“Qobu-Park 3” Yaşayış Kompleksində fəaliyyət göstərən “Xarı Bülbül” Mərkəzi

Havalansın Xanın səsi: Qarabağı andıran "Xarı bülbül" Qobuda

2915
(Yenilənib 14:05 20.03.2021)
Ömrünün ən gözəl çağlarında qaçqınlıq həyatı yaşayan Qarabağ xanımları - İndi onlar sevinc göz yaşları ilə qovuşduqları "Xudafərin"i toxuyurlar.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 mart  — Sputnik. “Könlüm keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan”...

Uzun illər Qarabağa aid müxtəlif mahnılar bəstələdik, şeirlər yazdıq. Uzun illər geri qayıtmağı arzuladıq və nəhayət bu gün o gün oldu. Artıq müzəffər Azərbaycan Ordusu əzmlə qabağa gedərək torpaqlarımızı işğaldan azad edib.

Qarabağ incəsənətinin tanınması, təbliği üçün bu gün fəaliyyət göstərən mərkəzlərdən biri də “Xarı Bülbül”dür. Özündə Qarabağı, Qarabağ xatirələrini, incəsənət qoruyub mühafizə edən “Xarı Bülbül”də qarabağlı uşaqlar pulsuz təhsil alır, incəsənətin müxtəlif növlərini öyrənir. Burada həmçinin Qarabağdan olan xanımlar işlə təmin olunaraq Qarabağın ən məşhur xalçalarını toxuyaraq bu sənətə yeni nəfəs verirlər.

Yolumuz Qobuya, orada bizə artıq işğaldan azad olunan Qarabağımızı xatırladan “Qobu-Park 3” Yaşayış Kompleksində fəaliyyət göstərən “Xarı Bülbül” mərkəzinədir. Qarabağ irsinin ötürülməsi, təbliği üçün bu gün müstəsna rola malikdir. Burada Qarabağı dünyaya tanıdan xalçalar toxunur, bədii irsi öyrədilir.

© Sputnik / Nigar Iskanderova
“Qobu-Park 3” Yaşayış Kompleksində fəaliyyət göstərən “Xarı Bülbül” Mərkəzi

Bu haqda isə şəhid övladı olan xalçaçı-texnoloq Hüseynova Cahan Gülverdiqızı bizə məlumat verir:

“Hazırda məkəzimizdə 16 xalçaçı qarabağlı xanım var. Onların arasında uşaq ikən Qarabağdan çıxanlar da var. Bu səbəbdən bəziləri bu sənəti bilsə, elə göz açandan evində xalça toxunduğu görsə də, bəziləri Qarabağdan didərgin düşdükdə körpə olduğundan elə burada ilk dəfə olaraq xalça toxumağa başlayıblar. Öncə burada onlara xalça ilə bağlı A-dan Z-yə, ilmədən tutmuş onun texnologiyasınadək hər şeyi öyrədirik, daha sonra isə bu qarabağlı xanımları burada işlə təmin edirik. Qarabağlı xanımlar toxuduqları işin müqabilində qazanc əldə edirlər. Toxuduqları bir kvadratın qiyməti 250 manatdır”.

Ötən ilin mayında ölkə başçısı İlham Əliyev tərəfindən açılışı edilən, rəhbəri Azər Rəsulov olan “Xarı Bülbül” mərkəzini kiçik Qarabağ da adlandırmaq olar. Əslində ən çətin sənət növlərindən biri olan xalçaçılıqdır. Digər xalça növləri ilə müqayisədə Qarabağ xalçaları daha böyük zəhmət tələb edir. Hər ilməsində bir sənət, bir sehr gizlənən Qarabağ xalçaçılığının inkişafı, tərənnümü üçün “Xarı Bülbül”də qarabağlı xanımlar gözlərini nurlarını qurban verməyə də hazırdılar.

“Burada sırf Qarabağ xalçaları toxunur, Qarabağ naxışları öyrədilir. Toxunan, hazır xalçalarımız sırasında “Xudafərin”, “Açma-yumma”nı da görmək mümkündür. Burada xanımlarımız həmçinin Qarabağ abidələrinin üzərində həkk olunduğu suverenlik xalçalar da toxuyurlar”, - deyə həmsöhbətimiz əlavə edir.

© Sputnik / Nigar Iskanderova
“Qobu-Park 3” Yaşayış Kompleksində fəaliyyət göstərən “Xarı Bülbül” Mərkəzi

Belə xalçalar arasında “Xudafərin”, “Şuşa Qalası”, Qarabağın “Məscid Qalası”, Kəlbəcər diqqət çəkir. 

Həmsöhbətimiz bizə bir qədər Qarabağ xalçaları və onların ən məşhuru olan “Açma-yumma” haqda məlumat verir:

“Qədim zamanlardan “Açma-yumma” xalçalarının istehsal mərkəzləri Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, XVIII əsrdən etibarən isə həmçinin Şuşa və ona yaxın yerləşən Şırlan və Xəlfəli qəsəbələri olub. Qədim zamanlarda Bərdə rayonunun Kəbirli kəndində istehsal olunan kiçik ölçülü “Açma-yumma” xalçaları çox məşhur idi. Onlar zərif iplərdən toxunurdu, həzin və sakitləşdirici çalarlara malik olurdu”.

“Hazırda toxunmuş olan “Açma-Yumma” xalçasının eni 2 metr, uzunluğu isə 3 metrdir”, - deyə Cahan xanım əlavə edir. Burada həmçinin Azərbaycan xalça sənətinin əsas ornamenti olan “Buta”lı xalçaları da görmək mümkündür. Gəzərək toxunma prosesində olan digər xalçalar - “Malıbəyli”, “Qasımuşağı” ilə tanış oluruq. Söhbət əsnasında öyrənirik ki, buradakı xalçalar təmiz yun saplardan hazırlanır. Cahan xanım deyir ki, xalçanın ərişi yun olanda o çox gözəl alınır və daha baha satılır.

Xalçaçı qarabağlı xanımlarla da tanış oluruq. Onlar arasında nisbətən daha yaşlısı olan 50 yaşlı Məhluqə Məmmədalıyeva Cəbrayılın Şahvəlli kəndində doğulub. Onun uşaqlığı, ömrünün yalnız 21 ili Cəbrayılda keçib. 1993-cü ildən torpağındna didərgin düşən həmsöhbətimiz artıq torpağına geri qayıtmağa hazırlaşdığını söyləyir: “Cəbrayıl çox gözəl idi, çox gözəl təbiəti var idi. Oradakı o gözəlliyi, saflığı heç yerdə görməmişəm. Elimiz-obamız toylu-düyünlü idi. O vaxtlar bu gözəl xalçalarımız toy məclislərində mağarlarda asılırdı. Sanki böyük sənət əsəri ilə mühafizə olunurduq”.

© Sputnik / Nigar Iskanderova
“Qobu-Park 3” Yaşayış Kompleksində fəaliyyət göstərən “Xarı Bülbül” Mərkəzi

Məhluqə xanım deyir ki, bir müddət öncə dəzgahda toxumağa başladıqları “Xudafərin” onlar üçün düşərli oldu. Elə xalçanı toxumağa başlayanda ürəyində Xudafərinə qovuşmaq üçün böyük ümid yaranan Məhluqə xanım, artıq “Xudafərin”miz bizdədir, deyərək ürəyinə su səpir.

O param-parça olmuş xatirələrindən, bir qədər acılı günlərindən də danışır:

“Anasız böyüdüyüm üçün uşaqlığım nisgilli olub. Demək olar ki, doğulduğum o evdə 13 yaşımda ana oldum, yəni balaca bacıma analıq etdim. Çünki bacımın beş yaşı olanda anam dünyasını dəyişmişdi. Amma bununla belə xoş xatirələrim də olub. Kəndimiz bir oba idi, demək olar ki, yad adam yox idi. O vaxtlar məktəbli qızlar yığışaraq bulaq başında oturardıq. O gün bacıma deyirəm ki, bir gün ora qayıdıb heç nə olmamış kimi səhəng götürüb suya gedərik. Elim-obam, atam-qardaşım yanımda idi. Gözəl xatirələrim var idi. 1993-cü il hadisələri isə bizə itkilər yaşatdı. Qardaşım Qarabağ qazisi oldu, 1 ildən sonra isə səhhəti ağırlaşdı və dünyasını dəyişdi. Ermənilərin qəlpə olaraq qəlbimə vurduqları yaralar çoxdur”.

21 yaşında, ömrünün ən gözəl çağında qaçqın adı alaraq oradan didərgin düşən həmsöhbətimiz deyir ki, bunun üçün özünü təhqir olunmuş hesab edirdi: “O torpaq şəhid qanı ilə yuyulduğundan hərdən düşünürəm ki, kaş oranı ancaq Gülüstanlıq edələr, insan ayağı dəyməyə. Atam deyirdi ki, vətən o zaman cənnət qoxur ki, orada şəhid qanı var. Qarabağın, Cəbrayılın hər damlasında şəhid qanı var. Təsəvvür edin, 1993-cü ildə şəhidlərimiz o qədər çox oldu ki, onları kəfənləyə də bilmədik, hərbi formada dəfn etdik. Şəhid verə-verə torpaqlarımızdan didərgn düşdük, indi isə şəhid verə-verə geri qayıdırıq. Amma bu tarixdə bizim üçün bir ilkdir ki, işğal olunan torpaqlarımızı geri aldıq. Təbii ki, bu da Ali Baş Komandanımızın sayəsində baş tutdu”.

© Sputnik / Nigar Iskanderova
“Qobu-Park 3” Yaşayış Kompleksində fəaliyyət göstərən “Xarı Bülbül” Mərkəzi

Xalçaya olan maraq, sevgi də elə məhz doğulub boya-başa çatdığı obadan gəlir. Gözünü açdığı, getdiyi hər qohum-əqrəbanın evində xalça toxunuşu texnikasını yaxından öyrənən Məhluqə Məmmədalıyeva özünün dərk edəndən özünü bu sənətə verib: “Xalça əl əməyi, göz nurudur. Çünki bir ilmədə səhv etsən, çeşidin itir. Bir qarış da toxumuş olsan, gərək onları açıb geriyə qayıdasan”. 

Bir müddət Cəbrayılda fəaliyyət göstərən “Azərxalça”da çalışan Məhluqə xanım deyir ki, indi bir çox cəbrayıllıların evində, eləcə də öz evində də Cəbrayılın gözəl xalça nümunələrindən var.

Beləcə azad olunmuş, lakin hələlik torpağına ayaq basa bilmədiyimiz Qarabağı xatırladan bu gözəl, füsunkar məkandan ayrılırıq...

2915
Prezident İlham Əliyev, arxiv şəkli

Əliyev: Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır

0
(Yenilənib 12:05 13.04.2021)
"Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".

BAKI, 13 aprel — Sputnik. İlk olaraq, belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığımı bildirmək istəyirəm. Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır.

İlham Əliyev İskəndər M raketinin qalıqlarını nümayiş etdirir
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, otuz ildir, Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də onların həmrəyliyini görürük: "Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".

0
Prezident İlham Əliyev, arxiv şəkli

"Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil" - İlham Əliyev

8
"Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Bəzən bu çox çətindir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Təbii ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını təxmin etmək çətindir. Düşünürəm ki, bu, böyük ölçüdə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Düşünürəm ki, burada, həm də Yerevanda körpülər qurmaq üçün daha aktiv olmalıyıq. Təbii ki, əgər bunu Ermənistan istəyirsə. Biz onların niyyətlərini bilmirik. Onlar bunu heç vaxt açıqlamayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Mən artıq bir neçə dəfə demişəm ki, biz müharibə səhifəsinin bağlandığını düşünürük. Mən artıq bir neçə dəfə demişəm ki, biz artıq Ermənistanla mümkün sülh razılaşması ilə bağlı da danışa bilərik. Bu bizim planlarımızdır. Lakin biz Ermənistan tərəfindən belə bir mesajlar görmürük.

Ermənistan Baş naziri susub. Ermənistan xarici işlər naziri isə aqressivdir. Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil. Müharibə zamanı baş verənləri xatırlamalıdırlar. Erməni müxalifəti əslində isteriyadadır. Hazırda Azərbaycanafobiya və türkofobiya yeganə amilə çevrilib. Bu onlarda həmişə ən önəmli faktorlardan biri olub. Onların seçki kampaniyalarını Azərbaycanafobiya və türkofobiya, revanşizm hissi üzərində quracaqlarına əminəm.

Buna görə bu qarşılıqlı əlaqəni birtərəfli qura bilmərik. Mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu asan olmayacaq. Ağdama və digər işğaldan azad olunan ərazilərə qayıdacaq sabiq məcburi köçkünlər ermənilərin onların torpaqlarına, onların yaxınların məzarlarına, dini abidələrə nə etdiklərini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən bunu təxmin edə bilərəm. Bilirsiniz, mən müharibə zamanı təmas xəttini keçəndə və ya Ağdama binokl vasitəsi ilə baxanda və işğaldan azad olunan ərazilərə səfər edəndə eyni şeyi hiss etdim. Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Lakin bəzən bu çox çətindir. Mən Azərbaycanlı qaçqınların hansı hissləri keçirəcəyini proqnozlaşdıra bilmərəm. Lakin gələcəyə baxan bir insan kimi, əgər Ermənistan tərəfi müsbət siqnallar verərsə, biz bu əlaqələri qurmaq üçün hər şeyi edəcəyik", -  Azərbaycan Prezidenti əlavə edib.

8