Şuşa, arxiv şəkli

Prezident tapşırıq verdi: Şuşada qiymətləndirmə inventarlaşdırma işlərinə başlanıldı

18
(Yenilənib 14:30 16.12.2020)
Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, "Azərsu" ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, "Azərişıq" ASC-nin, "Azərenerji" ASC-nin, "Bakı Abadlıq Xidməti" MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və altı əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.

Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirmişdi ki, Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidə, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir.

İşçi qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək.

Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.

18
Teqlər:
Prezident, İlham Əliyev, Şuşa
Notebook-la oynayan kişi, arxiv şəkli

"WhereisKarabakh.com" veb-saytı yaradılıb: O, nəyə xidmət edəcək?

13
(Yenilənib 22:42 22.01.2021)
İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə bilərlər.

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Turizm Bürosu tərəfindən "WhereisKarabakh.com" ("Qarabağ harada yerləşir?") veb-saytı istifadəyə verilib.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdan ibarətdir.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit veb-saytla bağlı bunları qeyd edib: "Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına imkan yaradır. Bundan əvvəl isə bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir. "WhereisKarabakh.com" veb-saytının yaradılması da məhz bu missiyanı daşıyır".

İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə, eləcə də "Qarabağ" toponiminin mənşəyi, regionun tarixi, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, Qarabağ atları və təbiəti haqqında məlumatlar əldə edə bilərlər.

Məlumatlandırma pəncərəsində veb-sayt ziyarətçilərinin daha ətraflı məlumatlar almaları üçün isə "Azerbaijan.travel" platformasının Qarabağla bağlı tərtib olunmuş səhifəsinə keçid etmək təklif olunur.

 

13

Rəsmi Bakı Avropa Parlamentinin qərəzli iddialarını pislədi

22
"Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir"

BAKI, 22 yanvar — Sputnik. "İlk növbədə onu vurğulamaq istərdim ki, bu il yanvarın 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.

Bir sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkərindəki münaqişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalq hüquq əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.

O ki qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur, tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.

Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır", - deyə Leyla Abdullayeva qeyd edib.

22

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0