Mail Əsgərov

İnformasiya müharibəsindən döyüş meydanına atılan jurnalist - "Ailəm elə bilir ki..."

305
(Yenilənib 00:41 22.12.2020)
"Müharibədə öz döyüş yoldaşımız üçün ağlamağa da macal olmurdu. Çünki biz növbəti şəhidin, yaralının elə özümüz olacağını anlayırdıq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Vətən müharibəsi başa çatsa da, qələbəni canları və qanları hesabına qazanan əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolu hər kəs üçün maraqlıdır. Sputnik Azərbaycan-ın Vətən müharibəsi iştirakçıları ilə bağlı hazırladığı silsilə yazıların bugünkü qəhrəmanı Azərbaycan mətbuatının tanınmış siması, jurnalist, baş leytenant Mail Əsgərovdur. Mail Əsgərov keçdiyi döyüş yolunu ömrünün ən şərəfli səhifəsi hesab edir.

28 il idi ki, işğal altında saxlanılan torpaqlarımızın azad olunma xəbərini xalqa çatdırmaq hər bir jurnalist kimi, onun da arzusu olsa da, Mail Əsgərova daha müqəddəs vəzifəni yetirmək nəsib oldu. O, torpaqlarımızı işğaldan azad edərək həmkarlarının bu şad xəbəri ictimaiyyətə çatdırmasına vəsilə oldu. Vətən müharibəsində yaralansa da, torpaqlarımızın işğaldan azad olunmasında payı olduğu üçün özünü çox xoşbəxt saydığını söyləyir: "Mən Vətən müharibəsi başlanandan üç gün sonra, sentyabrın 30-da müharibəyə getdim. Ehtiyatda olan zabit olduğumdan mənə hərbi komissarlıqdan zəng gəlmişdi ki, hazır ol. Çağırış olan gün ailəmlə Bakıda sağollaşıb doğulduğum Ucar rayonuna yola düşdüm. Ata-anamın xeyir-duası ilə müharibəyə yollandım. Bir həftəyə qədər təlim keçdikdən sonra Füzuli istiqamətində döyüşlərə qatıldım".

© Photo : Courtesy of Mail Asgerov
Mail Əsgərov

Müharibənin odlu-alovlu xatirələrindən danışan həmkarımız Vətən müharibəsinin hərb tarixinə qızıl hərflərlə yazılacağını söyləyir:

"Biz müharibələri ancaq filmlərdən izləmişik. Müharibəni, o odun-alovun içərisində vuruşmağı sözlə ifadə etmək mümkün deyil. Bu müharibədə hər birimiz hər an həyatımızı itirə bilərdik. Çünki mərmi göydən yağış kimi yağırdı. Bizi düşməndən fərqli olaraq ruhlandıran öz torpaqlarımız uğrunda döyüşməyimiz idi. Düşmən bizim qabağımızdan qaçırdı. Biz onların postlarını ələ keçirəndə görürdük ki, postlarını qoyub qaçıblar".

Müharibəyə yollananda ölümü gözə aldığını deyən Mail Əsgərov müharibədə bu təhlükənin hər an olduğunu bildirir: "Düşmən bizə, biz də onlara qarşı ağır artilleriyadan istifadə edirdik. Top səsindən qulaq tutulurdu. Biz piyada qrupu olaraq mərmi yağışının altında hərəkət edirdik. Təsəvvür edin ki, yanımızda yaralanan olanda biz onu döyüş bölgəsindən çıxara bilmirik. Bununla sanitar qrup məşğul olurdu. Müharibədə öz döyüş yoldaşımız üçün ağlamağa da macal olmurdu. Sanki ölüm gözümüzdə adiləşmişdi. Çünki biz növbəti şəhidin, yaralının elə özümüz olacağını anlayırdıq. Buna rəğmən ancaq irəli hücum edirdik. Eyni zamanda ələ keçirdiyimiz postları qoruyurduq".

© Official website of President of Azerbaijan Republic
Mail Əsgərov

M.Əsgərov yaralanma anını belə xatırlayır: "Düşmən mərmini üstümüzə elə yağdırırdı ki, mən hər an şəhid olacağımı, yaxud da yaralanacağımı göz önünə almışdım. Biz döyüşçü yoldaşımla post qoruyurduq. Yerdəyişmə edəndə mərmi bütün torpaq qatını mənim üstümə aşırdı. Mən bud nahiyəmdən və kürəyimdən yaralandım. Döyüşçü yoldaşım, baş leytenant Anar Ağamalı orada olmasaydı, yəqin ki, mən qanitirmədən həyatımı itirəcəkdim. Mənim yerimi postun içinə dəyişdilər. Ondan sonra bizim yaxınlığımıza 50-dən çox minomyot mərmisi düşdü. Yaralıları təxliyə edən maşın minomyot atəşi altında gəlirdi. Biz həmin vaxt bir neçə snayperin nişangahına çevrildik. Sanitar maşın minomyot atəşinə tutulurdu. Oradan məni Füzuli rayon Mərkəzi Xəstəxanasına apardılar".

M.Əsgərov deyir ki, xəstəxanada da, döyüş zamanı da xalqın orduya böyük inam və dəstəyini hiss edib:

"Ordumuz hər baxımdan dövlət tərəfindən təmin olunur. Amma xalq da ordumuza əlindən gələn dəstəyi göstərirdi. Məni təcili yardım maşınından düşürdəndə xərəkdən, bəlkə, yüz əl yapışmışdı. Bu, çox qürurverici idi".

Mail Əsgərov yaralandıqda ölümü gözü önünə gətirdiyini söyləyir: "Yaralandıqda bir anlıq ailəm, yaşadıqlarım gözümün önündən kino lenti kimi gəlib keçdi. Düşündüm ki, onları bir daha görə bilmərəm. Həmin an keçirdiyim hisslərin hamısını sözə çevirmək mümkün deyil. Müharibə ölüm, ayrılıqdır. Biz bunu cəbhəyə yola düşəndə anlayırdıq. Amma yaralananda bu hissi yaşamaq çox çətin idi. Yeganə təsəlli o idi ki, bu, müqəddəs amal uğrunda baş verir. Yəni sən həyatını itirsən belə, ailəndən, öz doğmalarından əbədi ayrılsan belə, bu, Vətən yolundadır".

Mail cəbhədə olduğu vaxtda bəzən günlərlə ailəsi ilə əlaqə saxlaya bilmədiyini söyləyir. Onun sözlərinə görə, əməliyyat olunduqda telefona ailəsindən gələn zəngə xəstəxanada tibb işçisi cavab verir. Ailəsinə Mailin yaralı olduğunu söyləyir. Ailəsi isə Mail özü danışmadığından onun başına bir iş gəldiyini düşünür: "Ailəm elə bilir ki, telefonu başqası açdığından mən həyatda deyiləm. Mən narkozdan ayılandan, onlarla təkrar əlaqə saxladıqdan sonra onlar mənim salamat olduğuma inanırlar".

© Official website of President of Azerbaijan Republic
Mail Əsgərov

40 gün xəstəxanada müalicə alan Mail Əsgərov hazırda evindədir. İndi onun yeganə təəssüfləndiyi məqam döyüşdə tez yaralanmasıdır: "Mənim və digər qazilərimizin yeganə təəssüfləndiyimiz məqam odur ki, biz tez yaralandıq. Mən döyüşə gedəndən 15 gün sonra yaralandım. Çox istərdim ki, sona qədər "Dəmir yumruq" əməliyyatında iştirak edim. Bu gün hamımızı qürrələndirən qazandığımız qələbədir".

Mail Əsgərov iki qəlpə yarasının müharibədən ona xatirə qaldığını söyləyir.

Qeyd edək ki, Mail Əsgərov noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə iştirak edib.

305
Teqlər:
qazi, müharibə, zabit, Qarabağ, döyüş, əsgər, jurnalist
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Prezident İlham Əliyev Şuşada

İlham Əliyev: "Gəlin alın, görüm necə alırsınız?"

15
(Yenilənib 21:49 15.01.2021)
"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq?

BAKI, 15 yanvar — Sputnik. "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Molla Pənah Vaqifin büstünün və məqbərəsi ziyarət edərkən bildirib.

"Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik", - deyə İlham Əliyev qeyd edib.

15
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

11
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

11
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0