Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Azərbaycan XİN bəyanat yaydı: Ermənistan əsgərlərini Qarabağa sızdırır

103
Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir

BAKI, 27 fevral - Sputnik. 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

"Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir. Məlumatlarda hərbçilərin valideynlərinin açıq şəkildə öz övladlarını Azərbaycan ərazisində hərbi xidmətə cəlb olunmasına etiraz etdikləri, Ermənistan hərbçilərinin “Laçın dəhlizi”ndən gizli şəkildə keçirilərək Azərbaycan Respublikasının ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu, onların işgəncə və qeyri-insani rəftara məruz qaldıqları öz əksini tapır.

Bu xüsusda bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarınının açıq şəkildə pozuntusudur.

Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə qanunsuz şəkildə göndərilməsi eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur", - məlumatda qeyd olunur.

XİN-dən vurğulanıb ki, 10 noyabr birgə bəyanatı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərinə yerləşdirilməsinə paralel olaraq Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını nəzərdə tutur: "Həmçinin bəyanatda “Laçın dəhlizi” üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verilir. Bu dəhlizinin hərbi məqsədlər üçün istifadə olunması, xüsusilə gizli şəkildə, mülki formada və mülki nəqliyyat vasitələrində gizlədilməklə şəxsi heyətin ərazilərimizə yeridilməsi “Laçın dəhlizi” üzrə hərəkət rejiminin kobud şəkildə pozuntusudur. Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur.

Ermənistanın bu addımları həmin bəyanatla regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması, sülh və sabitliyin təmin edilməsini nəzərdə tutan tədbirləri ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Qeyd etmək istərdik ki, məhz Ermənistan tərəfindən öz silahlı qüvvələrini üçtərəfli bəyanatın qüvvəyə minməsindən sonra ötən ilin noyabr ayının sonlarında qanunsuz şəkildə Azərbaycan ərazisində yerləşdirməsi bölgədə hərbi gərginliyə səbəb olmuşdur. Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücumlar təşkil edən Ermənistanın diversiya qrupu anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş, 62 nəfərdən ibarət qrup saxlanılaraq Azərbaycanın istintaq orqanlarına təhvil verilmişdir. Silahlı şəxslərin qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazilərinə daxil olması onların mənsub olduğu ölkə üçün beynəlxalq hüquqi məsuliyyət doğurmaqla yanaşı, həmin şəxslər üçün Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq fərdi cinayət məsuliyyəti yaradır.

Ermənistan hərbçilərinin digər ölkənin - Azərbaycan Respublikasının ərazilərində qanunsuz hərbi məqsədlər üçün istifadəyə, xüsusilə aldatma və zorla məcbur etmə vasitəsilə cəlb edilməsi, həm də beynəlxalq insan hüquqları hüququnun, habelə Ermənistanın da üzv olduğu Avropa Şurası və ATƏT kimi regional təşkilatlar çərçivəsində qəbul edilmiş müvafiq sənədlərdə təsbit edilmiş müddəaların ciddi şəkildə pozulmasıdır.

Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə çağırır.

Eyni zamanda, insan hüquqlarının müdafiəsi mandatı olan təşkilatların Ermənistanın öz silahlı qüvvələrinin nümayəndələrinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, onların həyat və sağlamlıqlarını legitim müdafiə ehtiyacı olmadan təhlükə altında qoyan bu hərəkətlərini qətiyyətlə pisləməsi və bu ölkəni qeyd edilən fəaliyyətlərdən çəkindirmək üçün tədbirlər görməsi vacibdir.

Azərbaycan tərəfi bir daha bəyan edir ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistan beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərinin tam şəkildə və vicdanla icra edilməsinin alternativi yoxdur".

103
Teqlər:
yerləşdirmə, qanunsuz, erməni hərbçi, Qarabağ, bəyanat, Azərbaycan xarici işlər nazirliyi
Leytenant Kamil Hüseynov

Hərbçi olmağı universitet diplomundan üstün tutan qazimiz - FOTO

278
Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Vətən müharibəsində Suqovuşanın azad olunması istiqamətində döyüşlərdə yaralanan igidlərimizdən biri leytenant Kamil Hüseynovdur. O, YAŞAT Fondu tərəfindən Türkiyədə müalicə edilən qazilərimizdəndir. Vətən müharibəsində 3 medalla təltif olunan 27 yaşlı gənc zabitimiz sağaldıqdan sonra yenidən ordu sıralarına qatılaraq xidmətini davam etdirmək arzusundadır.

Kamil Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Hərb sahəsinə olan marağı onu bu sahəyə yönəldib. Qiyabi təhsil aldığı müddətdə öncə ordu sıralarında müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edib. Daha sonra isə zabit kursunu bitirərək motoatıcı ixtisası üzrə leytenant rütbəsi alaraq taqım komandiri kimi xidmətini davam etdirib. Vətən müharibəsində ilk gündən döyüşlərə atılan Kamil Suqovuşanın azad olunması tapşırığının yerinə yetirilməsində iştirak edib.

© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynov ailəsi ilə birgə

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Kamil Hüseynov yaralanmasına baxmayaraq döyüşü sonadək davam etdirdiyini, taqımının döyüş ruhuna təsir etməməsi üçün son məqamadək onu gizlətməyə çalışdığını deyib: “Döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Rütbəsindən asılı olmayaraq hamı döyüşə can atırdı. Bütün döyüşçülər qisas hissi ilə alışıb-yanırdılar. Ona görə ancaq irəli getməyi düşünürdük. Düşmən də çox güclü müdafiə qurmuşdu. Lakin biz irəlilədikcə qarşımızda dayana bilməyib geri çəkilirdilər. Çəkildikdən sonra isə tərk etdikləri mövqələri aramsız artilleriya atəşinə tuturdular. Hər müdafiə səddini əsgərlərimizin igidliyi sayəsində alırdıq. Düşmən postlarının birinin alınması zamanı yaxın məsafədən döyüşdə mən də yaralandım”, - deyə o bildirib.

Güllə onun qoruyucu jiletinin qorumadığı sağ çiynindən girərək kürəyindən çıxıb. Lakin döyüş bitənədək bunu taqımına hiss etdirməyib. Yaralanan vaxt şəxsi vəsiqəsi də cibində olduğundan kənarında öz qanının izi bu gün də qalıb.

  • Leytenant Kamil Hüseynov ailəsi ilə birgə
    © Sputnik / Ilham Mustafa
  • Leytenant Kamil Hüseynovun sertifikatı
    © Sputnik / Ilham Mustafa
  • Leytenant Kamil Hüseynov ailəsi ilə birgə
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynov ailəsi ilə birgə

Kamilin atası Dursunəli Hüseynov deyir ki, oğlunun kiçik yaşlarından hərb sahəsinə marağı olub. Onun bu istəyinə çatması üçün isə valideyn olaraq Kamilə dəstək olublar. O, uşaq vaxtından idmanla məşğul olan Kamilin karate növü üzrə nailiyyətləri olduğunu da söyləyib: “Müharibənin hər üzü var. Kamil hərbiyə qoşulandan çətinliklərin hər birini gözə almışdıq. Hər gün dua edirdik ki, müharibə tezliklə qurtarsın, Qarabağımız azad olsun, itkilərimiz az olsun. Kamilin də bu yolda zəhməti keçməsindən qürur duyuram. İstərdim ki, tezliklə sağalsın, yenə əvvəlki kimi öz missiyasını davam etdirsin. Mən onu həmişə dəstəkləyirəm”.

© Sputnik / Ilham Mustafa
Leytenant Kamil Hüseynovun fotosu

Kamilin aldığı xəsarət ciddi olduğundan iki dəfə əməliyyat olunub. Yaşat Fondu tərəfindən Türkiyədə cərrahiyyə əməliyyatı olunan qazimizin müalicəsi aparılıb və bundan sonra da müalicəsinin davam etdiriləcəyi deyilib.

Ağstafa şəhərində Şıxəli Qurbanov küçəsində yaşayan, ailənin tək oğul övladı olan leytenant Kamil Hüseynov bu yaxınlarda ailə həyatı da qurub. Vətən müharibəsinin qalib qazisi 3 medalla – "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

278
Teqlər:
müharibə, Qarabağ, Ağstafa, qazi
Mövzu:
Müharibə adamları
Nikol Paşinyan, arxiv şəkli

Qarabağda xidmət aparan erməni hərbçilərin valideynləri Paşinyanla görüşəcəklər

18
(Yenilənib 15:47 19.04.2021)
Qarabağda müddətli xidmət edən erməni hərbçilərin, həmçinin müharibə zamanı itkin düşən şəxslərin valideynləri ötən ilin noyabrından mütəmadi olaraq Ermənistan hökuməti və Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçirirlər.

BAKI, 19 aprel — Sputnik. Bu gün Qarabağda müddətli xidmət edən erməni hərbçilərin valideynləri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəklər. Sputnik Ermənistan xəbər verir ki, onlar artıq Ermənistan hökumətinin binasının qarşısında toplaşmağa başlayıblar.

"Paşinyanla görüş zamanı onların xidmət müddətinin azaldılmasını tələb edəcəyik. Mənim oğlum 9 aydır ki, xidmət edir. O, müharibə başlayanda altı ay idi ki, xidmət etmişdi və hər şeyi etdi. O indi də şikayət etmir, deyir ki, hər şey yaxşıdır, lakin psixoloq bizə dedi ki, oğluma bərpa müddəti lazımdır", - deyə qadınlardan biri jurnalistlərə bildirib.

O vurğulayıb ki, hərbçilər xidmətin 6 aya qədər azaldılmasını tələb edirlər.

Digər valideyn isə bildirib ki, onun oğlu daha 3 ay xidmət etməlidir. O qeyd edib ki, onlar xidmət müddəti altı aydan az qalan hərbçilərin tərxis olunmasını tələb edirlər. Digərlərin isə xidmət müddəti 6 aya qədər endirilməlidir.

Hərbçilərin yaxınları Paşinyanla danışıqların uğurla yekunlaşacağına inandığını bildiriblər.

Qeyd edək ki, Qarabağda müddətli xidmət edən erməni hərbçilərin, həmçinin müharibə zamanı itkin düşən şəxslərin valideynləri ötən ilin noyabrından mütəmadi olaraq Ermənistan hökuməti və Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçirirlər. Qarabağda müddətli xidmət edən erməni hərbçilərin valideynləri övladlarının dərhal tərxis olunmasını istəyirlər.

18
Teqlər:
Azərbaycan, Qarabağ, xidmət, hərbçilər, valideynlər, valideyn, Nikol Paşinyan, Ermənistan
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

0
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0