BAKI, 10 oktyabr — Sputnik. Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinə (ANAMA) oktyabrın 9-da Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 34 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Orta Qərvənd, Xındırıstan, Paşabəyli kəndləri və Quzanlı, Ergi qəsəbələri, Ağcabədi rayonunun Rəncbərlər, Köyük kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Cəyirli və Həsənqaya kəndləri, Beyləqan rayonunun Yeni Mil qəsəbəsi, Füzuli rayonunun Babı kəndi və Horadiz şəhəri, Goranboy rayonunun Gürzallar, Şahməmmədli, Eyvazlılar, Qızılhacılı kəndləri və Goran qəsəbəsi, Tərtər rayonunun Dəmirçilər və Burcu kəndləri, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-22), 1 ədəd 152 mm-lik top mərmisi partladıcısı, 1 ədəd dron (yerində zərərsizləşdirilmişdir), 1 ədəd dronun partladıcısı, 265 ədəd bombacıq, 1 147 ədəd patron (1 133 ədəd 5.45 mm-lik və 14 ədəd 7.62 mm-lik) və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub..
BAKI, 27 yanvar — Sputnik. Daha otuz bir erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib. Sputnik Ermənistan xəbər verir ki, meyitlər Füzuli rayonu istiqamətindən qarşı tərəfə qaytarılıb.
Erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb. İlkin məlumata görə, meyiti qaytarılanlar könüllülərdir. Meyitlərin bəzilərinin üzərində sənədləri var.
Erməni mənbələri işğaldan azad olunmuş ərazilərdən indiyədək 1318 erməninin meyitinin tapıldığını qeyd edib.
Bu gün axtarışlar Xocavənd, Füzuli və Hadrut rayonları ərazilərində aparılacaq.
Erməni hərbçilərin cəsədlərinin axtarışı daha əvvəl yanvarın 23-də Füzuli və Laçın rayonlarında, eləcə də Suqovuşanda davam etdirilib. Həmin gün 30 hərbi qulluqçunun qalığı şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
BAKI, 27 yanvar - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini yayıb.
Göyərçinveysəlli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da kəndi işğalçılardan azad edib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.