Şuşa, arxiv şəkli

Kəndləri işğaldan azad olmuş tanınmışlar - "27 ildir ki, ürəyimdə bir arzum var..."

742
"Atam ağır xəstəlikdən sonra yaddaşını itirmişdi. Bizim adımızı belə unutmuşdu. Bircə öz kəndini unutmamışdı. Elə hey deyirdi ki, məni qatara mindirib Böyük Mərcanlıya yola salın"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlərimizin azad edilməsi illərdir ki, həmin torpaqlardan ayrı düşən, ürəyi torpaq nisgili ilə qovrulanlanların həsrətinə son qoyub. İşğaldan azad edilən kəndlərdə dünyaya göz açmış tanınmış şəxslər Sputnik Azərbaycan-la qələbə sevinclərini bölüşüblər.

Jurnalist Səfurə Çərkəzqızı (Orucova) müzəffər ordumuzun yağı tapdağından azad etdiyi Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Səfurə Çərkəzqızı bildirib ki, dünyaya göz açdığı Böyük Mərcanlının azad edildiyi xəbərini televiziyadan eşidib: "Mən evdə idim, iş görürdüm. Televizoru açıq qoymuşdum ki, cəbhədən xəbər tutum. Elə bu dəm televiziyada cəbhədə baş verənlərlə bağlı brifinq keçirildi. Əyləşdim ekranın qarşısında. Eşidəndə ki bir sıra kəndlərimiz işğaldan azad edilib, ürəyim möhkəm çırpınmağa başladı.

Böyük Mərcanlı kəndinin azad edildiyini eşidəndən sonra ardından danışılanları eşitmədim. Qızım mənə sarı qaçaraq boynuma sarıldı. Göz yaşlarıma hakim ola bilmədim. Hönkürməyə başladım. Mən o torpaqdan 20 yaşımda ayrılmışam. Bu hissi sözlə ifadə etmək, sətirlərə köçürmək mümkün deyil. Bir anlıq torpaq həsrəti ilə dünyadan köçən atamı xatırladım. Valideynlərim bu günü görmədən dünyadan köçdülər. Atam deyirdi ki, "mən Allahdan zaman istəyirəm ki, gedib öz torpağımda ölüm". Kaş əcəl bir az gecikərdi..."

Həmsöhbətimiz deyir ki, arzusu doğma yurd yerinə qovuşmaqdır: "Bəzən məndən soruşurlar ki, "Böyük Mərcanlını xatırlayırsan, getsən, öz evinizi tapa bilərsənmi?" Mən həmişə cavab vermişəm ki, mən öz ata ocağımı gözüyumulu da gedib tapa bilərəm. Hətta evimizin divarları qalmasa belə... Mənə elə gəlir ki, o kənddə torpağa, daşa toxunmaqla, uşaqlıq xatirələrimin izi ilə gedib öz məhləmizə, evimizə çıxa bilərəm. Cocuq Mərcanlı azad edildikdə mən oraya ilk gedən jurnalistlərdən olmuşam. Orada uçuq bir evin divarına söykənib öz evimizi xatırladım. Cəbrayıldan olan dostlara dedim ki, kaş Böyük Mərcanlı azad olunsun, evimizin uçuq divarları qalmasa belə, mən gedib öz ata ocağımın qaralmış, yanmış yurd yerinə sarılaram, sahib çıxaram. Şükür olsun ki, Tanrı bizə bu sevinci yaşamağı, bölüşməyi nəsib etdi.

Amma bizim arzumuz Cəbrayılla, Böyük Mərcanlı ilə bitmir. İşğal altında olan son qarış torpağımız azad olunana qədər gözümüz yoldadır. Əminəm ki, ordumuz bu sevinc hissini bizə tezliklə yaşadacaq. Mən torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onları vətənpərvər övlad kimi yetişdirən anaların əllərindən öpürəm".

Uşaqlıq xatirələri Böyük Mərcanlıda qalan, ata yurdunun azad olunma sevincini yaşayan digər həmkarımız isə jurnalist Nüşabə Hüseynlidir. Sputnik Azərbaycan-a müsahibəsində Nüşabə Hüseynli üç gündür ki, sevinc göz yaşları içərisində olduğunu söylədi: "Mənim uşaqlıq xatirələrim əsasən Böyük Mərcanlı ilə bağlıdır. Biz ailəliklə canımız, qanımızla o torpağa bağlıyıq. Atam ağır xəstəlikdən sonra yaddaşını itirmişdi. Bizim adımızı belə unutmuşdu. Bircə öz kəndini unutmamışdı. Elə hey deyirdi ki, məni qatara mindirib Böyük Mərcanlıya yola salın. Çox təəssüf ki, atam bu günü görə bilmədi".

N.Hüseynli Böyük Mərcanlıya gedəcəyi günü səbirsizliklə gözlədiyini söyləyir: "O torpaqlardan çıxdığımız vaxtdan 30 ilə yaxın vaxt keçib. Amma mənə elə gəlir ki, o kəndə getsəm, məhəlləmizə, ağaclarımıza qədər tapa bilərəm. Arzum Böyük Mərcanlıda nənə evimi ziyarət etməkdir. Nənəmgilin həyətində böyük ərik ağacı vardı. Yaşıllıqlar içərisində böyük bir həyət idi. Oradakı ərik ağacının altında o qədər xatirələrim var ki... Mən uşaqlığımı xatırlayanda bütün xatirələrim mənə o torpaqdan boylanır. Onlara qovuşmaq, ərik ağacının, qalıbsa, altında, qalmayıbsa, yerində oturub o günləri yenidən xatırlamaq üçün o qədər darıxmışam ki... Bunu sözlə ifadə etmək çox çətindir. Arzum budur ki, mənim kimi uşaqlıq xatirələri işğal olunmuş torpaqlarda qalan hər kəs o günlərini boya-başa çatdığı, gülüb-oynadığı yerlərdə xatırlaya bilsin".

İllərdir ki, işğal altında olan kəndinin nəhayət ki, azad olunduğu xəbərinin sevincini Vətəndən kənarda yaşayanlar da var. Türkiyədə yaşayan Şeyda Nəsibli öz hisslərini Sputnik Azərbaycan-a göz yaşları içərisində bölüşdü. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulan Şeyda Nəsibli kəndinin azad olunma xəbərini eşidəndə şok yaşadığını söyləyir: "Bu xəbəri alanda içimdən öz doğmalarıma sarılıb möhkəm hönkürmək, illərdir ki, içimdə saxladığım Vətən nisgilini hayqırmaq keçdi. Amma mən Vətəndən uzaqda, ikinci Vətən sayılan Türkiyədə yaşadığımdan, yanımda valideynim yoxdur. Bu xəbəri eşidəndən üç gündür ki, ağlayıram. İnsanın bir doğması dünyadan köçəndə nə iləsə təsəlli tapıb sakitləşir. Amma torpaq əldən gedəndə onun bir təsəllisi olmur. 27 ildir ki, mən təsəlli tapmadan yaşayıram. Bu ağrı-acını içimdə saxlayıram.

Mən öz kəndimin azad olunması ilə artıq xoşbəxt olduğumu, tam sevindiyimi söyləyə bilmirəm. Son kəndimiz azad olunana qədər biz tam sevinə bilmərik. Çünki o torpaqlarda bizim millətimizin qanı tökülüb.

Mən 20 yaşımda öz kəndimizdən çıxmışam. İllərdir ki, uşaqlığımın keçdiyi torpağa həsrət yaşayıram. Oynadığın, böyüdüyün torpağa toxuna bilməmək böyük faciədir. Biz torpağımızı itirməklə bir mədəniyyətimizi, el mədəniyyətimizi itirdik. Bizim dadımız, duzumuz o torpaqlarda qaldı. Bakıya gəlib xoşbəxt olmadıq. Torpaq itkisi bizə çox ağır zərbə oldu. İnşallah, torpaqlarımız işğaldan azad olunacaq. Biz viran qalmış torpağımızda yenidən qurub-yaratmağa hazırıq. Mən buradan quş kimi uçub kəndimizi görməyə getmək istəyirəm. İnşallah, icazə verilən kimi doğma kəndimizi görməyə gələcəm. İllərdir ki, ürəyimdə bir arzum var. Öz doğulduğum kəndin hələ də unutmadığım ətrini içimə çəkib torpağından öpmək... Allah bunu arzusunda olan bütün məcburi köçkünlərimizə yaşatsın!"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vaqif Bəhmənlinin arzusu isə Füzuli rayonunu işğaldan azad görmək, Füzulinin "Araz" qəzetinin nəşr olunduğu redaksiyada yenidən şeir kitabı çap etdirməkdir: "Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi xəbərlərini eşitdikcə ürəyim fərəhlə dolur. Mən camaatımızın dilindən bir söz eşidirəm - "Hamımız Ali Baş Komandanın əks-hücum əmrini gözləyirdik". Bu, Qarabağa Azərbaycan xalqının çağırışıdır. Mən burada bir dəqiqə belə dayanmaq istəmirəm. İstəyirəm, gedib əsgərlərimizə ürək-dirək verək, ruhlandıraq. Bütün qələm əhlini səsləyirəm ki, əsgərlərimizin yanında olaq, onlara xeyir-dua verək. Bu saat Azərbaycan ordusu elə böyük ruh yüksəkliyindədir ki, bu sıçrayışın qarşısını heç nə ala bilməz. İnsanın bir yerində zədə olanda sağalmayınca ağrı azalmır. Biz 30 ilə yaxındır ki, bu ağrı ilə yaşayırıq. Mən 5 ilə yaxındır, heç kəsə müsahibə vermirəm. Amma bu gün elə bir gündür ki, sevincimdən saatlarla danışmaq, bu sevinci paylaşmaq istəyirəm.

Böyük Bəhmənlidə yaşayanda 7-ci sinifdən avtobusa minib 40 kilometr yol gedərək şeirlərimi Füzulinin "Araz" qəzetində çap etdirirdim. Yəqin ki, o tarixi bina uçub-tökülüb. Mənim Füzuli işğaldan azad olunduqda ilk gedəcəyim yer o redaksiya olacaq. Hətta hazıram ki, o redaksiyanın bərpası üçün ustalarla bərabər işləyim, daş daşıyım, bərpasına kömək edim".

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd sakini Umud Mirzəyev isə sevincinin sözlə ifadə olunmadığını söyləyir. Deyir ki, ən böyük qələbəmizi son qarış torpaqlarımız azad olunduqdan sonra yaşayacağıq: "Arzumuz budur ki, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı - külli Qarabağ azad olunsun. İnsanın yurd-yuvasından qiymətli həyatda heç nə ola bilməz. Hər kəsin doğulduğu yurd onun ana beşiyidir. Mən Tanrıdan diləyirəm ki, Allah əsgərlərimizin üzərində yar olsun, onlara qüvvət versin. Ancaq Ali Baş Komandanın komandaları irəliyə doğru olsun. İşğal olunmuş torpaqlarda bayrağımız dalğalansın. Məni tanıyanlar bilirlər ki, mənim bütün səylərim bu işğal faktının aradan qaldırılmasına, Qarabağın əvvəlki təravətinin qayıtması uğrunda olub. Orada ilk görəcəyim iş ata yurdumu bərpa etmək olacaq. Əminəm ki, biz işğal olunmuş bütün torpaqlarımızda ata yurdumuzun çırağını yenidən yandıracağıq!"

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. Hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

742
Əlaqədar
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"
Sputnik Azərbaycan-ın müxbirinin önündə mərmi partlayıb – hadisə yerindən kadrlar
Rəsmi Bakı "S-300"lərlə bağlı Yerevana xəbərdarlıq etdi – Anında məhv ediləcək
Polad Bülbüloğlu: "Azərbaycan Ordusunun muzdluya ehtiyacı yoxdur"
Tərtər sakinlərinin narahat gecəsi: yaşayış binaları mərmi atəşləri altında
(2:08 / 17.65Mb / просмотров видео: 403)

Ermənistan silahlı qüvvələrinin ələ keçirilən növbəti hərbi texnikalarının görüntüsü

83
Ermənistan silahlı qüvvələrinin hissə və bölmələri geri çəkildikləri mövqelərdə hərbi texnikaları atıblar.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü yayıb.

Bu gün səhər Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.
Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıblar.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.
Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.
Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

 

83
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda üzərində Qarabağ Azərbaycandır! yazısı olan avtobus

BNA Azərbaycan əsgərinə dəstək şüarları hazırladı

12
Sərnişinlərimizin rəğbətinə səbəb olan digər bir maraqlı məqam isə "BakuBus"a məxsus iki avtobusun vətənpərvərlik mövzusuna aid tərtibatda xəttə çıxarılmasıdır.

BAKI, 22 oktyabr — Sputnik. Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək xalqımıza qələbə sevinci bəxş edən şanlı Ordumuza dəstək məqsədilə paytaxtın ictimai nəqliyyat vasitələri və infrastrukturu da vətənpərvərlik ruhunda bəzədilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, küçə və prospektlərdəki elektron lövhələrdə dövlət başçısının tarixə düşən ifadəsi "Qarabağ Azərbaycandır!" sözləri, həmçinin Bakıdan hazırda işğalda olan, eləcə də rəşadətli Ordumuzun azad etdiyi şəhər və rayonlara olan məsafəni bildirən məlumatlar əks olunub: "Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarındakı elektron tablolarda da "Qarabağ Azərbaycandır!" və "Qələbə bizimlədir!" şüarları yazılıb. Vətənpərvərlik əhval ruhiyyəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində daha aydın hiss olunmaqdadır. Bayraqlarla bəzədilən mərkəzin "Qarabağ" gözləmə zalının üzərində ölkəmizin xəritəsi və "Qarabağ Azərbaycandır!" sözləri qeyd olunub. Buradakı monitorlarda isə Müdafiə Nazirliyinin Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrlə bağlı təqdim etdiyi videoçarx nümayiş olunur".

Sərnişinlərimizin rəğbətinə səbəb olan digər bir maraqlı məqam isə "BakuBus"a məxsus iki avtobusun vətənpərvərlik mövzusuna aid tərtibatda xəttə çıxarılmasıdır.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
S-400 kompleksləri, arxiv şəkli

Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirdiyini təsdiqlədi

0
"Sınaqlar – satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir ", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Rusiya istehsalı S-400 zenit-raket kompleksinin Qara dəniz bölgəsindəki Sinop şəhərində sınaqdan keçirildiyini təsdiqləyib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, sınaqlar plana uyğun şəkildə həyata keçirilib.

"Müdafiə sənayesi məhsullarının alınması bağlı bütün müqavilələrə onların sınaqdan keçirilməsi də daxildir. Bunlar satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-nə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

0