Şuşa şəhərində dağılmış evlər, arxiv şəkli

Şuşada Qala divarının bərpasının ilk mərhələsi yekunlaşıb

456
Qala divarlarının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənib, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişlər əhəng-qum məhlulu ilə doldurulub.

BAKI, 18 mart — Sputnik. Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı, o cümlədən Qarabağın baş tacı olan Şuşa şəhərini azad edib. Dövlət başçısının göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan şəhəri – Şuşanın bərpası və yenidənqurulması, şəhərə yenidən həyatın qaytarılması və onun gələcək inkişafının təmin edilməsi məqsədilə zəruri planlaşdırma və layihələndirmə işlərinə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin mədəniyyət paytaxtı elan etdiyi Şuşanın hazırlanacaq baş planının əsas prioritetlərindən biri şəhərin olduqca zəngin tarixi-memarlıq irsinin, əsrlərlə formalaşmış tarixi simasının qorunub saxlanmasıdır. Bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ilin əvvəlindən aidiyyəti qurumlarla, yerli və xarici ekspertlərlə əməkdaşlıq edərək təşkil etdiyi önəmli layihələrdən biri Şuşanın Qala divarlarının bərpası və konservasiyası layihəsidir.

Bu layihənin birinci mərhələsi – Şuşanın XVIII əsr ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan Gəncə qapısının konservasiyası və Qala divarlarının işğal nəticəsində dağılmış və əhəmiyyətli dərəcədə zədələnmiş, Gəncə qapısının ətrafındakı hissəsinin bərpası və konservasiyası uğurla başa çatdırılıb.

Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsinə Komitə tərəfindən məsləhətçi qismində Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan və 2010-cu ildən etibarən Azərbaycanda Qız Qalası, Məhəmməd Məscidi və bir sıra digər dünya və ölkə əhəmiyyətli abidələrin bərpa və konservasiyasını həyata keçirmiş "Atelier Erich Pummer GmbH" ​şirkətinin rəhbəri Erix Pumer cəlb edilib. Bərpa və konservasiya layihəsi bu sahədə ixtisaslaşmış yerli "Conco" (Konko) QSC tərəfindən həyata keçirilir. Görülən işlər abidənin arxiv materiallarına uyğun olaraq orijinal görünüşünün bərpa olunması üçün müvafiq texnologiyalar və materiallardan istifadə olunaraq aparılıb. Həmçinin, layihənin növbəti mərhələsinə hazırlıq işləri çərçivəsində müasir texnologiyalardan istifadə edilərək Şuşa Qala divarlarının üçölçülü (3D) modelinin yaradılması üçün lazer skaner cihazı ilə çəkilişlər və müayinə aparılıb ki, hazırlanan model layihələndirmə və bərpa prosesinin daha səmərəli və yüksək dəqiqliklə aparılmasına imkan verir.

Bərpa işlərinin başa çatmış birinci mərhələsində Qala divarlarının və yüksək memarlıq xüsusiyyətləri ilə seçilən Gəncə qapısının daşları son illər ərzində tətbiq edilmiş yad sement-qum tərkibli suvaq qatından təmizlənib, beynəlxalq konservasiya standartlarına uyğun olaraq daşların tikişlər əhəng-qum məhlulu ilə doldurulub. Qapının xarici tağının yuxarı səmti, həmçinin, Qala divarlarının dörd zədələnmiş hissəsi, kontrforsun dağıdılmış tərəfi, Qala divarlarının fasad hissəsində müdafiə məqsədilə tüfəng atəşi üçün nəzərdə tutulmuş 9 mazğal bərpa edilib. Eyni zamanda, Qala divarlarının gözətçi qülləsinin altındakı zirzəminin divarları və köməkçi otağı da sement-qum suvağından təmizlənərək əhəng-qum məhlulu ilə doldurulub, iki gözətçi qülləsi arasındakı divarın bütün perimetri üzrə yuxarı ətəyinə eyni səviyyə verilib, divar üzərində yad yazılar təmizlənib. Tarixi abidənin xarici və daxili həyətlərində mövcud olan yad metal elementlər də demontaj ediib, əsgər yolunun bir hissəsi təmizlənərək bərpa olunub.

Bununla yanaşı, Şuşa şəhərinin Qala divarları üzərində vaxtilə mövcud olmuş, lakin Ermənistan Silahlı Qüvvələrinin işğalı dövründə sökülmüş məşhur "Şuşa" yazısı da yenidən bərpa edilib. Bu məqsədlə Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri yüngül metal konstruksiya əsaslı, Qala divarlarına hər hansı təhlükə və xələl gətirməmək şərtilə layihələndirilmiş və alüminiumdan istehsal olunmuş "Şuşa" yazısını tarixi yerində quraşdırıb.

456

Ağdam rayonunun İsmayılbəyli kəndindən görüntülər - VİDEO

53
(Yenilənib 10:50 20.04.2021)
Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun İsmayılbəyli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görünütləri paylaşır. 

İsmayılbəyli Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənddir, dağ ətəyindədir. Keçmiş adı Mərzili İsmayılbəy olub. Yaşayış məntəqəsi Cavanşir qəzasında yaşamış mərzili tayfasına mənsub ailələrin başçısı İsmayıl bəyin adı ilə adlandırılıb.

Kənd 1993-cü il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, işğaldan azad edilib.

53
Leytenant Kamil Hüseynov

Hərbçi olmağı universitet diplomundan üstün tutan qazimiz - FOTO

463
Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Vətən müharibəsində Suqovuşanın azad olunması istiqamətində döyüşlərdə yaralanan igidlərimizdən biri leytenant Kamil Hüseynovdur. O, YAŞAT Fondu tərəfindən Türkiyədə müalicə edilən qazilərimizdəndir. Vətən müharibəsində 3 medalla təltif olunan 27 yaşlı gənc zabitimiz sağaldıqdan sonra yenidən ordu sıralarına qatılaraq xidmətini davam etdirmək arzusundadır.

Kamil Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Hərb sahəsinə olan marağı onu bu sahəyə yönəldib. Qiyabi təhsil aldığı müddətdə öncə ordu sıralarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edib. Daha sonra isə zabit kursunu bitirərək motoatıcı ixtisası üzrə leytenant rütbəsi alaraq taqım komandiri kimi xidmətini davam etdirib. Vətən müharibəsində ilk gündən döyüşlərə atılan Kamil Suqovuşanın azad olunması tapşırığının yerinə yetirilməsində iştirak edib.

© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynov ailəsi ilə birgə

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Kamil Hüseynov yaralanmasına baxmayaraq döyüşü sonadək davam etdirdiyini, taqımının döyüş ruhuna təsir etməməsi üçün son məqamadək onu gizlətməyə çalışdığını deyib: “Döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Rütbəsindən asılı olmayaraq hamı döyüşə can atırdı. Bütün döyüşçülər qisas hissi ilə alışıb-yanırdılar. Ona görə ancaq irəli getməyi düşünürdük. Düşmən də çox güclü müdafiə qurmuşdu. Lakin biz irəlilədikcə qarşımızda dayana bilməyib geri çəkilirdilər. Çəkildikdən sonra isə tərk etdikləri mövqələri aramsız artilleriya atəşinə tuturdular. Hər müdafiə səddini əsgərlərimizin igidliyi sayəsində alırdıq. Düşmən postlarının birinin alınması zamanı yaxın məsafədən döyüşdə mən də yaralandım”, - deyə o bildirib.

Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.

  • Leytenant Kamil Hüseynov ailəsi ilə birgə
    © Sputnik / Ilham Mustafa
  • Leytenant Kamil Hüseynovun sertifikatı
    © Sputnik / Ilham Mustafa
  • Leytenant Kamil Hüseynov ailəsi ilə birgə
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynov ailəsi ilə birgə

Kamilin atası Dursunəli Hüseynov deyir ki, oğlunun kiçik yaşlarından hərb sahəsinə marağı olub. Onun bu istəyinə çatması üçün isə valideyn olaraq Kamilə dəstək olublar. O, uşaq vaxtından idmanla məşğul olan Kamilin karate növü üzrə nailiyyətləri olduğunu da söyləyib: “Müharibənin hər üzü var. Kamil hərbiyə qoşulandan çətinliklərin hər birini gözə almışdıq. Hər gün dua edirdik ki, müharibə tezliklə qurtarsın, Qarabağımız azad olsun, itkilərimiz az olsun. Kamilin də bu yolda zəhməti keçməsindən qürur duyuram. İstərdim ki, tezliklə sağalsın, yenə əvvəlki kimi öz missiyasını davam etdirsin. Mən onu həmişə dəstəkləyirəm”.

© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynovun fotosu

Kamilin aldığı xəsarət ciddi olduğundan iki dəfə əməliyyat olunub. Yaşat Fondu tərəfindən Türkiyədə cərrahiyyə əməliyyatı olunan qazimizin müalicəsi aparılıb və bundan sonra da müalicəsinin davam etdiriləcəyi deyilib.

Ağstafa şəhərində Şıxəli Qurbanov küçəsində yaşayan, ailənin tək oğul övladı olan leytenant Kamil Hüseynov bu yaxınlarda ailə həyatı da qurub. Vətən müharibəsinin qalib qazisi 3 medalla – "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

463
Teqlər:
müharibə, Qarabağ, Ağstafa, qazi
Mövzu:
Müharibə adamları
Nəsibə Zeynalova Qaynana filmində. 1978-ci il

Səhnəmizin "Cənnət"inin doğum günüdür

0
(Yenilənib 11:38 20.04.2021)
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

BAKI, 20 aprel — Sputnik. Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı, görkəmli satira ustası Nəsibə Zeynalovanın anadan olmasından 105 il ötür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan teatrsevərləri arasında "qayınana" kimi sevilən, Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

0