Hadruta mənzərə, arxiv şəkli

Qarabağda radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başladı

23
(Yenilənib 12:04 10.02.2021)
Sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tariхi qеyd оlunmaq şərti ilə Milli Tеlеviziya və Radiо Şurasına 7 nüsхədə təqdim оlunmalıdır.

BAKI, 10 fevral — Sputnik. Bu gündən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Dağlıq Qarabağ və ətraf ərazilərdə regional radio kanalının açılması üçün 102.7 MHs işçi tezliyə elan etdiyi müsabiqəyə sənəd qəbulu başlayıb.

"Report" xəbər verir ki, müsabiqə üçün tələb оlunan sənədlər fevralın 10-dan martın 12-dək şuranın inzibati binasında saat 10:00-dan 17:00-dək qəbul еdilir.

Qeyd olunub ki, sənədlər şənbə, bazar və bayram günləri qəbul edilməyəcək.

Müsabiqədə iştirak еtmək üçün aşağıdakı sənədlər təqdim оlunmalıdır:

- Xüsusi razılıq (lisеnziya) almaq üçün müəyyən оlunmuş qaydada ərizə (Ərizə fоrmasını Milli Tеlеviziya və Radiо Şurasından və ya Şuranın internet səhifəsindən - www.ntrc.gov.az - əldə еtmək оlar);

- Təsisçi fiziki şəxsdirsə, onun şəxsiyyət vəsiqəsinin nоtarial təsdiq оlunmuş surəti və əmək fəaliyyətini əks еtdirən gеniş tərcümеyi-halı;

- Təsisçi hüquqi şəxsdirsə, onun Nizamnaməsinin və təsis müqaviləsinin (təsisçilərin sayı 1-dən çох оlduğu halda) nоtarial təsdiq оlunmuş surəti;

- İddiaçının dövlət qeydiyyatına alınmasını təsdiq edən qеydiyyat şəhadətnaməsinin nоtarial təsdiq оlunmuş surəti;

- İddiaçının idarəetmə orqanının rəhbərinin (direktor, baş direktor) vəzifəyə təyin olunması haqqında sənəd (əmr, sərəncam və s.), onun şəxsiyyət vəsiqəsinin nоtarial təsdiq оlunmuş surəti və əmək fəaliyyətini əks еtdirən gеniş tərcümеyi-halı;

- Kadr tərkibi və kadrların pеşə hazırlığının səviyyəsi barədə arayış;

- Balansın (01 saylı fоrma) surəti;

- Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);

- İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;

- İddiaçının istifadə еdəcəyi ötürücü qurğunun tехniki tələbləri;

- Proqramların hazırlanmasında və yayımlanmasında istismar оlunacaq əsas qurğu və avadanlıqlar;

- Yayımın prоqram kоnsеpsiyası (Konsepsiyanın fоrmasını və onun doldurulmasına dair izahatı Milli Tеlеviziya və Radiо Şurasından və ya Şuranın internet səhifəsindən - www.ntrc.gov.az - əldə еtmək оlar);

- Radio kanalın fərqləndirici nişanı (studiyanın еmblеmi);

- Müsabiqədə iştirak еtmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödəniş.

Müsabiqədə aşağıdakı şəхslər iştirak еdə bilməzlər:

- Azərbaycan Rеspublikasının vətəndaşı оlmayan şəхslər;

- Nizamnamə kapitalında хarici fiziki və ya hüquqi şəхsin payı оlan hüquqi şəхslər;

- Ağır və ya хüsusilə ağır cinayətlərə, habеlə ictimai mənəviyyat əlеyhinə оlan cinayətlərə görə əvvəllər məhkum еdilmiş, habеlə məhkumluğu ödənilməmiş şəхslər;

- Fəaliyyət qabiliyyətsizliyi, yaхud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq еdilmiş şəхslər;

- Siyasi partiyalar;

- Dini qurumlar.

Qеyd olunub ki, müsabiqə üçün tələb оlunan sənədlər dövlət dilində təqdim оlunur. Sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tariхi qеyd оlunmaq şərti ilə Milli Tеlеviziya və Radiо Şurasına 7 nüsхədə təqdim оlunmalıdır. Müsabiqədə iştirak еtmək üçün birdəfəlik ödəniş gеri qaytarılmır. Sənədlərdən hər hansı birinin olmaması halında iddiaçının ərizəsinə baxılmır. Müsabiqədə 3-dən az iddiaçı iştirak edərsə, Milli Televiziya və Radio Şurası müsabiqənin vaxtını daha 30 gün uzada bilər və ya müsabiqə Şuranın qərarı ilə ləğv oluna bilər.

Məsul şəxs: Nemət Cavadov

Əlaqə tel.: (+99412) 598-32-24

Ünvan: Bakı şəhəri, AZ-1000, Nizami küçəsi 105 (yeni ilə 145)

E-poçt: office@ntrc.gov.az

23
Şəmsəddin Təhməzovun şəkli

Komandirini toyuna çağırmaq istəməyən əsgərin yarımçıq qalan hekayəsi - FOTO

47
(Yenilənib 19:22 03.03.2021)
Komandiri Şəmsəddindən müharibədən qayıtdıqdan sonra özünə toy etsə, onu da dəvət etməsini istəyib. Şəmsəddin isə gülərək: “Komandir, mənim toyum olmayacaq, mən şəhid olacağam”, - deyib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. 44 günlük Vətən müharibəsində iştirak edən iki qardaş. Biri MAXE kimi hazırda xidmətini davam etdirsə də, digəri şəhadətə ucalıb. Söhbət Masallı rayonunun Güllütəpə kəndində yaşayan Təhməzovlar ailəsindən gedir. Şəhid atası Sərvər Təhməzov Sputnik Azərbaycan-a onların bir müddət işləmək üçün Beyləqan rayonunda yaşadıqlarını və hər iki oğlunun ailəni dolandırmaqda ona kömək etdiklərini dedi.

İkinci övladı və şəhid olan Şəmsəddinin 2019-cu il aprelin 1-dən hərbi xidmətdə olduğunu bildirdi: “N saylı hərbi hissənin tərkibində bir neçə döyüş bölgəsində xidmətdə olub. Daha sonra Tərtərdə xidmət aparırdı. Vətən müharibəsi başlayanda isə Suqovuşanın azad olunmasında iştirak edib və Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Övlad kimi çox yaxşı idi, bütün qohum-əqraba arasında hörməti var idi. Biz ailəlikcə bir müddət Beyləqanda yaşamışıq. Arzuları var idi, həmişə deyərdi ki, əsgərlikdən qayıdandan sonra dükan açacaq və özünə avtomobil alacaq. Sonuncu dəfə ötən il oktyabrın 4-də telefonla əlaqə saxlayıb danışdı. Dedi, “narahat olmayın, yaxşıyam, inşallah, tərxis olunub qayıdacağam”. Amma anası ilə sonuncu dəfə danışanda “ana, müharibədir, şayət, şəhid olsam, ağlamayın!” demişdi. Heç bir şeydən çəkinmədən döyüşlərdə daim irəli atılıb. Komandiri Şəmsəddindən müharibədən qayıtdıqdan sonra özünə toy etsə, onu da dəvət etməsini istəyib. Şəmsəddin isə gülərək: “Komandir, mənim toyum olmayacaq, mən şəhid olacağam”, - deyib. Bu gün Şəmsəddinin 20 yaşı tamam olur. Qohum-əqrəba da onun ad gününə yığılıb, amma özü yoxdur. Mən oğlumla fəxr edirəm, Vətən uğrunda, torpaq uğrunda canını fəda etdi. Mən belə övladım olması ilə fəxr edirəm. Bu torpaq, bu Vətən bizimdir. Torpaqlar azad olunmalı idi və Allaha şükür ki, azad da olundu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bir şəhid atası olaraq onların valideynlərinə səbr diləyirəm. Başlarını həmişə dik tutsunlar”.

© Sputnik / Rahim Murad
Şəmsəddin Təhməzov

Şəhid Şəmsəddinin qardaşı Şəhriyar Təhməzov hazırda MAXE kimi PDM-də tuşlayıcı vəzifəsində xidmət aparır. Şəhriyar 27 sentyabr sübh vaxtından döyüşlərə girdiyini deyir: “Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə mən yaralandım və müalicə olunmaq üçün hospitala göndərildim. Baş və ayaqlarımdan 5 qəlpə yarası almışdım. Şəmsəddin oktyabrın 4-də mənimlə danışmışdı. Mənə narahat olmamağımı və yaxşı olduğunu dedi. Mən də “sən çox bir yerdə duran deyilsən, ehtiyatlı ol” dedim. Çünki bilirdim ki, önə atılacaq. Hospitalda oktyabrın 5-də yenidən döyüşlərə qayıtmaq üçün könüllü ərizə yazdım, amma qəbul olunmadı. Oktyabrın 6-da isə yenidən ərizə yazdım, bu dəfə isə hospital komandanlığına özüm təqdim elədim. Həmin gün ərizəmi qəbul elədilər və axşam 17 radələrində hospitaldan çıxdım. Oradan gəldim Beyləqana, gec olduğu üçün həmin gün döyüşlərə gedə bilmədim. Dedilər, sabah tezdən döyüşlərə maşınlar gedəcək və mən də qoşula biləcəyəm. Beyləqanda evimizə getdim, gördüm, bizimkilər Masallıya getməyə hazırlaşırlar.

Mənə əmimin avtomobil qəzası keçirdiyini dedilər. Mən imtina elədim və yenidən döyüşlərə gedəcəyimi dedim. Sinif yoldaşımın atası mənə dedi ki, gedib baş çəkib qayıdım. Bizi Masallıya aparacaq taksi sübhdən yenidən Beyləqana qayıdacaq, mən də onunla gələ bilərəm. Yol boyu düşündüm ki, bu, əmimin qəza keçirməsi olmaz. Çünki belə olsaydı, məni Masallıya gəlməyə məcbur etməzdilər. Artıq gəlib həyətə girəndə əmimi görüb qardaşımın şəhid olduğunu anladım.

Bizim uşaqlığımız çox çətin keçib. Uşaq vaxtlarımızdan fermalarda işləyib atamıza kömək eləmişik. Çox kasıbçılıqla böyümüşük. Bəzən mən, ya da Şəmsəddin bir şokoladımız olanda belə iki yerə bölüb yeyərdik. Bir-birimizdən ayrı yeməzdik. Hər kəs ailədə bir nəfəri çox istəyir, mən ən çox qardaşımı çox istəyirdim, valideynlərimizdən də çox onu istəyirdim. Çünki uşaqlıqdan mənim dostum da, sirdaşım da qardaşım olub. Şəmsəddini dəfn edəndə sanki bütün ümidlərim onunla bir yerdə dəfn olundu”.

  • Şəmsəddin Təhməzovun şəkli
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun ailəsi
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun şəkilləri
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun şəkilləri
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun xatirəsinə bişirilən tort
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun məzarı
    © Sputnik / Rahim Murad
1 / 6
© Sputnik / Rahim Murad
Şəmsəddin Təhməzovun şəkli

Şəhriyar Təhməzov “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalına layiq görülüb.

Şəhidimizin anası Sehranə Təhməzova Şəmsəddinin ötən il öz ad günündə zəng edib ailə üzvləri ilə danışdığını dedi: “Xidmətdə olduğu vaxt videozəng elədi, “ana, görürsənmi, səngərdəyəm” dedi. Mən isə “eybi yox, Allah qoysa, gələn il öz evimizdə ad gününü keçirərik, darıxma” dedim. Mənim övladıma qismət olmadı. Şəmsəddin igid, mərd və qorxmaz uşaq idi. Çox istiqanlı idi, yad, doğma bilmədən hər kəsə mehribanlıq edərdi. Mənim ondan başqa daha iki övladım var, amma Şəmsəddinin yeri başqadır.

Bu gün onun 20 yaşı tamam olur. Müharibə başlayan gün mən narahat olmayım deyə yalandan mənə ayaqlarına görə hospitala getdiyini dedi. Əsgərliyə gedəndə də öz qurbanlığının kəsilməsini istədi. Mən ona xidmətdən gələndən sonra kəsdirəcəyimizi dedim. “Ana, mənim qurbanlığımı indi kəsdır”, - dedi. Sən demə, şəhid olacağını bilirmiş. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin!”

Məlumat üçün bildirək ki, bu gün 20 yaşı tamam olan Şəmsəddin Təhməzov Tərtərin Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ürək nahiyəsindən aldığı qəlpə yarasından şəhadətə ucalıb. Şəmsəddin ölümündən sonra Ali Baş Komandanın 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

47
Teqlər:
əsgər, xatirə, Qarabağ, müharibə, şəhid ailəsi, şəhid
Mövzu:
Müharibə adamları
Yerevanda etirazlar, arxiv şəkli

"Ermənistan istəsə də, istəməsə elə edəcəyik ki, sənəddəki tələbləri yerinə yetirsin"

129
(Yenilənib 17:38 03.03.2021)
Politoloq Tofiq Abbasov: “Azərbaycan yeni bir mərhələnin başlanğıcını təmin edir. Bizim yaratdığımız bu reallıqlar həm də çoxsaylı tərəfdaşlarımızın maraqlarına cavab verir”.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında üçtərəfli bəyanatla bağlı suala cavab verərkən bildirib ki, Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq.

Qeyd edək ki, Ermənistanda davam edən siyasi böhran fonunda üçtərəfli bəyanata dair müxtəlif fikirlər səsləndirilir. Paşinyan hökumətini devirmək istəyən erməni müxalifəti üçtərəfli bəyanata qol çəkilməsini xəyanət kimi qiymətləndirir. Üçtərəfli bəynatdan manipulyativ alət kimi istifadə edən siyasi rəqiblər təhlükəsizlik qüvvələrini mövcud hökumətə tabesizlik göstərməyə, əhalini isə mitinqlərə çağırır.

Sputnik Azərbaycan Ermənistanda yaşananlar fonunda üçtərəfli bəyanatın gələcəyi ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Politoloq bildirib ki, beynəlxalq səviyyədə əldə olunan razılaşma, imzalanan sənəd həmişə qanun formasını alır: “Çünki onun içərisində tərəflərin üzərinə düşən öhdəliklər göstərilir və bütün göstərilənlər təmin edilməlidir. Biz isə məğlub ölkə Ermənistanın timsalında sazişdən yayınmağa cəhdləri görürük. Bu ölkə gah nala, gah mıxa vuraraq sazişin müddəalarından yayınmağa çalışır. Bunun da bəlli səbəbləri var. Müharibədən məğlubiyyətlə çıxan Ermənistanın daxili sabitliyi pozulub. Mövcud hakimiyyət, yəni Nikol Paşinyan hökuməti isə müxalifləri ilə əlbəyaxadır və hakimiyyətini bütün ölkə ərazisində tətbiq edə bilmir”.

Politoloq deyir ki, Ermənistandan fərqli olaraq Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir: “Prezident İlham Əliyev ötən həftə Xocalı faciəsinin anım günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir çox önəmli məqamlara toxundu. Prezident bir daha diqqətə çatdırdı ki, Azərbaycan bölgədə sülhün təminatçısı kimi çıxış edir. Digər tərəfdən biz məğlub ölkə Ermənistana imkanlar yaradırıq ki, o, qarşıdurma siyasətindən uzaqlaşsın və qonşuluq siyasətinə yönəlsin. Bütün bunlara baxmayaraq biz görürük ki, Ermənistandakı mövcud müxalif qüvvələr üçtərəfli bəyanatla razılaşmırlar. Bunun üçün də Ermənistanın baş nazirinə zərbə endirib, onu hakimiyyətdən məhrum etməyə çalışırlar. Bu qüvvələr hakimiyyəti ələ keçirib, köhnə siyasətə qayıtmağı xəyal edirlər. Bu isə yol verilməzdir. Azərbaycan bir daha ölkə başçısı səviyyəsində göstərdi ki, Azərbaycana yenidən təhdidlər törətmək üçün Ermənistana imkan verilməyəcək. Üçtərəfli bəyanatdan irəli gələn proseslər və öhdəliklər hamısı nəzarət altındadır. Azərbaycan təkcə qalib ölkə olmasına görə söz sahibi deyil. Biz həm də bölgənin lokomotiv ölkəsiyik. Burada baş verən bütün proseslərdə aparıcı rol bizə mənsubdur”.

“Ermənistan istəsə də, istəməsə də elə edəcəyik ki, o sənəddə göstərilən bütün tələbləri yerinə yetirsin. Azərbaycan yeni bir mərhələnin başlanğıcını təmin edir. Bizim yaratdığımız bu reallıqlar həm də çoxsaylı tərəfdaşlarımızın maraqlarına cavab verir. Bundan sonra aparılacaq quruculuq işləri, reallaşdırılacaq yeni layihələr bölgə əhalisinin rifahının yüksəlməsinə töhfə verəcək. Bu baxımdan Ermənistan baş verənlərdən ibrət götürməsə, Azərbaycan bu ölkənin bir daha baş qaldırıb digər ölkələrə meydan oxumaması üçün lazımi addımları atacaq”. 

129
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov

Mübariz Mənsimov azadlığa buraxılır? - Haqqında yeni tələb var

11
(Yenilənib 21:08 03.03.2021)
Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı

BAKI, 3 mart — Sputnik. Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov azadlığa çıxa (ev dustaqlığına buraxıla) bilər.

Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunur: "Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".

Qeyd edək ki, bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı. 

İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

11
Teqlər:
Baş Prokurorluq, İstanbul, məhkəmə, azərbaycanlı iş adamı Mübariz Mənsimov