Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda

13
(Yenilənib 10:46 24.11.2020)
Prezident: Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb.

BAKI, 24 noyabr — Sputnik. "Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi".

Bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən, demək olar ki, müharibənin ilk günlərindən çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə demişdim ki, - bütün bunları qaldırmaq olar, hər şey sənədləşdirilib, - bizə tarix versin. Dedim, Paşinyan, sən özün, sənin xarici işlər nazirin, yaxud müdafiə nazirin yox, hansılar ki, bu məğlubiyyətə görə işdən qovuldular, sən özün, Paşinyan, bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum.

Əgər mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı. Tam qətiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. On mindən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Çünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər. Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılıb. Oranı onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!

Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

13
Teqlər:
istehkam, Şuşanın azad olunması, Azərbaycan prezidenti İlham Əliyev, Serj Sarkisyan, Robert Koçaryan, Ağdamın azad olunması
Notebook-la oynayan kişi, arxiv şəkli

"WhereisKarabakh.com" veb-saytı yaradılıb: O, nəyə xidmət edəcək?

13
(Yenilənib 22:42 22.01.2021)
İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə bilərlər.

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Turizm Bürosu tərəfindən "WhereisKarabakh.com" ("Qarabağ harada yerləşir?") veb-saytı istifadəyə verilib.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdan ibarətdir.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit veb-saytla bağlı bunları qeyd edib: "Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına imkan yaradır. Bundan əvvəl isə bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir. "WhereisKarabakh.com" veb-saytının yaradılması da məhz bu missiyanı daşıyır".

İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə, eləcə də "Qarabağ" toponiminin mənşəyi, regionun tarixi, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, Qarabağ atları və təbiəti haqqında məlumatlar əldə edə bilərlər.

Məlumatlandırma pəncərəsində veb-sayt ziyarətçilərinin daha ətraflı məlumatlar almaları üçün isə "Azerbaijan.travel" platformasının Qarabağla bağlı tərtib olunmuş səhifəsinə keçid etmək təklif olunur.

 

13

Rəsmi Bakı Avropa Parlamentinin qərəzli iddialarını pislədi

22
"Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir"

BAKI, 22 yanvar — Sputnik. "İlk növbədə onu vurğulamaq istərdim ki, bu il yanvarın 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.

Bir sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkərindəki münaqişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalq hüquq əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.

O ki qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur, tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.

Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır", - deyə Leyla Abdullayeva qeyd edib.

22

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0