Gürcüstanda Azərbaycana dəstək mitinqi

"Azərbaycan var olsun, düşmənləri kor olsun!" - Gürcüstandan dəstək

143
(Yenilənib 16:57 10.10.2020)
Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilib. Aksiyaya Gürcüstanın müxtəlif bölgələrindən Azərbaycanı dəstəkləyən insanlar qatılıb.

BAKI, 10 oktyabr — Sputnik. Bu gün Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, "Qarabağ Azərbaycandır!" şüarı altında keçirilən aksiyaya Marneuli ilə yanaşı, Tbilisi, Rustavi şəhərləri, Qardabani, Bolnisi, Dmanisi və digər bölgələrdə yaşayan soydaşlarımız da qatılıb.

Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusunun ünvanına "Azərbaycan var olsun, düşmənləri kor olsun!", "Yaşasın Azərbaycan əsgəri!", "Eşq olsun Azərbaycan Ordusuna!" kimi dəstək şüarları səsləndiriblər. Onlar əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.

Aksiya iştirakçıları Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını, bu işdə Gürcüstan azərbaycanlılarının Azərbaycan xalqının yanında olduğunu bildiriblər. Aksiyada çıxış edən Azərbaycan icmasının üzvləri ölkəmizdən növbəti zəfər xəbərlərini gözlədiklərini qeyd ediblər. Azərbaycanın işğal altında olan bütün torpaqlarının tezliklə azad olunacağına əminlik ifadə ediblər.

Qeyd edək ki, bugünkü mitinq Gürcüstanda Azərbaycana dəstək məqsədilə keçirilən sayca 4-cü aksiyadır.

143

Vəzir ailəsinin kəndi görün haldadır: yol var, çay var, adam yoxdur - VİDEO

6
(Yenilənib 14:25 16.01.2021)
Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb

BAKI, 16 yanvar - Sputnik. Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb. XVIII əsrdə Türkman, XIX əsrdə Tərəkəmə adlanıb. 1842-ci ildən bəri Mirzə Camal bəy Məhəmmədxan bəy оğlu Hacılı-Cavanşirin adıyla bağlıdır. Kənd Köndələnçayın sahilində, dağətəyi ərazidədir.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Füzuli şəhəri oktyabrın 17-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.

6
Teqlər:
video, işğaldan azad edilmiş ərazilər, kənd, Azərbaycan, Qarabağ, Füzuli
Reza Deqati

Dünya şöhrətli fotoqraf Fransa telekanalında erməni vandalizmindən danışıb - VİDEO

7
(Yenilənib 13:51 16.01.2021)
Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı.

BAKI, 16 yanvar — Sputnik. Məşhur fotoqraf Reza Deqati Fransanın TV5MONDE televiziya kanalının qonağı olub. O, verilişdə Şuşa şəhərinin tarixindən danışıb, onun əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati vurğulayıb ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Şuşa məşhur bəstəkarlar, musiqiçilər, şairlər, yazıçılar yetişdirib. Veriliş zamanı Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları nümayiş etdirilib. Şəhərin 30 illik erməni işğalından azad olunduğu bildirilib.

Məşhur fotoqraf İkinci Qarabağ müharibəsi zamanı Fransa mediasının nümayiş etdirdiyi qərəzdən də bəhs edib. O deyib ki, Fransa mediasının bütün jurnalistləri müharibə zamanı Ermənistan tərəfinə getdilər. Təxminən yüzə yaxın fransız jurnalist münaqişəni Ermənistan tərəfindən işıqlandırırdı. "Azərbaycan tərəfində isə mən Fransadan olan yeganə jurnalist idim. Mən adətim üzrə münaqişə zonalarına gedərək insanların çəkdikləri iztirabları işıqlandırmağa çalışıram. Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci ildə də mən Azərbaycan tərəfində idim. Mən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş kütləvi qırğını, Azərbaycan xalqının əzablarını gördüm və bütün bunları lentə alaraq yaymağa çalışdım", - deyə o qeyd edib.

Reza Deqati verilişdə Ermənistanın döyüş zonalarından uzaqda yerləşən Azərbaycan şəhərlərini, mülki əhalini kasetli bombalarla hədəfə almasından da danışıb. O, Bərdə şəhərinin Ermənistan tərəfindən raket atəşinə məruz qaldığını, mülki əhalinin qətlə yetirildiyini qeyd edib.

 Fotoqraf erməni bombardmanının qurbanı olmuş Bərdə sakininin dəfn mərasimini əks etdirən şəkli göstərərək, müharibə zamanı Ermənistanın mülki əhalini qətlə yetirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, kasetli bombaların Cenevrə Konvensiyaları ilə qadağan olunmasına baxmayaraq, Ermənistan bu silahlardan istifadə etdi və təkcə Bərdədə 20-dən çox mülki şəxs həlak oldu.

Fotojurnalist bildirib ki, o, yalnız müharibədən əziyyət çəkən mülki insanların əzabını dünyaya çatdırmaq istəyir.

Reza Deqati veriliş zamanı Azərbaycandakı multikulturalizmdən də bəhs edib, bununla bağlı çəkdiyi fotoları nümayiş etdirib. O, Azərbaycanda müxtəlif dini icmaların birgə mehriban şəraitdə yaşadıqlarını vurğulayıb. Fotojurnalist Azərbaycanın dini tolerantlığı ilə həmişə diqqəti cəlb etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan dini tolerantlıq baxımından dünya dövlətlərinə nümunədir və hətta Avropa ölkələrində də bu cür tolerantlıq yoxdur.

7

“BakuBus” rəhbəri işdən çıxarıldı

0
MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisinə tapşırılıb

BAKI, 16 yanvar - Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC-nin rəhbəri vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, MMC-nin rəhbəri Azər Qasımov tutduğu vəzifədən azad edilib.

MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisi Tural Mahmudova tapşırılıb.

Qeyd edək ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

0
Teqlər:
vəzifədən azad edilmə, rəhbər, "BakuBus" MMC