Abşeron rayonunda Zəngilan şəhərciyi

Böyük köçün astanasında - "Zəngilana qayıtmaq üçün yalnız bir şərtim var..."

555
(Yenilənib 10:31 27.10.2020)
"Hər şəraitimiz olsa da, bu dörd divar mənə qəfəs kimidir. Qəfəsdə quş necə çırpınırsa, mən də Şəfibəylim üçün elə çırpınıram".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Üç gündən sonra Zəngilandan məcburi köçkün düşdükləri günün ağrı-acısını bir daha yada salacaqdılar. Amma artıq o günlər arxada qaldı. 1993-cü il oktyabr ayının 29-da öz doğma yurd-yuvalarından didərgin düşən zəngilanlılar bu payız Zəngilanın işğaldan azad edilməsinin sevincini yaşayırlar. Elə bu səbəbdən də Zəngilandan düz 540 km uzaqda, Abşeron rayonunda salınan Zəngilan şəhərciyində bu gün tamamilə bayram əhval-ruhiyyəsi vardı. Necə deyərlər, Zəngilan şəhərciyinin sakinlərinin Zəngilan şəhərinə qovuşmasına sayılı günlər qalıb. 27 ildir ki, Vətən həsrəti çəkən Nəcibə nənənin də üzü gülür bu gün. Sputnik Azərbaycan-a müsahibəsində Nəcibə nənə deyir ki, prezident Zəngilanın işğaldan azad edildiyini elan edəndən az qalır qol qaldırıb oynasın: "Amma əhdim var, bu qollarım bir də ancaq Zəngilanda qalxacaq. Zəngilandan çıxan gündən oynamağı da unutmuşam".

© Sputnik / Zulfiyya Guluyeva
Zəngilanlı məcburi köçkün Nəcibə Məmmədova

N.Məmmədova məcburi köçkün həyatının çox ağır keçdiyini söyləyir: "O günü unutmaq olmaz. Həyat yoldaşımı, qardaşımı itirdim köçkün düşən gündən. Uşaqlarımı çox çətinliklə böyüdüb boya-başa çatdırdım. Onları dolandırmaq üçün 4 yerdə işlədim. Mən çox çətin də olsa torpaqsız günlərə dözdüm. Amma yoldaşım Zəngilan deyə-deyə öldü. Biz Zəngilan işğal olunandan sonra Kürdəmirdə məskunlaşdıq. Gündüz çöldə, axşam evdə işləyirdim ki, balalarımı dolandırım. Sonra Bakıya gəldik. 2013-cü ildə bu qəsəbə salındı. 7 ildir ki, bu binada yaşayıram. Hər şəraitimiz olsa da, bu dörd divar mənə qəfəs kimidir. Qəfəsdə quş necə çırpınırsa, mən də Şəfibəylim üçün elə çırpınıram. 27 il öz torpağından ayrı qalmaq çox ağır dərddir. Orada ikimərtəbəli bir evim vardı ki, içində oğluma toy eləmişdim".

Hər il oktyabrın 29-nu ürək ağrısı ilə anan Nəcibə ana bu il həmin tarix çatmamış qələbə sevinci yaşadıqlarına görə Ali Baş Komandana və Ordumuza təşəkkürünü bildirir: "Mən müharibə başlayandan televizorun qabağından kənara durmuram. Yeməyimi də gətirib bax, bu otaqda televizorun qabağında yeyirəm. Neçə gün idi ki, prezidentin dilindən Zəngilan sözünü gözləyirdim. Prezidentimiz "Zəngilan bizimdir!" deyəndə gözümdən qeyri-ixtiyari yaş axdı. 80 yaşım var. Allahdan hər gün arzulayırdım ki, Zəngilanı bir də görməmiş canımı almasın. İndi axşamlar rahat yatıram. Bilirəm ki, ölsəm də öz torpağımda basdırılacam".

© Sputnik / Zulfiyya Guluyeva
Zəngilanlı məcburi köçkün Nəcibə Məmmədova

N.Məmmədova deyir ki, Şəfibəyli kəndində evinin bir daşı belə qalmasa da orada yaşamağa hazırdır: "Torpaq dərdi elə böyük dərddir ki, onun acısını dillə demək, sözlə anlatmaq mümkün deyil. Mən Şəfibəylidə çadırda da yaşayaram. Təki torpağımıza qayıdaq".

Zəngilanın Qarğulu kənd sakini Qorxmaz Məmmədov isə Zəngilana qayıtmaq üçün günləri sayır: "Mən Ordumuza, Ali Baş Komandanımıza minnətdaram. Biz zəngilanlılar o torpağa qayıtdıqdan sonra prezidentimizə qızıldan büst qoyulmasını tələb edəcəyik. Çünki bizim yurd həsrətimizə Ordumuz və onun başında duran prezidentimiz son qoyub".

Qarğulu kəndini 35 yaşında tərk edən Q.Məmmədov Zəngilana qayıtmaq üçün yalnız bir şərtinin olduğunu söyləyir: "Mənim cənab prezidentimizdən son bir xahişim var. Zəngilana bizi bu icra başçısı və deputatla göndərməsin. Çünki məcburi köçkün düşəndən onlar bizim heç bir problemimizlə maraqlanmayıblar. Nə yardım gəlibsə, ancaq öz tanışlarına, qohumlarına paylayıblar. Zəngilanın icra başçısı Ramiz Həsənоv və deputatımız İmamverdi İsmayılovdan çox narazıyıq".

  • Zəngilan şəhərciyinin sakini
    © Sputnik / Zulfiyya Guluyeva
  • Abşeron rayonunda Zəngilan şəhərciyi
    © Sputnik / Zulfiyya Guluyeva
  • Zəngilan şəhərciyinin sakini
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva
Zəngilan şəhərciyinin sakini

Nəsibə Məmmədova Tamam Əzimov isə Kənd Zəngilandandırlar. 7 ildir ki, Zəngilan şəhərciyində məskunlaşmış bu ağbirçəklər doğma torpaqlarına qayıtmağın sevincini belə paylaşdılar: "Zəngilan camaatı dünəndən qələbə sevincini bayram edir. Şəhidlərimizə görə bir gözümüz ağlayır, bir gözümüz gülür. Zəngilana qayıdan gün ilk gedəcəyimiz yer şəhid məzarlığı olacaq. Biz orada neçə-neçə şəhidimizi dəfn etmişik. Onların ruhu biz onları yad etdiyimiz gün şad olacaq. Ordumuza da, prezidentimizə də minnətdarıq. Bütün dualarımız onlar üçündür".

Zeynəb Əzimova isə Zəngilan şəhərciyindəki məktəbin 4-cü sinfində oxuyur. Zəngilan işğaldan azad olunandan əlindən bayraq düşməyən bu qız bayrağını Zəngilanda oxuyacağı məktəbin həyətindən asacağını bildirir: "Ona görə sevinirəm ki, mən də atamın oxuduğu məktəbdə, Zəngilanda məktəbə gedəcəyəm. Əsgərlərimizi çox sevirəm. Onlar bizim torpaqlarımızı işğaldan azad ediblər".

© Sputnik / Zulfiyya Guluyeva
Abşeron rayonunda Zəngilan şəhərciyi

Zəngilan şəhərciyində sakinlərlə söhbətləşdikdən sonra şəhərcikdəki Zəngilan Şəhər İcra Hakimiyyətində də olduq. İcra Hakimiyyətində bizə məlumat verildi ki, Abşeron rayonunda yerləşən Zəngilan şəhərciyinidə 380 ailə - 1928 nəfər zəngilanlı məskunlaşıb. Rayon işğal olunduqda 33667 nəfər əhalisi olan Zəngilanın hazırda əhalisinin sayı artaraq 42487 nəfərə çatıb. İndi bu şəhərcikdə yaşayan bütün zəngilanlıların bir istəyi var. O da şəhərcik salıb adını verdikləri Zəngilandan doğma torpağa, 27 ildir ki, həsrət qaldıqları Zəngilan şəhərinə qayıtmaqdır. O günə isə az qalıb...

555
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlər, Zəngilan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)
Əlaqədar
Artıq qaçqın deyilik – Zəngilanlılar yurdlarına dönəcəkləri günü gözləyirlər - VİDEO
İyirmi yeddi il son ümidini sandıqda qoruyan köçkün: Daha dövlətə yük olmaq istəmirik
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Qarabağa yol göründü: "Dişimlə-dırnağımla evimi tikərəm..." - FOTO
Füzuli rayonu, arxiv şəkli

Qondarma "Dağlıq Qarabağ" məsələsi Azərbaycan itirdi?

26
Bütün bunlar tarixi Azərbaycan torpaqlarında - İrəvan və Zəngəzurda yaradılan Ermənistan adlı dövlətin millətçi-şovinist və mədəni terrorçu mahiyyətinin nəticəsidir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan xalqı zaman-zaman erməni təcavüzü ilə qarşılaşmalı olub.

Belə ki, erməni millətçilərinin 1988-ci ildə başladıqları "Qarabağ" fitnəkarlığı həm də Ermənistan SSR-də yaşayan azərbaycanlıların öldürülməsi və kütləvi deportasiyası ilə müşayiət olundu.

Bu barədə Sputnik Azərbaycan-a danışan tarixçi Kamran İsmayılov bildirib ki, qondarma "Dağlıq Qarabağ" məsələsinin qızışdırılması fonunda Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlı ən zorakı üsullarla öz doğma torpaqlarından, yurd-yuvalarından deportasiya olundu.

K.İsmayılovun sözlərinə görə, etnik təmizləmə zamanı on minlərlə insan qətlə yetirilir, şikəst edilir və itkin düşür. Onların əmlakı, var-dövləti erməni quldurları tələfindən ələ keçirilir, nəticədə didərgin düşən azərbaycanlı əhaliyə milyardlarla ziyan vurulurdu: "Ermənistan SSR-dən ilk qaçqın dalğası məhz Zəngəzurdan başladı. Həmin il ərzində Zəngəzurun demək olar ki, bütün azərbaycanlı əhalisi öz doğma yurdlarından deportasiya olundu. 1991-ci ilin avqustunda Zəngəzurun azərbaycanlılar yaşayan sonuncu kəndinin - Mehri rayonunun Nüvədi kəndin əhalisinin qovulması ilə Zəngəzur bölgəsinin və Ermənistan Respublikasının əhatə etdiyi bütün torpaqların "türksüzləşdirilməsi" prosesi başa çatdırıldı".

Tarixçi bildirir ki, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Belə ki, təkcə 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılır ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172-si, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89 idi.

"Bundan başqa daha 6 şəhərdə digər millətlərlə yanaşı, azərbaycanlılar da yaşayırdılar. Bu yaşayış məntəqələrində isə soydaşlarımızın sayı 49 min 928 ailədə 250 min nəfər olub. Tam olmayan məlumatlara görə, 1988-1989-cu illər soyqırımı zamanı Ermənistanda 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb, 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülən və yaralanan soydaşlarımızın tam siyahısı deyil. Təxmini hesablamalara görə, kolxozlarda azərbaycanlılara məxsus 43789 baş iribuynuzlu, 454660 baş xırda buynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qalıb".

Onun sözlərinə görə, azərbaycanlı qaçqınlar Ermənistanda təqribən 677.870 ha torpaq fondu qoyub gəliblər. Bütün bunların hamısının dəyəri isə, təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir.

Qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dolları təşkil edir. 1988-ci ilə kimi Ermənistan SSR-də 261 azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı (bu kəndlərin böyük əksəriyyəti qədim yaşayış məskənləri olduğundan onlarda yeni qəbiristanlıqlarla yanaşı, çox vaxt iki, üç, hətta 4-5 köhnə və qədim qəbiristanlıq vardı) erməni tapdağı altında qaldı və həmin qəbiristanlıqların əksəriyyəti yer üzündən silinib.

© Official website of President of Azerbaijan Republic

Erməni millətçilərinin mənəvi və fiziki terroru, kütləvi qətliamlar nəticəsində Ermənistan vətəndaşı olan 20 minə yaxın müsəlman kürd, eləcə də yezidilər, ruslar, malakanlar da bu ölkəni tərk etməli olublar.

Və 1988-1989-cu illərdə bütün qeyri-erməni əhalinin deportasiya edilməsi nəticəsində Ermənistan Respublikası monoetnik erməni dövlətinə çevrildi.

Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. mövcud olub.

Tarixçi bildirir ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb. Onu da ermənilər dünya ictimaiyyətinə "fars" məscidi kimi təqdim edirlər.

1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 minə yaxın azərbaycanlı deportasiya edildi.

Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Azərbaycanlıların qoyub getdikləri yaşayış məntəqələrindəki 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən məhv edilib. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranıb, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinərək, qəbiristanlıqlar dağıdılıb. Bütün bunlar tarixi Azərbaycan torpaqlarında - İrəvan və Zəngəzurda yaradılan Ermənistan adlı dövlətin millətçi-şovinist və mədəni terrorçu mahiyyətinin nəticəsidir.

26
Teqlər:
azad edilmə, Dağlıq Qarabağ münaqişǝsi, erməni təxribatı, Azərbaycanın işğal altında olan əraziləri, Şuşa şəhərinin işğalı, Qarabağın işğalı, Ağdamın işğalı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)

Bölmələrimiz Kəlbəcərin qarlı yolları ilə irəliləyirlər - video

20
Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyi bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edib.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu isə noyabrın 25-də Azərbaycan Respublikasına qaytarılıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

20
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

7
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

7
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma