Ermənistan döyüşlərə ASALA üzvlərini cəlb edir

74
(Yenilənib 18:59 21.10.2020)
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin ASALA terror təşkilatının üzvlərinin də iştirak etmələri müəyyən edilib

BAKI, 21 oktyabr - Sputnik. Oktyabrın 21-də Baş Prokuror Kamran Əliyev Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç ilə görüşüb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, K.Əliyev sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.

Qeyd edilib ki, Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə  4, 11 və 17 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri beynəlxalq səviyyədə qadağan edilmiş “Skad” raket qurğusundan atəşə tutulub və nəticədə ümumilikdə 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub, 292 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-i uşaq olub, 1981 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 386 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına  xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan ASALA terror təşkilatının üzvlərinin də iştirak etmələri müəyyən edilib.

Eyni zamanda, işğal olunmuş ərazilərimizdə bir neçə xarici şirkətlərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməklə, bu və digər qeyd edilən cinayət faktları ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanmış və müvafiq sənədləşdirmə aparılmaqla təqsirkar şəxslərin beynəlxalq müstəvidə ifşa edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə bütün mümkün olan tədbirlər görülməkdədir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Şərəf Malkoç Ermənistanın təxribat xarakterli əməllər törədərək dinc əhalinin sıx yaşadığı məntəqələrin qəsdən və hədəfli şəkildə atəşə tutulması ilə bağlı törədilən cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar bəyanatla Birləşmiş Millətlər Təşkilatı və insan hüquqlarının müdafiəsi üzrə  beynəlxalq təşkilatlar qarşısında çıxış edəcəyini xüsusi vurğulayıb.

Şərəf Malkoç bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və onun haqq işini hər zaman olduğu kimi dəstəklədiyini qeyd edib.         

Görüşdə maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Ombudsman Səbinə Əliyeva da iştirak edib.

74
Teqlər:
ombudsman, Türkiyə, Kamran Əliyev, Baş prokuror, erməni terror təşkilatı ASALA, döyüş, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)
Əlaqədar
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb
Vüqar Muradov

Əsgərlərin ölümü indiyəcən gözümün önündən getmir: Muradov qələbəmizi fərqli yaşayır

148
(Yenilənib 00:18 30.11.2020)
Vüqar Muradov etiraf edib ki, ön cəbhədə olarkən öz peşəsi barədə tamamilə unudub və əsgərlərə kömək etmək üçün əlindən gələni edib – yemək bişirib, bərbərlik edib, hətta sürücü kimi də çalışıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr - Sputnik. İndiyədək əsgərlərin ölüm səhnəsi gözümün önündən getmir, ona görə də Qələbəyə ürəkdən sevinmək alınmır. Bunu Sputnik Azərbaycan-a  müsahibəsində tanınmış müğənni, “yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov deyib. Vüqar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayanda könüllü olaraq cəbhəyə yollanmışdı.

Muradov danışır ki, könüllü yazılmazdan öncə öz rayonunun hərbi komissarlığından bildiriş gözləsə də o sənəd heç cür gəlməyib. Ona görə də İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra müğənni özü hərbi komissarlığa gedib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Cəbhəyə getmək istəyənlərin sayı çox idi. Oturub məni çağıracaqlarını gözləyə bilməzdim. Hərbi komissarlığın əməkdaşlarından xahiş elədim ki, adımı siyahıda birinci yazsınlar ki, məni cəbhəyə tez göndərsinlər. Onlar bunu etmək istəmirdilər. Amma mən dedim ki, əgər göndərməsələr, özüm gedəcəm, məni də heç kim saxlaya bilməyəcək. Sağ olsunlar ki, xahişimi yerə salmadılar”, - Muradov qeyd edir.

Müğənni etiraf edir ki, hərbi hissədəki əsgərlər onu görəndə xeyli təəccübləniblər. Onlar hesab ediblər ki, Muradov onlara mahnı oxuyaraq əhval-ruhiyyələrini yüksəltməyə gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Müharibə şou yeri deyil. Mən oraya oxumağa yox, döyüşməyə getmişdim. Orada öz sənətimi tamamilə unutdum, lazım olan hər şeyi eləməyə, köməklik göstərməyə çalışırdım. Həm sürücü oldum, həm əsgərlərə kabab çəkdim, həm ayrı yeməklər bişirdim, əsgərlərin başını qırxdım, saçını kəsdim, maşınlarını təmir elədim. Nə iş görməyin mənimçün fərqi yox idi. Bizim hər birimiz bir-birimizə kömək etməyə, bir-birimizin yolunda canından keçməyə hazır idik, halbuki heç tanış da deyildik”, - Muradov danışır.

Müğənni hər şeylə təmin olunmalarına rəğmən, cəbhəyə yemək və geyim göndərən Azərbaycan xalqına xüsusi münnətdarlığını bildirir.

İkinci Qarabağ müharibəsində qələbə qazanmağımıza baxmayaraq, Muradov deyir ki, ürəkdən sevinə bilmir. Birlikdə döyüşdüyü, çörək kəsdiyi əsgərlərin ölüm səhnələrini heç cür unuda bilmir.

“Gözlərimi yuman kimi sanki cəbhəyə qayıdıram. Yuxuda da özümü ön cəbhədə görürəm. Bunların hamısını yaşamaq çox çətindir. Müharibədə həmişə çətindir. Oradan tamamilə başqa adam kimi qayıtmışam. Allaha şükür, biz qalib gəldik, şəhidlərimizin ölümü hədər olmadı. Uzun illər işğal altında qalan torpaqlarımızı gördüm. O anlarda heç birimiz göz yaşlarımızı saxlaya bilmədik”, - müğənni danışır.

O etiraf edir ki, bir çox ölkələrdə olub, hər dəfə Qarabağ münaqişəsi barədə az da olsa məlumatı olan əcnəbilərlə söhbətində hiss edib ki, onlar azərbaycanlıları uduzmuş  xalq hesab ediblər. İndi isə Azərbaycan qalib dövlət olub.  

Muradov ümid edir ki, birlikdə döyüşdüyü əsgərlərlə tezliklə yenidən görüşəcək. Onların çoxu hələ evlərinə qayıtmayıb.

148
Teqlər:
Vüqar Muradov, Yeni ulduz, müğənni, döyüş, müharibə, ön cəbhə, Azərbaycan, Qarabağ
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

62
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

62
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)
Hadisə yerində

Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı açıqlama

0
(Yenilənib 11:20 30.11.2020)
Bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar

BAKI, 30 noyabr — Sputnik. Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən və yaralanan tələbələr koronavirusla mübarizədə könüllü olaraq çalışırmışlar. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib. O, qeyd edib ki, bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbə İlkin Ağamirzəyev isə ağır yaralanıb: "Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar. Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik."

Qeyd edək ki, yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Sahil Mustafazadə və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

0