Karina Qriqoryan

Gəncədə yaralanan erməni əsilli qadın: "Münaqişədən sonra da buranı tərk etməmişəm"

199
(Yenilənib 16:12 05.10.2020)
Karina Qriqoryan: "Mən Qarabağ münaqişəsi başlamamışdan qabaq Gəncədə yaşayırdım. Münaqişə başlayandan sonra da buranı tərk etməmişəm"

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Gəncə şəhərinin Ermənistan silahli qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində şəhərin təkcə azərbaycanlı sakinlərinin deyil, həmçinin digər millətlərdən olan nümayəndələrinin, xüsusilə erməni əsilli vətəndaş Karina Qriqoryanın xəsarət alması böyük diqqət çəkib. 

Gəncəyə atılan raket atəşi nəticəsində yaralanan Karina Qriqoryan Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin illərlə davam etməsinə rəğmən Gəncəni tərk etməməsinin səbəbini açıqlayıb. O bildirib ki, bu münaqişə başlamazdan çox əvvəl o, Gəncədə yaşayır: "İnsan illərdir yaşadığı yerə bağlanır. Bu baxımdan Gəncə mənim üçün doğmadır. Mən Qarabağ münaqişəsi başlamamışdan qabaq Gəncədə yaşayıram. Münaqişə başlayandan sonra da buranı tərk etməmişəm. Baxmayaraq ki, məni övladlarım öz yanlarına aparmaq istəyiblər. Mən isə Gəncədə yaşamağı seçmişəm".

Karina Qriqoryan deyir ki, illərdir ki, tək yaşayır. Amma Gəncədə özünü heç vaxt tək hiss etməyib: "Özüm tək yaşayıram, ərim isə vəfat edib. İki oğlum var, onlar da hazırda xaricdə yaşayırlar. Uşaqlarım dəfələrlə mənə onların yanına getməyi təklif ediblər. Amma atəşkəs olduğu müddətdə Gəncədə yaşamağı seçmişəm.  Ta ki cəbhədə vəziyyət yenidən gərginləşənədək. Son vaxtlar cəbhədə məlum hadisələrlə bağlı Azərbaycandan getmək təklifilə razılaşmışdım. Amma koronavirus pandemiyasının yayılması səbəbindən xaricə yollar bağlandı. Mən də burada qalası oldum", - deyə Qriqoryan bildirib.

 Hazırda Gəncə Şəhər Xəstəxanasında bütün yaralılarla birlikdə Karina Qriqoryana da hərtərəfli tibbi yardım göstərilir. O, tibbi personalın göstərdiyi qayğıdan razı qaldığını, ona qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildirib: "Burada mənə heç bir ayrı-seçkilik qoyulmur. Hamı kimi məni də müalicə edir, yaralarımı sarıyırlar. Mən Azərbaycan xalqından razıyam. Onlardan indiyədək pis münasibət görməmişəm. Elə məni bu torpağa bağlayan bir səbəb də insanların davranışı, digər xalqlara  qarşı multikultural yanaşmasıdır. İndi burada mənim erməni olduğumu bilsələr belə, yenə pis davranmırlar. Biz illərlə mehriban qonşu olmuşuq. Bu gün isə... (Karina Qriqoryan dərindən köks ötürür)".

Xatırladaq ki, Ermənistanın Gəncəyə raket atəşi nəticəsində erməni əsilli yaşlı qadının digər mülki əhali kimi mərmiyə tuş gəlməsi faktı maraq doğurub.  Hər kəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən sonra onun Gəncə şəhərində yaşamağa davam etməsindən danışır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə dünən səhər saatlarından başlayaraq Ermənistan silahli qüvvələri tərəfindən raket atəşinə tutulub. Nəticədə şəhərdəki yaşayış binalarına, mülki obyektlərə, tarixi tikililərə böyük ziyan dəyib, 32 mülki vətəndaş xəsarət alıb, 1 nəfər isə həlak olub. Azərbaycanın Baş Prokurorluğunun yaydığı Gəncədə xəsarət alan şəxslərin siyahısında 1943-cü il təvəllüdlü Qriqoryan Karina Roman qızının da adı var.

 Qeyd edək ki, hazırda işğalçı ordu Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır.  Döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

199
Teqlər:
Gəncə, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Marketin hansısa bir hərbi önəmi ola bilərmi?" - VİDEO
Bərdədə erməni tərəfin atəşi nəticəsində ölən və yaralananlarla bağlı məlumat açıqlandı
Xızı və Abşeronun ballistik raketlərdən atəşə tutulması ilə bağlı cinayət işi başlandı
Gəncə yenidən Ermənistan ərazisindən atəşə tutulur
Atəşə tutulan Gəncədə qazın verilişində məhdudiyyət var
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusu Ermənistan ərazilərini atəşə tutmur, cavab tədbiri görür - MN

17
(Yenilənib 22:50 31.10.2020)
Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

BAKI, 31 oktyabr - Sputnik. Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən düşmən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusunun bölmələrini gün ərzində intensiv atəşə tutub. Yalnız sərhədlərimiz çərçivəsində tərəfimizdən düşmənin həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görülüb.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan ölkəmizin sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.

17
Teqlər:
Ermənistan silahlı qüvvələri, Ermənistan ordusu, Ermənistan, Müdafiə Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi Əsgəran, Ağdərə və Xocavəndin bombalanması barədə
Müdafiə Nazirliyi: "Azərbaycan tərəfinin hücum cəhdi olmayıb"
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edildi
Müdafiə Nazirliyi Xocalıdakı Qarabulaq kəndi ilə bağlı məlumat yaydı
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - Müdafiə Nazirliyi
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

82
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

82
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə