Torpaq həsrətinin sona çatdığı gün: "O xəbəri eşidəndə qol qaldırıb oynadım"

208
27 ildir ata-analarının qəbrinə həsrət qalan Cəbrayıl sakini: "Görürdük ki, dözə bilmirik, gedib torpaqlarımıza İrandan baxırdıq. Şükür Allaha ki, həsrətimiz sona çatır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Oktyabr ayının 4-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Dəcal kəndlərinin işğaldan azad olunduğunu bəyan edib. İşğaldan azad olunmuş Cəbrayılın Maralyan kənd sakini Qurban Abbasov və ailəsi sevinc hisslərini Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşüblər.

Cəbrayıl rayonunun Maralyan kəndi işğal olunduqdan sonra 27 ildir ki, Bakının Qaraçuxur qəsəbəsindəki yarımçıq tikiliyə sığınan Qurban dayı bizi həyətdə gözləyirdi. Onun ömür-gün yoldaşı Asya ana isə eyvanda dayanmışdı. Maralyanın azad olunduğunu eşidən gündən yerə-göyə sığmadıqlarını deyən Qurban dayı, evdə dayana bilmədiklərini söyləyir. Deyir ki, elə həmin gündən qulağı səsdədir:

"Hər zəng gələndə telefonu özüm açıram. Elə bilirəm zəng edib Cəbrayıla dönəcəyimiz vaxtı deyəcəklər. Artıq səbrim, dözümüm qalmayıb. Bizi Cəbrayıldan Bakıya gətirən "Alabaş" avtobusun geri qaytaracağı günü gözləyirəm".

Qurban Abbasovla söhbətləşə-söhbətləşə onun məskunlaşdığı mənzilə daxil oluruq. 1939-cu ildə Cəbrayıl rayonunun Maralyan kəndində doğulan Qurban dayı kəndlərinin işğaldan azad olunma xəbərini televiziyadan eşitdiyini söyləyir: "Cəbhədə döyüş başlayandan televizoru söndürmürük. Axşam televiziyanın qabağında oturub prezidentimizin müraciətinə qulaq asırdıq. Prezident Maralyanın da işğaldan azad olunduğunu deyəndə qeyri-ixtiyarı ayağa qalxdım. 27 ildir ki, yanıma düşən qollarım yuxarı qalxdı. Nə yalan deyim, qol götürüb oynadım. Gözümdən yaş axırdı. Allah prezidentimizdən də, ordumuzdan da razı olsun".

Qurban dayının kövrəldiyini görən Asya ana söhbətə qarışır. Qurban Abbasovun torpağı işğal olunandan nəinki oynadığını, heç bir toya getmədiyini söyləyir:

"Məcburi köçkün olandan bir toya getməyib. Bütün toylara məni göndərirdi".

Bir az toxdadığını görüb Qurban dayı ilə söhbətə davam edirik. Maralyanda rus dili müəllimi işləyən Qurban Abbasov təsərrüfatla da məşğul olduğunu söyləyir. Deyir ki, bu gün ayaqları sözünə baxmasa da, kəndinə ayağı dəyən kimi gümrahlaşacağına inanır: "Məni bu günə torpaq həsrəti, torpaq dərdi qoyub. Ölüm haqdı, ölən yaddan çıxır, torpaq dərdi isə ölüncə yaddan çıxmır. Torpağı heç nə əvəz edə bilməz. Şükür ki, bizim üstümüzdən məcburi köçkün adı götürüldü. Biz hamımız prezidentimizin arxasındayıq. İndi bizə durun deyirlər. Mənim sözüm, ATƏT-in nümayəndələrinədir. Onları görsəm, deyərəm ki, bizlərdə elçiliyə üç dəfə gedirlər. Üçüncüdə qızın "hə"sini almamış geri qayıtmırıq. Siz isə 30 ildi gedib-gəlirsiniz. Amma ortada heç nə yoxdur. Ona görə də, ümid ancaq öz prezidentimizə, ordumuzadır. Mən Cəbrayıl sakini kimi öz torpağımda ölmək istəyirəm".

  • Cəbrayıllı məcburi köçkün
    © Sputnik / Irade JELIL
  • Cəbrayıllı məcburi köçkün
    © Sputnik / Irade JELIL
  • Cəbrayıllı məcburi köçkün
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Cəbrayıllı məcburi köçkün

Asya Əhmədova da deyir ki, Maralyanda bəzəkli-düzəkli, iki mərtəbəli evləri qalsa da, Qurban dayı o evin adını bir dəfə də olsun dilinə gətirməyib:

"Bir dəfə demədi ki, mənim o eldə şahnişin bir evim qalıb. Elə torpaq-torpaq deyir. Hərdən mənə danışır ki, elə bil oturmuşam ağacın dibində qoyun-mal otlayır, mən ona tamaşa edirəm".

Torpaqsız yaşamağın yaşlandıqca daha çətin olduğunu Asya ana da etiraf edir. Deyir ki, bütün gözəl günləri Maralyanla bağlıdır. Hətta vətən həsrəti onda şairlik istedadını da üzə çıxardıb...

Neçə əkinim-tökünüm qaldı,

Neçə payızım, qışım qaldı,

Mənə ar gəlir belə gəzinti,

Çünki girov qalan Cəbrayılım var!

***

Sındı Cəbrayılın sədəfli sazı,

Yamanca gecikdi baharı, yazı,

Ömrümüzə yazıldı qara bir yazı,

Gözləri yollarda qalan Cəbrayılım var!

***

Cəbrayılın bir uca kəhrizi vardı,

Altı bulaq üstündə çayxana vardı,

Fələk bu şadlığı hara apardı?

Asya ananın yazdığı bu şeirin son misrası düz 27 il idi ki, yarımçıq qalıbmış. Özünün dediyinə görə, illərdir ki, o, dədə-baba yurdu Maralyana həsr etdiyi şeirinin son misrasını tamamlayacağı günü gözləyirdi. Düz 27 il əvvəl yazdığı şeirin son misrasını nəhayət ki, iki gün öncə, Cəbrayılın Maralyan kəndi işğaldan azad olunan gün tamamlayıb. Şeirin son misrası belədir:

Amma Azərbaycan əsgəri geri qaytardı!

Ürəyi fərəhli Cəbrayılım var...

Asya Əhmədova doğulub boya-başa çatdığı Maralyanın hər qarışı üçün burnunun ucu göynədiyini söyləyir:

"Cəbrayılın havası, suyu, daşı, torpağı, hər şeyi üçün qəribsəmişəm. Mən ordan çıxanda 52 yaşım vardı. 1993-cü ilin oktyabr ayının 27-si idi. O günü xatırladıqca məni dəhşət bürüyür. Nə qədər cavanımız Araz çayında batdı. İlham Əliyev Maralyanın işğaldan azad edildiyini deyəndə o günlər gözümün qabağına gəldi. O xəbəri eşidəndə sevincdən ağladım. Hər ikimizin təzyiqi qalxdı. Quş olub uçmaq istədim Maralyandakı bağımıza. Torpaqda qalan əkin-tökünümüzə... Bağımızda hər meyvədən vardı. Təkcə 7 ərik ağacımız vardı. Üstü o qədər dolu olurdu ki, meyvəsini yığıb-yığışdıra bilmirdik".

Asya Əhmədova Maralyana qayıdan gün ilk gedəcəyi yerin atasının məzarı olduğunu söyləyir. Deyir ki, 27 ildir ki, o məzarlığa Arazın o tayından, İrandan boylanaraq həsrətlə baxıb:

"Torpağına ayaq basa bilməmək, doğmalarının məzarını ziyarət edə bilməmək ağır dərddir. Görürdük ki, dözə bilmirik gedib torpaqlarımızı İrandan görürdük. Şükür Allaha ki, həsrətimiz sona çatır".

7 övlad anası olan Asya Əhmədova indi prezidentin ətrafında sıx birləşməli olduğumuzu söyləyir: "Mən ömrümdə iki dəfə sarsılmışam. Bir torpağımızdan çıxan gün, bir də mərhum Heydər Əliyevin cənazəsinin Azərbaycana gələn günü. İlham Əliyevin o gün atasının cənazəsini tək götürməsi mənim ürəyimə ox kimi batdı. Onun arxasında bir qardaşı yox idi. Amma bu gün onun qız övladı Leyla Əliyeva ona həm övladdır, həm qardaş. Nəvəm Rusiyada jurnalistika fakültəsində təhsil alır. Leyla xanımın təşkilatının Azərbaycan üçün gördüyü işlərdən danışır. Ürəyim dağa dönür. Əminəm ki, torpaqlarına qayıdanda Leyla xanım da prezidentimizlə çiyin-çiyinə bizim üçün əlindən gələn dəstəyi göstərəcək. Prezident və ailəsinin vətənpərvərliyi bizi hədsiz sevindirir, ümidləndirir. O torpaqlarımıza tezliklə qayıdacağımıza inamımız daha da artır".

208
Məmur portfeli, arxiv şəkli

Ölkəmizə iki bəla birdən gəlib: sahibkarlar çıxış yolu axtarırlar

3
(Yenilənib 21:43 27.10.2020)
"Erməni təcavüzündən, pandemiyadan zərərçəkmişlər, əsasən də cəhbəyanı bölgələrdə iş adamları, fermerlər üçün kredit amnistiyasına və kredit siyasətinə ehtiyac var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti hərbi təxribat nəticəsində mülki əhaliyə, infrastruktur obyektlərinə, dövlət əmlakına, eləcə də sahibkarlıq subyektlərinə ziyan dəyib. Sputnik Azərbaycan xəbər verir ki, sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyən olunması istiqamətində tədbirlər görülür və müvafiq məlumatlar toplanır. Sahibkarlıq subyektlərindən dəymiş ziyan barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məlumat vermələri xahiş olunur.

Bəs dəymiş ziyan necə və hansı formada kompensasiya edilə bilər?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a dəymiş ziyanın kompensasiya edilməsi məsələlərindən danışıb.

İqtisadçı deyib ki, bizdə aqrar sahədə sığorta işi güclü inkişaf etməyib: "Risklər çox olduğu üçün sığorta şirkətləri aqrar sahəyə maraq göstərmirlər. Ona görə də istənilən halda dəymiş ziyanın ödənilməsi ilə bağlı xüsusi dövlət proqramına və yaxud da xüsusi dövlət yanaşmasına ehtiyac yaranacaq. Yəni sığorta şirkətlərinin bu işdə iştirakı mümkün deyilsə, istər-istəməz dövlətin buna müdaxiləsinə və müəyyən proqramların qəbuluna ehtiyac var".

O bildirib ki, ilkin olaraq müstəqil komissiya tərəfindən dəymiş ziyan hesablanmalıdır: "Bundan sonra dəymiş ziyanın aradan qaldırılması üçün kompensasiyaların ödənilməsi mümkündür. Fermerlərə kompensasiya nağd puldan əlavə, kənd təsərrüfatı texnikası, gübrə, toxum, yanacaq və digər şəkildə də verilə bilər. Amma hər bir halda dövlətin xüsusi proqramına, yanaşmasına ehtiyac var. Çünki kənd təsərrüfatı sahəsində hansısa vergi güzəştinin tətbiqi effektsiz olacaq. Kənd təsərrüfatında, demək olar ki, vergi öhdəliyi, vergi yükü yox dərəcəsindədir".

"Ona görə də onların gələcək fəaliyyətinə yönələn hansısa təşviqin, güzəştin olmasındansa, indi, bu gün güzəştlərin, təşviq və yaxud da dəstək proqramının olması daha yaxşı olardı. İlk növbədə Nazirlər Kabineti dəymiş ziyanın hesablanması ilə bağlı xüsusi komissiya yarada bilər. Dəymiş ziyanın kompensasiya edilməsi üçün dövlətin kifayət qədər imkanları var. Kompensasiya nağd pul və ya aqrar sahədə çalışanların maddi-texniki bazasının yaxşılaşdırılması formasında da ola bilər", - deyə o qeyd edib.

Ziyan çəkmiş sahibkarların kredit məsələsindən danışan ekspert bildirib ki, kreditlərlə bağlı geniş bir yanaşmaya ehtiyac yaranacaq: "Çünki əks-hücum əməliyyatları və münaqişə bölgəsindən əlavə, pandemiyadan da zərər çəkən sahələr var. Pandemiyadan zərərçəkən sahələrdə kreditlərin ödənilməsində problemlər yaşanır. Aqrar sahəyə isə xüsusi diqqət lazımdır. Çünki aqrar sahənin kreditləşməsi sənayenin və yaxud da kommersiya fəaliyyətinin kreditləşməsindən ciddi şəkildə fərqlənir. Kənd təsərrüfatında kreditləşmənin uzun müddətli və aşağı faizli olması vacibdir".

"Aqrar sektorda elə sahələr var ki, qoyulmuş sərmayələr bir neçə ildən sonra gəlirə çıxış imkanları yaradır. Və kreditlərin bu illər ərzində hesablanması əlavə yükdür və fermerlər, iş adamları bu yükün altına girmək istəmirlər. Ona görə də xüsusi bir kredit amnistiyası proqramının hazırlanmasına ehtiyac var. Erməni təcavüzündən, pandemiyadan zərərçəkmişlər, əsasən də cəhbəyanı bölgələrdə iş adamları, fermerlər üçün kredit amnistiyasına və kredit siyasətinə ehtiyac var. Bu kredit siyasəti də əsasən uzun müddətli və aşağı faizli kreditlərə hesablanmış siyasət olmalıdır", - deyə ekspert əlavə edib.

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək>>

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı birləşmələri növbəti dəfə hərbi təxribatlara başlayaraq, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla, Azərbaycan Respublikasının hərbi obyektləri və yaşayış məntəqələrini intensiv atəşə tutur. Ötən müddət ərzində cəbhəyanı bölgələrdə yerləşən mülki obyektlərlə yanaşı, çoxsaylı sahibkarlıq obyektləri də düşmən zərbələrinə məruz qalıb. Həmin ərazilərdə qeydiyyatda olan bir sıra vergi ödəyicilərinin təsərrüfat subyektlərinə, əmlaklarına külli miqdarda zərər dəyib, onların sahibkarlıq fəaliyyəti tamamilə dayanıb və ya əhəmiyyətli dərəcədə maliyyə itkiləri ilə üzləşiblər.

İşğal altında olan rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə həmin subyektlərə münasibətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15.10.2020-ci il tarixində "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq, müvafiq qərar qəbul edilib. Belə ki, bu vergi ödəyiciləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan qərarlar tam şəkildə, səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul olunmuş qərarların isə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi ləğv edilib.

Qəbul edilmiş qərarla 2013 vergi ödəyicisinin 6 milyon 544,3 min manat məbləğində, o cümlədən tam və qismən işğal altında olan rayonlar üzrə 191 vergi ödəyicisinin 103 min manat, cəbhəyanı rayonlar üzrə isə 1.822 vergi ödəyicisinin 6 milyon 441,4 min manat məbləğində maliyyə sanksiyası ləğv olunub.

Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan dövləti həmişə olduğu kimi, bu gün də sahibkarların yanındadır.

Qeyd edək ki, bundan başqa, KOBİA Ermənistanın hərbi təxribatından zərər çəkmiş sahibkarlarla görüşlərini davam etdirir.

Sahibkarların təsərrüfatlarına və biznes obyektlərinə dəymiş zərərlə yerində tanış olmaq, onların ehtiyaclarını öyrənmək, eləcə də zəruri və təxirəsalınmaz öhdəlikləri (kredit, vergi və s.) barədə məlumat əldə etmək üçün Dövlət Vergi Xidmətinin, KOBİA-nın məsul əməkdaşları Füzuli rayonunun Horadiz şəhərində və Beyləqan rayonunda olublar. Füzuli, Beyləqan və Ağcabədi rayonlarından olan sahibkarlarla görüşlər keçirilib. Bundan öncə isə Gəncə şəhərində və Bərdə rayonunda zərər çəkmiş sahibkarlarla görüş keçirilib, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəymiş ziyanla yerində tanış olunub. Dəymiş zərərin yerində öyrənilməsi məqsədilə KOBİA nümayəndələri digər şəhər və rayonlara da səfər edəcəklər.

Azərbaycan dövləti həmişə olduğu kimi, bu gün də sahibkarın yanındadır. Odur ki, KOBİA bir daha Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlıq subyektlərindən bu barədə məlumat vermələrini xahiş edir. Bunun üçün sahibkarlıq subyektləri KOBİA-nın (012) 404 04 01 (daxili 187) və (055) 200 02 96 telefon nömrələri, info@smb.gov.az elektron poçt ünvanı və ya Agentliyin www.smb.gov.az saytının "Əlaqə" bölməsi vasitəsilə müraciət edə bilərlər.

3
Teqlər:
aqrar sahə, güzəşt, vergi, kredit, müharibə, pandemiya, biznes, sahibkarlıq fəaliyyəti
Əlaqədar
"İşğal olunmuş ərazilərdə ağır ekoloji cinayətlərə son qoyulmalıdır" - Nazir müavini
Uçot məlumatlarının dəyişdirilməsi ilə bağlı sahibkarlar üçün təlimlər keçirilib
Dövlət başçısı: "Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq"
Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”
Müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin krediti silinəcək
Əsgəran

"İşğal olunmuş ərazilərdə ağır ekoloji cinayətlərə son qoyulmalıdır" - Nazir müavini

8
(Yenilənib 19:17 27.10.2020)
"BMT-nin Bioloji müxtəliflik haqqında, Səhralaşmaya qarşı mübarizə haqqında və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklər kobudcasına pozulur"

BAKI, 27 oktyabr — Sputnik. "Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub".

Sputnik Azərbaycan-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, işğal nəticəsində nəzarətdən kənarda qalmış ərazilərimiz narkotiklərin əkilib-becərilməsi, daşınması kimi qanunsuzluqlarla bərabər ekoloji, iqtisadi və digər cinayətlər üçün əlverişli zonaya çevrilib.

"Erməni işğalçılarının bölgənin ekoloji təhlükəsizliyinə təhdid yaradan qanunsuz fəaliyyətləri bir çox beynəlxalq konvensiyaların, o cümlədən Ermənistanın da üzv olduğu BMT-nin Bioloji müxtəliflik haqqında, Səhralaşmaya qarşı mübarizə haqqında və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərin kobudcasına pozulmasıdır".

Nazir müavini onu da qeyd edib ki, Ermənistan su ehtiyatları ilə bağlı da uzun illər terrorçu fəaliyyətini davam etdirib. Ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib, su anbarlarından cəbhəboyu yaşayan əhalinin istifadəsinə imkan verilməyib və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradıb. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Suya ehtiyac olmayan mövsümlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurub.

"Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat işlərinin aparılmasının təmin edilməsi tələb olunub".

F.Əliyevin sözlərinə görə müxtəlif konvensiyaların tələblərinə və sözügedən qətnaməyə Ermənistan tərəfindən təəssüf ki, bugünədək məhəl qoyulmayıb.

"İşğal altında olan ərazilərdə ətraf mühitə ciddi ziyan vurulması, təbii sərvətlərin talan edilməsi və digər qanunsuz fəaliyyətlər bu gün bir daha bütün dünyanın, beynəlxalq təşkilatların diqqətinə çatdırılmalı, işğalçı Ermənistan tərəfindən törədilən bu ağır ekoloji cinayətlərə nəhayət ki, son qoyulmalıdır".

8
Əlaqədar
Daşkəsəndə mərmi atəşləri nəticəsində başlamış yanğın söndürülüb - FHN
Ermənistanın ekoloji cinayətləri - işğal olunmuş ərazilərdə məhv edilmiş flora və fauna
Yanğınsöndürənlərimiz Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır - Hacıyev
Kəlbəcərin mövcud yataqlarının ehtiyatları yenidən öyrəniləcək
İşğal olunmuş ərazidə Qırmızı kitaba düşən 120-dək flora və fauna növündən məlumat yoxdur