Pərvin Əsədov

Vaqif Əsədovun oğlu: "Əsir düşsəydim..." - VİDEO

60
(Yenilənib 15:34 30.12.2020)
"Xidmət etdiyim hərbi hissələrin komandanlığına və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm, Vətən müharibəsində iştirak etməyimə şərait yaratdılar".

BAKI, 30 dekabr — Sputnik. 44 günlük Vətən müharibəsində minlərlə igidlərimiz iştirak edib, şəhid, qazi olublar. Sputnik Azərbaycan Avtosfer.az-a istinadən xəbər verir ki, müharibənin başladığı ilk gündən könüllü olaraq döyüşlərə qatılanlardan biri də Pərvin Əsədovdur. Pərvin Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır.

"Müharibə və şəhid xəbərləri gəlirdi. Artıq 2 gün idi ki, döyüşlər başlamışdı. Dözə bilmədim. İşdən çıxıb kommissarlığa yollandım. Dedilər ki, saat 1-də avtobus çıxır. Tez evə qayıdıb paltarımı dəyişdim. Valideynlərimə də xəbər etmədim. Atam dostlarım vasitəsilə xəbər tutub, məni yola salmağa gəldi. Bircə onu dedi ki, get və həmişəki kimi başımızı uca elə. Ya şəhid olacaqsan, ya da torpaqlarımıza bayraq sancacaqsan. Qeyd edim ki, mən əsgəri xidmətimi Ağdam bölgəsində artilleriya və ön cəbhədə səngərdə keçmişəm", - P.Əsədov bildirib.

P.Əsədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğludur.

"Demək olar ki, çox az adam bunu bilirdi. Amma eşidəndə ki, mən Vaqif Əsədovun oğluyam, sanki hər kəsdə bir stimul yaranırdı. Amma tanınmış birinin oğlu olmaq heç nəyi dəyişmir. Həm də mən fərqlənmək, seçilmək istəmirdim. Vətən hamımızındır. Vaqif müəllim də dövlətə və dövlətçiliyə xidmət edən bir polis polkovnikidir. Mən də onunla fəxr edirəm. Onun yolu ilə addımlamağa çalışıram", - V.Əsədovun oğlu vurğulayıb.

P.Əsədov deyir ki, dəfələrlə çətin situasiyalarla üzləşib: "Kəşfiyyat bölüyü olduğumuz üçün hər an ölümlə üz-üzə idik. Bizim qrupdan yevlaxlı Yıldırım Ağayev Şuşa döyüşlərində şəhid oldu. Ona görə də üzərimdə Azərbaycan bayrağı və qumbara gəzdirirdim. Fikirləşirdim ki, əsir düşmə ehtimalım olsa, özümü və düşməni qumbara ilə partladıb şəhid olacağam. Bayrağı da ona görə saxlayırdım ki, məni tanıya bilsinlər".

P.Əsədov hər zaman Vətənin xidmətində olduğu üçün fəxr etdiyini deyir:

"Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Bizə şəhidlik qismət olmadı, amma yenidən Ali Baş Komandanın bir əmri ilə döyüşlərə qayıtmağa hazıram. Xidmət etdiyim hərbi hissələrin komandanlığına və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm, Vətən müharibəsində iştirak etməyimə şərait yaratdılar.

Şəhidlərimiz qürur mənbəyimizdir. Hazırda xidmətdə olan əsgər yoldaşlarımı salamlayır, onlara döyüş tapşırıqlarını yerinə yetirməkdə uğurlar diləyirəm. Vətən sağ olsun!"

60
Teqlər:
FHN, kəşfiyyat, polis polkovniki Vaqif Əsədov, müharibə, qazi, Qarabağ
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

13
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

13
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır

14
(Yenilənib 16:29 18.01.2021)
"Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk".

BAKI, 18 yanvar — Sputnik. "Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan qaçmaq daha yaxşı olardı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən emosional bəyanatlara şahid olmuşuq: "Yeni müharibə - yeni ərazilər". Bilirsiniz necə? Söz material gücə çevrilir. Bu halda müxtəlif tərəflərdən sözlər neqativ material gücə çevrildilər. Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk. Mən ümid edirəm ki, emosiyalar ikinci plana keçiriləcək", - deyə Lavov qeyd edib.

14
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

0
(Yenilənib 18:03 18.01.2021)
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən bildirilib ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 9 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb və yeni qərara uyğun olaraq, əcnəbilərin olduğu yeri və ya yaşayış yerini tərk etməsi üçün SMS icazə ləğv olunub.

Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilib:

"Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbulu "ASAN xidmət" mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada həyata keçirilir.

Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı qanunvericiliklə tələb olunan bütün sənədlər (müvafiq tibbi arayışlar da daxil olmaqla) təqdim edilməlidir. Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların (sənəd qəbulu zamanı təqdim edə bilməyən) təqdim edilməsi zəruridir. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması bərpa edilir (2021-ci il 25 yanvar tarixinədək ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər və rayon mərkəzlərində yaşayan əcnəbilər istisna olmaqla). Həmçinin Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlanılır. Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər".

"Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir", - məlumatda bildirilib.

0