Azərbaycan hərbçisi, arxiv şəkli

Kursantların "Böyük Atatürkü" - "Zarafatla dedi, Azıx mağarasındayam, son sözü oldu"

183
(Yenilənib 21:53 18.12.2020)
"Sadiq Laçın uğrunda gedən döyüşlərdə Azərbaycan bütövləşsin, mən və mənim kimi minlərlə laçınlı öz yurduna qayıda bilsin deyə döyüşdü, şəhid oldu"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. "Polkovnik-leytenant Sadiq Məmmədovla şahmat məktəbindən tanış idik. Məndən 2 yaş böyük idi. Bizim dövrümüzdə Qax Şahmat Məktəbinin ən güclüsü və Qax komandasının birinci "lövhəsi" idi. Onunla şahmat oynamaq üçün gərək əvvəlcə qrup birincisi, daha sonra isə öz yaş qrupun üzrə rayon çempionu olaydın".

Bu barədə şəhid polkovnikin uşaqlıq dostu olan Orxan Cəbrayıl onunla bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşərkən deyib.

O.Cəbrayıl deyir ki, şahmata başlayanda gözlənilməz nəticə göstərib qısa müddətdə həm öz qruplarında, həm də rayon üzrə öz yaş qrupunda birinci olub:

"Yarışla bağlı heç bir təcrübəm yox idi. Yaxşı xatirimdədir ki, rəhmətlik İbrahim müəllim avtobusa minmədən öncə məni Sadiqə tapşırmışdı ki, Orxanla məşq et, ona kömək ol. Bakıda, "Gənclik" mehmanxanasında qalırdıq, hər turdan sonra oyunları təhlil edir, Sadiqin köməkliyi ilə yeni oyuna hazırlaşırdım. Zamanla elə oldu ki, bəzi yarışlarda rəqib də olduq. Şahmatla bərabər, digər idman növləri ilə də məşğul olurdu. Olduqca savadlı, nizam-intizamlı, səliqəli, tərbiyəli bir oğlan idi".

"Hərbi Akademiyaya qəbul olmuşdu. Mən Bakıya gedəndə o, artıq II kursda idi. Dostum Kamran Cəfərov da Hərbi Akademiyaya qəbul olmuşdu. Sadiqin Akademiyada kursantlar arasında böyük hörmət sahibi olduğunu danışardı", - deyə həmsöhbətimiz əlavə edir.

© Photo : Courtesy of Orxan Jabrail
Şəhid Polkovnik-leytenant Sadiq Məmmədov

O.Cəbrayıl onun şəhadəti xəbərini dərin bir üzüntü ilə qarşılayıb: "Düzü, çoxdan idi, əlaqəmiz yox idi. Bəzi ortaq dostlarımızla söhbət etdim. Sadiqin peşəkar bir zabit kimi uğurlu hərbi karyera qurduğunu, hərb sənətinə bütün varlığı ilə bağlı olduğunu bildirdilər. Üç körpə balası var. Çox heyif ki, hər şey yarım qaldı".

"Sadiq Laçın uğrunda gedən döyüşlərdə Azərbaycan bütövləşsin, mən və mənim kimi minlərlə laçınlı öz yurduna qayıda bilsin deyə döyüşdü, şəhid oldu", - deyə o əlavə edir.

Onların illər öncə bir-birilərinə bir görüş vədi də olub: "İllər öncə Sadiqlə Neftçilərdə qarşılaşmışdıq, oturub çay içmişdik. Vidalaşanda bir gün mütləq şahmat oynamaq barədə sözləşmişdik. Çox təəssüf edirəm ki, bu görüş heç vaxt baş tutmayacaq. Tək təsəllimiz böyük amallar uğrunda şəhid olmasıdır. Məkanı cənnət olsun cənab polkovnikimizin!"

Şəhidimizlə bağlı xatirələrindən danışan Kamran Cəfərov onun uşaqlıq dostudur. Qax rayonunda böyüyən Sadiq Məmmədovla Kamran Cəfərovun tanışlığı isə idman oyunlarının keçirildiyi bir vaxta təsadüf edib: "Bu gözəl, yaraşıqlı oğlanla məktəb illərində tanış olmuşuq. Onunla tanışlığımız güləş zalından başladı. Həmin gün zalda balaca boylu, dolu bədənli bir oğlan gördüm. Tanışlığımız dövründə güləş zalında birgə məşq etməyə başladıq. Biz ayrı-ayrı çəkilərə görə güləşirdik. O, fiziki baxımdan da çox sağlam idi. Müəllim deyirdi ki, Sadiqi yıxa bilirsənsə, demək, nəsə əldə etmisən. O hər bir şeyi planlı şəkildə edirdi, boş yerə zamanını itirməzdi. Sanki o, elə hərbçi doğulmuşdu. Heç zaman bacarmadığı bir işə girişməzdi".

© Photo : Courtesy of Orxan Jabrail
Şəhid Polkovnik-leytenant Sadiq Məmmədov

"O, sənət seçəndə də dedi ki, hərbçi olacaq. Çünki onun xarakteri, xasiyyəti hərbə tam uyğun idi. O, birinci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olundu. Mən isə 2-ci ildən o məktəbə qəbul oldum.

Təsəvvür edin, kursantlar arasında ona Böyük Atatürk deyirdilər. Gözündə heç bir qorxu olmayan, hər zaman sözün düzünü deyən insan qısa zamanda kollektivdə özünə hörmət qazanmışdı. O, həm də güclü şahmatçı idi. Şahmatda da planlama olduğundan bu tam olaraq Sadiqin xarakterinə uyğun idi.

O, kəşfiyyat zabiti olub. O zaman bizim zabitlərimiz hamısı Türkiyədən idi. O vaxtı Türkiyədən olan zabitlərlə 10 illik müqavilə bağlanmışdı ki, onlar bizə hərbin sirlərini öyrətsinlər. Onlar daha sərt olur və cəzaya layiq kursantı mütləq şəkildə cəzalandırırdılar. Kursantlar sırada olanda nəsə baş verib, türkiyəli zabit təsadüfən Sadiqi qabağa çıxarıb və soruşub ki, digərləri arxada nə edirdilər. Sadiq deyib ki, mən bunu bilirəm, amma demərəm. Çünki bu gün onların nə etdiyini deməklə sabah döyüşdə, yaxud da başqa bir yerdə yenə də satmış olaram. O deyib ki, istəyirsinizsə, məni cəzalandırın, dostlarımın əziyyət çəkməsindənsə, elə mən özüm əziyyət çəkim. Beləcə, o, 200 metr sürünərək "Vətən sağ olsun!" deyib. Mən əminəm ki, onun dostlarını satmaması zabitin xoşuna gəlib. Sadiq gələndə yoldaşları hər zaman ona hərbi salam verərdilər".

"O, mənə deyirdi ki, şahmat oynamağa vaxtım olmayacaq, amma qarşıda çox illər var, səninlə güləşməyə vaxtım olacaq. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə də şahmatla məşğul olurdu və yüksək nəticələr də əldə edirdi", - deyə uşaqlıq dostu onunla bağlı xatirələrini vərəqləyir.

Həmsöhbətimiz deyir ki, o, polkovnik-leytenant rütbəsinə qalxanadək bütün rütbələrini vaxtında alıb, hər zaman Vətənə layiqli zabit kimi xidmət edib: "O, hər bir addımında Vətənə xeyir verməyi düşünürdü. Mən hazırda Rusiyada yaşayıram, o bir gün mənə bir binoklla bağlı məlumat atdı və dedi ki, maraqlan, gör yaxşıdırsa, al, mənə göndər, bu binoklla Vətən üçün çox işlər görəcəyəm".

Kamran Cəfərov onunla sonuncu dəfə ölümündən iki gün öncə əlaqə yarada bilibmiş: "Soruşdum ki, haradasan, zarafatla dedi ki, Azıx mağarasında. O, bizim son əlaqəmiz oldu, iki gündən sonra ölüm xəbərini eşitdim. O, Vətən üçün doğulmuşdu, elə Vətən üçün də öldü".

Başın sağ olsun, Vətən!                                                                                                                                                           

183
Teqlər:
Qarabağ, güləşçi, şahmatçı, xatirə, şəhid, polkovnik

Cəbrayıl rayonunun daha bir azad edilmiş kəndinin görüntüləri yayıldı - VİDEO

24
(Yenilənib 15:40 23.01.2021)
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusunun əks-hücumu nəticəsində azad edilib.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər paylaşıb. Aşağı Maralyan Cəbrayıl rayonunun Karxulu inzibati ərazi vahidinə daxildir və Araz çayının sol sahilində, düzənlikdə yerləşir.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

24
Şəhid Rahim Mikayılovun dəfni

İtkin xəbərindən bir neçə gün sonra oğlu dünyaya gələn şəhid torpağa tapşırıldı

130
(Yenilənib 16:09 23.01.2021)
Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Bu gün barəsində 107 gün heç bir xəbər çıxmayan şəhid baş leytenant Rahim Qabil oğlu Mikayılov doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunub. Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib və o, bu gün dəfn olunub.

  • Şəhid Rahim Mikayılov
    © Photo : Courtesy of Leyla Abdullayeva
  • Şəhid Rahim Mikayılovun dəfni
    © Sputnik / Leyla Abdullayeva
  • Şəhid Rahim Mikayılovun dəfni
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Photo : Courtesy of Leyla Abdullayeva
Şəhid Rahim Mikayılov

Rahim Mikayılov ailəlidir. Şəhid olandan bir neçə gün sonra oğlu dünyaya gəlib.

Onu da qeyd edək ki, Quba bu gün Vətən müharibəsində qurban verdiyi 48-ci şəhidini dəfn edir.

130
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0