İskəndər raket kompleksi, arxiv şəkli

"İskəndər" müəmması: Kreml deyir, olmayıb

345
Rəsmi Moskva Bakıda haqqında danışılan "İskəndər" qalıqlarının haradan peyda ola biləcəyi barədə məlumatsızdır.

BAKI, 2 aprel — Sputnik. Dağlıq Qarabağda münaqişə zamanı "İskəndər" raket kompleksləri tətbiq olunmayıb. Bunu jurnalistlərlə söhbətində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ANAMA-nın Şuşada adı çəkilən iki raketin qalıqlarının aşkar edilməsi haqqında bəyanatını şərh edərkən deyib.

"Belə başa düşürəm ki, bu, yeni məlumatdır. Hərbçilər xətti ilə bu barədə məruzənin, hərbçilərimizin bu barədə təfərrüatlı məlumatının olub-olmaması mənə məlum deyil", - deyə o bildirib.

"İskəndər"lərdən Qarabağ münaqişəsində istifadə olunub-olunmaması ilə bağlı suala cavab verərkən Peskov deyib: "İskəndər"lərin tətbiq olunmaması ilə bağlı məsələ artıq sizə məlumdur və bu məlumat təsdiq olunub".

Qalıqlarının tapıldığı "İskəndər" raketlərinin haradan peyda ola biləcəyi barədə Kremlin bir fikrinin olub-olmaması barədə isə mətbuat katibi onlarda "belə bir məlumatın olmadığını" bildirib.

Xatırladaq ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov martın 15-də uzun müddətli işğaldan azad olunmuş Şuşa şəhərində bir-birindən təqribən 780 m məsafədə iki ədəd partlamış raketin qalıqlarının aşkar olunduğunu deyib.

"9М723 kodu üzrə raket qalığına baxış keçirilərkən raketlərin "İskəndər" olduğu müəyyən olunub. Raketin uzunluğu 7,2 m, diametri 920 mm-dir. Raket tam partlayıb və iki hissədən ibarət olub", - deyə o bildirib.

"Raketin hansı tipə aid olması, modifikasiyanın kodu barədə çoxlu məlumat var. Bu raketin bir neçə növü var. Onun tipini müəyyən etmək üçün onun üzərindəki yazını aşkar etmək lazımdır. Son aparılan araşdırmalar nəticəsində aşkarlananların "İsgəndər-M" raketinin qalıqları olduğu qənaətinə gəlinib", - deyə o vurğulayıb.

Daha sonra o bildirib ki, göstərilən ərazidə operativ-axtarış tədbirləri davam etdirilir. "Əgər hansısa kod və ya yazılar aşkar olunarsa, əlavə məlumat təqdim olunacaq", - deyə qərargah rəisi bildirib.

Bir müddət əvvəl Ermənistanın eks-prezidenti Serj Sarqsyan, Baş nazir Nikol Paşinyan və ölkənin Müdafiə Nazirliyinin keçmiş baş müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər" raket sistemindən istifadə etdiyini bildiriblər.

345
Fəxrəddin Altun

Altun: “İşğaldan azad edilən ərazilər dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək"

18
(Yenilənib 18:34 11.04.2021)
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb

 

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. “Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. 1 milyon azərbaycanlı bu torpaqlara geri qayıdacaq". Bunu Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib.

“Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”, o deyib.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb: “Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

Fəxrəddin Altun həmçinin UNESCO-ya da müraciət edib: “Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.”

Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsinin sədri bildirib ki, işğaldan azad edilən ərazilərdəki mədəni abidələr türklüyün, islamın izlərini silmək üçün məhv edilib: “Bu torpaqlara səfər edən zaman Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir kərə daha anlamış olduq, bunu ürəkdən hiss etdik. Bu, Azərbaycan, və Türkiyə üçün böyük zəfərdir. 30 il davam edən işğala qətiyyətlə son qoyuldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu işğal ortadan qaldırıldı və bölgə azad edilmiş oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə bu haqlı mübarizəyə dəstək Verdi. Bu gün bu qüruru yenidən yaşadıq. Eyni zamanda buradakı zülmü, əziyyəti, vandallığı gördük. Bu, tayı, bərabəri olmayan vandallıqdır. Azərbaycanın bu ərazilərində bu vandallıq yaşanarkən dünyanın, beynəlxalq ictimaiyyətin necə ikiüzlü münasibət bəslədiyini də gördük.

Buradakı mədəni irslər məhv edilib, dünyada mədəni irsin qorunmasına məsul beynəlxalq qurumlar isə səssiz qalıb. Bu mədəni abidələr bu torpaqlardan türklüyün, islamın izlərini silmək üçün məhv edilib. Ancaq bu torpaqlardan türklüyün, islamın izlərini silməyi bacarmadılar və bacarmayacaqlar. Çünki bu torpaqlar türklərin, islamın torpaqlarıdır”.

18
Asadjon Xojayev

Özbəkistan inşaatçıları da Qarabağda bərpa işində iştirak edəcəklər

14
(Yenilənib 18:37 11.04.2021)
Asadjon Xojayev: Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir.

 

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. "Özbəkistan Qarabağda bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək". Bunu Ağdamda səfərdə olan Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.

Asadjon Xojayev deyib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub:

“Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı ilə bağlıdır. İnsanlar tədricən bu ərazilərə qayıdacaqlar. Çünki burada infrastruktur, evlər, hər şey dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir. Türk Şurasına üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edəcək. Özbəkistan bu ərazilərin bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək. Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir. Ən əsası Dağlıq Qarabağa sülh gəlib”.

14

Yevlax Sabirabadda ağır cinayətin qarşısı alınıb

0
(Yenilənib 10:25 12.04.2021)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı Qarağac kənd sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Yevlaxda da toy məclisi aşkarlanıb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Elvin Əliyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

0