Ağdam, arxiv şəkli

Ermənistan Ağdamın tarixi abidələrindən "qisas" alıb

160
(Yenilənib 07:38 21.11.2020)
Tarixçi Kamran İsmayılov: Ağdam və Füzuli şəhərlərinin bugünkü görünüşləri 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərini xatırladır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Qarabağın ən böyük inzibati-ərazi vahidlərindən olan Ağdam rayonu Aran Qarabağla Dağlıq Qarabağın birləşdiyi ərazidə yerləşir. 1150 kv. km. əraziyə və 65 yaşayış məntəqəsinə malik rayonun ərazisinin 78%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilmişdi.

Burada aparılan tədqiqatlar rayonun qədim insanların yaşayış məskənlərindən olduğunu sübut edib.

"Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa başladığı müəyyən edilib. Azərbaycan arxeoloqu İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı rayon ərazisində ilk qədim insanların altı-səkkiz min il bundan əvvəl - Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşadığı məlum olub. Rayon ərazisində Leylatəpə və Üzərliktəpə qədim yaşayış yerlərində Eneolit və Orta Tunc dövrünə (e.ə. II minilliyin birinci yarısı) aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib".

Bu barədə Sputnik Azərbaycan-a tarixçi Kamran İsmayılov danışıb.

Onun sözlərinə görə, rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri var. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskənləri Eneolit dövründən günümüzə kimi gəlib çatıb. Üzərliktəpədə tapılmış maddi-mədəniyyət qalıqları buranın Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin abidələri olan yerlərdən biri olduğunu təsdiq edib.

Tarixçi qeyd edib ki, rayon ərazisindəki ən böyük İslam dini abidəsi Ağdam şəhər Cümə məscididir. İki minarəli və ikimərtəbəli məscid 1868-1870-ci illərdə Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Kərbəlayi Səfixan Qarabaği sayəsində "Qarabağ məscid memarlığı" adlı üslub formalaşıb və bu üslubu başqa heç bir digər üslublarla səhv salmaq mümkün deyil. Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilib. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları pozulub.

Ekspertin sözlərinə görə, Ağdam şəhərində nadir islam abidələrindən biri də Qutlu Musa türbəsidir (və ya Xaçındərbətli türbəsi) Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən və 1314-cü ildə inşa edilən bu abidənin əsas məziyyəti onun həcmində deyil, ənənəvi quruluşunun özünəməxsusluğundadır. Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var. Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.

Rayon ərazisində İslam dini abidələri sırasında məscidlər Boyəhmədli məscidi (XIX-XX əsr), Qiyaslı məscidi (XVIII əsr), Papravənd məscidi (XVIII əsr), ziyarətgahlar (Xanoğlu türbəsi (XVIII əsr) – Ağdam şəhəri, Türbə (XIX əsr) – Ağdam şəhəri, Türbə (XVIII əsr) – Papravənd kəndi, Şeyx Nigari türbəsi (XVIII əsr) – Papravənd kəndi, Türbə (XVIII əsr) – Maqsudlu kəndi, Türbə (XIV əsr) – Kəngərli kəndi, Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanlığında, Türbə (XIX əsr) Uğrulla bəyin türbəsi (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanlığında, Qəbiristan (orta əsrlər) – Papravənd kəndi, Qəbiristan (orta əsrlər) – Qızıllı Kəngərli kəndi, Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi, Eşq Abdal piri – Üçoğlan kəndi, Əli pəncəsi (daş) – Gülbalı kəndi, Cındırlı piri – Kəngərli kəndi, Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi, Daş heykəl – Boyəhmədli kəndi, Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi Azərbaycan Respublikasının ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxildirlər. Bu siyahıda Ağdam rayonunun ərazisində yerləşən tarixi memarlıq abidələri - Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri, İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri, İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi, Karvansara (XVIII əsr) – Şahbulaq kəndi, Bürc (XVIII əsr) – Şahbulaq kəndi, Sərdabə (XV əsr) – Ağdam şəhəri, Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri daxildirlər.

"Bütövlükdə Ağdam rayonu üzrə 140 tarix və mədəniyyət abidəsi qeydiyyatdadır ki, onların da əksəriyyəti erməni vandalları tərəfindən dağıdılaraq məhv edilib", - deyə tarixçi vurğulayıb.

K.İsmayılovun sözlərinə görə, Şuşa, Ağdam, Füzuli Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilib.

"Ağdam və Füzuli şəhərlərinin bugünkü görünüşləri 1945-ci ildə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərini xatırladır. İstər Azərbaycanın işğal edilmiş ərazilərində, istərsə də Ermənistan respublikası ərazisində azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilib və yer üzündən silinib. İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınıb", - deyə tarixçi bildirib.

O bildirib ki, ermənilər Ağdam rayonu ərazisində "Tiqranakert şəhərinin" qalıqlarını "tapdıqlarını" iddia edirdilər.

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Ağdam rayonunda 93 abidə yer alıb.

Ağdam rayonunun 107 kitabxana; 27 klub; 13 mədəniyyət evi, dram teatrı, ölkəşünaslıq muzeyi, çörək muzeyi vardı. Ağdam rayonunda ümumi kitab fondu 970 min 996 nüsxə təşkil edirdi. Rayonun 1993-ci il 23 iyul tarixində erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki 107 kitabxana tamamilə dağıdılıb və rayon kitabxanalarına təqribi hesablamalara görə 2 milyon 850 min manat məbləğində maddi ziyan dəyib.

160
Teqlər:
Qarabağ, Ağdamın azad olunması, Ağdamın işğalı
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

3
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən uğrunda canlarını əsirgəməyənlərə dövlət verir? Məsələ tək pulda deyil...

18
(Yenilənib 00:31 04.12.2020)
"Heç bir Qarabağ müharibəsi qazisinə və şəhidinə fərq qoymaq olmaz! Onlara eyni qaydada bütün sosial müdafiə tədbirləri həyata keçirilməlidir" - millət vəkili

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Torpaqlarımızın bütövlüyü uğrunda başlanan Vətən müharibəsində yaralanaraq qazi olan əsgər və zabitlərimizin sosial təminatı son günlər geniş müzakirə mövzusuna çevrilib. Ən çox müzakirə olunan məsələ isə qazilərimizə ödəniləcək aylıq təqaüdün məbləğidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanların sosial təminatı ilə bağlı yaydığı məlumatdan sonra bu məbləğ müxtəlif rəqəmlərlə göstərilir. Hətta qazilərimizə ödəniləcək aylıq təqaüdün məbləğinin real yaşayış minimumundan dəfələrlə az olduğu geniş qınaq obyektinə çevrilib. Digər yaranmış narazılıq isə öz sağlamlığını Vətən yolunda itirmiş qazilərimizə dövlət tərəfindən ödənilən müavinətin məbləğinin fərqli olmasıdır. 

Sputnik Azərbaycan Vətən uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə, eləcə də şəhid ailələrinə ödənilən müavinətlərin məbləğini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir. Nazirlik sözçüsü bildirir ki, onlar digər sosial ödənişlərlə - pensiya, müavinət və sosial proqramlarla da əhatə olunurlar. F.Talıblı deyir ki, bu gün Azərbaycanda şəhidin vərəsələrinə 11 min manat sığorta ödənişi verilir: “Müharibə əlillərinə ödənilən sığorta ödənişinin məbləği I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat təşkil edir. Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir ki, burada da orta məbləğ 400 manatdır. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat ödənilir. Bundan əlavə, onlara 210-300 manat prezidentin aylıq təqaüdü verilir. Bütün bunlarla yanaşı, haqqında danışdığımız kateqoriya üçün bir sıra güzəştlər də tətbiq edilir. Məsələn, şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunurlar. Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün dövlət və özəl sektorda məcburi kvota müəyyən edilib”.

F.Talıblı bildirir ki, şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub:

“Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır”.

Bəs görəsən, qazilərimizə verilən müavinətlərin məbləği ilə bağlı yaranmış narazılıq nədən qaynaqlanır?

“Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Qarabağ müharibəsi veteranlarına ödənilən müavinətlərin azlığı və fərqli olması barədə səslənən fikirlərdə həqiqət payı var. Həmsöhbətimiz deyir ki, bu gün Qarabağ qazilərinin heç də hamısı yüksək məbləğdə təqaüd almır: “Nazirliyin dünən açıqladığı rəqəmlər illərdir qazilərə ödənilən pensiya, müavinət və prezident təqaüdü ilə bağlıdır. Qarabağ əlillərinə pensiyalar müxtəlif cür hesablandığından birmənalı şəkildə demək olmaz ki, 1-ci, 2-ci və 3-cü qrup Qarabağ əlilləri bu məbləğdə pensiya alırlar. Çünki sovet dövründə xidmət keçən və Qarabağda müharibə başladıqda Azərbaycanda gəlib döyüşən Qarabağ əlillərinin pensiyası fərqli hesablanır. Sovet dövründə xidmət keçən Qarabağ əlillərinin müharibədə iştirakı ikinci xidmət sayıldığından, onlar müddətdən artıq hərbi qulluqçu hesab olunurlar. Məsələn, gizir 600 manat maaş alırsa, bu statusda olan 1-ci qrup Qarabağ əlili bu məbləğin 100 faizini, 2-ci qrup 80 faizini, 3-cü qrup isə 50 faizini alır.

İkinci hesablama isə  sovet dövründə yox, məhz Azərbaycan ordusunda xidmət keçmiş şəxslərlə bağlıdır. Azərbaycan ordusunda xidmət edərək müharibədə yaralanan qazilərin pensiyası 1-ci qrup 240, 2-ci qrup 200, 3-cü qrup 190 manata yaxındır. Bu sadaladığım şəxslər eyni zamanda prezident təqaüdü də alırlar.

3-cü kateqoriya isə 18-20 yaş arasında döyüşdə yaralanan və heç bir iş stajı olmayan şəxslərdir ki, onlara heç bir pensiya verilmir. Onlar ancaq müavinət alırlar. Onlara verilən müavinətin məbləği 1-ci qrupa 150, 2-ci qrupa 130, 3-cü qrupa 110 manatdır. Bunun üzərinə prezidentin aylıq təqaüdü də daxildir. 4-cü kateqoriya hərbçilərimizdir. Hansı ki, onların pensiyaları vəzifəyə görə aldıqları maaşa görə hesablanır. Tutaq ki, briqada komandiri 2000 manat maaş alırsa, onun 100, 80 və 50 faizi məbləğində pensiya alır. Onlar vətənin müdafiəsi zamanı yaralanıblarsa, bu zaman onlara prezident təqaüdü də ödənilir”.

R.Kərimoğlu müharibəyə könüllü qatılan və qazi olan şəxslərə ödənilən pensiya məbləğinə də aydınlıq gətirib. O, bildirir ki, Azərbaycanda könüllü anlayışı hərbi komissarlığa gedənə qədərdir: “Bu anlayış 1991-1992-ci ilə qədər idi. Onlar müddətdən artıq hərbi qulluqçu kimi təqaüd alacaqdır”. 

Bu gün qazilərimizə verilən pensiya məbləğinin fərqli olmasını isə qazi belə izah edir: “Bizim arzumuz odur ki, əlillik qrupundan asılı olaraq Qarabağ qaziləri minimum 2000 manat məbləğində pensiya alsınlar. Bu, yaşayış üçün normal məbləğ sayıla bilər. Qazi və şəhid ailələrinin bu ölkədə normal insan kimi yaşamaq haqqı var.

Şəhid ailələrinə gəlincə, R.Kərimoğlu qeyd edir ki, şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği 300 manatdır: “Şəhid ailələrinə 300 manat prezident təqaüdü verilir. Üstəlik övladları 18 yaşına çatanadək müəyyən pensiya ödənilir. Bu məbləğ də aşağıdır. Biz hesab edirik ki, bu məbləğ də artırırlmalıdır”.

R.Kərimoğlu iddia edir ki, Azərbaycanda şəhid və qazilərin pensiyasını artırmaq üçün kifayət qədər resurslar var: “2001-ci ilə qədər qazilərimiz üçün əlavə dolanışıq imkanları yaradılırdı. Onlara ticarət köşkləri verilirdi ki, oradan gələn gəlirlə ailələrini dolandırsınlar. İndi bütün bu imkanlar ancaq varlılar üçündür. Bizim bu gün ən ciddi problemimiz bu insanların qapılarda qalmasıdır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizim üçün qanunda nə nəzərdə tutulubsa onu yerinə yetirir. Amma bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi ilə bağlı qanunlarda boşluqlar var. İki ayağını itirmiş gənc oğlanın 150 manat pensiya alması sosial ədalətsizlikdir. Bu gün gərək Milli Məclisin deputatları bu boşluqların aradan qaldırılması məsələsini qaldırsınlar. Amma təəssüf ki, parlamentdə 3-5 nəfər xalqını sevən vətənpərvər deputat var. Qalanları bu millətə yaddır. Onların heç birinin övladı bu gün Qarabağ qazilərinin yerində deyil, onlar kimi aşağı pensiya almır. Onların hansının balası gedib müharibədə iki ayağından olsa, onlar pula ehtiyacları olmasa belə, Milli Məclisi dağıdarlar. Biz dəfələrlə parlamentə bununla bağlı müraciət etmişik ki, müvafiq qanunlar qəbul olunsun.

Şəhid ailələri, Qarabağ qaziləri və veteranların problemlərinin həlli ilə məşğul olan dövlət qurumunun yaradılmasına çox ciddi ehtiyac var. Bizim qurum çalışır ki, bu kateqoriyadan olan şəxslərin problemlərinin həllinə dəstək olaq. Amma problemin həlli üçün bir dövlət qurumu yaradılmalıdır. Bu gün icra hakimiyyətləri və digər qurumlarda şəhid ailələrinin, qazilərin problemləri ilə bağlı müraciət edəndə ƏƏSMN-ə yönəldirlər. Amma nəzərə almaq lazımdır ki, bu nazirliyin sözügedən kateroriya ilə bağlı iş görmək üçün bir-iki səlahiyyəti var. Səhiyyə Nazirliyi ilə bağlı şəhid və qazinin problemini ƏƏSMN həll edə bilməz. Biz illərlə bu problemin içindəyik”.

Həmsöhbətimiz deyir ki, müharibə əlillərinə ödənilən sığorta ödənişinin məbləği də bü gün qonşu ölkələrlə müqayisədə aşağıdır: “Müharibədə qalib gəldiyimiz Ermənistanda müharibədə həlak olan şəxslərin ailələrinə ödənilən birdəfəlik sığorta haqqı 21 min ABŞ dollarıdır. Ukraynada 70 min ABŞ dolları, Türkiyədə bu məbləğ 700 min TL civarındadır. Rusiya və Ukraynada müharibə əlillərinə kommunal, nəqliyyat və səhiyyə güzəştləri var. Türkiyədə qazilərə 15 il hər ay pensiyadan əlavə dövlət tərəfindən ayrıca vəsait ödənilir”.

R. Kərimoğlu bu gün şəhid ailələri və müharibə əlilləri ilə bağlı problemlərin təkcə pensiyanın azlığı ilə bağlı olmadığını söyləyir: “Bu gün qazilərə avtomobillərin və mənzillərin verilməsində problemlər var. Məsələn, başından travma alan, bir gözü, bir əli olmayanlara avtomobil verilmir. NK-nın bu təlimatında ciddi qüsurlar var. Amma iki gözü olmayana avtomobil verilir ki, ailə üzvlərindən biri idarə edə bilər. Biz illərdir ki, bürokratik məmurların ucbatından bu qaydanı dəyişdirə bilmirik”.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

R.Kərimoğlu həmçinin bildirir ki, dövlət qulluğunda işə qəbulda şəhid, qazi ailələrinin nümayəndələrinə heç bir güzəşt edilmir: “Qazi balaları yaxşı təhsil alır, dövlət qulluğuna qəbul üçün imtahan verir, amma müsabiqədən kim rüşvət veribsə, kimin həmin qurumda qohumu, tanışı varsa, o keçir. Bu ədalətsizliklər mütləq şəkildə aradan qaldırılmalıdır”, - deyə R. Kərimoğlu bildirir.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün qazilərə prezident təqaüdü verilir. Deputat deyir ki, hazırda əsas diqqət göstərilməli məsələ gənc yaşdan əlil olan insanların məşğulluğunun təmin olunması, onların özünüməşğulluq proqramlarında iştirakını təmin etməkdir: “Əlbəttə ki, gələcəkdə onlara ödənilən pensiya məbləği də artırılmalıdır. Əlavə pensiya və müavinət növü də fikirləşmək olar. Heç bir Qarabağ müharibəsi qazisinə və şəhidinə fərq qoymaq olmaz! Onlara eyni qaydada bütün sosial müdafiə tədbirləri həyata keçirilməlidir. Pensiyaların verilməsi büdcəyə bağlı məsələlərdir. Gələcəkdə bunlara mütləq baxılmalı, yeni məbləğlər müəyyənləşdirilməlidir. 

Bu, müzakirə mövzusu ola bilər və olmalıdır da. Ölkə üzrə orta aylıq əmək haqqı artdıqca bu pensiya və müavinətlərin də məbləği artacaq. Mən təklif etmişəm ki, şəhid ailələri üzvlərinə dövlət qulluğuna qəbulda güzəştlər olsun. Bu da çox vacib məqamdır”, - deyə deputat bildirir.
18
Teqlər:
məşğulluq, avtomobil, mənzil, pensiya, müavinət, Azərbaycan, Qarabağ, şəhid, qazi