İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 22 dekabr — Sputnik. Son vaxtlar erməni saytlarında Xankəndində evlərin satılması ilə bağlı elanlar yerləşdirilir. Evlərin satış qiyməti isə fantastik dərəcədə şişirdilib.
Mütəxəssislərin fikrincə, Xankəndindəki mənzillər hətta Sumqayıt şəhərindəki mənzillərdən də baha qiymətə satışa çıxarılıb. Təbii ki, bu yanaşma ermənilər tərəfindən düşünülmüş bir addımdır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, bu gün heç bir erməni həmin ərazilərdə daşınmaz əmlaka yatırım etməz. Onların əsas məqsədləri öz mənzillərini Azərbaycan hökumətinə baha qiymətlərə sataraq həmin ərazilərdən çıxıb getməkdir.
"Həmin ərazilər artıq Azərbaycanın nəzarətindədir və bütün sənədləşmə işləri Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. Təklif edərdim ki, ilk növbədə Şuşa şəhərində "ASAN XİDMƏT" Mərkəzinin modul tipli bir filialı açılsın. O filial vasitəsilə qondarma rejimin orada yaşayan ermənilərə verdikləri bütün mülkiyyət hüquqlarını təsdiq edən sənədləşmə işləri ləğv olunsun. Sənədləşmələr Azərbaycan Respublikasının Konstutsiyasına və qanunvericiliyinə uyğun aparılsın", -deyə E. Fərzəliyev bildirib.
O, qeyd edib ki, işğaldan əvvəl təkcə Xankəndində 12 000-dən artıq azərbaycanlı yaşayıb. Bu gün isə biz Xankəndindən məcburi köçkün düşmüş soydaşlarımızı ora yerləşdirmək üçün illərlə tikinti işləri aparmalıyıq. Bu isə çox uzun zaman alacaq. Ona görə də ilk növbədə, ermənilərin faktiki yaşadığı həmin ərazilərdə Azərbaycan qanunvericiliyini tətbiq etməli və ermənilərin satışa çıxardıqları evləri alaraq öz məcburi köçkünlərimizi yerləşdirməliyik.
Ekspertin fikrincə, satılan əmlak ermənilərin şişirdilmiş qiymətləri ilə deyil, real bazar qiymətləri ilə dəyərləndirilməlidir. Bunun üçün isə həmin ərazilərə yerli və xarici qiymətləndirmə şirkətlərini dəvət edərək monitorinqlər aparılmalı və əmlakların real bazar dəyəri müəyyənləşməlidir.
E. Fərzəliyev hesab edir ki, bu proses baş tutarsa, yerli əhalimizin həmin ərazilərə köçmə prosesi nəzərdə tutulduğundan da tez baş verə bilər:
"ANAMA-nın verdiyi məlumata görə minalanmış ərazilərin təmizlənməsi 13 ilə qədər çəkə bilər. İndi faktiki olaraq ermənilərlə azərbaycanlılar orada yaşayacaq. Ermənilərin yaşamasına icazə veriləcək Xankəndi, Əsgəran, Xocalıya azərbaycanlıların da köçürülməsi həyata keçirilməlidir. Ancaq onları yerləşdirmək üçün evlər tikmək lazımdır. Tikinti işləri də bir günün işi deyil. Ən azından bir neçə il vaxt lazımdır ki, o evlər tikilib onlara təhvil verilsin. Həmin müddətdə isə faktiki olaraq ermənilər orada yaşayacaq. Ona görə də bu prosesi sürətləndirmək üçün həmin satılan mənzilləri alaraq, həm insanları ora yerləşdirmək olar, həm də paralel olaraq tikinti işləri aparmaq olar".
Ekspert qeyd edir ki, əslində tikintinin xərcləri ən çox torpaq sahəsinə gedir. Ona görə də orada evlər o qədər də baha olmamalıdır. O yerləri dəyərləndirib, real bazar qiymətinə alıb, həmin evləri məcburi köçkünlərə vermək, orada mənzil tikib verməklə eyni qiymətə başa gələcək:
"Onsuz da dövlət evlər tikəcək. Ancaq tikməkdənsə, hazır evləri alıb təmir etmək daha sərfəlidir. Bu, vaxta da qənaət edər və məskunlaşma daha sürətlə baş verər. Bir şərtlə ki, evlər Azərbaycan qanunverciliyinə uyğun sənədləşdirilməli, alqı-satqı da bu qanunlar çərçivəsində aparılmalıdır".
BAKI, 18 yanvar — Sputnik. "Çox təəssüflər, 30 il ərzində bir siyasi həll yolu olmadığı üçün Dağlıq Qarabağ mövzusunda hərbi həll yolu oldu. Hazırda bir atəşkəs var. Bu, önəmli fürsətdir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Hayko Maasla keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Bu fürsəti əldən buraxmamaq lazımdır. Biz Türkiyə və Azərbaycan olaraq, əgər atəşkəs qalıcı olarsa, Ermənistan da buna inanarsa, Ermənistanla da münasibətlərimizi normallaşdırma mövzusunda addımlar ata bilərik. Bu addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik. İndi çox önəmli bir fürsət var.
Bunun itirilməməsi önəmlidir. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil çox müsbət gündəm var. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır", - deyə Çavuşoğlu qeyd edib.
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik.
BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.
Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.