Azərbaycan hərbçisi, arxiv şəkli

Astaralı qazi: "Yaxşı ki, müharibə bizim vaxtımıza düşdü"

225
(Yenilənib 18:19 07.11.2020)
"Çox şükür Allaha ki, bu müharibə bizim, yəni yaşıdlarımızın, cavanların vaxtına düşdü və bu bizim üçün çox böyük bir fəxrdir"

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Artıq bir aydan çoxdur ki, rəşadətli Ordumuz bütün Azərbaycan xalqının 27 illik arzusunu reallaşdırmaqdadır. Bu Vətən Müharibəsində iştirak edən bütün hərbçilərimiz qəsbkara sarsıdıcı zərbələr endirməklə tarix yazırlar. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanan Rüfət Eldar oğlu Əsədullayev də belə qəhrəmanlardan biridir. 26 yaşlı Rüfət Əsədullayev düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah-sursat dolu yük avtomobilini, 2 müşahidə məntəqəsini məhv edib.

Rüfət Əsədullayev Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində bildirib ki, uşaq vaxtlarında hərbiyə böyük sevgisi olub. Həmsöhbətimiz Vətən müharibəsində iştirak etdiyindən qürur duyduğunu vurğulayıb: “Astara rayonu Ərçivan qəsəbəsində doğulub, boya-başa çatmışam, orta məktəbi də elə bu kənddə bitirmişəm. Hərbi Akademiyaya qəbul olunmaq arzum idi. 11-ci sinfi bitirən kimi mənə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmaq qismət oldu. Hərbi məktəbi bitirən kimi hərbi rütbəmi aldım və xidmətə göndərildim. Həmişə ön xətdə xidmət etməyi arzu edirdim, buna görə də daim çalışmışam, cəbhə bölgəsində xidmət edim. Elə qismət oldu ki, 2016-cı ilin Aprel döyüşlərində iştirak etdim. Hazırda da təkcə hərbçilər deyil, bütün Azərbaycan xalqı bir yumruq kimi cənab Prezidentimizin ətrafında birləşib.

© Sputnik / Rahim Murad
Rüfət Əsədullayev ailəsi ilə birgə

30 ilə yaxındı ki, torpaqlarımız işğal altında idi. Bu müddətdə şəhid olanlar da oldu, qazi olanlar da. Hamı ermənilərə layiqli cavab verəcəyimiz günü gözləyirdi. Allaha çox şükür ki, bu müharibə bizim, yəni yaşıdlarımızın, cavanların vaxtına düşdü və bu bizim üçün çox böyük bir fəxrdir. Şəxsən mən düşmənin texnikaları üstümüzə gələndə sevinirdim. Sevinirdim ki, biz onları görürük və vururuq. Cənab Prezidentimiz demişkən, “onları iti qovan kimi qovuruq!"

"Bir əsgər belə döyüşün gedişatını dəyişə bilər. Müxtəlif yaş həddində olan hərbçilərimiz Vətənimizin bütövlüyü uğrunda döyüşürlər. Hal-hazırda onlarda elə yüksək əhval-ruhiyyə var ki, geriyə addım atan yoxdur. Bu da onun nəticəsidir ki, ordumuz öz torpaqlarımızda vuruşur. Hətta bilə-bilə ölümə gedənlər var.

Düşmən tapdağından azad etdiyimiz torpaqlarımızda gəzdikdə elə bilirik ki, öz bağımızda, öz həyətimizdə gəzirik. Bu da nəinki mənim, bütün ordumuz və xalqımız üçün də böyük bir fəxrdir. Bir də onu vurğulayım ki, nəinki düşmənə döyüşdə zərbə vuran şəxs, bu dəqiqə əyninə forma geyən hər bir şəxs qəhrəmandır. 2011-ci ildə hərbi formanı əynimə geyindiyim gündən mən və ailə üzvlərim şəhid olmağımı gözə almışdıq. Amma mənə şəhid olmaq deyil, qazi olmaq nəsib oldu. Bu dəqiqə də cəbhədə elə ab-hava var ki, hamı şəhid və ya qazi olmağı gözə alır və bununla da fəxr edir. Buradan xalqıma səslənirəm ki, sosial şəbəkələrdə hər deyilənə  inanmasınlar. Ordudan qayıdan biri kimi deyirəm ki, ordumuzun maddi təminatı çox yüksək səviyyədədir”, - deyə Əsədullayev əlavə edir.

© Sputnik / Rahim Murad
Rüfət Əsədullayev anası ilə birgə

Qazi özünü qəhrəman hesab etmir: “Mən özümə qəhrəman demirəm, çünki mən öz işimi görürdüm. Əlbəttə, vuruşmalı idim, şəhid olmalı idim, qazi olmalı idim. Düşmənlə üz-üzə olmaq çox gözəl bir hissdir. Düşmənə öz gücünü göstərirsən, erməninin qarşında qaçaraq getməsini görəndə fəxr edirsən. Düşmənin texnikasını ələ keçirmək ayri bir hissdir, onların tanklarını məhv etmək isə tamam ayrı bir hiss. Bunları ifadə etməyə söz tapa bilmirəm. Ümumiyyətlə, cəbhədə olmaq böyük bir şərəfdir. Mən yaralandım, bir gözümü itirdim, amma bu mənim heç vecimə də deyil. Çünki gözümün əvəzini çoxdan çıxmışam. Orada qardaşlarımız da var olsunlar, düşmənə qənimdirlər. Mən də, ailəm də bununla fəxr edirik. Dövlətimiz sağ olsun, məni sağaltdı və qısa müddətdə ayağa qalxdım. Gözəl hisslərdən də biri odur ki, uzun illər erməni yağılarının işğal altında saxladığı yerlərə indi biz gedib çıxırıq. O torpaqlardan birində, Cəbrayıl rayonunda oldum, bu da mənim üçün çox böyük bir fəxrdir. Yenə də deyirəm, bu hissləri kəlmələrlə ifadə etmək mümkün deyil. Hətta döyüşçü qardaşlarımız arasında öz həyətini tapan da var idi".

Qəhrəmanımız sağalıb yenidən döyüşlərdə iştirak etmək istədiyini deyir: “İlk növbədə qazi olmağımla fəxr edirəm, ikinci növbədə az da olsa heyfsilənirəm, çünki mən bu dəqiqə döyüşmək istəyirəm. Allah qoysa, sağlamlığıma qovuşsam, mən yenidən döyüş yoldaşlarımla döyüşmək istəyirəm. Mən hər an cəbhəni, döyüş yoldaşlarımla əlaqə qura bilməsəm də daim onları düşünürəm. Hətta yuxularımda da cəbhə yoldaşlarımı görürəm. Döyüşlər bitsə də, bitməsə də mən işğaldan azad olunan torpaqlara gedəcəyəm. Mənim fikrim var ki, işğaldan azad olunan ərazilərdən özümə torpaq sahəsi alım, özüm üçün ev tikim.

© Sputnik / Rahim Murad
Rüfət Əsədullayev ailəsi ilə birgə

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu elə bir məqamdır ki, hər kəsə qismət olmur. Mənim özümə də şəhidlik qismət olmadı. Mən şəhid olan qardaşlarımızın ata-anaları qarşısında baş əyirəm və onların əllərindən öpürəm ki, belə qəhrəman oğullar böyüdüblər. Qazilərimizə isə deyirəm ki, Allah hamısına şəfa versin, tezliklə sağlamlıqlarına qovuşsunlar. Onların ailələrinə səslənib deyirəm ki, bu da onlar üçün böyük bir fəxrdir. Döyüş yoldaşlarıma səslənib deyirəm ki, Allah onların əllərinə, qollarına qüvvət versin, Allah hamısına səbr versin. Düzdür, biz döyüşdə olan əsgərlərimizin valideynlərinin keçirdikləri hissi keçirə bilmərik. Amma onlar əmin olsunlar ki, onların oğulları düşməndən qətiyyən qorxmurlar və yüksək əhval-ruhiyyədədirlər. Onların düşüncəsi ancaq torpaqlarımızı işğaldan azad etmək, qəsbkarları qovmaqdır".

R.Əsədullayevin atası Eldar Əsədullayev də oğlu ilə həmfikir olduğunu deyir: “Mən dövlətimizlə, Ali Baş Komandanımızla, Ordumuzla fəxr edirəm. Mən oğlumla fəxr edirəm. Tezliklə bütün işğaldan azad olunan torpaqlarımızda və Qarabağda bayraqlarımız dalğalansın. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, döyüşən əsgərlərimiz də zəfərlə sağ-salamat evlərinə qayıtsınlar. Oğlum Rüfət də inşallah, tezliklə sağlamlığına qovuşub cəhbəyə qayıtsın. Bizim camaatda bu dəqiqə yüksək əhval-ruhiyyə var, hamısı Prezidentimizin ətrafında sıx birləşib. Hər gün hamılıqla Ali Baş Komandanın hansı ərazilərin işğaldan azad edildiyi xəbərləri verəcəyini gözləyirik. Bizim üçün böyük fəxrdir ki, bu dəqiqə ordumuz, doğrudan da düşməni iti qovan kimi qovur”.

© Sputnik / Rahim Murad
Rüfət Əsədullayev

Qazimizin anası Gülşən Əsədullayeva isə hər gün əsgərlərimiz üçün dua etdiyini bildirir: “Oğlu cəbhədə vuruşan bütün analar kimi mən də çox narahat idim. Sentyabrın 27-dən bu günə kimi gecələri yata bilmirəm. Elə indi də burada bir az yağış yağan kimi “Ay Allah, oralarda yağış yağmasın. Uşaqlarımız islanacaqlar, palçığa batacaqlar. Dağlıq ərazilərdir, soyuq olacaq” deyib, Allaha yalvarıram. Mənim övladım zabitdir, o öz işini görürdü, odur ki, mən hər şeyə hazır idim. Allahdan diləyim odur ki, bütün zabit və əsgərlərimiz gülə-gülə, zəfərlə analarının yanına geri qayıtsınlar. Mən oğlumun yaralanmasını eşidəndə hansı hisslər keçirdiyimi bir mən bildim, bir də Allah. Amma heç ağlamadım və heç kimə heç nə bildirmədim. Biz narahat olmayaq deyə Rüfət yaralandığını bizə deməmişdi. Gəlişinə 2 gün qalmış yaralandığını və evə gələcəyini zəng edib dedi".

225
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ, qazi, Astara
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv şəkli

Ağdam urbisidin parlaq illüstrasiyası etirafıdır - Hikmət Hacıyev

20
(Yenilənib 23:04 28.11.2020)
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda urbisidin həyata keçirildiyini bəyan edib.

BAKI, 28 noyabr - Sputnik. "Ağdam urbisidin (genosidin şəhərlərə qarşı istifadə olunması - red) parlaq illüstrasiyası və etirafıdır. Şəhərlərin soyqırımı. Ermənistan 28 il işğal müddətində Ağdamda həqiqi urbisid həyata keçirib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Twitter-dəki hesabında yazıb.

Ağdam - vivid illustration and recognition of URBICIDE. Genocide against cities. Within 28 years of occupation Armenia truely and wholeheartedly conducted #URBICIDE to Agdam. https://t.co/io3ElQtyWQ

20
Teqlər:
Hikmət Hacıyev, Ağdam
İƏT-ə üzv ölkələrin bayraqları, arxiv şəklil

İƏT-in 57 üzvü Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qətnamələr qəbul etdi

30
(Yenilənib 23:06 28.11.2020)
İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib.

BAKI, 28 noyabr - Sputnik. Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib. Qeyd edək ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib.

Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.

“Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasının ərazisindəki bir milyondan çox məcburi köçkünün öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunur. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması, bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapır. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur.

Qeyd edək ki, qətnamələr İƏT-in 57 üzv ölkəsi tərəfindən qəbul edilib.

30
Teqlər:
Dağlıq Qarabağ, Azərbaycan, Ermənistan, İslam Əməkdaşlıq Təşkilatı, İƏT

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa