CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad olunmuş ərazilərə öncə arxeoloqlar, tarixçilər getməlidirlər

© Sputnik / Ilham MustafayevKeşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
"Təəssüf ki, indi də bilmirik, abidələrimizin vəziyyəti necədir. Bəlkə də ermənilər oranı məhv ediblər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. "Cəbrayılın bütün ərazisi başdan-başa müxtəlif tarixi dövrlərə aid abidələrlə zəngindir. Təəssüf ki, bu abidələrin tədqiqi uzun müddət diqqətdən kənarda qalıb". Bu sözləri Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib.

© Sputnik / Shahperi AbbasovaTəvəkkül Əliyev
İşğaldan azad olunmuş ərazilərə öncə arxeoloqlar, tarixçilər getməlidirlər - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Təvəkkül Əliyev

Tarixçi bildirir ki, yalnız ötən əsrin 80-ci illərində sistemsiz də olsa, ilkin araşdırmalar başlanıb: "1989-cu ildə Mil-Qarabağ arxeoloji ekspedisiyasının tərkibində yeni - III dəstə yaradıldı və onun qarşısına Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının ərazisindəki arxeoloji abidələri tədqiq etmək məqsədi qoyuldu. Cəbrayıl rayonunda həyata keçirilən kəşfiyyat-axtarış işləri nəticəsində 20-dən çox müxtəlif dövrlərə aid yaşayış məskəni, kurqan, qala, türbə, orta əsr qəbiristanlığı qeydə alındı, bunlardan bir neçəsində ilkin yoxlama qazıntıları aparıldı".

Qarabağdakı abidələrin hərəsinin özünə məxsus xüsusiyyətləri var. Məsələn, onların içində bir qrup abidələr var ki, onlar müdafiə xarakterlidir. Azərbaycanın bütün bölgələrində istehkam tipli abidələr var.

Ağdamda Şahbulaq - Sputnik Azərbaycan, 1920, 29.01.2021
MƏDƏNİYYƏT
Hikmət Hacıyevin sədrliyi ilə Qarabağın tarix və mədəniyyət abidələri ilə bağlı iclas olub

Bunlardan biri də Cəbrayıl rayonunun Sirik kəndi ərazisində, Tey dağının başında sıldırım qayalar üzərində yerləşən Sirik qalasıdır. Tarixçinin sözlərinə görə, Tey dağının ətəyindən axan Çaxmaqlı çayının ətrafında Daşbulaq, Ayı bulağı kimi bulaqlar qaynayır.

Həmsöhbətimiz qalaya qalxdığı günü belə xatırlayır: "1989-cu ilin yayında biz o qalaya çox çətinliklə - hər iki tərəfi uçurum olan qayalar üzərindəki ensiz cığırdan keçməklə qalxdıq. Qalaya təxminən 25 m qalmış gəclə bir-birinə bərkidilmiş qaya parçalarından divar qalığına rast gəldik. Lakin bu divar şərq tərəfdəki sal qayadan sanki asılı vəziyyətdə olduğundan onu yaxından müşahidə edə bilmədik. Burada iki tərəfi qaya, digər iki tərəfi isə daşla hörülmüş və 3 kubmetr su ehtiyatı saxlamağa imkan verən su hövuzu var. Hovuzun yanından əlçatmaz qala – gözətçi məntəqəsi aydın görünür. Onun hündürlüyü 6 m-ə çatır. Divarlarda ara bir tir izlərinin oyuğu və çürümüş ağac qalıqları görünür. Bundan başqa, üç dairəvi bürcün də bir hissəsi qalmışdır. Bürclərdən ikisinin arasında tağvari giriş qapısı vardı. Hətta buradan 18-20 m məsafədə olan qala kompleksinin qaya daşlarından gəc vasitəsilə inşa olunmuş mərkəzi tikilisinə qalxmaq çox müşküldür. Ehtimal ki, həmin tikiliyə kəndir və ya ağac çubuqlardan düzəldilmiş nərdivanla qalxıb-enmək mümkün olmuşdu".

Город Агдам после его возвращения Азербайджану - Sputnik Azərbaycan, 1920, 11.12.2020
QARABAĞ
Qarabağdakı abidələrin bərpası işlərinə başlanılıb

"Biz qalanın planını çıxartdıq. Ətrafa səpələnmiş keramika nümunələri əsasında bu qalanın erkən orta əsrlərdə (V-VI əsrlərdə) inşa olunduğunu, sonrakı dövrlərdə də istehkam kimi istifadə olunduğunu müəyyən etdik. Şabran rayonundakı Çıraqqalanın oxşarı olan bu qaladan bütün ətraf əraziləri, o cümlədən Qalacıq və Tatar kəndləri yaxınlığındakı qalaları müşahidə etmək olar. Sasani ağalığı dövründə Cənubi Qafqazda, Azərbaycanda belə qalalar inşa olunurdu. Sirik qalasının vəziyyəti göstərirdi ki, ən azı 1500 il ərzində Tey dağı heç bir təbii təkana (zəlzələyə) məruz qalmayıb. Əks halda, qaya üzərindəki bu tikili çox ciddi şəkildə dağılardı".

T.Əliyev təəssüf hissi ilə qeyd edir ki, həmin ərazilər yetərincə tədqiq olunmayıb: "Ümumiyyətlə, Araz vadisi abidələrlə çox zəngindir. Oxçu çayın Araza töküldüyü yerdə inşa olunmuş Tri qalası da Sirik qalası ilə həmdövrdür. Buradan bütün Arazboyu ərazilər aydın görünür. Təəssüf, o zamanlar I Qarabağ müharibəsi başlandığından həmin qalaların ətrafında arxeoloji qazıntıları davam etdirə bilmədik. Halbuki, həmin ərazilərdə müxtəlif dövrlərə aid çoxlu kurqanlar, qəbiristanlıqlar, türbələr, yaşayış yerləri var idi. Çox acınacaqlı haldır ki, bu hazırda o abidənin bir çoxunun heç fotosu da yoxdur. Çünki o dövrdə texnika indiki kimi belə geniş inkişaf etməmişdi, texniki vasitələr çatmırdı. Hətta hər kəsdə fotoaparat yox idi, yaxud verilmirdi".

"Təəssüf ki, indi də bilmirik, abidələrimizin vəziyyəti necədir. Bəlkə də ermənilər oranı məhv ediblər. Yaxşı olar ki, işğal olunmuş ərazilər minalardan təmizləndikdən sonra ora öncə arxeoloqlar, tarixçilər getsinlər. Abadlıq işləri ilə yanaşı, orada araşdırmalar aparılsın. Artıq azad olunmuş yerlərdə çoxlu torpaq işləri görülür. Məsələn, yolların və ya Füzulidə aeroportun tikintisi ilə bağlı işlər gedir. Mən onları izləyirəm, göstərilən kadrları yaxınlaşdırıb baxıram ki, bəlkə oralarda, torpaq yığınlarında hansısa mədəniyyət nümunəsi görə bilərəm".

Xəbər lenti
0