Şəhidin dəfni, arxiv şəkli

MN: Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub

220
(Yenilənib 14:50 03.12.2020)
Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

BAKI, 3 dekabr - Sputnik. Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad edib.

Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.

30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur.  

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

220
Teqlər:
Şuşanın azad olunması, Müdafiə Nazirliyi, itkin, şəhid, Vətən müharibəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Şuşa, arxiv şəkli

Şuşada möhtəşəm layihələrə start verildi

10
(Yenilənib 13:49 20.01.2021)
Nazir: "Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

BAKI, 20 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib.

A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfərlərini yüksək dəyərləndirdiyini deyib.

Bildirib ki, Azərbaycanı dəstəkləyən, ona dost olan insanların bu ərazilərə səfəri, xoş niyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir:

"44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı mən türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq istəyirəm. Həm cəmiyyət tərəfindən, həm də siyasi aləmdə biz bu böyük dəstəyi hiss etdik. Yəqin məlumatlısınız ki, ICESCO-nun nümayəndə heyəti də bir neçə gün əvvəl Azərbaycana səfərində işğaldan azad olunan ərazilərimizə baş çəkmişdi. Bu ərazilərdə biz yeni layihələr reallaşdırmağı düşünürük və bu proseslərdə türkdilli dövlətlərlə də birgə əməkdaşlıq məsələləri daha sıx şəkildə təşkil olunmalıdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il Şuşada "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verib və biz artıq bununla bağlı işlərə başlamışıq. Elə ərazilər var ki, minalardan təmizlənməlidir, artıq Füzulidən Şuşaya yol çəkilir, yeni infrastruktur hazırlanır. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

Nazir daha sonra "Nizami İli" ilə bağlı keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək: "İnanıram ki, türkdilli dövlətlərin nümayəndələri "Nizami İli" ilə əlaqədar təşkil edilən tədbir və festivallarda yaxından iştirak edərək öz töhfələrini verəcəklər".

Qeyd edək ki, görüşdə TDƏŞ-in Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, təşkilatın layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak edib.

10
Şuşada məscid, arxiv şəkli

Şuşada tarixi abidələrlə bağlı monitorinq keçirilib

9
(Yenilənib 13:14 20.01.2021)
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərinin işğal edilməsi nəticəsində erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"ndan bildirilib.

Xəbərə görə, institutun direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri" bərpa ediləcək.

9
Teqlər:
tarixi abidələr, tarixi abidələr, tarixi abidə, abidələr, Şuşa şəhəri, Şuşa
Neft, arxiv şəkli

Azərbaycan nefti bu gün özünü necə aparıb?

0
(Yenilənib 13:59 20.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
"Brent" markalı neft, Brent, "AzeriLight" markalı neft, "AzeriLight", Azərbaycan nefti, neft, Neft