Rusiya Müdafiə Naziri Sergey Şoyqu, arxiv şəkli

Şoyqu Qarabağ razılaşması barədə: "Bütün tərəfləri dilə tutmaq lazım idi"

61
(Yenilənib 14:00 17.03.2021)
"Bu gün ilk nailiyyətimiz odur ki, insanlar atıq bir-birini öldürmürlər. İkincisi, düşünürəm ki, onların ikitərəfli əlaqələrə keçməsi, bir-biri ilə danışmasının vaxtı çatıb. Mən Ermənistan və Azərbaycanı nəzərdə tuturam".

BAKI, 17 mart — Sputnik. "İki ölkə arasında "çətin, mürəkkəb, lakin çox məhsuldar iş aparılır".

Sputnik-Azərbaycan Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə-Rusiya münasibətlərini səciyyələndirərkən deyib.

"Biz birlikdə işləyirik. Lakin işi mürəkkəbləşdirən məqam Türkiyənin NATO üzvü olmasıdır. Əlbəttə, bu mane olur. Öz-özlüyündə bu, deyərdim ki, çox unikal bir təcrübədir. Belə ki, tərəflərdən biri NATO üzvüdür, digəri isə bu təşkilata üzv deyil. Onlar bir-biri ilə dil tapır, birlikdə iş aparır, əməliyyatlar həyata keçirir, mümkünsüz olduğu düşünülən məsələlərdə kompromisə gəlirlər. Lakin biz məsələlərin həlli variantlarını tapırıq. Hazırda biz Suriyada birlikdə patrul fəaliyyətini həyata keçiririk. Və biz birlikdə terrorizmlə mübarizə aparırıq. Biz kifayət qədər tez-tez ümumi hava məkanlarımızda da iş aparırıq. Bir çox keçid məntəqələrində işi tənzimləyir, nəzarət edir, birlikdə qaçqınlar problemi ilə məşğul oluruq. Bu çətin, mürəkkəb işdir.

Son birgə işimiz, sözsüz ki, Dağlıq Qarabağdır. Bu, çox çətin bir əməliyyatdır. Mən bunu məhz bu cür adlandırardım. Çünki bu prosesdə çoxlu arqumentlərdən, elementlərdən, motivlərdən istifadə olunub. Axı iki qardaş xalq, bizim iki yaxın qonşumuz düşmənçilik edirsə... Bu həmin qonşulardır ki, biz onlarla sülh, əmin-amanlıq və dostluq şəraitində yaşamışıq və bir daha təkrar edirəm, belə yaşamaqda da davam edəcəyik", - deyə Şoyqu qeyd edib.

Nazir həmçinin digər tərəfdən Türkiyənin bu prosesə qoşulduğunu və ona görə də türkiyəli həmkarlarla da danışmaq və bu məsələ ilə birgə məşğul olmaq lazım olduğunu deyib.

"Bizim prezidentimiz, inanın, bütün bunların baş verməsi üçün çox böyük iş gördü. Həm də bütün tərəfləri dilə tutmaq lazım idi. Yəni elə bir tərəf yox idi ki, desin: "Mən razıyam, qalanlarını inandırın". Xeyr, sözsüz ki, hamını inandırmalı olurduq. Biz də öz səviyyəmizdə, müdafiə nazirləri səviyyəsində türkiyəli həmkarlarımızla işləyirdik. Lakin bu gün ilk nailiyyətimiz odur ki, insanlar atıq bir-birini öldürmürlər. İkincisi, düşünürəm ki, onların ikitərəfli əlaqələrə keçməsi, bir-biri ilə danışmasının vaxtı çatıb. Mən Ermənistan və Azərbaycanı nəzərdə tuturam", - deyə Şoyqu bildirib.

Daha sonra rusiyalı nazir bu məsələdə də çox şeyin Rusiya və Türkiyə arasında yaranmış münasibətlərdən asılı olduğunu deyib.

"Məsələnin həllində yeni oyunçular, köhnə qonşular ortaya çıxır. Lakin onlar öz təklifləri ilə gəlirlər. Mən İranı nəzərdə tuturam. Bu infrastrukturun inkişafı, dəmir yolu, hidro-energetika, nəqliyyat və bir çox başqa məsələlərlə bağlıdır", - deyə o bildirib.

Daha sonra nazir uzun müddət Rusiya hökumətinin nümayəndəsi kimi postsovet məkanında baş vermiş münaqişələrlə məşğul olduğunu bildirib.

"Mən Cənubi Osetiya – Gürcüstan, Dnestryanı – Moldova, Özbəkistan-Tacikistan və bir çox digər münaqişələrlə, o cümlədən elə həmin Qarabağ, Bakı və Yerevandan on, yüz minlərlə gələn qaçqınlarla məşğul olmuşam. Çox çətin zamanlar idi. Lakin hətta həmin dövrlərdə də mən bizim birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayacağımıza əminliyimi itirməmişəm", - deyə Şoyqu vurğulayıb.

Şoyqu, həmçinin ABŞ-Rusiya əlaqələrinə də toxunub. Nazirin fikrincə, ABŞ-ın yeni administrasiyasının ilk addımları ümidvericidir. İlk növbədə ona görə ki, strateji hücum silahlarına dair müqavilənin müddətinin uzadılması ilə bağlı sürətli irəliləyiş əldə olunub.

"Təbii ki, hamı rahat nəfəs aldı. İndi artıq hamı başa düşür ki, ABŞ yerinə yetirilə bilməyən tələb və təkliflərdən tam normal və konstruktiv dialoqa keçib. Ümidvaram ki, gələcəkdə təkcə ABŞ və Rusiyanın deyil, həmçinin digər ölkələrin də maraqlarına uyğun olan addımlar atıla bilər. Çünki hazırda ritorika belədir: "Bəli, Rusiya ilə əməkdaşlıq etmək lazımdır, lakin yalnız bizim üçün sərfəli olan sferalarda". Nə dəyişə bilər? Ümidvaram ki, nə vaxtsa tam, bir daha vurğulayıram, tam və bərabərhüquqlu dialoq, Rusiya-NATO şurasının işi bərpa olunacaq", - deyə nazir bildirib.

61
Teqlər:
ABŞ, Türkiyə, Ermənistan, müsahibə, Sergey Şoyqu, Azərbaycan, Rusiya, Qarabağ
Partlayış, arxiv şəkli

Torpaq çəkir, tale oynayır: Hər addımı ölüm olan ziyarət - FOTO

198
(Yenilənib 21:52 10.04.2021)
İşğaldan azad olunan rayonların sakinləri 30 ilə yaxındır, köçkün düşdükləri torpaqlara getmək üçün tələsirlər. Amma unutmaq olmaz ki, ermənilər ərazilərimizin hər addımında ölüm təhlükəsi yaradıblar.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Heyvanlarını otarmaq üçün örüşə aparmışdı. Ancaq mina partlayışı onun bir ayağını itirməsinə səbəb oldu. Söhbət Tərtər rayon Borsunlu kənd sakini 45 yaşlı Niyaməddin Verdiyevdən gedir. Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə mütəmadi olaraq heyvan otaran Niyaməddin Verdiyev bir gün Ermənistan ordusunun basdırdığı piyada əleyhinə minaya düşür. 

Hadisə zamanı xəsarət alan Niyaməddin yaxınlarına zəng edir və onu ərazidən çıxarırlar. Xəstəxanaya yerləşdirilən Niyaməddin Verdiyevin sağ ayağı amputasiya edilir: “Fevralın 22-də,  axşamüstü haradasa saat 5-in  yarısı idi.  Heyvan otarırdım. Minaya düşdüm. Zəng elədim, maşınla gəldilər.  Məni həmin ərazidən çıxartdılar, götürüb, gətirdilər Bərdə xəstəxanasına”.

Sputnik Azərbaycan-ın həmsöhbəti deyir ki, Ermənistan silahlı qüvvələri bilərəkdən həmin əraziləri minalar və digər döyüş sursatları ilə çirkləndirib. Səbəb isə mülki əhalinin bundan ziyan çəkməsidir. Hazırda vəziyyətinin yaxşı olmadığını, müalicəsinin davam etdiyini deyən müsahibim insanları işğaldan azad edilən ərazilərə icazəsiz səfər etməməyə çağırır. Çünki sürpriz minaların partlayışı ağır nəticələrə, bəzən də insan ölümünə səbəb olur. “Mən bütün insanlara, xüsusən orada doğulub, boya-başa çatan şəxslərə üzümü tutub, deyirəm. Təhlükəlidir, onu elə basdırırlar ki, düşünmürsən ki, həmin ərazidə mina olar. Necə basdırıblarsa, görünmür. Elə bil, adi yerdir. Heç qazılmayıb, bura nəsə basdırılmayıb. Ayağını qoyursan, həmin dəqiqədə partlayır. Mən oraya getmək istəyən şəxslərdən xahiş edirəm ki, məni görürlər, ayağım yoxdur. Gözlərinin qabağındayam. Kim istəyər belə olsun? Xahiş edirəm, tələsməyin, getməyin”.

© Sputnik / Emin Alisahib
Niyaməddin Verdiyev

Ağdamda məskunlaşan Hüseynovlar ailəsi də minadan zərər çəkib. Rayonun Əfətli kəndində yaşayan ailə İlaxır çərşənbə günü işğaldan azad edilən Yusifcanlı kəndində doğmalarının məzarını ziyarət etməyə gediblər. Qəbristanlığa icazəsiz səfər edən ailə üzvündən 4 nəfər və bir nəfər qonşu minaya düşüb. Nəticədə 2 nəfər həyatını itirib, 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

“Məcburi köçkün olduğumuz üçün Ağdam rayon Əfətli kəndində yaşayırıq. Qardaşlarım Razi və Bayram nənəmlə babamın qəbrin ziyarət etməyə gediblər. Elə hadisə də o zaman baş verdi. Əvvəlcə qardaşlarım minaya düşdülər. Atam Akif, mən, bir də qonşumuz Bəhruz  onlara kömək məqsədilə getdik, biz də minaya düşdük. İki qardaşım həyatını itirdi. Atamla mən də ciddi xəsarət aldıq. Bizimlə gedən qonşumuz da üz nahiyəsindən xəsarət aldı”.

Hazırda Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicə alan Anar Hüseynovun bir ayağı hadisədən sonra amputasiya edilib. “Vətəndaşlara deyəcəyim odur ki, heç kim həmin ərazilərə getməsin. Çünki nəticəsi çox pis olacaq. Mənfur düşmənlərimizin basdırdığı minaları ANAMA-nın əməkdaşları təmizləyirlər. İmkan verək ki, bu prosesi rahat həyata keçirsinlər. Daha sonra ziyarətgaha getmək məsləhət olunacaq və biz də gedəcəyik. Kim əgər tələsib, o ərazilərə getmək istəsə, məni və ailəmi gözünün qarşısına alsın”.

© Sputnik / Emin Alisahib
Anar Hüseynov

Düşdüyü vəziyyətdən çox böyük peşmanlıq duyan Anar deyir ki, düşünmədən atdığı bu addımın ömrü boyu ağrı -acısını çəkəcək. İki qardaş itkisi, bir tərəfdən də öz sağlamlığını itirməsi sağalmaz bir yaradır. O, insanları belə bir səhv etməməyə çağırır. Çünki düşmən hər qarışı minalarla çirkləndirib.

“1 metr enində, 40 metr uzunluğunda olan ərazidən 47 ədəd bir, 38 ədəd bir, 9 ədəd mina da bir çıxartdılar. Yəni minalar görünən yerdə də deyil ki, hiss edəsən. Adi torpaqdır, sanki...”

Qeyd edək ki, Vətən müharibəsindən sonra 40 nəfərədək mülki şəxs minaya düşüb. Onlardan bəziləri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Bu gün ayağı amputasiya edilib, ömürlük əlil qalanlar da var. Odur ki, gəlin tələsməyək. Oralar bizim dədə-baba torpaqlarımızdır. Gec-tez görəcəyik. Əsas odur ki, bu gün yağı tərəfindən talan və  viran edilən yurdumuz artıq Azərbaycan əsgərlərinin nəzarətindədir. Qarabağ bizimdir, ancaq oraya getmək üçün tələsməyək. Tələskənliyimiz  bizi doğma yurda yox, ölümə aparır. 

198
Teqlər:
mülki əhali, qəbristanlıq, ziyarət, mina, işğaldan azad edilmiş ərazilər, Qarabağ
Füzulidə yolda Azərbaycan polisi, arxiv .'kli

Polisə xəsarət yetirib azad olmuş ərazilərə keçmək istədilər

19
(Yenilənib 14:15 10.04.2021)
Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunub.

BAKI, 10 aprel — Sputnik. Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən "VAZ-2106" markalı avtomobilin sürücüsünə növbəti nəzarət postunda "saxla" işarəsi verilib.

Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunub.

Araşdırmalarla sürücü və sərnişinin Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədi ilə həmin ərazilərə keçmələri müəyyənləşib.

Hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

19
Teqlər:
saxlanılma, post, Füzuli, işğaldan azad edilmiş ərazilər
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda