Manuel Balce CENETA / POOL / AFP

ABŞ tərəfləri Minsk Qrupu həmsədrləri ilə ən qısa zamanda yenidən əlaqə qurmağa çağırdı

24
(Yenilənib 18:31 18.11.2020)
Mayk Pompeo: Beynəlxalq cəmiyyətdəki mövcud tərəfdaşlarımızın töhfələrindən xəbərdarıq və digər hökumətləri bu səylərə yeni və artan dəstəklə qoşulmağa çağırırıq.

BAKI, 18 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və Dağlıq Qarabağla bağlı humanitar fövqəladə vəziyyətə cavab tədbiri olaraq yeni yardım elan edir.

Sputnik Azərbaycan ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında bildirilir.

Bəyanatda qeyd olunub ki, Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında aktiv hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

"Son döyüş əməliyyatları başlayandan ABŞ zorakılığa son qoymağa çağırmış və mülki şəxslər də daxil olmaqla əhəmiyyətli itki ilə nəticələnən hərbi eskalasiyanı qınamışdır. Ölən və yaralananların ailələrinə bir daha başsağlığı verir və tərəfləri beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüquqa dair öhdəliklərinə hörmət etməyə çağırırıq", - deyə bəyanatda bildirilir.

Pompeo qeyd edib ki, döyüşlərə son qoymaq Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq üçün yalnız ilk addımdır:

"Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının güc tətbiq edilməməsi və ya təhdid edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə və bərabər hüquqlar prinsiplərinə əsaslanan davamlı siyasi həll yolu tapması üçün tərəfləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu həmsədrləri ilə ən qısa zamanda yenidən əlaqə qurmağa çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ bu səylərdə tam olaraq iştirak edir".

Pompeo bildirib ki, diplomatik əlaqələrə uyğun olaraq, ABŞ Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların və onların əməkdaşlıq etdikləri qeyri-hökumət təşkilatlarının son döyüşlərdən əziyyət çəkən insanlara yardım fəaliyyətlərini dəstəkləmək məqsədilə 5 milyon dollar humanitar yardım ayırır. Bu maliyyə yardımı ilə ABŞ-ın Ermənistan və Azərbaycana 2019-cu maliyyə ilindən bəri göstərdiyi humanitar yardımının toplamı 10 milyon dolları aşır. Buraya COVID-19 pandemiyasına cavab vermək, həssas mühacirlərə, köçkünlərə və onları qəbul edən icmalara kömək etmək üçün ayrılmış təxminən 3,9 milyon dollar da daxildir.

"Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən verilən yeni yardım münaqişədən zərər çəkmiş şəxsləri qida, səhiyyə, sığınacaq və digər təcili yardımla təmin etmək üçün yerli səyləri dəstəkləyəcəkdir. ABŞ hökumətinin humanitar mütəxəssisləri bu böhranın təsirlərini qiymətləndirməyə davam edirlər. Beynəlxalq cəmiyyətdəki mövcud tərəfdaşlarımızın töhfələrindən xəbərdarıq və digər hökumətləri bu səylərə yeni və artan dəstəklə qoşulmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub.

24
Teqlər:
Dağlıq Qarabağ, ATƏT-in Minsk Qrupu, dövlət katibi Mayk Pompeo, Mayk Pompeo

Oğlumu itirsəm də, Azərbaycan bir qəhrəman qazandı şəhid anası

6
Azərbaycanlı şəhid atasının oğlunu cəbhəyə yollayarkən dediyi sözlər çin olub. Müharibə qəhrəmanlarından birinin tarixçəsini videomuzda izləyin.

Fikrət Həsənov həmişə oğlu Əzimə deyərdi ki, o, mütləq Ağdamı azad edəcək. Əzim isə böyüdü, Dillər Universitetini bitirdi, hərbi xidmətə yollandı, amma atasının sözlərini heç vaxt unutmadı. Atasına verdiyi sözü isə düz bir il sonra tutdu. Müharibə başlayan ilk gündən Əzim könülü olaraq paytaxtdakı hərbi hissədən işğal altında olan torpaqlarımızı azad etməyə yollandı.

Qəhrəmanın atası bizə danışıb ki, oğlu bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını xilas etməyə müvəffəq olub. Ən son dəfə anası ilə telefonda danışan zaman isə Azərbaycanın qələbə çaldığı, ordunun irəlilədiyi xəbərini verib ona.

Atasız böyütdüyü iki oğlu Vətənə qurban getdi - video>>

Əzimin anası Şəhla Həsənova isə deyib ki, o, öz oğlunu itirsə də, Azərbaycan daha bir qəhrəman qazanıb.

6
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik verəcəyik"

9
"Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda".

BAKI, 24 noyabr — Sputnik. "Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb.

Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.

Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda.

Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!"

9
Xəstəxana, arxiv şəkli

Kişiyə hamilə diaqnozu qoyulmasına aydınlıq gətirildi

0
(Yenilənib 15:37 24.11.2020)
Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

BAKI, 24 noyabr — Sputnik. Dünən sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

© Photo : Azerbaijan's Management Union of Medical Territorial Units
Skrinşot

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompyuterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib.

0
Teqlər:
TƏBİB, diaqnoz, hamilə