Nişangül və Yusif Rəhimovlar

Qarabağlı köçkün: "Anam yuxuma girdi, dedi ki, oktyabrda Füzuliyə qayıdacaqsız"

483
(Yenilənib 10:02 03.10.2020)
Yusif Rəhimov: "Bizim kənddə bir artezian var idi, avqust ayında yuxuda gördüm ki, rəhmətlik anam bulağın yanındadı. Dedi, "narahat olmayın, oktyabrda qayıdacaqsınız". Həmin yuxudan sonra məndə bir hiss yaranıb ki, bu il Füzuliyə gedəcəyik".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Yusif və Nişangül Rəhimovlar 27 ildir ki, doğma yurd-yuvalarından – Füzulidən didərgin düşüblər. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizi, o cümlədən yüksəklilərimizi alması xəbəri Rəhimovlar ailəsində böyük ruh yüksəkliyi yaradıb. 78 yaşlı Yusif baba öz təəssüratlarını sevinc göz yaşları ilə Sputnik Azərbaycan-a danışıb:

"Hələ bu qədər ümidli olmamışdım. Hər gün yuxuda Qarabağı – Füzulini görürdüm. Hər dəfə yuxuda anam mənə deyirdi ki, "a bala, nə vaxta qədər sənin evini qoruyacam, gəl evinə yiyəlik elə". Bizim kənddə bir artezian var idi, avqust ayında yuxuda gördüm ki, rəhmətlik anam bulağın yanındadı, dedi "narahat olmayın oktyabrda qayıdacaqsınız". Həmin yuxudan sonra bir hiss yaranıb ki, bu il Füzuliyə gedəcəyik. Yuxudan həyəcanla oyandım, yoldaşıma dedim "Nişan, oktyabrda Füzuliyə gedəcəyik. Dedi "nədi, indi də falçılığa başlamısan?" Dedim yox arvad, bu il 100% gedəcək".

Yusif baba deyir ki, yaşının bu çağında da cəbhəyə getməyə hazırdır: "Sürücüyəm, heç nə bacarmasam da maşın sürə bilərəm. Mən o torpaqların hər nöqtəsinə bələdəm. Aparsınlar məni, gedim sürücülük edim. Vicdanıma and olsun, nə iş desələr, edərəm. Təki biz öz torpağımızda olaq, orada ölək. Qətiyyən ermənilərə güzəşt eləmək olmaz. Biz onlara hörmət etdikcə, onlar gəldilər bizim başımıza çıxdılar. 1918-ci ildə onlara güzəşt elədik deyə, bunlar gəldi başımıza".

Söhbətimizin bu yerində Nişangül nənə də bizə qoşuldu. O, deyir ki, hər kəs vuruşmalıdır, xüsusən də qarabağlılar bu məsələdə daha aktiv olmalıdırlar:

"Şirvanlı, qazaxlı, naxçıvanlı, bakılı müharibəyə gedib vuruşub şəhid olursa, qarabağlı ondan qabaq getməlidir. Çünki, qarabağlılar o torpaqları daha yaxşı tanıyır. Hər dağına, hər dərəsinə bələdik biz. Necə ola bilər ki, digər bölgənin camaatı gedib vuruşsun, füzulili, şuşalı, cəbrayıllı, ağdamlı və s. burada otursun".

Nişangül nənə deyir ki, öz övladları burada yaşayır. Amma Füzuli işğaldan azad olan kimi, dərhal torpaqlarına qayıdacaqlar:

"Füzuli işğaldan azad olunan kimi hər şeyimizi burada qoyub gedəcək. Bizə heç nə lazım deyil. Bizə quruca torpağımızı versinlər, özümüz ev tikərik özümüzə".

Nişangül xanım deyir ki, qaçqınlar üçün tikilən evlərdən dövlət onlara da vermək istəyib. Amma ailə bundan imtina edib. Baxmayaraq ki, hazırda qohum evində yaşayırlar, amma dövlətin bağışladığı evi istəməyiblər: "Dedim mənə öz torpağımı – Füzulini verin!"

Nişangül Rəhimova gənclərə erməni dilini öyrənməyi də tövsiyyə edib: "Yaxşı olar ki, erməni dilini mükəmməl bilsinlər. Birinci növbədə düşmənin dilini bilmək lazımdır. Onlar bizim dilimizi çox yaxşı bilirdilər, biz bilmirdik. Həmişə yanımızda erməni dilində danışırdılar, biz də başa düşmürdük. Ona görə də onların dillərini bilmək lazımdır ki, nə danışdıqlarından, nə fikirləşdiklərindən xəbərdar olaq".

44 il Füzulidə yaşayan Nişangül nənə deyir ki, öz oğlanları da müharibəyə getməyə hazırdır:

"Mənim bir oğlumun 52, birinin də 47 yaşı var. Onlar da hazırdır müharibəyə getməyə. Hərbi səfərbərliyə yazılıblar. Yerəvan da bizim olub. İndi Qabağı da onlara verə bilmərik. Biz çəkdiklərimizi uşaqlarımız çəkməsinlər. Onlar rahat yaşasınlar. Mənim qardaşım batalyon komandiri olub. O, Füzulini görmədən öldü. Sentyabrın 29-u gedib qəbrinin üstünə bayraq apardım, dedim rahat yat, Füzuliyə getməyə az qalıb".

On səkkiz yaşında olarkən ailə qurduğunu deyən Nişangül nənə öz zəhmətlərilə qurduqları ev-eşiyi qoyub gəliblər və daha belə yaşamaq istəmirlər:

"27 ildir qohumlarımızı görə bilmirik. Həyatdı bu? Allah şəhidlərimizə rəhmət eləsin. Onlar ölü deyillər. Bizik ölü. Torpağımızda deyilik. Çox qorxuram burada ölməkdən. Mənim nə işim var Yasamal qəbirstanlığında? Mən öz Füzulimdə ölmək istəyirəm. Mənə dəbdəbəli həyat lazım deyil, mənə torpağım lazımdı. İkinci Dünya Müharibəsində də əziyyət çəkib insalarımız. Amma bir məsələ var ki, həmin vaxt ac qalasalar da, acı çəksələr də öz vətənlərində, öz torpaqlarında yaşayıblar".

483
Əlaqədar
Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
Füzuli və Cəbrayıl rayonlarının işğalından 27 il keçir
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Ordumuz Ermənistanın Füzuli istiqamətində yerləşən taborunu ağır artilleriya atəşinə tutub
Moskvada Gəncənin atəşə tutulması nəticəsində həlak olanlara xatirə lövhəsi

Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı

4
(Yenilənib 21:54 20.10.2020)
Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Çex Respublikasında Azərbaycan İcması" təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər. Soydaşlarımız hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Soydaşlarımızın təşkil etdikləri aksiyada Praqa sakinləri azərbaycanlı şəhid uşaqların "sahibsiz ayaqqabıları"na şahidlik ediblər. Bundan başqa, "Sarı gəlin" mahnısının sədaları altında yekunlaşan aksiyanın sonunda soydaşlarımız meydanı tərk edib, meydanda sahibsiz ayaqqabılar, yanan şamlar və gəlinciklər qalıb.

Yunanıstanda da oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncədə baş vermiş terrorun qurbanları anılıb.

Estoniyanın Tallin şəhərində Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb.

İspaniyanın Madrid şəhərində, Macarıstanın Budapeşt şəhərində, Özbəkistanın Daşkənd şəhərində, Misirin Qahirə şəhərində, Rusiyanın Moskva şəhərində, İsveçrənin Bern şəhərində, Tacikistanın Düşənbə şəhərində, Litvanın Vilnüs şəhəridə, Böyük Britaniyanın London şəhərində, Çinin paytaxtı Pekində də dəhşətli gecənin qurbanları anılıb.

4
Əlaqədar
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Zəngilan rayonu

Zəngilan şəhəri 27 il sonra - quş uçuşundan

14
(Yenilənib 21:30 20.10.2020)
Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb: Zəngilanın təbiəti, tarixi abidələri ermənilər tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. "Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüntü peyk operatorunun Facebook səhifəsində dərc olunub. "Azərkosmos" bu barədə yazıb:

"Ali Baş Komandan İlham Əliyev bu gün yeni zəfər müjdəsi verdi. Zəngilan şəhəri 27 ildən sonra düşmənin işğalından azad olundu. Zəngilan şəhərinin "Azersky" peykindən bu gün çəkilmiş təsvirini sizinlə bölüşürük. Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin Bəsitçay Dövlət təbiət qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib. İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib".

"Azərkosmos" həmçinin qeyd edib ki, Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır. Bu gün ölkəmizin uğurlu siyasəti və qüdrətli ordusu illərdir səbirsizliklə gözlədiyimiz torpaqlarımızın azad olunması xəbərləri ilə xalqımızı sevindirir, tezliklə tam qələbə çalmağımıza inamımızı daha da artırır.

Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

14