Dağlıq Qarabağ

Rusiya-Türkiyə Mərkəzi Dağlıq Qarabağdan kənardakı Azərbaycan ərazilərində yaradılacaq

891
(Yenilənib 21:58 10.11.2020)
Rusiya XİN: Rusiya-Türkiyə birgə atəşkəsə nəzarət Mərkəzi Dağlıq Qarabağa bitişik olmayan Azərbaycan ərazilərində yaradılacaq

BAKI, 10 noyabr - Sputnik. Ankaranın Dağlıq Qarabağdakı sülhməramlı fəaliyyəti atəşkəsə nəzarət üzrə ikitərəfli mərkəz çərçivəsi ilə məhdudlaşır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Azərbaycan Respublikası Prezidentinin, Ermənistanın Baş nazirinin və Rusiya Prezidentinin bu ilin 9 noyabr bəyanatında Dağlıq Qarabağ münaqişəsinin gələcək nizamlanmasının parametrləri dəqiq göstərilib”, - deyə mənbə Türkiyənin Dağlıq Qarabağda Rusiya ilə birlikdə sülhməramlı fəaliyyəti barədə sualı cavablandırarkən deyib.  

O, "bu sənədə uyğun olaraq, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirildiyini" xatırladıb.

"Türkiyənin rolu, yaradılan Rusiya-Türkiyə birgə atəşkəsə nəzarət mərkəzinin çərçivəsi ilə məhdudlaşır və birbaşa sülhməramlı əməliyyatla əlaqəsi yoxdur", - deyə Rusiya XİN-dəki mənbə bildirib. O əlavə edib ki, bu Mərkəz "Dağlıq Qarabağla bitişik olmayan Azərbaycan ərazilərində yaradılır".

Mənbənin sözlərinə görə, "bu Mərkəzdən rus hərbçilərinin türk həmkarları ilə birlikdə əllərindəki texniki vasitələrdən istifadə edərək atəşkəsə riayət olunmasını izləyəcəyi ehtimal edilir".

"Hərbi idarələr Mərkəzin fəaliyyətinin detalları üzərində işləyir", - deyə mənbə əlavə edib.

891

Oğlumu itirsəm də, Azərbaycan bir qəhrəman qazandı şəhid anası

9
Azərbaycanlı şəhid atasının oğlunu cəbhəyə yollayarkən dediyi sözlər çin olub. Müharibə qəhrəmanlarından birinin tarixçəsini videomuzda izləyin.

Fikrət Həsənov həmişə oğlu Əzimə deyərdi ki, o, mütləq Ağdamı azad edəcək. Əzim isə böyüdü, Dillər Universitetini bitirdi, hərbi xidmətə yollandı, amma atasının sözlərini heç vaxt unutmadı. Atasına verdiyi sözü isə düz bir il sonra tutdu. Müharibə başlayan ilk gündən Əzim könülü olaraq paytaxtdakı hərbi hissədən işğal altında olan torpaqlarımızı azad etməyə yollandı.

Qəhrəmanın atası bizə danışıb ki, oğlu bir neçə dəfə mühasirəyə düşən zaman özünü və əsgər yoldaşlarını xilas etməyə müvəffəq olub. Ən son dəfə anası ilə telefonda danışan zaman isə Azərbaycanın qələbə çaldığı, ordunun irəlilədiyi xəbərini verib ona.

Atasız böyütdüyü iki oğlu Vətənə qurban getdi - video>>

Əzimin anası Şəhla Həsənova isə deyib ki, o, öz oğlunu itirsə də, Azərbaycan daha bir qəhrəman qazanıb.

9
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik verəcəyik"

9
"Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda".

BAKI, 24 noyabr — Sputnik. "Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb.

Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.

Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda.

Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!"

9
Təcili yardım avtomobili

Karantin rejimi qaydalarını pozan COVID-19 xəstələri məsuliyyətə cəlb edildilər

0
(Yenilənib 15:50 24.11.2020)
Paytaxtda 30, bölgələrdə isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub.

BAKI, 24 noyabr — Sputnik. Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub. Sputnik Azərbaycan-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

0
Teqlər:
Daxili İşlər Nazirliyi, COVID-19, Koronavirus