Bərdədə vəziyyət

Ombudsman Bərdədə faktaraşdırıcı missiya həyata keçirir

43
(Yenilənib 16:21 29.10.2020)
Ermənistanın törətmiş olduğu növbəti müharibə cinayətinin nəticələri ilə bağlı ombudsman faktaraşdırıcı missiya həyata keçirir

BAKI, 29 oktyabr — Sputnik. İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva nümayəndə heyəti ilə hazırda Bərdə rayonundadır. Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatından məlumat verilib. Qeyd olunub ki, Ermənistanın törətmiş olduğu növbəti müharibə cinayətinin nəticələri ilə bağlı o, faktaraşdırıcı missiya həyata keçirir.

© Sputnik
İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva nümayəndə heyəti ilə hazırda Bərdə rayonundadır

Təəssüflə bildiririk ki, 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobudscasına pozan Ermənistan tərəfindən oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket hücumu nəticəsində biri uşaq olmaqla, 5 sakin həlak olub, 13 mülki şəxs isə yaralanıb.

Səhəri gün oktyabrın 28-də saat 13 radələrində yenidən Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində ticarət obyektlərinin yerləşməsi səbəbindən dinc sakinlərin daha sıx hərəkətdə olduğu mərkəzi ərazisinə raket zərbələri endirilməsi nəticəsində  20 nəfər həlak olub, 70 şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və bir çox nəqliyyat vasitələrinə külli miqdarda ziyan vurulub.

Bununla da müharibə və terror cinayətləri törətməkdə davam edən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli IV Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarını bir daha kobud şəkildə pozub.  

Ombudsman Səbinə Əliyeva Bərdədə həlak olmuş şəxslərin yaxınlarına və yaralılara baş çəkib, zərərçəkmiş şəhər sakinləri ilə görüş keçirib. Ombudsmanın beynəlxalq ictimaiyyətə təqdim edəcəyi növbəti hesabatına daxil edilmək üçün yerində araşdırma zamanı yuxarıda qeyd olunanlarla əlaqədar faktoloji materiallar toplanılıb.

Ermənistan tərəfindən beynəlxalq hüquqa açıq hörmətsizlik nümayiş etdirməklə törədilən bu cinayətlərlə bağlı faktaraşdırıcı missiya çərçivəsində əldə edilmiş materiallar əsasında Ombudsmanın növbəti hesabatı hazırlanaraq, dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

43
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
Əlaqədar
Ombudsman UNICEF-in bəyanatına etiraz etdi: məlumat məqsədli şəkildə gizlədilib
"Ermənistanın qəddar, qeyri-insani cinayət əməllərinə laqeyd qalmayın" - Ombudsman
İsrail səfiri Ermənistanın mülki şəxsləri hədəfə alan hərbi hücumlarını pislədi
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Ombudsmandan Ermənistanın müharibəyə cəlb etdiyi uşaqlarla bağlı bəyanat

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

2
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

2
Dəmiryol Xətti, arxiv şəkli

Bərdədən Ağdama qatarlar işləyəcək

2
Ümumi uzunluğu 45 km olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları”na ilkin olaraq 5,0 (beş) milyon manat ayrılacaq

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda deyilir: “2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun erməni təcavüzünə məruz qalmış bütün əraziləri də işğaldan azad edilmişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağdam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən həyati vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıdılmış, ətraf mühitə, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsində son illərdə müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosialyönümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 yeni qəsəbədə 18 ümumtəhsil və 3 musiqi məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə qərara alıram:

1. Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

2
Teqlər:
Sərəncam, Prezident İlham Əliyev, layihə, tikinti, dəmiryolu, Ağdam, Bərdə