Polad Bülbüloğlu, arxiv şəkli

Polad Bülbüloğlu: "Heç bir köməyə ehtiyacım yoxdur"

24
(Yenilənib 11:12 11.03.2021)
"Bir də hamı bilir ki, bunu hörmətli Prezident İlham Əliyev televiziya vasitəsi ilə mənə tapşırıb. Təbii ki, bu, mənim üçün böyük şərəfdir. Burada heç bir sual yoxdur. Heç bir problem də yoxdur"

BAKI, 11 mart — Sputnik. "Təbii ki, dahi Bülbülün Şuşadakı evini öz hesabıma bərpa edəcəyəm. Bu, mənim atamın evidir".

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, bu, onun oğulluq və vətəndaşlıq borcudur. "Bir də hamı bilir ki, bunu hörmətli Prezident İlham Əliyev televiziya vasitəsi ilə mənə tapşırıb. Təbii ki, bu, mənim üçün böyük şərəfdir. Burada heç bir sual yoxdur. Heç bir problem də yoxdur", - deyə P. Bülbüloğlu vurğulayıb.

Səfir Bülbülün evinin bərpa layihəsinin artıq hazır olduğunu da söyləyib: "Layihə təsdiq olunan kimi mən atamın evinin bərpasına başlayacam. Heç bir köməyə ehtiyacım yoxdur. Təbii ki, ata evimi öz vəsaitim hesabıma bərpa edəcəm".

24
Teqlər:
Polad Bülbüloğlu, ev, Şuşa
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropa İttifaqının canfəşanlığı: ikili standartlar keçmişdə qaldı?

985
(Yenilənib 17:33 16.04.2021)
Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərinin Ermənistan tərəfindən də tanınmasını, bu ölkənin reallıqları qəbul edərək Azərbaycanla münasibətlərdə normal yanaşma sərgiləməsini gözləyir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabındakı paylaşımda Ermənistanla Azərbaycan arasında əməkdaşlıq üçün etimadın formalaşmalı olduğunu yazıb. Aİ-nin xüsusi nümayəndəsi tərəflər arasında inam və etimadın formalaşmasının vacib olduğunu qeyd edib.

Bəs Aİ Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hansı işləri görə bilər? Sputnik Azərbaycan Aİ-nin post-müharibə dövründəki rolu ilə bağlı Milli Məclisin deputatı Ramil Həsənin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycan və Aİ arasında milli maraqlarımıza və beynəlxalq hüquqa söykənən əməkdaşlıq platforması mövcuddur:

“Bizim münasibətlərimiz müxtəlif sahələrdə əməkdaşlıqların qurulması ilə davam etdirilir. Eyni zamanda ikitərəfli münasibətlərimizdə təzadlı yanaşmalar və ikili standartların ortaya çıxdığı məqamlar olub. Avropa İttifaqı Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə və 44 günlük Vətən müharibəsində konkret mövqe sərgiləməyib. Biz ölkəmizə yanaşmada ikili standartlar və qərəzli yanaşmalara şahid olmuşuq.

Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərinin Ermənistan tərəfindən də tanınmasını, bu ölkənin reallıqları qəbul edərək Azərbaycanla münasibətlərdə normal yanaşma sərgiləməsini gözləyir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Amma gəlin baxaq görək Ermənistan buna hazırdırmı?! Azərbaycan bölgənin bütün ölkələri ilə sülh və əməkdaşlıq şəraitində mehriban qonşuluq siyasəti yürüdür. Azərbaycanın bu münasibəti qarşılığında Ermənistan tərəfindən sərsəm bəyanatlar verilməkdədir. Bu isə Ermənistan tərəfinin etimada söykənən əməkdaşlığa hazır olmadığını və problemlərin günahkarının bu ölkə olduğunu göstərməkdədir. Əgər normal münasibətlərin qurulmasını arzu edirlərsə, üzlərini Ermənistana tutsunlar və bunu onlardan tələb etsinlər”.

Politoloq Tofiq Abbasov isə deyib ki, münaqişənin davam etdiyi müddətdə və bu günə qədər Avropa İttifaqının oynadığı rol səmərəsizdir: “Bu qurum illərdir gəlişigözəl ifadələrlə Azərbaycanı yola gətirməyə çalışırdı. Uzun illərdir deyirdilər ki, sərhədlərin dəyişilməsi məqbuldur, siz onsuz da Avropa İttifaqının üzvü olacaqsınız. Belə yanaşma həm yanlış, həm də təhlükəli idi. Çünki Avropa İttifaqının rəsmiləri bununla Ermənistanın işğalçı siyasətini qidalandırırdılar. Buna görə də belə bir müstəvidə sağlam əməkdaşlıq qurula bilməzdi. Əgər Aİ sülhün və əməkdaşlığın qurulmasını istəyirsə, ilk növbədə Ermənistanla işləməli, lazım gələrsə, bu ölkəyə təzyiq mexanizmlərini işə salmalıdır. Biz post-müharibə dövrünü yaşayırıq və görürük ki, Ermənistan daxilindəki siyasi qüvvələr və qruplar Azərbaycana qarşı təxribatlarını qüvvədə saxlayırlar. Belə bir şəraitdə hansısa etimaddan danışmaq olmaz. Müharibə bitib, amma məğlub ölkə tərəfindən təxribatlar başa çatmır. Əminəm ki, Ermənistan tərəfindəki revanşist meyillər, təxribat planları Aİ-nin nümayəndələrinə də bəllidir. Amma onlar özlərini elə göstərirlər ki, sanki bütün bunlardan xəbərsizdirlər”.

“Əgər sülhə hazırlıqdan danışırıqsa, Aİ Ermənistana real situasiyanı anlatmalı və status-kvonun dəyişdiyini izah etməlidir. Ermənistan da anlamalıdır ki, hazırkı status-kvo bir daha onların xeyrinə dəyişilməyəcək. Heç bir havadar qüvvə bu vəziyyəti onların xeyrinə dəyişə bilməyəcək. Çünki Azərbaycan haqq işini başa çatdıraraq, torpaqların gerçək sahibinin özü olduğunu bütün dünyaya göstərdi.

Əgər bizim etimadımızı qazanmaq istəyirlərsə, mina xəritələrini Azərbaycana təqdim etsinlər. Bunu etsələr, əməli işlərə başlamaq üçün mühit yaranmış olacaq. Bu olmasa, hansısa sülhdən, ona hazırlıqdan söhbət gedə bilməz”, – deyə T.Abbasov bildirib.

985
Teqlər:
ikili standartlar, münasibətlər, münasibət, Ermənistan, Azərbaycan, Avropa İttifaqı
Səbuhi Hüseynlinin dəfni

Yeddi ay komada qalan şəhidimiz bu gün dəfn olunub - FOTO

273
(Yenilənib 16:14 16.04.2021)
Səbuhi Hüseynli oktyabrın 26-da Xocavənddə aldığı qəlpə yarasından baş beyninin zədələnməsi səbəbindən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında və Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunurdu.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Dünən Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 24 yaşlı şəhid  Səbuhi Babək oğlu Hüseynli 7 ay komada qalıb və dünən şəhadətə yüksəlib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu gün şəhidimiz Xaçmazın Maqsudkənd kəndində torpağa tapşırılıb. S.Hüseynli Vətən müharibəsində gedən döyüşlərdə kəşfiyyat qrupunun üzvü kimi iştirak edib. O, oktyabrın 26-da Xocavənddə aldığı qəlpə yarasından baş beyninin zədələnməsi səbəbindən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında və Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunurdu. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Şəhidimizin dəfnində Xaçmaz rayon ictimaiyyətinin nümayəndələri, yerli İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, qulluq etdiyi MN-in Qusardakı hərbi hissəsinin əməkdaşları, kənd sakinləri iştirak ediblər. Xaçmaz İH başçısı Elnur Rzayev şəhidin doğmalarına dərin hüznlə başsağlığı verib, dərdlərinə şərik olub. O, şəhidin cənazəsinə bükülmüş üçrəngli bayrağımızı şəhidin iki yaşlı oğluna təqdim edib.

  • Səbuhi Hüseynlinin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Səbuhi Hüseynlinin dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Səbuhi Hüseynlinin dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Səbuhi Hüseynlinin dəfni

Daha sonra rayon rəhbəri Səbuhinin döyüşlərdə göstərdiyi şücaətlərdən danışaraq onun Qarabağ uğrunda gedən müharibədə fəal iştirak etdiyini, qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldiyini bildirib.

Onu da qeyd edək ki, şəhidimiz Səbuhi Hüseynli 2020-ci ilin aprelindən Qusardakı hərbi hissədə MAXE işləyib. Vətən müharibəsi başlayanda şəxsi heyətlə birgə cəbhəyə gedib və qəhrəmanlıqla vuruşub.

Şəhidimiz ailəli olub və bir oğul övladı var.

Allah rəhmət eləsin!

273
Teqlər:
Xaçmaz, koma, dəfn, şəhid
Qandal, arxiv şəkli

Keçmiş komitə sədri Nazim İbrahimovun qardaşı həbs olundu

0
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

BAKI, 17 aprel - Sputnik. Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. Sahib İbrahimov bir müddət ATV şirkətinin prezidenti olub. 

0