CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tayfanı quşa "döndərən" dilimiz: Füzulinin Qarğabazarı indi necə görünür - VİDEO

Abunə olmaq
Füzuli şəhəri oktyabrın 17-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.

BAKI, 22 yanvar — Sputnik. Füzuli rayonunun Qarğabazar kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Оrta əsrlərə bağlı qaynaqlarda kəndin adı Qarğabazarı yazılıb. 1727-ci ildə Оsmanlı qaynağında Qarğabazarı kəndinə aid bilgi var. Kənd Xırdapara-Dizaq mahalına bağlı idi. Qarğabazar kəndi öncə İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağa Cavanşirin idi. Sonra onun oğlu Cəfərqulu xan idarə etməyə başladı. Mehdiqulu xan İrandan dönəndən sonra bu kəndin xəzinəyə bağlı rəiyyətlərindən bölərək Qasım bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşirə, Əli bəy Mirzalı bəy oğlu Kəbirliyə və V. Q. Madatova verib.

Qarğabazar kənd adının mənşəyi ilə bağlı bəzi rəvayətlər mövcuddur. Deyilənə görə, burada böyük bir bazar olub. O, həddən artıq səs-küylü imiş. Elə bu səbəbdən də buraya gəlmiş tacirlər kəndin adını "qarğalıbazar" qoymuşlar (yəni buradakı qarışıq səslər qarğa-quş səs-küyünə bənzədilib).

1724-cü ildə Türkiyə dövlətinin göstərişi ilə tərtib olunmuş, Dağlıq Qarabağın Xəmsə adı ilə məşhur olan beş mahalından (1. Talış, 2. Gülüstan mahalı, 3. Xaçın mahalı, 4. Çiləbörd mahalı, 5. Dizaq mahalı) birində Xaçın mahalına mənsub olan kəndlər sırasında "Qarqar" kəndinin adı var. Mənbələrdən məlumdur ki, Qarqar tayfaları (Alban dövründə) indiki Mil düzündən tutmuş Qarabağın bütün bölgələrində yaşamışlar. Haqqında söhbət apardığımız "Qarğabazarı" kəndinin bu siyahıda məhz "Qarqar" deyil, "Qarğabazarı" kimi verilməsi, əlbəttə, burada bazarın olmasına işarədir. Kənd Xudafərin körpüsündən keçən Şəki-Qarabağ-Təbriz-Hindistan və s. istiqamətli, ipək ticarəti üçün çox əhəmiyyətli olan qədim karvan yolu üzərində yerləşir. Bu isə böyük bazarların yaranmasına səbəb olurdu. Söz yox ki, burada bazarın olması ilə əlaqədar olaraq sonralar kəndin adı "Qarqar bazarı" və ya "Qarqarlar bazarı" olub. Lakin zaman keçdikcə "Qarqar" və ya "qarqarlar" sözünün sonundakı "r" və "lar" hərfləri danışıq zamanı dildən düşüb və sadəcə olaraq kəndin adı "Qarqabazarı" kimi bizə gəlib çatıb.

Bu kənd təbii daş yataqları ilə zəngin olan İlanlı dağına çox yaxın olduğundan buradakı xalq yaşayış binaları lap qədimlərdən daşla bir və ya ikimərtəbəli tikilib. Kəndin salındığı yer dağətəyi olduğu üçün əksər evlərin birinci mərtəbələri yarımzirzəmi formadadır.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Füzuli şəhəri oktyabrın 17-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.

Xəbər lenti
0