Qarabağ ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb

27
(Yenilənib 10:37 11.11.2020)
Layihə müəllifi işğal olunan ərazilərdə alban memarlıq abidələrini dəyişdirib erməniləşdirilməsi nəticəsində Azərbaycan torpaqlarının öz adlarına çıxarıldığını da açıqlayıb.

BAKI, 11 noyabr — Sputnik. Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb.

Sputnik Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyasına məlumatına istinadla xəbər verir ki, bu məlumatlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər" adlı iri layihənin həyata keçirilməsi nəticəsində əldə edilib.

Layihənin ideya müəllifi, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov qeyd edib ki, Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə zərər dəyib.

Dövlət tərəfindən qeydə alınan 903 abidə arasında həm yerli və regional, həm də beynəlxalq əhəmiyyətli abidələr var. Həmçinin bu ərazidə 1647 dövlət qeydiyyatında olmayan abidələr yerləşir.

F.İsmayılov daşınan abidələrə vurulan ziyanın milyardlarla ABŞ dolları həcmində olduğunu bildirir.

Layihə müəllifi ermənilər tərəfindən işğal olunan ərazilərdə erməni xaçdaşlarının yerləşdirilməsi, alban xaçdaşlarının mənimsənilməsi, erməni kilsələrinin inşası və alban memarlıq abidələrini dəyişdirib erməniləşdirilməsi nəticəsində Azərbaycan torpaqlarının öz adlarına çıxarıldığını da açıqlayıb.

27

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

4
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

4
Dəmiryol Xətti, arxiv şəkli

Bərdədən Ağdama qatarlar işləyəcək

2
Ümumi uzunluğu 45 km olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları”na ilkin olaraq 5,0 (beş) milyon manat ayrılacaq

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda deyilir: “2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

2
Teqlər:
Sərəncam, Prezident İlham Əliyev, layihə, tikinti, dəmiryolu, Ağdam, Bərdə