamanı aşkarlanıb.

28
Fəxrəddin Altun

Altun: “İşğaldan azad edilən ərazilər dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək"

25
(Yenilənib 18:34 11.04.2021)
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb

 

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. “Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. 1 milyon azərbaycanlı bu torpaqlara geri qayıdacaq". Bunu Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib.

“Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”, o deyib.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb: “Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

Fəxrəddin Altun həmçinin UNESCO-ya da müraciət edib: “Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.”

Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsinin sədri bildirib ki, işğaldan azad edilən ərazilərdəki mədəni abidələr türklüyün, islamın izlərini silmək üçün məhv edilib: “Bu torpaqlara səfər edən zaman Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir kərə daha anlamış olduq, bunu ürəkdən hiss etdik. Bu, Azərbaycan, və Türkiyə üçün böyük zəfərdir. 30 il davam edən işğala qətiyyətlə son qoyuldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu işğal ortadan qaldırıldı və bölgə azad edilmiş oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə bu haqlı mübarizəyə dəstək Verdi. Bu gün bu qüruru yenidən yaşadıq. Eyni zamanda buradakı zülmü, əziyyəti, vandallığı gördük. Bu, tayı, bərabəri olmayan vandallıqdır. Azərbaycanın bu ərazilərində bu vandallıq yaşanarkən dünyanın, beynəlxalq ictimaiyyətin necə ikiüzlü münasibət bəslədiyini də gördük.

Buradakı mədəni irslər məhv edilib, dünyada mədəni irsin qorunmasına məsul beynəlxalq qurumlar isə səssiz qalıb. Bu mədəni abidələr bu torpaqlardan türklüyün, islamın izlərini silmək üçün məhv edilib. Ancaq bu torpaqlardan türklüyün, islamın izlərini silməyi bacarmadılar və bacarmayacaqlar. Çünki bu torpaqlar türklərin, islamın torpaqlarıdır”.

25
Asadjon Xojayev

Özbəkistan inşaatçıları da Qarabağda bərpa işində iştirak edəcəklər

21
(Yenilənib 18:37 11.04.2021)
Asadjon Xojayev: Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir.

 

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. "Özbəkistan Qarabağda bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək". Bunu Ağdamda səfərdə olan Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.

Asadjon Xojayev deyib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub:

“Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı ilə bağlıdır. İnsanlar tədricən bu ərazilərə qayıdacaqlar. Çünki burada infrastruktur, evlər, hər şey dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir. Türk Şurasına üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edəcək. Özbəkistan bu ərazilərin bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək. Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir. Ən əsası Dağlıq Qarabağa sülh gəlib”.

21
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0