Xəyal Məmmədov

Ölümü sürətiylə qabaqlayan kişi: "Uşaqların iniltisi hələ qulağımdan getmir" - FOTO

710
(Yenilənib 17:23 09.02.2021)
On il Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında sürücü kimi çalışan Xəyal Məmmədov Aprel döyüşlərində sürəti hesabına əsgəri də ölümdən qurtarıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Müharibə şəraitində peşəkar sürücülərə ehtiyac daha çox olur. Şiddətli döyüşlər gedən zaman, məlumdur ki, avtomobil idarə etmək o qədər də asan olmur. Sükan arxasında əyləşən şəxs möhkəm iradəli, ən əsası - idarə etdiyi avtomobilin, yumşaq formada desək, dilini bilməli, onu keçilməz yollarda belə, hərəkət etdirməlidir. 44 günlük Vətən müharibəsində təcili yardım briqadalarının rolu danılmaz oldu. Həkimlər, tibb bacıları yaralılara yardım edib, onların həyatda qalmasına çalışdılar. Bu zaman təcili tibbi yardım maşınlarını idarə edən sürücülərin üzərinə də böyük yük düşürdü - döyüş gedən ərazidən yaralı hərbçiləri və mülki şəxsləri tez çıxarmaq və təhlükəsiz yollarla xəstəxanaya yetişmək. Saniyə, dəqiqə fərqi həmin yaralının həyatda qalması üçün böyük rol oynayırdı. Müharibə başlayan gündən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinin əməkdaşı, sürücü Xəyal Məmmədov həkimlərlə birgə Tərtər rayonunda xidmət edib. Ən ağır döyüşlərin getdiyi günlərdə peşəkar sürücü olaraq yaralıları təhlükəsiz məkana daşıyıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində 34 yaşlı Mingəçevir sakini müharibə vaxtı ən çətin anın Tərtər rayonunun ərazisində baş verdiyini deyib:

© Sputnik / Rahim Mammadov
Xəyal Məmmədov

“Proseslərin içində olmaq, həmin həyəcanı yaşamaq, bir yaralının həyatını qurtarmaq üçün tibb müəssisəsinə vaxtında çatdırmaq qürurverici xatirələrdir. Bəzən hərəkətdə olarkən insan hər şeyi unudur, hətta onu gözləyən potensial təhlükəni belə. Düşünürsən ki, təki əsgərim yaşasın, ölməsin, xəstəxanaya, hospitala tez çatdırım. Yüksək sürətin yollarda təhlükə yaratmasıyla yanaşı, həm də düşmənin hədəf aldığı bölgədə hərəkətdə olmaq həkim briqadasının həyatını da risk altına alırdı. Elə ən çətin vəziyyətə düşdüyüm anlar da Tərtər rayonu ərazisində olub. Yaralı götürüb ərazidən çıxarkən mərmi düz hərəkət etdiyimiz yolun yaxınlığına düşdü. Toz-duman qalxdı, zərbə maşını silkələdi. Bu zaman cəld tərpənib ambulansın aşmağına imkan vermədim. Təhlükəli ərazidən sağ çıxa bildik".

© Sputnik / Rahim Mammadov
Xəyal Məmmədov

Xəyal Məmmədov atasının yolu ilə gedərək sürücülük peşəsinə yiyələnib. Yaxınları müharibə zamanı iki uşaq atası olan Xəyaldan nigaran qalsalar da o, yalnız daşıdığı yaralını düşünüb, onun həyatının xilası üçün sürəti artırıb. İdarə etdiyi avtomobildə şəhid aparan zaman isə ən ağrılı anlar yaşayıb: “Hər şəhidi gətirəndə elə bilirdim, ən əziz adamımı itirmişəm. Xüsusilə də həmin şəhidləri müəyyən proseslərdən sonra doğmalarının ünvanına çatdırdığım an keçirdiyim hissləri ifadə etməyə çətinlik çəkirəm. Söz tapıb deyə bilmirəm. Etiraf edim ki, biz heç zaman, nə etsək də, o qəhrəmanların borcundan çıxa bilmərik.

© Sputnik / Rahim Mammadov
Xəyal Məmmədov

Ermənilər Bərdəyə raket atan zaman Tərtərdən çıxıb həmin şəhərə gəldim. Yaralıları Mingəçevir və Yevlax xəstəxanalarına çatdırmalıydıq. Uşaqların, yaşlıların ağrıya dözə bilməməsi, iniltisi hələ də qulağımdan getmir".

Xəyal Məmmədov 2016-cı ilin Aprel döyüşlərində peşəkar sürücü kimi yaralıların daşınmasında fəal iştirak edib. Hətta ağır vəziyyətdə olan əsgəri tez bir zamanda xəstəxanaya çatdırmaqla həyatını da xilas edib: “Aprel döyüşlərində həyəcan daha çox idi, bəlkə də ilk dəfə idi ki, müharibə görürdüm, ona görə elə idi. Briqadamızda olan həkim dedi ki, yaralı əsgəri 10 dəqiqəyə xəstəxanaya çatdırsaq, yaşayacaq. Çətin bir yerdəydik, həm düşmən hədəfə alırdı bizi, həm də yolsuzluq idi. O vaxt yalnız həmin yaralını həkim dediyi vaxtdan daha tez, 8 dəqiqəyə xəstəxanaya yetişdirdik. Əsgər əməliyyat edildi, çox şükür ki, həyatda qaldı. Onun sağ qalmasına hər kəsdən çox, bəlkə də mən sevindim”.

710
Teqlər:
xilas, şəhidlər, yaralılar, müharibə, Qarabağ, sürücü, Təcili Tibbi Yardım Xidməti, Tərtər, Mingəçevir
Mövzu:
Müharibə adamları
 Hafiz Əzimzadə

Ağdamda minaya düşən şəxsdən xəbər var - FOTO

47
(Yenilənib 22:09 03.03.2021)
Bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”. 

© Sputnik / Emin Babayev
Travmatoloq Xalid Məmmədov

Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

47
Teqlər:
amputasiya, əməliyyat, mina, vəzifəli şəxs, Ağdam
Şəmsəddin Təhməzovun şəkli

Komandirini toyuna çağırmaq istəməyən əsgərin yarımçıq qalan hekayəsi - FOTO

555
(Yenilənib 19:22 03.03.2021)
Komandiri Şəmsəddindən müharibədən qayıtdıqdan sonra özünə toy etsə, onu da dəvət etməsini istəyib. Şəmsəddin isə gülərək: “Komandir, mənim toyum olmayacaq, mən şəhid olacağam”, - deyib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. 44 günlük Vətən müharibəsində iştirak edən iki qardaş. Biri MAXE kimi hazırda xidmətini davam etdirsə də, digəri şəhadətə ucalıb. Söhbət Masallı rayonunun Güllütəpə kəndində yaşayan Təhməzovlar ailəsindən gedir. Şəhid atası Sərvər Təhməzov Sputnik Azərbaycan-a onların bir müddət işləmək üçün Beyləqan rayonunda yaşadıqlarını və hər iki oğlunun ailəni dolandırmaqda ona kömək etdiklərini dedi.

İkinci övladı və şəhid olan Şəmsəddinin 2019-cu il aprelin 1-dən hərbi xidmətdə olduğunu bildirdi: “N saylı hərbi hissənin tərkibində bir neçə döyüş bölgəsində xidmətdə olub. Daha sonra Tərtərdə xidmət aparırdı. Vətən müharibəsi başlayanda isə Suqovuşanın azad olunmasında iştirak edib və Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Övlad kimi çox yaxşı idi, bütün qohum-əqraba arasında hörməti var idi. Biz ailəlikcə bir müddət Beyləqanda yaşamışıq. Arzuları var idi, həmişə deyərdi ki, əsgərlikdən qayıdandan sonra dükan açacaq və özünə avtomobil alacaq. Sonuncu dəfə ötən il oktyabrın 4-də telefonla əlaqə saxlayıb danışdı. Dedi, “narahat olmayın, yaxşıyam, inşallah, tərxis olunub qayıdacağam”. Amma anası ilə sonuncu dəfə danışanda “ana, müharibədir, şayət, şəhid olsam, ağlamayın!” demişdi. Heç bir şeydən çəkinmədən döyüşlərdə daim irəli atılıb. Komandiri Şəmsəddindən müharibədən qayıtdıqdan sonra özünə toy etsə, onu da dəvət etməsini istəyib. Şəmsəddin isə gülərək: “Komandir, mənim toyum olmayacaq, mən şəhid olacağam”, - deyib. Bu gün Şəmsəddinin 20 yaşı tamam olur. Qohum-əqrəba da onun ad gününə yığılıb, amma özü yoxdur. Mən oğlumla fəxr edirəm, Vətən uğrunda, torpaq uğrunda canını fəda etdi. Mən belə övladım olması ilə fəxr edirəm. Bu torpaq, bu Vətən bizimdir. Torpaqlar azad olunmalı idi və Allaha şükür ki, azad da olundu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bir şəhid atası olaraq onların valideynlərinə səbr diləyirəm. Başlarını həmişə dik tutsunlar”.

© Sputnik / Rahim Murad
Şəmsəddin Təhməzov

Şəhid Şəmsəddinin qardaşı Şəhriyar Təhməzov hazırda MAXE kimi PDM-də tuşlayıcı vəzifəsində xidmət aparır. Şəhriyar 27 sentyabr sübh vaxtından döyüşlərə girdiyini deyir: “Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə mən yaralandım və müalicə olunmaq üçün hospitala göndərildim. Baş və ayaqlarımdan 5 qəlpə yarası almışdım. Şəmsəddin oktyabrın 4-də mənimlə danışmışdı. Mənə narahat olmamağımı və yaxşı olduğunu dedi. Mən də “sən çox bir yerdə duran deyilsən, ehtiyatlı ol” dedim. Çünki bilirdim ki, önə atılacaq. Hospitalda oktyabrın 5-də yenidən döyüşlərə qayıtmaq üçün könüllü ərizə yazdım, amma qəbul olunmadı. Oktyabrın 6-da isə yenidən ərizə yazdım, bu dəfə isə hospital komandanlığına özüm təqdim elədim. Həmin gün ərizəmi qəbul elədilər və axşam 17 radələrində hospitaldan çıxdım. Oradan gəldim Beyləqana, gec olduğu üçün həmin gün döyüşlərə gedə bilmədim. Dedilər, sabah tezdən döyüşlərə maşınlar gedəcək və mən də qoşula biləcəyəm. Beyləqanda evimizə getdim, gördüm, bizimkilər Masallıya getməyə hazırlaşırlar.

Mənə əmimin avtomobil qəzası keçirdiyini dedilər. Mən imtina elədim və yenidən döyüşlərə gedəcəyimi dedim. Sinif yoldaşımın atası mənə dedi ki, gedib baş çəkib qayıdım. Bizi Masallıya aparacaq taksi sübhdən yenidən Beyləqana qayıdacaq, mən də onunla gələ bilərəm. Yol boyu düşündüm ki, bu, əmimin qəza keçirməsi olmaz. Çünki belə olsaydı, məni Masallıya gəlməyə məcbur etməzdilər. Artıq gəlib həyətə girəndə əmimi görüb qardaşımın şəhid olduğunu anladım.

Bizim uşaqlığımız çox çətin keçib. Uşaq vaxtlarımızdan fermalarda işləyib atamıza kömək eləmişik. Çox kasıbçılıqla böyümüşük. Bəzən mən, ya da Şəmsəddin bir şokoladımız olanda belə iki yerə bölüb yeyərdik. Bir-birimizdən ayrı yeməzdik. Hər kəs ailədə bir nəfəri çox istəyir, mən ən çox qardaşımı çox istəyirdim, valideynlərimizdən də çox onu istəyirdim. Çünki uşaqlıqdan mənim dostum da, sirdaşım da qardaşım olub. Şəmsəddini dəfn edəndə sanki bütün ümidlərim onunla bir yerdə dəfn olundu”.

  • Şəmsəddin Təhməzovun şəkli
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun ailəsi
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun şəkilləri
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun şəkilləri
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun xatirəsinə bişirilən tort
    © Sputnik / Rahim Murad
  • Şəmsəddin Təhməzovun məzarı
    © Sputnik / Rahim Murad
1 / 6
© Sputnik / Rahim Murad
Şəmsəddin Təhməzovun şəkli

Şəhriyar Təhməzov “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalına layiq görülüb.

Şəhidimizin anası Sehranə Təhməzova Şəmsəddinin ötən il öz ad günündə zəng edib ailə üzvləri ilə danışdığını dedi: “Xidmətdə olduğu vaxt videozəng elədi, “ana, görürsənmi, səngərdəyəm” dedi. Mən isə “eybi yox, Allah qoysa, gələn il öz evimizdə ad gününü keçirərik, darıxma” dedim. Mənim övladıma qismət olmadı. Şəmsəddin igid, mərd və qorxmaz uşaq idi. Çox istiqanlı idi, yad, doğma bilmədən hər kəsə mehribanlıq edərdi. Mənim ondan başqa daha iki övladım var, amma Şəmsəddinin yeri başqadır.

Bu gün onun 20 yaşı tamam olur. Müharibə başlayan gün mən narahat olmayım deyə yalandan mənə ayaqlarına görə hospitala getdiyini dedi. Əsgərliyə gedəndə də öz qurbanlığının kəsilməsini istədi. Mən ona xidmətdən gələndən sonra kəsdirəcəyimizi dedim. “Ana, mənim qurbanlığımı indi kəsdır”, - dedi. Sən demə, şəhid olacağını bilirmiş. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin!”

Məlumat üçün bildirək ki, bu gün 20 yaşı tamam olan Şəmsəddin Təhməzov Tərtərin Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ürək nahiyəsindən aldığı qəlpə yarasından şəhadətə ucalıb. Şəmsəddin ölümündən sonra Ali Baş Komandanın 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

555
Teqlər:
əsgər, xatirə, Qarabağ, müharibə, şəhid ailəsi, şəhid
Mövzu:
Müharibə adamları
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0