BAKI, 1 oktyabr - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın məşhur ifaçıları və idmançıları Silahlı Qüvvələrimizin əks-hücumunun davam etdiyi cəbhə xəttinə yollanıblar.
Sputnik Azərbaycan-ın məlumatına görə, ölkədə qismən səfərbərlik elan edildikdən sonra cəbhəyə gedənlərin sırasına xeyli tanınmışlarımız da qatılıb. Əməkdar artist, birinci Respublika Muğam Müsabiqəsinin laureatı İlkin Əhmədov, güləşçi, dünya çempionatının bürünc mükafatçısı Əfqan Xaşalov, taekvondoçu, Avropa Oyunlarının çempionu Ayxan Tağızadə, dicey Roşka (Rövşən Həsənov) və bir çox digər məşhurlarımız könüllü kimi cəbhəyə yollanıblar. Qarışıq döyüş ustası Tofiq Musayev də onların sırasındadır.
Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.
BAKI, 18 yanvar — Sputnik. Qarabağda daha üç erməni hərbçinin cəsədi tapılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumatda qeyd olunur ki, 2 erməni hərbçinin cəsədi Cəbrayıl tərəfdə tapılıb. Onların şəxsiyyəti DNT analizi ilə müəyyənləşəcək. Daha bir hərbçinin cəsədi isə Bazarçayda tapılıb. Onun şəxsiyyəti müəyyənləşib, bu Arsen Mamikonyandır.
Həmçinin qeyd olunur ki, bu gün axtarış işləri Hadrut, Füzuli və Cəbrayıl istiqamətində aparılacaq.
Qeyd edək ki, yanvarın 8-nə olan məlumata görə, Ermənistan tərəfi 1194 hərbçinin cəsədini və ya cəsəd qalıqlarını tapıb.
Ümumilikdə isə Ermənistan Səhiyyə Nazirliyi sentyabrın 27-dən noyabrın 9-dək erməni tərəfinin 3330 nəfər itki verdiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
BAKI, 17 yanvar - Sputnik. Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.
Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.
Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: "Mütəxəssislər qərara gəliblər ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".