Azıx mağarasında

Ermənilər qədim yaşayış məskənimizdən oğurluq ediblər

1663
(Yenilənib 00:19 30.03.2021)
Azıx mağarasından qanunsuz qazıntı işləri aparan ermənilər tapılan arxeoloji materialları mənimsəyiblər.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Yolumuz Azərbaycanın qədim yaşayış məskəni olan Azıx mağarasınadır. Yolboyu qəhrəman əsgərlərimizin yağı düşməndən azad etdiyi qədim Azərbaycan torpaqlarında, bu gün üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır. Əvvəlcə qeyd edək ki, bu səfər fərqlidir. Çünki dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına yollanırıq. Mağaraya doğru təxminən 800 pilləkən düzəldilib.

Müsahiblərimizlə birgə bu pilləkənlərlə mağaraya doğru hərəkət edirik. Dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Quruçay yatağında yerləşən Azıx mağarası ən qədim yaşayış məskənlərimizdən biridir. Bəlkə də mənfur düşmən evlərimiz kimi buranı da söküb, aparardı. Əgər gücü çatsaydı. Amma mənfur düşmən sakit də dayanmayıb. Ermənilər burada da vandallıqlarını göstəriblər. Mağaranın divarlarına cürbəcür hərflər yazıblar. İşğal illərində ermənilər Azıx mağarasında qanunsuz qazıntı işləri aparıb, tapılan arxeoloji materialları mənimsəyiblər. Xocavənd rayon Tuğ kənd sakini Ramiz Cahangirov illər sonra burda olmasını əsl möcüzə adlandırır.

© Sputnik / Emin Alisahib
Nazim Vəlişov

"Azıx mağarasının qarşısındayam. Bu bir möcüzədir. Qarabağ düşməndən azad edilib. Birinci Azıx mağarasına gəlmişəm. Bilirsinizmi nə üçün bu qədər sevincliyəm. Bu mağara mənim atamın adı ilə bağlıdır. 5-ci sinif tarix dərsliklərində Akademik Məmmədəli Hüseynov qeyd edib ki, mənim atamın azıx mağarasının tapılmasında rolu olmuşdur. Atam Bəşir müəllim qonşu Salakətin kəndində ədəbiyyat müəllimi işləyirdi. Bir vətənpərvər insan kimi elmlər akademiyası və tarix institutuna müraciət edib. Atamla görüşdülər və tədqiqat aparılıb, qiymətli bir mağara olduğu ortaya çıxdı. 1972-ci ilə qədər tədqiqat aparılıb. Eksponatlara mənim bu əllərim toxunub. Qızın alt çənə sümüyünün tapılmasında özüm iştirak etmişəm. Sevinirəm ki, bu tarixi abidə bizə qayıtdı".

Bizimlə birgə Azıx mağarasını ziyarət edən tarixçi-tədqiqatçı Nazim Vəlişov bildirir ki, Azıx mağarası Azərbaycanda ilk və ən qədim kars mağarasıdır:

"Daş dövr abidəsi hesab olunur. 1960-cı ildən etibarən Milli Elmlər akademiyasının arxeologiya və Etnoqrafiya İnstitutu tədqiqat işləri aparır. 1968-ci ilin yay aylarında burdan 19-20 yaşında qızın alt çənə sümüyü və parçalanmış dişləri tapılmışıdır. Bu fransada elmi labaratoriyada da sübut olundu ki, bu çənənin sahibinin yaşı 350 min- 400 min il arasındadır. Yəni 400 min il əvvəl həmin 19 yaşlı qız burada yaşamışdır və bu azərbaycan arxeologiya elminin bir nəaliyyəti idi. Görürsünüzmü, ermənilər tarixi abidələrimizi dağıtdıqları kimi arxeoloji abidələrimizi də dağıdırlar. Sütunlara baxın, içəriyə karen, suren yazıblar. Bundan əlavə daşları dağıdıblar. Bu mənə ikiqat əzab verir ki, görün ermənilər bizim arxeoloji abidələrimizə qarşı hansı münasibətdə olublar. Burda qazıntı aparıblar. Tapılan arxeoloji materiaları mənimsəyiblər ".

  • Azıx mağarasında
    © Sputnik / Emin Alisahib
  • Azıx mağarasında
    © Sputnik / Emin Alisahib
  • Azıx mağarasında
    © Sputnik / Emin Alisahib
  • Azıx mağarasında
    © Sputnik / Emin Alisahib
  • Azıx mağarasında
    © Sputnik / Emin Alisahib
  • Ramiz Cahangirov
    © Sputnik / Emin Alisahib
1 / 6
© Sputnik / Emin Alisahib
Azıx mağarasında

Daşından düzünə, çölündən gülünə kimi, Azərbaycan olan Qarabağda daş-daş üstə qalmasa da, ermənilər yurdumuzu dağıdıb, evlərimizi viran etsə də tariximizi özününküləşdirməyə çalışsa da bura vətəndir. Özü də, çölündə-düzündə daim gül bitirən Vətən ...

1663
Fəxrəddin Altun

Altun: “İşğaldan azad edilən ərazilər dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək"

18
(Yenilənib 18:34 11.04.2021)
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb

 

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. “Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. 1 milyon azərbaycanlı bu torpaqlara geri qayıdacaq". Bunu Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun bildirib.

“Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”, o deyib.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb: “Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik”.

Fəxrəddin Altun həmçinin UNESCO-ya da müraciət edib: “Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.”

Türkiyə Administrasiyasının Kommunikasiya İdarəsinin sədri bildirib ki, işğaldan azad edilən ərazilərdəki mədəni abidələr türklüyün, islamın izlərini silmək üçün məhv edilib: “Bu torpaqlara səfər edən zaman Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir kərə daha anlamış olduq, bunu ürəkdən hiss etdik. Bu, Azərbaycan, və Türkiyə üçün böyük zəfərdir. 30 il davam edən işğala qətiyyətlə son qoyuldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu işğal ortadan qaldırıldı və bölgə azad edilmiş oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə bu haqlı mübarizəyə dəstək Verdi. Bu gün bu qüruru yenidən yaşadıq. Eyni zamanda buradakı zülmü, əziyyəti, vandallığı gördük. Bu, tayı, bərabəri olmayan vandallıqdır. Azərbaycanın bu ərazilərində bu vandallıq yaşanarkən dünyanın, beynəlxalq ictimaiyyətin necə ikiüzlü münasibət bəslədiyini də gördük.

Buradakı mədəni irslər məhv edilib, dünyada mədəni irsin qorunmasına məsul beynəlxalq qurumlar isə səssiz qalıb. Bu mədəni abidələr bu torpaqlardan türklüyün, islamın izlərini silmək üçün məhv edilib. Ancaq bu torpaqlardan türklüyün, islamın izlərini silməyi bacarmadılar və bacarmayacaqlar. Çünki bu torpaqlar türklərin, islamın torpaqlarıdır”.

18
Asadjon Xojayev

Özbəkistan inşaatçıları da Qarabağda bərpa işində iştirak edəcəklər

13
(Yenilənib 18:37 11.04.2021)
Asadjon Xojayev: Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir.

 

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. "Özbəkistan Qarabağda bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək". Bunu Ağdamda səfərdə olan Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.

Asadjon Xojayev deyib ki, Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub:

“Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı ilə bağlıdır. İnsanlar tədricən bu ərazilərə qayıdacaqlar. Çünki burada infrastruktur, evlər, hər şey dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir. Türk Şurasına üzv ölkələr də işğaldan azad olunmuş ərazilərin bərpasında aktiv iştirak edəcək. Özbəkistan bu ərazilərin bərpası üçün öz köməyini təklif edib. Biz hazırda mütəxəssislərlə birgə bərpasında iştirak edəcəyimiz obyektləri müəyyənləşdiririk. Bizim inşaatçılar bu ərazilərdə obyektlərin bərpasında iştirak edəcək. Məndə olan məlumata görə, Özbəkistan bir məktəbi təmənnasız bərpa edərək Azərbaycan xalqına hədiyyə edəcək. Hazırda Özbəkistan inşaatçıları tərəfindən bərpa ediləcək obyektlərin siyahısı dəqiqləşdirilir. Ən əsası Dağlıq Qarabağa sülh gəlib”.

13
Kitbaxanaçı Nazlı Əliyeva

Dünyanı qəlbləri ilə görənlər - Görmə məhdudiyyətli şəxslərin kitabxanası

98
(Yenilənib 23:43 11.04.2021)
Kitabxananın zirzəmidə yerləşməyi həm onun fəaliyyəti, həm də oxucular üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Fiziki məhdudiyyətli əhali qrupunun bir hissəsini görmə məhdudiyyəti olanlar təşkil edir. Cəmiyyətdə bu şəxsləri, "dünyanı qəlbləri ilə görənlər" adlandırırlar. Bir çox sahələrdə fitri istedadalara sahib olan görmə məhdudiyyətli şəxslər nə qədər qəribə səslənsə də, əksər hallarda asudə vaxtlarında mütaliə edir və bundan zövq alırlar.

Maraqlıdır, respublikada görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə kitabxanada durum necədir?

Bakıda Nərimanov rayonu, 2-ci Sülh döngəsi 2 ünvanında yerləşən kitabxana 4 mərtəbəli binanın zirzəmisindədir. Zirzəminin qapısını açaraq üzüaşağı dik pilləkənləri gördükdə, görəsən, görmə məhdudiyyətli şəxslər bu pilləkənlərlə necə qalxıb-düşürlər, deyə sual ağlımıza gəlir. Ehtiyatla aşağı enirik.

© Sputnik / Nigar Iskanderova
Gözdən əlillər kitabxanası

Kitabxanaçı Nazlı Əliyeva bizi kitabxana ilə tanış edir: "Kitabxanamız 1981-ci ildə yaranıb. 262 kvadrat metrlik ərazisi olan kitabxana 4 mərtəbəli binanın zirzəmisində yerləşir. Burada brayl əlifbası ilə yazılan, eyni zamanda audio formatda olan, həmçinin adi kitablar var. Oxucularımız isə 5 yaşdan 90 yaşadəkdir. Anaları 5 yaşlı yaxud da bir qədər böyük yaşlı övladlarını gətirərək onlara burada kitab oxuyurlar. Burada hətta abituriyentlər üçün lazım olan bəzi vəsaitlər də var".

Kitablarla tanış oluruq, burada dünya ədəbiyyatı, uşaq ədəbiyyatına aid müxtəlif növ - Azərbaycan, rus və türk dillərində kitabalr var. Az sayda olsa da, ingilis dilli kitablara da rast gəlmək mümkündür. Kitabxananın 19 işçisindən 13-ü görmə məhdudiyyətlidir.

Nazlı xanım deyir ki, buradakı audio kitablar səsyazma məntəqələrində diktorlar tərəfindən səsləndirilir: "Bu səslər montaj olunaraq flashcard-a, diskə yazılır ki, görmə məhdudiyyəti olan şəxslər kiminsə köməyi olmadan mütaliə edə bilsinlər. Azərbaycanın Xalq artisti Eldost Bayramov, diktor Zərifə Ağahüseynqızı və digərləri bu kitabları səsləndirib. Bəzən tələbələr gəlir ki, biz ödənişsiz olaraq kitabları səsləndirmək istəyirik. Bu zaman həmin şəxsin səsi dinlənilir. Çünki bizim auditoriya görmədiyi üçün onlar səsə daha həssasdılar. Bu səbəbdən də səsin xoş, avazlı olub-olmadığı yoxlanılır. Səslə yanaşı, ləhcənin olmaması, düzgün oxunma çox önəmlidir".

© Sputnik / Nigar Iskanderova
Kitbaxanaçı Nazlı Əliyeva

Kitabxanaçı deyir ki, brayl tipli kitablar xüsusi avadanlıqlarla çap olunur. Düzdür, bu kitablar audio kitablarla müqayisədə az olsa da, ona maraq var. Audio tipli kitablar buradakı kitabların təxminən 70 faizini təşkil edir.

Söhbət boyu suallar da beynimizdə gəzib-dolaşır: Havalandırma sistemi, pəncərəsi olmayan və görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş kitabxanada görəsən ən çox nə qədər oturub mütaliə etmək olar?

Elə Nazlı xanım da deyir ki, onlaırn əsas problemləri məhz yerləşdikləri məkanla bağlıdır: "Əsas problemimiz bu məkanla bağlıdır. Mərkəz olaraq yerimiz yaxşıdır, "Gənclik" metrostansiyasının yanından bura beş dəqiqəyə çatmaq olur. Amma kitabxananın zirzəmidə yerləşməyi həm fəaliyyətimiz, həm də oxucularımız üçün narahatlıq yaradır. Elə şəxslər var ki, həm görmə məhdudiyyətlidir, həm də onların ayaqlarında, yerimələrində də problemlər var. Onların arasında əsa ilə gəzənlər, arabada olanlar da var ki, bura düşüb-çıxmaq heç də rahat olmur".  

© Sputnik / Nigar Iskanderova
Taktil kitab

"Yaşayış binasının zirzəmisində yerləşirik deyə, burada nəmişlik olur, bir də görürsən ki, yuxarıdan su damır. İldə bir neçə dəfə bu iş başımıza gəlir, kitab fondumuz xarab olur, Pəncərələr olmadığndan havalandırma sistemi də yoxdur", - deyə o əlavə edir.   

N.Əliyeva deyir ki, oxucular əvvəllər daha çox gəlirdi, hazırda isə gündəlik gələn oxucuların sayı 10-15-dir: "Bunun da səbəbi ictimai nəqliyyatda, taksilərdə qiymətlərin artması ilə bağlıdır. Bu şəxslər gələndə tək gəlmirlər, mütləq onlarla kimsə də gəlir. Yəni, hər dəfə taksi ilə gəlmək onlar üçün heç də sərfəli deyil. Lakin biz kitabları onlara əlçatan etmək üçün bəzən özümüz ünvana aparırıq. Görmə məhdudiyyətli şəxslər adətən kompakt olaraq bir ərazidə yaşayırlar. Belə olanda, yaxud da şəxslərdən biri gəlib kitab götürdükdə sonradan digər görmə məhdudiyyətli şəxslərə də verir. Bu zaman həmin şəxs bizimlə əlaqə saxlayaraq kitabı kimə verdiyini deyir və kitab onun adından çıxarılaraq başqasının adına salınır".

© Sputnik / Nigar Iskanderova
Səsli kitab

Pandemiya dövründə oxucuların evdən çıxmaması üçün kitabxanın digər əməkdaşları təəfindən "Youtube" və "Facebook" vasitəsi ilə kitablar oxuyaraq səsləndirirlər: "Pandemiya dövründə "Zoom" proqramı vasitəsi ilə tədbirlər də keçirmişik. Bizim əsas kontingentimiz Gözdən Əlilər Məktəbinin şagirdləridir. Onlar da tez-tez bura üz tutur, tədbirlərimizə qatılır, müxtəlif proqramlarla çıxış edirlər. Biz onların şairlər, yazıçılar, qəhrəmanlarımızla görüşlərini də təşkil edirik".        

Kitabxananın direktoru Şəhla Vəliyeva da zirzəmi şəraitinin çətinliklərindən danşır: "Bizim kitablar xüsusi kitablardır. Brayl əlifbası ilə nəşr olunan kitablar müəyyən temperaturda, şəraitdə qorunub saxlanılmalıdır. Bu kitablarla yanaşı disklərin də zirzəmi şəraitində saxlanılması düzgün deyil. Bu bizim başlıca problemimizdir. Təsəvvür edib, bəzən təmir  bitməmiş divarlar yenidən nəm verir".

  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Səsli kitab
    © Sputnik / Nigar Iskanderova
  • Gözdən əlillər kitabxanası
    © Sputnik / Nigar Iskanderova
1 / 4
© Sputnik / Nigar Iskanderova
Səsli kitab

"Ev sahibləri evlərini kirayə verirlər. Kirayədə qalanlar isə gördüyünüz kimi, vəziyyətimizi bu hala gətiriblər. Zirzəmidə olmasaydıq, vəziyyət fərqli olardı", - deyə o əlavə edir.

Hazırda kitabxananın 1200 oxucusu olduğunu deyən direktor bu auditoriyada 83-85 yaşlı nənə-babaların da yer aldığını diqqətə çatdırır.

98