Türkiyənin baş naziri Binəli Yıldırım

"Azərbaycanın haqlı mübarizəsində 83 milyonluq Türkiyə xalqı öz qardaşının yanındadır"

23
(Yenilənib 19:41 02.11.2020)
Binəli Yıldırım Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verdiyini, TBMM-in Sədri Mustafa Şentopun ölkəmizə və Gəncəyə səfərinin məhz Azərbaycana dəstək baxımından önəmli olduğunu vurğulayıb

BAKI, 2 noyabr — Sputnik. Noyabrın 2-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, sədr qonaqları salamlayaraq, ölkəmiz üçün belə bir həssas dönəmdə Azərbaycana səfər etdikləri üçün nümayəndə heyətinin hər bir üzvünə öz dərin təşəkkürünü bildirib. Qeyd edilib ki, bir millət, iki dövlət kimi dövlətlərimiz arasındakı münasibətlərin dünyada bənzəri yoxdur. Dilimiz, dinimiz, mədəniyyətimiz, bölüşdüyümüz dəyərlər, o cümlədən uğurlarımız və kədərlərimiz də birdir.

Sədr Türkiyədə baş vermiş zəlzələ zamanı İzmirdə həlak olanların ailələrinə və yaxınlarına öz adından, parlamentin deputatları və xalqımız adından başsağlığı verib, Azərbaycan xalqının onların dərdinə şərik olduğunu söyləyib.

Görüşdə Milli Məclisin Sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra həyata keçirilən əks-hücum əməliyyatları barədə söz açıb. Spiker qeyd edib ki, torpaqlarımızın 20 faizini 30 il işğal altında saxlayan Ermənistan münaqişə ilə bağlı BMT-nin qətnamələrini, nüfuzlu beynəlxalq qurumların qərarlarını yerinə yetirməkdən bu illər ərzində boyun qaçırıb. Problemin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti isə heç bir nəticə verməyib. İndi Azərbaycan öz torpaqlarını özü işğalçılardan azad edir. Biz bu məsələdə göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyənin hökumətinə və xalqına təşəkkür edirik.

Sədr dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. O, deputatların qarşılıqlı səfərlərinin, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda sıx görüşlərinin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.

Sahibə Qafarova bildirib ki, təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bu günədək ölkələrimiz arasında 249 sənəd imzalanıb. Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları həcmində olub. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, cari ilin 8 ayında bu göstərici 3 milyard dollara çatıb.

Spiker həmçinin qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bölgədə qlobal layihələrin həyata keçirilməsini təmin edən dövlətlərdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri dövlətlərimizin birgə iradəsinin məhsuludur.

Milli Məclisin Sədri Binəli Yıldırımın dəfələrlə ölkəmizdə səfərdə olduğunu xatırladaraq, onun bundan sonra da ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə töhfələr verəcəyinə inamını ifadə edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırım ölkəmizə növbəti səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycanın öz ərazilərini azad etmək üçün erməni işğalçılarına qarşı apardığı mübarizədə xalqımıza dəstək vermək üçün ölkəmizə səfər etdiklərini qeyd edib. Qonaq vurğulayıb ki, problemlə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələr uzun illər ərzində yerinə yetirilmədiyindən bu gün müstəqil Azərbaycan "öz işini özü görür". Azərbaycanın bu haqlı mübarizəsində 83 milyonluq Türkiyə xalqı öz qardaşının yanındadır.

Binəli Yıldırım Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verdiyini, TBMM-nin Sədri Mustafa Şentopun ölkəmizə və Gəncəyə səfərinin məhz Azərbaycana dəstək baxımından önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin yüksək rəsmilərinin ölkəmizə səfərləri yaxın günlərdə də davam edəcək.

Binəli Yıldırım ölkələrimizin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri haqqında fikirlərini bölüşərək, bu iş birliyinin hər iki ölkənin beynəlxalq nüfuzuna müsbət təsir etdiyini bildirib.

Görüşdə Türkiyə ilə dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputat Məlahət İbrahimqızı, TBMM-nin Azərbaycanla dostluq qrupunun başçısı Şamil Ayrım, türkiyəli millət vəkili Cəlal Adan, Türkiyə nümayəndə heyətinin üzvü Gürşad Zorlu çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər.

23
Teqlər:
birlik, Azərbaycan, Türkiyə, Sahibə Qafarova, Binəli Yıldırım
Здание МИД Франции

Rəsmi Parisdən bəyanat : Fransa "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımır

62
(Yenilənib 00:45 27.11.2020)
Fransa Xarici İşlər Nazirliyi bəyan etdi: Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır

BAKI, 27 noyabr - Sputnik. Rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.

“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib.   

62
Teqlər:
Azərbaycan XİN, Milli Məclis, Dağlıq Qarabağ, Fransa, Paris
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

15
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

15
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai